Siyasətdə varisliyin mükəmməl nümunəsi

 

Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, ümummilli lider Heydər Əliyevin çoxillik fəaliyyəti milli dövlətçilik sahəsində xüsusi mərhələ təşkil edir. Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövlətçilik tariximizin ən yüksək və mükəmməl dövrü kimi xarakterizə olunur. Minilliklər ərzində heç vaxt Azərbaycan Heydər Əliyev epoxasında olduğu qədər böyük inkişaf yolu keçməmişdir. Görkəmli dövlət xadimi geniş mənada yeni Azərbaycanın yaradıcısıdır. Məhz bu qüdrətli dövlət xadimi Azərbaycanın hərtərəfli inkişafının etibarlı bünövrəsini yaratmış, möhkəm əsasını formalaşdırmışdır.

Bundan başqa, Heydər Əliyevin zəngin təcrübəsi, çoxillik səmərəli fəaliyyəti ölkəmiz üçün möhtəşəm və mükəmməl dövlətçilik məktəbidir. Milli dövlətçilik və qlobal fəaliyyət üçün zəruri olan nə varsa, həmin dövlətçilik məktəbində əhatə olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda milli dövlətçilik məktəbinin dahi yaradıcısıdır. Bu məktəbin qeyri-adi və ibrətamiz dərsləri ölkəmizin tarixi taleyində, müqəddəratının həll olunmasında və inkişafında mühüm rol oynamışdır. Heydər Əliyev dövlətçilik məktəbi beynəlxalq aləmdə qəbul olunan, digər dövlətlər və xalqlar üçün də örnək ola bilən mükəmməl siyasi-ideoloji təlimdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məhz böyük sınaqlardan çıxmış, özünü təsdiq etmiş Heydər Əliyev məktəbi əsasında yetişib formalaşmışdır. Bu dahi şəxsiyyətin ailəsində ləyaqətli bir övlad kimi təmsil olunması İlham Əliyevin hamıdan çox və daha yaxından Heydər Əliyev dövlətçilik məktəbindən dərs almasına münbit zəmin yaratmışdır. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin ailə mühitinin ciddi və zəngin ənənələri Prezident İlham Əliyevin universitetləri funksiyasını yerinə yetirmişdir. Bir sözlə, Prezident İlham Əliyev böyük siyasətin qrossmeysteri kimi dünyada şöhrət qazanmış Heydər Əliyevin nümunəsində pillə-pillə böyük inkişaf yolu keçmiş, mətinləşmiş, dünyada qəbul olunan kamil bir dövlət xadimi səviyyəsinə yüksəlmişdir.

Bütün bunlarla yanaşı, ölkəmizdə və dünyada Prezident İlham Əliyev yeni tipli dövlət xadimi və böyük siyasətçi kimi qəbul olunur. O, siyasi fəaliyyətinin bir çox cəhətləri ilə Heydər Əliyevin dövlətçilik ənənəsini qiymətli əlavələrlə zənginləşdirmişdir. Böyük öndər Heydər Əliyevin sınanılmış dövlətçilik xəttinin uğurlu davamçısı kimi Prezident İlham Əliyev nəticə etibarilə mükəmməl dünyagörüşə, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik yeni tipli dövlət xadimidir.

