Ölkənin dinamik inkişafını şərtləndirən uğurlu islahatların banisi

 

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu ilə paralel olaraq, müstəqil iqtisadi sistemin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində düşünülmüş və uzaq hədəflərə istiqamət götürmüş geniş islahatlar kursu həyata keçirilməyə başlandı.

Aparılan uğurlu iqtisadi islahatlar sayəsində iqtisadiyyatın müasir dövrün tələblərinə uyğun, bazar münasibətləri əsasında yenidən qurulması, sahibkarlığın inkişaf etdirilməsi, yeni infrastrukturların, maliyyə və vergi sisteminin formalaşdırılması, tarixdə ən mürəkkəb proses kimi xarakterizə olunan torpaq və aqrar islahatların aparılması, regionların ahəngdar inkişafı, yoxsulluğun aradan qaldırılması, insanlara öz potensialından sərbəst istifadə etmək və sahibkarlığa dəstək verməklə iqtisadiyyatın liberallaşmasının bərqərar olması üçün münbit zəmin hazırlanmış, müstəqil dövlətimizin təhlükəsizliyinin, eləcə də onun ən vacib elementlərindən olan iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və regionda real güc mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatlar və bu gün də həmin siyasi və iqtisadi islahatlar kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur. Ümummilli liderin "iqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir" fikri bir daha təsdiq edir ki, Heydər Əliyev milli iqtisadiyyatımızın inkişafına dövlət quruculuğunun çox mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm vermişdir.

Zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş iqtisadi strategiyanın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi Azərbaycanın daha yüksək zirvələrə doğru inamla irəliləməsi üçün zəmin yaratmışdır. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi-rifah halının yaxşılaşdırılması, müxtəlif istiqamətlərdə genişmiqyaslı islahatların aparılması Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. 2003-cü ildən ötən dövr ərzində həyata keçirilmiş iqtisadi layihələr qarşıya qoyulmuş ali məqsədə real xidmətin bariz göstəricisidir.

Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmiz son illərdə iqtisadi artım üzrə dünyada lider dövlətə çevrilmişdir. İqtisadiyyatın bütün sahələrində irimiqyaslı islahatların sistemli və düşünülmüş şəkildə davam etdirilməsi Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi tanıtmışdır.

Bu gün ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin təşəbbüskarına və əsas tərəfdaşına çevrilmişdir. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox uğurla həyata keçirdiyi uzaqgörən siyasəti, sosial-iqtisadi inkişafın bütün sahələrini əhatə edən dövlət proqramları sayəsində mümkün olmuşdur. Ölkə Prezidentinin şəxsi təşəbbüsü və nəzarəti altında müasir dünya standartlarına cavab verən çoxsaylı sənaye, səhiyyə, təhsil müəssisələrinin, idman komplekslərinin, nəqliyyat, enerji və rabitə infrastrukturlarının, qaçqınlar üçün qəsəbələrin tikintisi, ölkəmizin abadlaşması və inkişafı ilə bağlı mühüm obyektlərin inşası, bu obyektlərin açılışı mərasimlərində şəxsən iştirakı, əhalinin həyat səviyyəsi ilə tanış olmaq üçün regionlara çoxsaylı səfərləri Azərbaycanın daha yüksək inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdəndir.

2003-cü ilin prezident seçkilərində xalqımızın yekdilliklə cənab İlham Əliyevi ölkə Prezidenti seçməsi Azərbaycanda həyatın bütün sahələri üzrə inkişafa növbəti təkan vermiş oldu. Prezident İlham Əliyevin çox uğurlu, bənzərsiz fəaliyyəti xalqımızın öz seçimində yeganə, düzgün yol müəyyənləşdirdiyini və seçdiyini bir daha təsdiq etdi.

Prezident İlham Əliyevin çox uğurla davam etdirdiyi və inkişaf etmiş dünya ölkələrinin islahatlar praktikasından bəhrələnməklə həyata keçirdiyi praqmatik fəaliyyəti sayəsində son illər Azərbaycan iqtisadiyyatı sürətli inkişaf etməkdədir. Statistik məlumatların təhlili onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafında regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının misilsiz rolu olmuşdur. Bu proqram ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu və regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri səviyyəsinə qaldırıldı. Əyalətdəki iş adamlarına bir sıra vergi güzəştləri və digər imtiyazlar tətbiq edildi. Görülən kompleks işlərin nəticəsində regionlarda infrastruktur təminatı və kommunal xidmətlər yaxşılaşdırıldı, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikildi, yollar salındı, yeni iş yerləri açıldı. Hazırda Oğuz - Bakı su kəmərinin çəkilməsi, Samur - Abşeron kanalının rekonstruksiyası, Bakı - Astara, Bakı - Yalama və Bakı - Qazax avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində də qlobal layihələr həyata keçirilir və xalqımız yaxın zamanda bu nəhəng regional layihələrin reallığa çevrilməsinin şahidi olacaqdır.

Regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının icrasına yönəldilən investisiyaların həcmi 6 milyard manat, o cümlədən 2008-ci ildə 2 milyard manat təşkil etmişdir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də, regionlarda yaşayanların məşğulluq səviyyəsi xeyli artmışdır. Proqramın icra müddətində 26 min 641 yeni müəssisə yaradılmış, 766 mindən artıq yeni iş yeri açılmışdır ki, bunun da 550 minə yaxını daimi iş yerləri olmuşdur.

Ölkə başçısının müəyyən etdiyi mükəmməl iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın davamlı inkişafı, dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın təmin olunması və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yüksəldilməsi 2009-cu və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi inkişaf konsepsiyasında iqtisadi siyasətin əsas məqsədləri kimi təsdiqlənmişdir.

