Unudulmaz himayədarlıq

 

Qədim ənənələrə, zəngin milli-mənəvi dəyərlərə malik olan xalqımız məhz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan mənəviyyatının və mədəniyyətinin himayədarı idi. "Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı" fikrinin bir şaxəsi də məhz mədəniyyətimizlə bağlıdır. On altı il əvvəl cəmiyyətdə baş verən aşınmalar hamının yadındadır. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi potensialımız da sıradan çıxmışdı. Məhz ulu öndər Heydər Əliyevin zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində olduğu kimi, mənəviyyat və mədəniyyətimizdə də nizamlanma aparıldı.

35 ilə yaxın bir müddətdə dövlət başçısı olmaq, ölkənin bütün problemlərini çiynində daşıyıb həll etmək, bütün əyrilikləri düzlüklə kəsmək, zülmətə işıq gətirmək, bütövlükdə məmləkəti fəlakətdən çıxarmaq - bu qüdrət ancaq Heydər Əliyevə xas idi. İndi onun barəsində keçmiş zamanda danışmaq çətin olsa da, həyatın bu amansızlığı ilə barışmalıyıq. Amma bir qürur duyulacaq məqamı mütləq deməliyik. Müasir Azərbaycanın banisi Heydər Əliyev hələ sovet illərində ölkəmizin yüksəlişinin təməlini qoydu. Xüsusilə də mədəniyyətlə bağlı sahələrdə elə önəmli hadisələr var ki, onlar birbaşa məhz Heydər Əliyevin adı, əməl və cəsarəti ilə bağlıdır.

Heydər Əliyev yaradıcı adamlara həmişə qayğı və ehtiramla yanaşıb. Sovet hakimiyyəti illərində onun Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün yaratmış olduğu münbit zəmin, əlverişli şərait bir çox görkəmli insanların yetişməsinə səbəb oldu. Xatırladaq ki, Azərbaycan o zaman böyük dövlətin - sovet imperiyasının tərkibində kiçik bir respublika idi. Amma həmin vaxt dörd yazıçı və şairimiz - Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, üç bəstəkarımız - Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, böyük müğənnimiz Rəşid Behbudov, memar Mikayıl Hüseynov, rəssam Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdülər. Rusiyadan başqa heç bir sovet respublikasında bu qədər sənət xadimi belə şərəfli ad almamışdır. Müqayisə üçün deyək ki, o zaman böyük respublika olan Ukraynada sənət adamları arasında cəmi iki Sosialist Əməyi Qəhrəmanı var idi. Şübhəsiz ki, bizim o zamankı nailiyyətlərimiz Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fədakar xidmətinin, nüfuzunun, ədəbiyyata, sənətə isti münasibətinin, ən başlıcası isə cəsarətinin nəticəsi idi. Xalq yazıçısı Anarın sözləridir: "Bu adların verilməsi Azərbaycanın nüfuzunu qaldırmaq, Azərbaycan mədəniyyətini Ümumittifaq miqyasında təsdiq etmək demək idi". Bu adları Heydər Əliyev asanlıqla yox, siyasi mübarizələrin nəticəsində alırdı və bu da əsl vətəndaşlıq qələbəsi idi.

Bu gün Azərbaycanda onlarca görkəmli sənət adamının - yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların ev-muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev-muzeylərin yaradılmasının ilk təşəbbüskarı da məhz Heydər Əliyev olub.

Müdrik şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi ənənələrinə diqqətlə yanaşırdı. Bu səbəbdən də ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir.

Danılmaz faktdır və bütün ictimaiyyətin etirafıdır ki, Heydər Əliyev mənəviyyatımızın, mədəniyyətimizin bənzərsiz və əvəzsiz himayədarı idi. Bu sahə ilə bağlı verdiyi fərmanlar, imzaladığı sərəncamlar, həyata keçirdiyi tədbirlər və digər diqqət çəkən mədəni hadisələr fikrimizi təsdiqləyir. Milli liderin həmişə işlətdiyi bir fikir - "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək" - bu gün hamının dilinin əzbəri və əməli fəaliyyətinin əsas xətti olmalıdır.

Ümummilli lider ədəbiyyat, mədəniyyət, bir sözlə, sənət adamlarına xüsusi diqqət göstərirdi. Tez-tez onların yaradıcı əməyini müxtəlif yönümdən qiymətləndirirdi. İstedadlı sənətkarların əməyini üstün tuturdu. Dəfələrlə mədəniyyət, incəsənət işçilərinin əməkhaqları artırılıb. Onların iş və əmək şəraitlərini yaxşılaşdırmaq üçün müxtəlif sərəncamlar imzalanıb. Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan insanlar Prezident təqaüdünə layiq görülüblər. Mədəniyyətimizdə göstərdikləri yüksək fəallıqlara, xüsusilə də istedadlarına görə incəsənət işçiləri müxtəlif dərəcəli dövlət mükafatlarına layiq görülüblər. Heydər Əliyevin bir amalı var idi: "Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür".