Keçdiyi məsuliyyətli və şərəfli yol, qazandığı mükəmməl təcrübə və yetkin dünyagörüşü cənab İlham Əliyevin sonralar bütün vəzifələrdə böyük uğurla fəaliyyət göstərməsində həlledici amilə çevrilmişdir. Fikrimizcə, İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri vəzifələrindəki uğurlu fəaliyyətinin əsasında onun kamil elmi-iqtisadi dünyagörüşü, Avropa dillərini mükəmməl bilməsi, neft strategiyasının siyasi mahiyyətini döğrü-düzgün müəyyənləşdirməsi dayanırdı. Artıq həyatının bu məsuliyyətli mərhələsində cənab İlham Əliyev idarəetmə sahəsindəki özünəməxsus yanaşmaları ilə diqqəti cəlb etmişdi. Belə ki, İlham Əliyevin kurasiyasında olan sahələrdə işlərin təşkilinə və daha da inkişaf etdirilməsinə siyasi, iqtisadi və elmi cəhətdən yanaşdığı, problemlərin həllində bu amillərin hamısını nəzərə aldığı qabarıq şəkildə nəzərə çarpırdı. Daha üstün cəhət ondan ibarət idi ki, möhtərəm İlham Əliyev bu çoxaspektli yanaşmalarından hər birində ayrılıqda, yaxud onların hamısında yüksək səriştə və səviyyə nümayiş etdirmişdir. Prezident İlham Əliyev Azərbaycanın neft strategiyasını qlobal anlamda beynəlxalq münasibətlər müstəvisində dəyərləndirmiş, məsələyə həmişə ümumdövlət siyasətinin tərkib hissəsi kimi yanaşmış, respublikamızın iqtisadi maraqlarını daim ön mövqeyə çəkmişdir. Siyasi-ideoloji və iqtisadi proseslərin bütün məqamlarında İlham Əliyevin məsələyə yanaşmaları elmi dünyagörüşün ifadəsi səviyyəsində diqqəti cəlb etmişdir.

Siyasətin elmə əsaslanması, iqtisadiyyatın elmi hesablamalara istinad etməsi bir qayda olaraq ölkə başçısı İlham Əliyevin çoxaspektli yanaşmaları, böyük siyasətdə və idarəetmədə möhkəm, etibarlı, perspektivli qənaətlərin təsdiqinə şərait yaratmışdır. Yaxud dövlət rəhbərimizin elmi yanaşmalarının məqamına görə həmişə siyasi və ya iqtisadi yönlü tezislər və müddəalarla zənginləşdirilməsi cəmiyyətə keyfiyyətcə yeni formata malik, yeni tipli siyasətçini, idarəçini, icraçını təqdim etməklə nəticələnmişdir. Cənab İlham Əliyevin problemin həllinə çoxaspektli - siyasi-tarixi, iqtisadi-nəzəri və diplomatik yönlərdən yanaşmasının real və uğurlu nəticələri kimi meydana çıxmış "Azərbaycanın Xəzər nefti" adlı böyük həcmə malik olan monumental monoqrafiyası geniş mənada ölkəmizə və neft elminə ciddi, sanballı töhfə olmuşdur. Bu əhəmiyyətli əsəri Azərbaycanın möhtəşəm və çoxaspektli elmi Xəzərnaməsi adlandırmaq olar. "Azərbaycanın Xəzər nefti" monoqrafiyası tarixi-siyasi və iqtisadi yönləri ilə bir sırada müstəqillik dövrü Azərbaycan neft elminin də mühüm və parlaq göstəricisidir. Bütün bunlara görədir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurla həyata keçirilməsinə, tamamlanmasına və inkişaf etdirilməsinə Prezident İlham Əliyev sanballı töhfələr vermişdir. Ümummilli liderimizin adı ilə bağlı olan, ulu öndərin böyük siyasi iradəsinin nəticəsi kimi meydana çıxan "Əsrin müqaviləsi"nin reallaşması sahəsində Prezident İlham Əliyevin ayrı-ayrı ölkələrin dövlət başçıları və iri neft şirkətlərinin rəhbərləri ilə apardığı məqsədyönlü danışıqlar əslində problemin həllinə səmərəli diplomatik, yanaşmanın, yetkin dövlətçilik mövqeyinin aydın və qəti ifadəsidir.

