Azərbaycanın inkişafını təmin edən ideyanın müəllifi
Böyük ideyalar
böyük şəxsiyyətlərdə təzahür edir.
Ona görə də xalqların inkişaf tarixini şəxsiyyətlərsiz
təsəvvürə gətirmək mümkün deyil. Hər
bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik
ənənələrinin milli irs və düşüncə əsasında
həyata vəsiqə alması üçün əlverişli
siyasi mühitin və güclü, vətənpərvər
liderin olması başlıca şərtdir. Müəyyən
mərhələdə önə çıxan fenomen şəxsiyyətlər
xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik
və milli dövlətçilik kimi idealların gerçəkləşməsində
müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq
haqqı qazanırlar. Onların müəllifliyi ilə
yaradılmış zamanın xarakteri, konkret bir dövrdə əldə
edilən misilsiz maddi və mənəvi nailiyyətlər həmin
şəxsiyyətləri xalqa, dövlətə, ümumilikdə
isə bəşəriyyətə xidmətin simvoluna
çevirir.
Bu gün bütün
dünya Azərbaycan xalqının ümummilli lideri, ulu
öndərimiz Heydər Əliyevi də həyatının mənasını
insanlara, insanlığa xidmətdə görən,
xalqının müqəddəs amalları uğrunda ən
çətin maneələrə mərdliklə sinə gərən
böyük düha sahibi, görkəmli dövlət xadimi
kimi dərin rəğbətlə yad edir, onun böyük zəkası
qarşısında baş əyir. Ümummilli lider Heydər Əliyev
olduqca mürəkkəb dövrdə bir çox siyasi xadimlərin
edə bilmədiklərini gerçəkləşdirmiş,
müstəqil Azərbaycan dövlətini qurub
yaratmışdır. Dövlətimizi təzyiq və təhdidlərdən
qorumuş, Azərbaycanı aydın inkişaf yoluna
çıxarmış, müasir dünyanın ən aktual
çağırışlarına cavab vermək
bacarığı ilə XX və XXI əsrlərin
tanınmış siyasi xadimləri sırasında öz
layiqli yerini tutmuşdur.
Ulu öndər Heydər
Əliyev ali liderlik keyfiyyətləri ilə dünyanın
siyasi elitasının və bütöv bir xalqın tarixinin ən
yüksək zirvəsində dayanmışdı. Ona görə
də bu böyük şəxsiyyətin fəaliyyətinin hər
səhifəsi, hər mərhələsi Azərbaycanın
yarım əsrlik tarixinin mərhələləri ilə
üst-üstə düşür. Heydər Əliyevin xidmətləri,
keçdiyi ömür yolu, zəngin irsi alimlər tərəfindən
əsrlər sonra da tədqiq ediləcək, dərin, əhatəli,
ətraflı elmi əsaslarla gələcək nəsillərə
çatdırılacaqdır. Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövr Azərbaycan xalqının həyatında
intibah dövrü olmuşdur. Ulu öndər Heydər Əliyev
bu dövrdə Azərbaycan xalqının, Azərbaycan
torpağının adını bütün dünyada uca zirvələrə
qaldırmışdır.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət
xalqın azadlıq, müstəqillik arzularının
gerçəkləşməsinə yönələn real
hüquqi, siyasi və iqtisadi əsasların
yaradılmasını, bu möhkəm baza üzərində
qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın konstitusion hüquqlarına sahib
çıxmasını, milli-mənəvi yüksəlişə
nail olmasını, fərdin özünü vətəndaş
kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir.
Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
özünün dayanıqlı müstəqil dövlətini
qurmuş, millət kimi mövcudluğunu, özünü idarə
etmək bacarığını yüksək səviyyədə
nümayiş etdirmişdir. Ulu öndər ictimai fikri hər
zaman dövrün keyfiyyətcə yeni pozitiv dəyişikliklərinə
hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun
strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış inkişaf
strategiyasını həyata keçirmişdir.
Siyasi fəaliyyəti
zamanı böyük təzyiqlərlə, təqiblərlə
üzləşən ulu öndər heç nədən
çəkinməyərək əzmkar fəaliyyəti ilə
xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti,
adət-ənənəsi və düşüncə sistemi
barədə dolğun təsəvvürlər
formalaşdıra bilmişdir. Ulu öndər Heydər Əliyevin
Azərbaycana uzunmüddətli rəhbərliyinin ən
sanballı göstəricisi məhz azərbaycançılıq
məfkurəsinin yüksəlişi, milli özünüdərkin
inkişafı, xalqın tarixi yaddaşının özünə
qaytarılması kimi fundamental prinsiplər əsasında
milli dövlətçilik arzularının və hisslərinin
güclənməsi real amilə çevrilməsidir. Ulu
öndərin vətənpərvər fəaliyyətinin nəticəsi
olaraq ictimai şüurdakı istiqlal duyğuları aşkara
çıxaraq yeni məzmun kəsb etmiş, respublikada milli
ruhlu ziyalı təbəqəsi formalaşmışdır.
