Xalqı həqiqi müstəqilliyə qovuşduran lider

 

Tarixə öz möhürünü vurmuş böyük şəxsiyyətlər mütərəqqi ideyalar ilə cəmiyyətin həmrəyliyinə, bütövlüyünə və mənəvi birliyinə nail olmuşlar. Xalqların tarixən formalaşan maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən ideyalar eyni zamanda onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdikləri inkişaf strategiyasına əsaslanmışdır.

Bu gün istisnasız olaraq bir həqiqət aksiom kimi qəbul olunur ki, müstəqil Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş İttifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və nəticədə buna nail olmuşdur. Heydər Əliyev respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə, ilkin mərhələdən respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, kadrların milliləşdirilməsinə, azərbaycanlıların, xüsusilə gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır. Dövlət strukturlarında azərbaycanlıların xüsusi çəkisinin artmasını təmin etmiş, onların yüksək idarəçilik keyfiyyətləri əxz etməsi üçün zəruri tədbirlər həyata keçirmişdir.

İctimai-iqtisadi həyatın yeniləşdirilməsi üçün ən müxtəlif sahələrdə kardinal islahatları təmin edən ulu öndər 60-cı illərin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş İttifaq miqyasında son sıralarda dayanan Azərbaycanı qısa müddətdə öncül mövqelərə çıxarmağa müvəffəq olmuşdur. Sənayedə, kənd təsərrüfatında tətbiq olunan səmərəli idarəçilik mexanizmlərinin nəticəsi olaraq 70-80-ci illərdə ictimai məhsulun və milli gəlirin həcmi ayrılıqda 2,1 dəfə, o cümlədən, sənaye istehsalının həcmi 2,2 dəfə, əmək məhsuldarlığı 67 faiz artmışdır. Təkcə 1971-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44, milli gəlirin ümumi həcmi 39 faiz artmış, sənayedə məhsul artımının 76 faizi əmək məhsuldarlığının yüksəlməsi hesabına əldə edilmişdir.

Həmin dövrdə sənayenin inkişaf səviyyəsinə uyğun respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti sayəsində keçmiş İttifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125, o cümlədən, 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Həmin illərdə formalaşmış sənaye potensialı əsasında respublikamız neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə İttifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. 70-80-ci illərdə Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Naxçıvanda və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü emal və sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Təməli 1949-cu il noyabrın 22-də qoyulan, 2009-cu ildə 60 illik yubileyini qeyd edən Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyev "kiçik Azərbaycan" adlandırdığı Sumqayıta mütəmadi olaraq baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.

Bütün bunların nəticəsi olaraq 70-80-ci illərdə Sumqayıt özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar İttifaqın 700 şəhərinə ixrac olunurdu. Burada fəaliyyət göstərən bir neçə elmi-tədqiqat institutu nəinki İttifaq miqyasında, həmçinin xarici ölkələrdə böyük nüfuza malik idi. Sumqayıtda maşınqayırma, qara və əlvan metallurgiya, trikotaj, kimya, şüşə sənayesi inkişaf edərək bir çox ölkələrin diqqətini özünə cəlb edirdi. 1963-cü ildə fəaliyyətə başlayan, hazırda "Xəzər" Səhmdar Cəmiyyətinin mühüm istehsal obyekti kimi müstəqil respublikamızda şüşə sənayesinin formalaşmasına və inkişafına töhfə vermiş Sumqayıt Şüşə Zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin və bütövlükdə şüşə sənayesinin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Cənubi Qafqazı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.

Həmin illərdə milli iqtisadiyyatda neft sənayesinin prioritet rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına da xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlamış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O zaman respublikanın neft maşınqayırması keçmiş İttifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini istehsal edirdi. Həmin illərdə İttifaq miqyasında yeni yataqların kəşfiyyatı, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan neft və qaz quyularının qazılması və istismarı sahələrindəki əsas yeniliklər də Azərbaycanın payına düşürdü. Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artması nəticəsində 8 yeni yataq kəşf edilmiş, sənaye istehsalı artımı neftçıxarmada və qaz sektorunda dəfələrlə çoxalmışdı.