Azərbaycan Respublikasının Milli Məclisindəki deputat fəaliyyəti ilə cənab İlham Əliyev ciddi və sistemli siyasət baxımından daha böyük meydan qazandı. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri səviyyəsində apardığı çoxcəhətli məqsədyönlü iş onun geniş dünyagörüşə malik, yüksək hazırlıqlı siyasi xadim kimi formalaşdığını Qərbə bəyan etdi. Strasburqda Parlament Assambleyasında ingilis dilində etdiyi dərin məzmunlu, praqmatik çıxışlar, irəli sürdüyü əsaslandırılmış, düşünülmüş təkliflər, Azərbaycan tərəfinin Avropa standartları səviyyəsində hazırladığı sənədlər İlham Əliyevə yüksək imic qazandırdı. Məhz bu böyük meydanda nümayiş etdirdiyi geniş elmi dünyagörüşü yetkin siyasət, güclü azərbaycançılıq missiyası, dərin vətənpərvərlik düşüncəsi cənab İlham Əliyevin yanaşma modellərinin daha da zənginləşməsinə və təkmilləşməsinə şərait yaratdı. Hər şeydən əvvəl, möhkəm milli bünövrəyə malik siyasi xadimin baxışlarının Avropa dəyərləri ilə zənginləşdirilməsi baxımından yaşanan proses nəticə etibarilə Azərbaycana yeni tipli siyasi lider qazandırmağa xidmət etdi.

Artıq əfsanədən həqiqətə çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Heydər Əliyevlə başlanıb İlham Əliyevlə tamamlanan nəhəng magistraldır. Bakı-Tbilisi-Ceyhan Azərbaycanda aparılan siyasi və iqtisadi siyasətin möhtəşəm nəticəsi, böyük bəhrəsidir. Bu nəhəng magistral boru xətti eyni zamanda, Azərbaycan diplomatiyasının da uğurudur. Respublikamızın iqtisadi inkişafı ilə bir sırada ölkəmizin beynəlxalq aləmdəki yerinin müəyyən olunmasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əvəzsiz rolu vardır. Bu böyük, təkrarsız boru xətti İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin dünya ictimaiyyəti qarşısındakı uğurlu hesabatıdır. Bu layihə, eyni zamanda, Azərbaycan neft elminin, mühəndis-texniki təcrübəsinin də nailiyyətidir. Obrazlı şəkildə belə deyə bilərik ki, Bakı-Tbilisi-Ceyhan Heydər Əliyev dühasının möhtəşəm proqramı, İlham Əliyev iqtidarının real əsəridir. Bu, ölkəmizin Prezidenti İlham Əliyevin genişmiqyaslı, beynəlxalq əhəmiyyətə malik layihələri həyata keçirməyə rəhbərlik etmək əzminin və bacarığının konkret əməli təzahürüdür. Bu, İlham Əliyevin illərdən bəri apardığı uğurlu neft siyasətinin qanunauyğun məntiqi yekunudur. Bakı-Tbilisi-Ceyhan "Azərbaycanın Xəzər nefti" adlı sanballı monoqrafik elmi əsərin müəllifi olan Azərbaycan Prezidentinin uzaqgörən elmi ideyalarının gerçəkliyini təsdiqləyən əzəmətli neft-sənaye kompleksidir. Nəhayət, Bakı-Tbilisi-Ceyhan İlham Əliyevə məxsus kompleks yanaşma metodunun - siyasi, diplomatik, iqtisadi və elmi yanaşmaların konkret əməli nəticəsidir. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu Prezident İlham Əliyevin ölkəmizin Qərb və Şərq ölkələri ilə inteqrasiyasına qiymətli əlavəsidir.