Unudulmaz rəhbərimiz mədəniyyət işçilərinə təkcə maddi və mənəvi yardım etmirdi. O, həm də yeni, gözəl, mükəmməl əsərlərin yaradılması üçün şərait yaradırdı, müzakirələr aparırdı, təqdim olunan hər bir yaradıcı əməyin bəhrəsi haqqında öz sözünü deyirdi. Bu gün də bəstəkarlar, musiqiçilər, yazıçılar, tənqidçilər etiraf edirlər ki, Heydər Əliyev hər bir sənət haqqında onun yaradıcısı, peşəkar nəzəriyyəçisi kimi mükəmməl, dəqiq və əsaslı tənqidi fikir söyləyirdi. Bəzən ən böyük musiqi əsərləri - opera, balet haqqında elə fikir yürüdürdü ki, bəstəkarlar özləri heyrətdə qalırdılar. Çoxu yaxşı xatırlayır ki, sovet hakimiyyəti illərində azərbaycanlıların klassik musiqiyə, sivil mədəniyyətə yiyə durmaları üçün hər cümə günü Heydər Əliyev başda olmaqla, dövlət məmurları Filarmoniyada simfonik əsərlərə qulaq asmağa gedərdilər. Bu, adicə sənət həvəsi və yaxud istirahət deyildi. Bu, Azərbaycan vətəndaşında musiqi duyumunun formalaşmasına, inkişaf etməsinə nail olmaq idi.

Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaq üçün təkcə onun Bakıda yaratdığı abidələrin önünə çiçək qoymaq kifayət edər. Cəfər Cabbarlının, Nəriman Nərimanovun, Hüseyn Cavidin və başqalarının abidələrinin Bakıda ucaldılması məhz Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.

Tarixin səhifələrini qatladıqca çox şey yada düşür. 1937-ci ilin repressiyaları həm millətin istedadlı insanlarının sinəsinə tuşlanmışdı, həm də maddi-mədəniyyət abidələrimiz yerlə-yeksan edilmişdi. Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması, onun müqəddəs ruhuna hörmət əlaməti olaraq məqbərəsinin ucaldılması və Bakıda bu böyük şairin adına ev-muzeyin açılması məhz Heydər Əliyevin misilsiz xidmətidir. Bir çox teatr məbədlərimiz, mədəniyyət ocaqlarımız məlum və müəmmalı səbəblərdən yararsız kökə düşmüşdü. Bəziləri öz laqeydliyimizdən, bəziləri də düşmən əli ilə dağıdılmışdı. Paytaxtımızda Respublika sarayı (indiki Heydər Əliyev sarayı) kimi əzəmətli mədəniyyət ocağı quran Heydər Əliyevin himayəsi nəticəsində Musiqili Komediya, Opera və Balet, Milli Dram teatrları yenidən qurularaq, təmir edilərək tamaşaçıların ixtiyarına verildi. Az qala uçub dağılmaq təhlükəsində olan Dövlət Filarmoniyası Heydər Əliyevin xüsusi sərəncamı ilə yenidən tikildi. Burada bir xiffəti də bildirməmək olmur ki, onun açılışında iştirak etmək ümummilli liderin ən böyük arzusu idi.

Bir neçə mühüm faktı - mədəni hadisəni xatırlamaq da yerinə düşər. Xalqın istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev mədəniyyətin inkişafı ilə bağlı sərəncamlar imzaladı. Bu sahənin tanınmışlarına xüsusi diqqət yetirdi, onlarla görüşlər keçirdi. İlk yubiley görüşü xalq şairi Məmməd Arazla oldu. Dövlətin ən ali mükafatı sayılan "İstiqlal" ordeni ilkin olaraq üç xalq şairinə - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk (ölümündən sonra) və Məmməd Araza verildi.

1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Akademik Ramiz Mehdiyevin fikrincə, Heydər Əliyevin bu yubileyi keçirməkdə ən böyük xidməti bundan ibarətdir ki, Füzuli ilk dəfə Azərbaycan xalqı qarşısında bütün əzəməti ilə ideoloji qəliblərdən azad olunmuş şəkildə dayandı. Bu həqiqətin dərki çox mətləblərdən xəbər verir. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi. Bu xoşbəxtlik mənim də qismətimə çıxdı. Bu yubileydə iştirak etmək üçün Heydər Əliyevin rəhbərliyi ilə Türkiyəyə gedən nümayəndələr arasında mən də var idim.