Qlobal iqtisadi böhran şəraitində bu məqsədlərə nail olmaq üçün iqtisadi qurumlar qarşısında makroiqtisadi sabitliyin qorunması, müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi kimi mühüm vəzifələr qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və möhtəşəm uğurlu nəticələrə gətirib çıxaran çoxşaxəli islahatlar sayəsində ölkəmizin valyuta ehtiyatları 9 dəfədən çox artmış, büdcə xərcləri 12 milyard manata yaxınlaşmış, adambaşına düşən pul gəlirləri təxminən 4 dəfə artaraq 1060 manata çatmışdır.

Ötən illər ərzində görülən ən mühüm işlərdən biri ölkədə işsizliyin ləğvinə yönəlmiş dövlət siyasətinin həyata keçirilməsidir. Bunun nəticəsidir ki, son 5 ildə 760 mindən çox iş yeri açılmışdır.

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində minimum əməkhaqqı və pensiyaların baza hissəsi təxminən 11 dəfə artırılaraq 75 manata çatdırılmış, tələbə təqaüdləri 10 dəfə artırılmış, orta aylıq əməkhaqqı isə 260 manatı ötmüşdür. Yoxsulluğun azaldılması istiqamətində qəbul olunmuş dövlət proqramı müsbət nəticələr vermişdir. Hazırda 467 min nəfəri əhatə edən 100 min ailəyə ünvanlı sosial yardım göstərilməkdədir.

Ölkəmizin iqtisadi və geopolitik qüdrətinin artmasında əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yeni neft strategiyasının həlledici rolu var. Belə ki, son 14 ildə neft - qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış (Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərləri) və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Dövlət Neft Fondunun valyuta ehtiyatları 5 milyard ABŞ dollarını ötmüşdür ki, bu vəsait həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət məqsədini özündə ehtiva edir.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmaq, yəni, ölkənin zəngin resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu istiqamətdə əsas hədəf Azərbaycanı xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməkdir. Ötən 5 il yarım ərzində ümumi daxili məhsulda qeyri neft sektorunun xüsusi çəkisinin 19 faizədək yüksəlməsi bu sahədə gələcək uğurlardan xəbər verir.

Əldə olunan bu nailiyyətlərin davam etdirilməsi məqsədi ilə 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Programı təsdiq edilmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sırasında mühüm məsələlərdən biri də ölkəmizdə ən müasir informasiya texnologiyalarının tətbiqi və daha geniş inkişaf etdirilməsi olmuşdur. Ötən beş il ərzində bu sahənin inkişafı dövlət siyasətinin prioritet məsələlərindən biri olmuşdur. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda neft sektorundan sonra ən perspektivli sahə İKT sektorudur. Məhz bu istiqamətdə qazanılan uğurların məntiqi nəticəsidir ki, 2008-ci ildə İsveçrənin Davos şəhəridə keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji hesabatında Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxmışdır. Təkcə 2008-ci ilin birinci yarısında İKT sektorunda məhsul və xidmət istehsalının artım səviyyəsi dünya üzrə orta inkişaf tempini 3 dəfədən çox qabaqlamışdır. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Dövlət Proqramının (2005-2007) uğurla tətbiqi nəticəsində 2003-cü ildə hər 1000 şagirdə bir kompüter düşürdüsə, 2008-ci ildə bu rəqəm 29-un birə nisbətində olmuşdur. Bütün bu nailiyyətlər İKT-nin inkişafını nəzərdə tutan və 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın uğurla həyata keçirilməsi sayəsində qazanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin siyasi və eləcə də iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi sayəsində davamlı sosial - iqtisadi inkişafa nail olundu, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artdı. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin etibarlı partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi. Azərbaycan öz inkişaf xəttini müəyyənləşdirərək, demokratiya yolu ilə irəliləyərək bu sahədə böyük uğurlar qazandı. Ölkəmizdə insan və vətəndaş hüquqları, söz və mətbuat azadlığı təmin edildi. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Milli Fəaliyyət Planı təsdiq edildi. İnsanların konstitusion hüquqlarından istifadə etməsinə lazımı şərait yaradıldı. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları imzalandı, amnistiyalar verildi. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin tarazlı inkişafı təmin olundu.

Ölkəmizdə söz və mətbuat azadlığının inkişafı sahəsində ardıcıl addımlar atılmış, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq olunmuş, qəzetlərə və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımı ayrılmışdır.

Demokratik dəyərlərin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi sahəsində də mühüm işlər görülmüşdür. 2003-2008-ci illər ərzində ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar dövlət idarəçiliyinin çevik sistemini yaratmağa imkan vermişdir. Dövlətin bir sıra funksiyalarının vətəndaş cəmiyyətinə ötürülməsi prosesi uğurla davam etdirilmiş, hökumətin fəaliyyətinə ictimai nəzarət güclənmişdir. Vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının inkişafına dövlət dəstəyi göstərilməsi üçün vacib qərarlar qəbul olunmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası təsdiq edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. 2008-ci ilin dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının proqram və layihələrinin maliyyələşdirilməsi üçün 1.5 milyon manat vəsait ayrılmışdır.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün olmuş, Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açmış, bütün göstəricilərinə görə ölkəmizi regionun lider dövlətinə çevirmişdir.

Azərbaycanın xoşbəxt gələcəyi vardır" - söyləyən ümummilli lider Heydər Əliyevin bu arzusu ulu öndərin siyasi və iqtisadi kursunu uğurla və inamla, çevik davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilmişdir.

 

 

Hüseyn PAŞAYEV,

YAP Mətbuat

xidmətinin rəhbəri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 5.