Möhkəm milli bünövrəyə malik rasional və enerjili dövlət xadiminin baxışlarını Avropa dəyərləri ilə daha da zənginləşdirməsi nəticə etibarilə Azərbaycana yeni tipli siyasi lider qazandırmağa xidmət etmişdir. Prezident İlham Əliyev beynəlxalq aləmdə Qərb və Şərq dəyərlərini yüksək səviyyədə özündə cəmləşdirən vətənpərvər siyasi xadim kimi qəbul olunur. Azərbaycanın Avropa ilə geniş inteqrasiyasına da respublikamızın Qərbin hüquqi-demokratik dəyərlərinə yaxınlaşdırılmasında dövlət başçısı İlham Əliyevin səmərəli fəaliyyəti müstəqillik qazanmış digər dövlətlər üçün də nümunədir. Azərbaycanla Qərbin mükəmməl siyasi dialoqu Prezident İlham Əliyevin simasında uğurla sınaqdan çıxmışdır. Görkəmli dövlət xadimi İlham Əliyev Qərbin böyük siyasi səhnəsində Azərbaycanın monoloqunu etibarlı tərəfdaşların dialoquna çevirə bilmişdir. Beləliklə, Prezident İlham Əliyev təkcə qərbyönlü yox, həm də artıq Avropa səviyyəli dövlət xadimi olduğunu təsdiq etmişdir. Bütün bunlara görə İlham Əliyev böyük siyasətdə örnək olan Heydər Əliyev siyasi kursunun etibarlı və uğurlu davamçısı olmaqla yanaşı, həm də bu siyasi kursu Avropa dəyərləri ilə, yeni elmi-iqtisadi prinsiplərlə zənginləşdirən yeni tipli dövlət xadimidir.

Dünya miqyasında, xüsusən, Müstəqil Dövlətlər Birliyi məkanında XXI əsrin sifarişi kimi hakimiyyətə gəlmiş dövlət başçılarından İlham Əliyevi fərqləndirən əsas cəhət məhz Azərbaycan Prezidentinin hərtərəfli inkişaf etmiş intellektual şəxsiyyət və praqmatik siyasətçi olmasıdır. Cənab İlham Əliyev yeni dövrün yeni tipli görkəmli dövlət başçısı, mahir siyasi xadimidir. Son illərdə ölkə başçılarını dəyişmiş Ukrayna, Gürcüstan və Qırğızıstanla müqayisədə Azərbaycanın iqtisadi və siyasi cəhətdən bir neçə dəfə, qat-qat öndə olması ölkə başçımızın üstün imkanlarının, fərqli və yetkin siyasətinin real göstəricisidir. Haqlı olaraq bu gün beynəlxalq aləmdə İlham Əliyevi dünyanın təcrübəli dövlət xadimləri ilə bir sırada görürlər.

Dağlıq Qarabağ probleminin həlli prosesində də Prezident İlham Əliyevin "çoxaspektli yanaşmaları" aşkar müşahidə olunur. Danışıqlar zamanı hər dəfə ölkə başçısının məsələnin sülh yolu ilə, dialoq vasitəsilə həll ediləcəyinə inamını ifadə etməsi problemə münasibətdə siyasi vasitələrin, diplomatik yanaşmaların önə çəkdiyini diktə edir. Respublikamızın 2009-cu il üçün dövlət büdcəsində hərbi xərclərin iki milyard Azərbaycan manatı həcminin sədlərini aşması məsələyə yanaşmada düşünülmüş iqtisadi təzyiq üsuluna istinad edildiyini göstərir. Eyni zamanda, beynəlxalq qurumlarda aparılan danışıqlar prosesində Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olmasına dair təkrar-təkrar gətirilən danılmaz dəlil-sübutlar lazım gəldikdə problemə elmi-tarixi baxımdan da yanaşıldığını aydınlaşdırır. Buna görədir ki, son vaxtlar Dağlıq Qarabağ probleminin həllində artıq müəyyən müsbət irəliləyişlərin baş verdiyi nəzərə çarpmaqdadır.