Ümummilli liderin
müdrik siyasəti sayəsində millətin min illər boyu
yaşatdığı mənəvi dəyərlərə
nihilist baxış tədricən aradan götürülməyə
başlanmış, klassik ənənə ilə müasir irs
arasında yaranan ünsiyyət milli düşüncənin
düzgün məcrada inkişafına səbəb
olmuşdur. Keçmiş sovetlər birliyinin iqtisadi-siyasi və
ideoloji cəhətdən ən güclü dövründə
Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin vətənpərvər
fəaliyyəti xalqımızda tarixi adət-ənənələrə,
mədəniyyətinə bağlılığı gücləndirmiş,
yaratdığı zəngin elmi və iqtisadi potensial milli
müstəqilliyə zəmin
formalaşdırmışdır. Heydər Əliyev hələ
sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə
böyük strateq kimi dövlət müstəqilliyinə zəmin
yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu
istiqamətdə ciddi nailiyyətlər əldə
etmişdir. Həmin illərdə Azərbaycanda aparılan
misli görünməmiş quruculuq işləri dövlət
müstəqilliyimizə təminat yaradan başlıca amil
kimi nəzərdən keçirilir. Keçmiş imperiya
daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən
müşahidə etmək imkanına malik olan Heydər Əliyev
Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini
öncədən görərək bunun üçün
iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.
Ümummilli liderin diqqət
çəkən fitri idarəçilik keyfiyyətləri
sırasında onun ən ekstremal, çətin və millətin
taleyi baxımından məsuliyyətli dönəmlərdə
ictimai mənafeləri özündə tamamilə ehtiva edən
qətiyyətli, eyni zamanda, yaranmış şərait
üçün ən optimal qərarlar qəbul etmək məharəti
heç zaman xatirələrdən silinməyəcək. Zaman-zaman
baş qaldıran ən ciddi təhlükələr, həyatın
bu və ya digər mürəkkəblikləri Heydər Əliyev
şəxsiyyətinin əzəməti qarşısında
son dərəcə bəsit görünürdü. Azərbaycan
insanı ilahi bir əminliklə öz liderinin ən çətin
dövlətçilik sınaqlarından üzüağ
çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin
belə situasiyalar üzərində yeni-yeni zəfərlərini
alqışlayırdı.
Tale 1993-cü ildə Azərbaycanı
növbəti dəfə çətin sınaqlarla
üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Heydər
Əliyevi hakimiyyətdə görmək istəyi də məhz
bu gerçəklikdən qaynaqlanırdı. 1993-cü ilin
may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin,
xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə
çatması ilə ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda xalq Heydər Əliyevin hakimiyyətə gəlməsi
tələbi ilə ayağa qalxdı. Sonradan bu tələb
ümummilli hərəkata çevrildi və Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə Azərbaycan
tarixinin əzəmətli bir mərhələsinə qədəm
qoydu.
Ulu öndərin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra irəli
sürdüyü dövlətçilik konsepsiyası mahiyyət
etibarı ilə Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini birləşdirən
yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur.
İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu
modelin əsas dayağına çevirən Heydər Əliyev
cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq
üçün, öncə, insan hüquq və
azadlıqlarının maksimum təminatına xüsusi diqqət
yetirmişdir.
Böyük siyasət
ustadı Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini
təmin etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın
mümkünsüzlüyünü
çıxışlarında hər zaman
vurğulamış, vətəndaşlara göstərilən
hüquqi yardımın səviyyəsinin müntəzəm
surətdə artırılmasının əsas təşəbbüskarı
kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səs
verməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin tarixində
hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və
dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə
olaraq insan hüquqlarının prioritetliyi və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə
tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.
1995-ci ildə müstəqil
Azərbaycanın parlamentinə keçirilən ilk
seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına daha geniş imkanlar
açmışdır. Bu hadisə dövlət müstəqilliyinin
prioritet istiqamətlərini müəyyənləşdirmək
və həyata keçirmək yolunda əsas istinad mənbəyi
rolunu oynamışdır. Bununla da, Azərbaycanın dünya
dövlətləri sırasında özünəlayiq yer
tutması, beynəlxalq münasibətlərin subyektinə
çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin
əsası qoyulmuşdur.