Ulu öndərin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdı. Həmin illərdə yaradılan neft donanmasının tərkibində təchizat gəmiləri, borudüzənlər, üzən xüsusi seysmik tədqiqat və axtarış qurğuları var idi. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı sahəsində aparıcı respublikalardan idi və bu töhfələr bilavasitə ölkəmizin inkişafına yönəldilirdi.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə İttifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşırdı. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərmişdir. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu ki, bu da Azərbaycan üçün son 10 ildə ən aşağı artım tempi idi. Bu, yeni istehsal güclərinin vaxtında işə salınmaması, hasilat sənayesində kəskin azalma ilə əlaqədar idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər üzündən iqtisadiyyatında tənəzzül, böhranlar və əks proseslərin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı.

Xalqın ən ağır günlərində - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadikət göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, mərhələlərlə həyata keçirilmişdir.

Qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə - XX əsrin sonunda Azərbaycanda iqtisadiyyatın dörd vacib seqmentinin - yanacaq-energetika ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatı və onunla bağlı sənaye kompleksinin, regionların istifadə olunmamış əmək və iqtisadi imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunması hökumətin strateji məqsədi hesab edilmişdir. Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir.

Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Respublikamızda özəl sektorun dinamik inkişafı həm də dövlətlə münasibətlərin sivil və işgüzar, qarşılıqlı faydalı xarakteri ilə şərtlənmişdir. Heydər Əliyev iş adamlarının hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları 2003-cü ilin oktyabrından bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızı sürətli tərəqqi yoluna çıxarmış, onun davamlı və tarazlı inkişafını təmin etmişdir. Son 5 il yarımda respublikamızda həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev yürütdüyü siyasətin gerçəkliyə adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ölkə həyatında yeni intibah mərhələsinin başlanmasına nail olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına - qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmış, regionların tarazlı və davamlı inkişafı, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində ardıcıl tədbirlər sistemi həyata keçirmişdir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun - sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə, davamlı tərəqqiyə zəmin yaradan investisiya layihələrinin gerçəkləşməsinə xüsusi diqqətlə yanaşmışdır.

Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Cənab İlham Əliyev bir neçə gün əvvəl Bakıda keçirilən XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransındakı çıxışında bu məsələyə bir daha geniş yer ayırmış, qeyri-neft sektorunun yüksək artım tempini razılıqla vurğulamışdır: "Neft sektoru bizim üçün təkanverici bir vasitə idi. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim üçün neft amili bir məqsəd deyil, bir vasitədir. Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir. Bu ilin, bütün dünya üçün böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3 faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası nəticəsində, neftdən əldə edilmiş gəlirlərin səmərəli şəkildə digər sektorlara investisiya kimi qoyuluşu nəticəsində nail ola bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər ərzində əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".

Qeyri-neft sektorunun tərəqqisi ilk növbədə özəl sektorun, sahibkarlığın inkişafından keçir. Təsadüfi deyil ki, hələ 2004-cü il fevralın 1-də yerli sahibkarlarla görüşən dövlət başçısı İlham Əliyev onların fəaliyyətinə hər cür institusional-təşkilati dəstəyin göstəriləcəyini, qanunvericiliyin təkmilləşdiriləcəyini, maliyyə-kredit təminatının yaxşılaşdırılacağını bəyan etmişdir. Ötən müddətdə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın və qanunun imzalanması və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi qeyd edilməlidir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətin təkmilləşdirilməsi nəticəsində son beş ildə azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Türkiyənin nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen Holdinq"in səhmlərinin böyük bir hissəsinin ARDNŞ tərəfindən alınması respublikamızın iqtisadi qüdrətinin bariz nümunəsidir. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaqdır. Eyni zamanda, azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

Ümumilikdə ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması kimi nəzərəçarpacaq nəticələrlə yadda qalmışdır.

Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son iki ildə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur və bu da müstəqillik dövründə respublikamıza yatırılan sərmayələrin 77 faizini təşkil edir.

Ötən beş ildə sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində də real addımlar atılmış, bu sahənin inkişaf prioritetləri müəyyən edilmişdir. Sənayeləşmənin iqtisadi təməli ilk növbədə Azərbaycanda güclü sənaye potensialının inkişafına stimul verən zəngin xammal bazasının mövcud olması və nəhəng sənaye kompleksləri infrastrukturları ilə bağlıdır. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq, bölgələrdəki xammal infrastrukturunda başlıca rol oynayan Daşkəsənin, Gədəbəyin, Naxçıvanın, Mingəçevirin sənaye marşrutunun bazası olması reallıqdır. Bu çoxşəbəkəli marşrutların postsənayeləşmənin vahid kompleksinə çevrilməsi Azərbaycan iqtisadiyyatında yeni mənzərənin yaranması deməkdir. Ümumiyyətlə, sənaye potensialının səfərbər edilərək hərəkətə gətirilməsi ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacağına zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, sənayeləşmənin strukturca yeni dövrün tələbələrinə uyğun formalaşması iqtisadiyyatın gələcək maliyyə təminatında xüsusi rol oynayacaqdır. Hazırda respublikanın iqtisadi siyasətində yeni sənaye müəssisələrinin yaradılması başlıca xəttə çevrilmişdir. Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Prezident İlham Əliyev bu sahədə həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasına qərar vermişdir. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət, eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş İttifaq dövründə olduğu kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Burada söhbət həm də sahibkarlıq fəaliyyətinin daha da stimullaşdırılması baxımından ölkədə həyata keçirilən səmərəli tədbirlərdən gedir. Təsadüfi deyildir ki, Azərbaycanın əsas sənaye mərkəzlərindən sayılan Sumqayıt şəhərinin mövcud infrastrukturunun bərpa olunması, eyni zamanda, sovet dövründən mövcud olmuş istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. İnanırıq ki, bu diqqət və qayğının nəticəsi olaraq Sumqayıtın ən iri müəssisələrindən sayılan Sumqayıt Şüşə Zavodunun da əsaslı şəkildə yenidən qurulması reallaşacaq, burada dünya standartlarına cavab verən keyfiyyətli şüşə istehsalı mümkün olacaqdır. Hazırda respublikada şüşəyə olan illik tələbat 14 milyon kvadratmetr təşkil edir və bu tələbat əsasən idxal hesabına ödənilir. Zavod tam gücü ilə fəaliyyətə başlayacağı halda xaricdən idxalın aşağı düşəcəyi, eyni zamanda pəncərə şüşəsinin qiymətlərinin 2-3 dəfəyədək enəcəyi gözlənilir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin ciddi vəzifə kimi qarşımıza qoyduğu güclü sənaye kompleksinin yaradılması məqsədinə xidmət etməklə yanaşı, eyni zamanda, regionların inkişafına, qeyri-neft sektorunun, idxalı əvəz edən ixracyönümlü məhsul istehsalının, sahibkarlığın və xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, habelə elmi sahədə çalışacaq intellektual cəhətdən inkişaf etmiş insan faktorunun formalaşmasına yönəlmiş tədbirlərdir.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilir. Belə bir sərəncamın imzalanması Sumqayıta göstərilən yüksək diqqət və qayğı kimi qiymətləndirilib, şəhər sakinləri tərəfindən də razılıqla qarşılanıb. Cənab İlham Əliyevin son beş ildə dəfələrlə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. İnanırıq ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi kimi, Sumqayıt şəhəri də daha sürətlə inkişaf edəcək, əvvəlki sənaye və istehsal potensialın bərpasına nail olaraq milli iqtisadiyyatın möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 6.