Dövlət başçısı İlham Əliyevin idarəetmədəki çoxaspektli yanaşma səriştəsini onun bir neçə xarici dildə danışmaq məharəti tamamlayır. İlham Əliyev dünyada bir neçə əcnəbi dildə danışmağı bacaran azsaylı siyasi liderlərdən biridir. İngilis, rus, fransız, türk dillərində sərbəst nitq söyləyən, bu dillərdə müstəqil surətdə yazıb-oxumağı bacaran İlham Əliyevin hər xalqa onun öz xarakterinə, hər ölkəyə daşıdığı siyasi-coğrafi mövqeyə, hər problemə sanbalına və əhəmiyyətinə görə yanaşmaq məharətini də ayrıca qeyd etmək lazımdır. Ümumiyyətlə, böyük siyasətdə İlham Əliyev yanaşması sadəcə yetkin siyasi tezisi, yaxud düşüncəni bəyan etməklə kifayətlənməyib, həm də siyasi xarakterli faktı və ya prosesi yüksək səviyyədə, bütün aspektləri ilə şərh, analiz etmək deməkdir. Belə demək yerinə düşər ki, İlham Əliyev dövlətçilikdə və böyük siyasətdə çoxaspektli analizə əsaslanan yanaşmanın müəllifidir. Bu tip yanaşma onun daşıyıcısından beynəlxalq aləmə, yaxud cəmiyyətə münasibətdə çoxaspektli düşünməyi və çoxaspektliliyin bütün komponentləri üzrə yüksək hazırlığa malik olmağı tələb edir. Möhtərəm Prezidentimiz İlham Əliyev işi yüksək səviyyədə və bütün tutumu ilə bacardığını və uğurla sınaqdan çıxardığını çoxdan isbat etmişdir. Bütün bunlar 47 yaşlı Prezidentin siyasi liderlər arasında yüksək intellektual keyfiyyətləri, geniş dünyagörüşü, zəngin təcrübəsi, hərtərəfli hazırlığı ilə seçildiyini, fərqləndiyini, üstünlük qazandığını aşkar şəkildə göz önünə gətirir. Həmin üstün cəhətlər isə öz növbəsində, dövlətimizə və xalqımıza inkişaf, tərəqqi, başucalığı, böyük sosial rifah, qürur və iftixar hissləri bəxş edir.

Bütün bunlara görədir ki, Prezident İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə Avropa standartlarına uyğunlaşdırılır, ölkəmizdə dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Azərbaycanda demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin dövlətçilik strategiyasının əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentimizin dövlətçilik fəaliyyətində önə çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın, bir sözlə, dinamik inkişafın bərqərar olmasının memarı və müəllifi məhz Prezident İlham Əliyevdir. Qısa müddətdə sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycanın böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyətinin xüsusi payı vardır.

Cənab İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktik rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə kamil dövlət xadimi olmaqla bərabər, həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik mükəmməl siyasi xadimdir.

Nikbinlik, gerçəklik, müdriklik, dərin analitik düşüncə, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq İlham Əliyevin xarakteridir. O, özünün siyasi rakursunda da həyatidir, realistdir, gerçəkçidir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil dövlət xadimi kimi qəbul edir. Ona bir siyasətçi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimizcə, yeni siyasi lider kimi İlham Əliyev postsovet məkanının sədlərini və miqyasını çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək potensialına malik bir siyasətçi kimi qəbul olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud təcrübəli siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır. O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, cənab İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi ilə səciyyələnir. Prezidentimizin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı cavan yaşında ikən fəth etmək vəzifəsinin öhdəsindən bacarıqla gəlmişdir.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin məqsədyönlü həlli, neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad müəllim kimi yüksək professionallıq nümayiş etdirir. Milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın dinamik inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini təşkil edir. Cənab İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin olması dövlətin inkişafının və xalqın xöşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Ölkəmizin Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun ən fəal və layiqli davamçısıdır. Heydər Əliyev siyasi kursu Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsasını təşkil edir. Heydər Əliyev təlimi ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir. Heydər Əliyev yolu Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur. Heydər Əliyev siyasi kursunu bütün fəlsəfəsi ilə görünən, bilinən və görünməyən incə cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirməklə Prezidentimiz İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də mümkün deyildir. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. Böyük siyasi xadim Heydər Əliyevin əhatəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, Kreml mühitində cərəyan edən daxili proseslərdən xəbər tutması, sonralar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika Milli Olimpiya Komitəsinin prezidenti, deputat, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəhayət, Baş nazir kimi məsul vəzifələrdə şərəfli və məsuliyyətli yol keçməsi, ciddi həyat təcrübəsi və siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danışmaq imkanları Prezident İlham Əliyevin özünəməxsus əvəzedilməz üstünlükləri və nailiyyətləridir.