Ulu öndər
özünəməxsus müdrikliklə bəyan etmişdir
ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə
keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq
mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli
dövlətçiliyin başlıca inkişaf istiqamətlərini
müəyyənləşdirərkən xalqın milli
mentalitetinin səciyyəvi cəhətlərini nəzərə
almışdır.
Heydər Əliyev
dövlətçilik irsinin əsas istiqamətlərindən
biri də dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təmin olunması sahəsində
kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi
qüvvələrinin yaradılması dövlətçiliyin
əsas atributu və qarantı hesab olunsa da, təəssüf
ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti
ələ keçirməyə müvəffəq olmuş
qüvvələrin səriştəsiz siyasəti nəticəsində
bu amil ölkənin dövlətçiliyi üçün təminata
deyil, təhlükəyə çevrilmişdir. Ordu
quruculuğunda və ölkənin milli təhlükəsizlik
sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər
son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin
meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi,
dövlətçilik prinsipləri əsasında deyil, şəxsi
siyasi maraqlara nəzərən formalaşdırılması
sonda Azərbaycanın müstəqilliyi üçün ciddi
təhlükə mənbəyi idi. Yalnız ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya
qarşı ciddi mübarizə aparmış, dövlətin
milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit və güclü
silahlı qüvvələrin yaradılmasına nail
olmuşdur.
Heydər Əliyevin
milli mənafelərə əsaslanmaqla irəli
sürdüyü xarici siyasət kursunun prioritet istiqaməti
müstəqil və güclü dövlət modelinin praktik
surətdə reallaşdırılmasına yönəlmiş,
respublikamız beynəlxalq normalara istinad edərək sivil
dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən
aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla
münasibətlərini yüksək dinamizmlə inkişaf
etdirmək xəttinə üstünlük vermişdir. Ulu
öndər Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını qoyduğu
balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə
hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla,
müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və
mövqelərinin güclənməsinə, ümummilli
problemlərinin həllinə yönəlmişdir.
Heydər Əliyev
özünün zəngin bilik və təcrübəsi əsasında
Azərbaycanın yeni dövr üçün iqtisadi
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktik əsaslarla
göstərmişdir. Ümummilli lider mərkəzi
planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal
keçid modelini özünəməxsus tərzdə irəli
sürmüş, onun həyata keçirilməsinə
çalışmışdır.
Demokratik inkişaf yolunu
seçmiş bütün ölkələrdə olduğu
kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri -
xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti,
özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin
inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi
prioritet seçilmişdir. İqtisadi sahədə həyata
keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Hər bir xalqın milli
inkişaf yolunun banisinə çevrilən, onu dünya
miqyasında tanıdaraq layiqli mövqelərə
çıxaran xarizmatik liderlər həm də pozitiv rakursda
siyasi varislik ənənələri formalaşdıraraq
böyük müdrikliklə irəli sürdükləri
mütərəqqi ideyaların davamlılığını
təmin edirlər. Belə siyasi liderlər dövlət
hakimiyyətini ölkənin, sadəcə, bugünkü mənafeyi
baxımından deyil, həm də gələcək mənafeyi
baxımından təşkil etməyə, dövlətçiliyin
ideoloji-siyasi və iqtisadi əsaslarını
formalaşdıraraq optimal dövlət modeli yaratmağa
çalışırlar. Müstəqil Azərbaycanın
milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev
də təkamülə əsaslanan demokratik tərəqqi
yolunun alternativsizliyini real əməli nəticələrlə
sübuta yetirməklə bərabər, dövlətçiliyin
ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını
fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.
Müstəqil Azərbaycanın
davamlı inkişaf konsepsiyasını müəyyənləşdirən
ümummilli lider Heydər Əliyev, eyni zamanda, bu strateji kursu
zamanın diktə etdiyi yeni şərtlər müqabilində
davam etdirməyə qadir, təcrübəli, praqmatik və
rasional təfəkkürlü, xalqını, dövlətini
sevən, yüksək idarəçilik keyfiyyətlərinə
malik siyasi davamçını da yetişdirmişdir.
2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən
möhtərəm Prezident İlham Əliyev ulu öndərin
müəyyənləşdirdiyi səmərəli inkişaf
strategiyasını uğurla davam etdirməklə
yanaşı, bu strategiyanı yeni dövrün tələblərinə
uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla
demokratikləşmə proseslərinin paralel şəkildə
davam etdirilməsinə nail olmuşdur.