Yadımda qalan məqamlardan bəzilərini xatırlatmaq istəyirəm. Payız fəsli olsa da, "Esenboğa" hava limanında elə bil yaz idi. Ankaralılar deyirdilər ki, ilin bu vaxtı şəhərimizdə belə hava nadir hadisədir. Sonra da təbəssümlə əlavə edirdilər ki, təkcə insanlar deyil, təbiət də Azərbaycandan gələn müsafirləri, xüsusilə də cümhur başqanı Heydər Əliyevi görün necə hərarətlə, mehribanlıqla qarşılayır. Heydər Əliyev hər dəfə xarici ölkələrdə səfərdə olarkən mütləq orada yaşayan soydaşlarımızla görüşmək üçün vaxt ayırardı. Yadımdadır ki, "Hilton" mehmanxanasında belə görüşlərdən biri də məhz Ankarada yaşayan azərbaycanlılarla oldu. O vaxt soydaşlarımızdan bir neçəsi ilə görüşmüşdüm. Onlardan biri - Aydın Gəncin sözlərini həmişə xatırlayıram: "Mən buraya ancaq cümhur başqanımız Heydər Əliyevi görməyə, onun dəyərli sözlərini eşitməyə gəldim. Tarix belə şəxsiyyətləri çox az yetirir. Biz çox cümhur başqanları görmüşük. Heydər Əliyevin əvəzi yox. Tanrının möcüzəsidir. Qürur və şərəf duyuruq ki, İlahi bu möcüzəni məhz bizim xalqımıza bəxş edib". Millət şəxsiyyətini yetirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Türkiyədəki Azərbaycan lobbisinin rəhbəri Yəhya Taştələnin də fikirləri maraqlı idi: "Heydər Əliyev böyük öndər, böyük millət qəhrəmanı olaraq tarixin şərəfli taxtına ucalıb. Gündə 18-20 saat ölkəsi, insanlıq üçün çalışan Heydər Əliyev humanitar şəxsiyyəti ilə uluslar arasında siyasətin zirvəsinə ucalan öndər politikaçılardandı". O da yadımdadır ki, Heydər Əliyev Bilkənd Universitetinin möhtəşəm konsert salonunu öz sehrində saxlayan bir çıxış etdi: "500 il bundan öncə Füzuli doğulub, 70 il bundan öncə də müasir türk dünyasının böyük şəxsiyyəti hörmətli Süleyman Dəmirəl. Bu o deməkdir ki, Füzuli dünyası, Füzuli nəsli yaşayır, dünya birliyinə, dünya mədəniyyətinə böyük insanlar bəxş edir".

Azərbaycanda müxtəlif sənət adamlarının yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi məhz Heydər Əliyev tərəfindən yaradılıb. Onun çox müdrik bir fikri var idi ki, biz bu insanların yubileylərini, sadəcə, qeyd etmirik, həm də onları xalqa və gələcək nəsillərə tanıdırıq, unudulmağa qoymuruq. Bu mənada "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposunun 1300 illik yubileyinin qeyd edilməsi təkcə millətlər və ölkələr arasında mənəvi körpülər qurmaqdan ibarət deyildi. Heydər Əliyevə məxsus fikirdir: "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də təkcə bir cəngavər, bir igid haqqında deyil, bütövlükdə bir xalqın qəhrəmanlığı haqqında eposdur..." Təbii ki, belə bir eposu yaradan millətin də ən azı 500 illik ədəbi-bədii-mənəvi hazırlığı olmalı idi. Ona görə də bu yubileyin təntənəsi ayrıca bir bayram əhvalı, hansısa bir eposun yubileyini sadəcə qeyd etmək deyildi. Bu, həm də bir çox tarixçiyə, bu torpağın keçmişinə qəsdən yanlış nəzər salan bir qisim tədqiqatçıya əsl dərs vermək idi. Heydər Əliyev bütöv bir nəslin ruhunu dirçəldirdi. Belə bir qədim torpağa, ədət-ənənəyə, qəhrəmanlığa malik xalq heç vaxt işğal altında inləyə bilməz.

Heydər Əliyev Azərbaycan mənəviyyatının əsl mənada mühafizəçisi idi. 2001-ci ilin avqustunda Heydər Əliyevin milli dəyərlərlə bağlı etdiyi bəyanat da bu gün bizim fəaliyyətimizə işıq salmaqdadır. Milli-mənəvi dəyərlərin qorunması ən vacib şərtlərdən hesab edilirdi: "İnsanı yüksəldən, insanı ucaldan, əsl vətəndaş edən onun mənəviyyatıdır".

Heydər Əliyevin sərəncamı ilə Respublika sarayında görkəmli şəxsiyyətlərin, bəstəkar və şairlərin, yazıçıların, elm adamlarının yubileyləri keçirilib. Qurultaylar, simpoziumlar, müxtəlif toplantılar düzənlənən bu sarayda Heydər Əliyev dəfələrlə dəyərli nitqlər söyləyib. Əsl insanın, əsl rəhbərin hansı mənəvi keyfiyyətlərə - böyüklüyə, qüdrətə, cəsarətə, düşüncəyə, ağla, zəkaya malik olacağını da son dəfə bu sarayda 2003-cü ilin aprelində məhz yenə də Heydər Əliyev nümayiş etdirib.

Bu qürurun içində bir nisgil də adamı riqqətə gətirir ki, Heydər Əliyevin öz doğma xalqı ilə son vida görüşü də məhz bu sarayda oldu. O, həmişə insanlarla ən çox bu ünvanda görüşərdi...

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 5.