Müşahidələr göstərir ki, İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik və siyasət akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümummilli lider Heydər Əliyevdən aldığı təlimi gerçəkləşdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, ardıcıllıqla həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və istedada malikdir. Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə əsl, həqiqi, dönməz Heydər Əliyevçini görür və yüksək dəyərləndirir. Qazanılmış ümumxalq rəğbəti, seçilmiş və isbat olunmuş siyasi kursun ardıcıllıqla, qətiyyətlə davamı əvvəlki on il ərzində qazanılmış nailiyyətlərin, müəyyən olunmuş istiqamətlərin, başlanmış böyük işlərin, hazırlanmış layihələrin uğurla inkişaf etdirilməsi deməkdir. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə dəyişən və dinamik şəkildə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu, hər gün gözəlləşən və müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları əsasında ciddi və mühüm əlavələrlə daha da zənginləşdirən siyasi xadimdir. Ümummilli lider Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir.

Bu mənada İlham Əliyev möcud siyasi kursun yeni epoxa ilə şərtlənən müasir dövrünün lider səviyyəsində görkəmli təmsilçisidir.

İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun yeni magistrallardakı qüdrətli sükançısıdır. Bütün bunlara görə o, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanan Prezident İlham Əliyev məqamına çatmağı bacarmışdır.

Yeni Azərbaycanın yeni mərhələdəki yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Bu mənada o, XXI əsrin yeni Azərbaycanı adlı möhtəşəm əsərin böyük yaradıcısıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri də ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində önəmli yer almış pozulmaz naxışlar, parlaq səhifələrdir. Blokada şəraitində yaşamasına baxmayaraq sürətlə qurulub-tikilən, müasirləşən Naxçıvanın düşmən sərhədində alınmaz qalaya çevrilməsi ölkəmizin ərazi bütövlüyünün qoruması və daha da möhkəmləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsindən ibarətdir.

Azərbaycan cəmiyyətinin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlətçilik strategiyasının mühüm prinsiplərindəndir. İlham Əliyevə görə modernləşmə kosmetik dəyişikliklər yox, əsaslı yeniləşdirmə və müasirləşdirmə deməkdir. İnkişaf etmiş dünyada düşünülmüş inteqrasiya İlham Əliyevin modernləşmə strategiyasının ana xətlərindən birini təşkil edir. Lakin bu formatda modernləşdirmə davamlı milli ənənələrin, ciddi mental dəyərlərin qorunub saxlanılması, möhkəmləndirilməsi şərtilə cəmiyyət həyatının, idarəetmənin və islahatların yeniləşdirilməsi və müasirləşdirilməsi düşüncəsini özündə cəmləşdirir. Ölkəmizdə informasiya cəmiyyətinin yaradılması, yeni informasiya və kommunikasiya vasitələrindən istifadənin meydanının daha da genişləndirilməsi İlham Əliyev modernləşdirmə strategiyasının mühüm maddələrindən biridir.

Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə də İlham Əliyev kimi geniş formada, qlobal miqyasda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, beynəlxalq aləmdə böyük nüfuz qazanmış yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır. Bəli, Azərbaycan xalqının hər zaman İlham Əliyevə ehtiyacı var və daim də olacaq!

Hazırkı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi strategiyasının təməlində ümummilli liderrimiz Heydər Əliyevin mükəmməl milli dövlətçilik təlimi dayanan, böyük inkişafa hesablanmış yeni məzmunlu siyasi-ideoloji konsepsiya dayanır. Dövlət başçımızın strateji xətti yeni dövr Azərbaycanının müasir inkişafının barometri, əsas hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyevin dövlətçilik təlimi dəyişən dünya ilə və yeniləşən Azərbaycanla daim zənginləşən və inkişaf edən mükəmməl strateji xətt kimi ölkəmizin və xalqımızın böyük sabahlara açılan yollarına gur işıq salır.

 

 

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin deputatı,

Naxçıvan Dövlət Universitetinin rektoru,

akademik

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 3.