Ulu öndər Heydər
Əliyevin demokratik dövlətçilik strategiyasını
ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev müəyyənləşdirilmiş möhkəm
ənənələr üzərində özü də yeni
bir dövlətçilik məktəbinin banisinə
çevrilmişdir. Cənab İlham Əliyev
respublikamızı uğurlu inkişaf yoluna
çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata
keçirilən qlobal enerji-kommunikasiya layihələrinin
başlıca təminatçısı missiyasını
üzərinə götürmüşdür. Xalqa layiqli xidmət
andını əməli işi ilə doğrultmuş
dövlət başçısı Azərbaycanın iqtisadi
inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş,
hər bir vətəndaşın maraq və mənafeyinin
yüksək səviyyədə təminatına yönəlmiş
demokratiya kursunu inamla davam etdirmişdir.
Respublikamız
hazırda inkişafının elə mərhələsindədir
ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət
həyatının ən müxtəlif sahələrində
tərəqqi və intibaha, vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğuna xidmət edən, hər
bir vətəndaşın həyatında əsaslı dəyişikliklərlə
müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək
imkanı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi
altında inamla irəliləyərək Avratlantik məkana
inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya
layihələrinin mərkəzinə çevrilən,
ümumi daxili məhsulun daxili artım tempinə görə
dünyanın lider dövlətləri sırasında
özünə yer tutan respublikamızda xalqın inamlı
sabahı baxımından strateji əhəmiyyət
daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi
xüsusi diqqət mərkəzindədir.
Bütün bunlar
Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev
ideyalarına, Heydər Əliyev siyasi irsinə sadiqliyindən
irəli gəlir. Bu ideyalar, bu siyasi irs Azərbaycanda milli
dövlətçiliyin dini, siyasi və etnik tolerantlığı
imperativ kimi qəbul edən müasir modelini, dünyanın
mövcud reallıqları kontekstində inkişaf
tapmış demokratik idarəetmə fəlsəfəsini, mənəvi
dəyərlərimizin qorunmasını, cəmiyyətin
bütün potensialının milli maraqlar kontekstində səfərbər
edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni
iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə
cəmiyyət arasında daimi həmrəyliyin
yaradılmasının elmi əsaslarını kifayət qədər
təkmil formada özündə əks etdirir.
Azərbaycan Prezidenti
İlham Əliyev dövlətə rəhbərlik fəaliyyəti
dövründə ölkəmizdə milli birliyin möhkəmləndirilməsi,
azərbaycançılıq ideologiyasının milli həmrəyliyin
aparıcı qüvvəsinə çevrilməsi istiqamətində
mühüm işlər görmüşdür. Ölkədə
kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində
Azərbaycanın bütün vətəndaşlarının
iştirakının təmin edilməsi, müxalifətin
sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə
edilən iqtisadi nailiyyətlərdən hamının öz
bacarıq, zəhmət və əqli imkanlarına görə
bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin
möhkəmləndirilməsi istiqamətində
atdığı addımlardır.
Cənab İlham Əliyev
Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən
demokratikləşmə proseslərini bir-birindən təcrid
olunmuş şəkildə götürmədən hər iki
xətti ölkənin gələcək yüksəlişinin
vahid istinad nöqtəsi kimi əsaslandırmışdır.
Cənab İlham Əliyevin bununla bağlı irəli
sürdüyü fikirlər təkcə Azərbaycanın
yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm
qoymuş bütün müstəqil ölkələrin gələcək
inkişafının təməl prinsipi kimi tətbiq edilə
bilər: "Demokratikləşmə prosesi və sosial
iqtisadi inkişaf. Bunlar hamısı vahid bir prosesin tərkib
hissələridir. Birini o birindən ayırmaq mümkün
deyildir. Əgər biz diqqətimizi ancaq iqtisadi məsələlərə
yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə
getməsə, ölkədə siyasi islahatlar getməsə,
uğur qazana bilmərik. Biz bütün bu işləri paralel
şəkildə aparmalıyıq. Eyni
zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, onda
demokratikləşmə prosesi də təhlükə
altına düşər. Çünki kasıb ölkədə,
çoxlu sosial problemləri olan ölkədə insanlar
demokratiya, siyasi proseslər haqqında düşünmürlər.
İnsanları ancaq gündəlik məsələlər
düşündürür. Ona görə paralel şəkildə,
hərtərəfli inkişaf Azərbaycanı yaxın
zamanlarda çox güclü dövlətə çevirəcəkdir".
Bu gün Azərbaycan Prezidentinin
həyata keçirdiyi çoxşaxəli islahatlar dövlətin
siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu
müəyyənləşmə Azərbaycanın qısa
müddət ərzində iqtisadi inkişaf göstəricilərinə
görə bütün dünyada liderə çevrilməsi
faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
kimi nəhəng layihələrin gerçəkləşməsi,
respublikamızın ümumilikdə Avropa regionunun gələcək
enerji təhlükəsizliyi missiyasını üzərinə
götürməsi xalqımızın dünya arenasında
layiqli yerini təmin edir. Azərbaycan insanının güzəranı
gündən-günə yaxşılaşır, şəhər,
kənd və qəsəbələr abadlaşır,
respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial
problemlər həllini tapır. Bütün bunlarla
yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi,
qanunların aliliyi, haqq-ədalətin zəfəri
üçün bütün lazımi tədbirlər həyata
keçirilir. Azərbaycanın mövcud iqtisadi
potensialının insan kapitalına çevrilməsi istiqamətində
atılan addımlar elmi inkişafa doğru sürətli kurs
götürdüyünü təsdiqləyir.
Hazırkı mərhələdə
neft gəlirlərindən əldə olunan vəsaitin respublikamızda
vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğu prosesinin daha da sürətləndirilməsinə,
ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi
demokratiya sahəsində böyük təcrübəsi olan
dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar,
nüfuzlu ekspertlər tərəfindən müsbət
qarşılanır. Dövlət başçısı həyata
keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin
müəllifi olduğu möhkəm təməl üzərində
davam etdirir və yeni dövrün tələblərinə
uyğun zənginləşdirməyə
çalışır.
Dövlət idarəçilik
sisteminə müasirlik çalarları gətirmiş cənab
İlham Əliyev hökumətin mütəmadi olaraq xalq
qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə
qazanılan nailiyyətlərin mühüm şərti hesab
etməklə yanaşı, son illərdə müstəqil Azərbaycanın
davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.
Dövlət başçısının kadr seçiminə
yanaşma prinsipləri də çağdaş dövrün
reallıqları ilə şərtlənmiş, məmurların
fəaliyyəti onların xalqa xidmət məramına nəzərən
müəyyənləşdirilmişdir.
Cənab İlham Əliyevin
idarəçilik üslubunda kadrın peşəkarlığı,
vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti
mühüm amil kimi aktuallıq kəsb edir. Bu gün hakimiyyət
komandasının hər bir üzvü yaxşı bilir ki,
dövlət başçısının etimadını və
rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə
işləmək, qarşıya qoyulmuş vəzifələri
tez bir zamanda yerinə yetirməkdir.
Cənab İlham Əliyevin
rəhbərliyi altında əldə edilmiş nailiyyətlər
real həyat həqiqətlərində - sosial problemlərin
davamlı həllində, işsizliyin, yoxsulluğun aradan
qaldırılmasında, regionların davamlı tərəqqisində,
nəhəng infrastruktur və enerji layihələrinin
reallaşdırılmasında, cəmiyyətdə maddiləşən
işgüzar fəallığın artmasında,
maddi-psixoloji ovqatın yüksəlməsində intişar tapır.
Zaman etibarı ilə o qədər də böyük olmayan
müddətdə qazanılmış nailiyyətlər
dövlət rəhbərimizin vəziyyətin təhlili əsasında
iqtisadiyyatın inkişafı üçün əsas istiqamətlərin
düzgün müəyyənləşdirilməsinin,
tarazlı və davamlı regional tərəqqini təmin edən
fundamental dövlət proqramlarının hazırlanmasına
dair fərman və sərəncamlarının, eləcə də
onların həyata keçirilməsi istiqamətindəki əzmkar
zəhmətinin bəhrəsidir.
Azərbaycan xalqı
2008-ci il 15 oktyabr tarixində keçirilmiş prezident
seçkilərində öz taleyini yenidən cənab
İlham Əliyevə etibar etməklə, möhtərəm
Prezidentin xalqa təmənnasız xidmətinə obyektiv qiymətini,
İlham Əliyev şəxsiyyətinə sevgi və rəğbətini,
Heydər Əliyev ideyalarına tükənməz
inamını bir daha möhtəşəmliklə
nümayiş etdirdi.
Hər bir ölkə vətəndaşı
əmindir ki, bu ümumxalq sevgisi cənab İlham Əliyevin
respublikamıza rəhbərlik etdiyi növbəti illəri də
Azərbaycanın çağdaş tarixinin şanlı səhifələrinə
çevirəcəkdir.
Firdovsi ƏLİYEV,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
nazirinin müavin
Azərbaycan.- 2009.- 14 iyun.- S. 5.