Milli dövlətçilik konsepsiyasının banisi
Milli dövlət hər
bir xalqın və etnosun mövcudluğunun ilkin əsası
kimi çıxış edir. Tarix boyu bəşəri
miqyasda özünütəsdiq imkanı əldə etməyə
çalışan hər bir xalq ilk növbədə milli
dövlət yaratmağa çalışmışdır. Eyni
dilə, dinə, mənəvi irsə, adət-ənənə
və dəyərlər sisteminə məxsus insanlar qrupu tarixən
konkret məkan və ərazi hüdudlarında milli dövlətlərini
yaratmaq idealı ilə yaşamış, fəqət bu,
heç də hamıya nəsib olmamışdır. Milli
dövlətə mənsubluq tarixən hər bir xalqın nəyə
qadir olduğunu, keçdiyi şərəfli mübarizə
yolunu, dünya dövlətləri sırasında layiqli yer
tutmaq əzmini nümayiş etdirmişdir.
Sınaqdan
çıxmış təcrübə göstərir ki, xalqın
təşəkkül tapması və qarşıya
qoyduğu konkret hədəflərə doğru irəliləməsi
prosesində milli dövlətin mövcudluğu ən
mühüm və vacib şərtlərdən biridir. Azərbaycan
xalqı tarixən milli dövlət qurmaq uğrunda davamlı
mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında
uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu
olaraq bu arzusuna qovuşmuşdur. Xalqımızın qəlbində
əsrlər boyu yer tapmış və onu mübarizə
ovqatında kökləmiş müstəqil dövlətçilik
idealının gerçəkliyə qovuşması isə
ilk növbədə milli lider amili ilə bağlıdır. XX
əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu
öndər Heydər Əliyev xalqı tarixən can
atdığı müstəqillik idealına
qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında
milli dövlətçilik konsepsiyasını irəli
sürmüşdür.
Minilliklərin
sınağından çıxmış təcrübə
göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək
dövlətçilik və idarəçilik təfəkkürünə
malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət
yarada bilməmiş, hətta dünya səhnəsindən
tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər.
Zamanın nəbzini tutmağı, hadisələrə real
qiymət verməyi bacaran, siyasi potensialını
düzgün dəyərləndirə bilən liderlər cəmiyyətdəki
siyasi prosesləri istiqamətləndirməyə nail olmuş,
milli inkişafın əsasına çevrilən cəlbedici
proqram və konsepsiyaların müəllifinə
çevrilmişlər. Ulu öndər Heydər Əliyev də
məhz bu keyfiyyətləri ilə ötən əsrin əvvəllərində
xalqın arzusunda olduğu milli dövlət idealını
formalaşdırmış, onun daimiliyini, əbədiliyini təmin
etməklə ümummilli liderlik zirvəsinə
qovuşmuşdur.
Hər hansı siyasətçinin
ümummilli liderə çevrilməsi onun xalqın maraq və
mənafeyini ən yüksək səviyyədə təmin
etmək, müstəqil dövlətin qurulmasında misilsiz
xidmətlər göstərmək məharəti ilə şərtlənir.
Lider ilk növbədə xalqının əsrlər boyu
cilalanmış dövlətçilik təfəkkürü,
siyasi dünyagörüşü, milli dəyərləri əsasında
optimal dövlət modeli və siyasi varislik ənənələri
yaratmış şəxsiyyətdir. XX əsr Azərbaycan
tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev də
belə xarizmatik liderlərdən biri kimi xalqının
taleyində misilsiz rol oynamış, mütərəqqi tarixi
irs və ənənə əsasında yeni dövlətçilik
konsepsiyasını irəli sürmüşdür. Ulu öndər
Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin
edən ən başlıca amil də məhz onun ən
çətin, mürəkkəb siyasi şəraitdə məsuliyyətdən
boyun qaçırmaması, xalqının, dövlətinin
problemlərinə biganə qalmaması olmuşdur.
Ulu öndər Heydər
Əliyevin hakimiyyətə tarixi qayıdışına qədər
Azərbaycanda milli dövlət var idimi? Bu sualı
aydınlaşdırarkən məlum olur ki, 1991-1993-cü illərdə
respublikamızın müstəqilliyi şərti mahiyyət
kəsb etmiş, xalqımız ədalətli, sivil və
iqtisadi cəhətdən inkişaf edən dövlətdə
yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi.
Həmin dövrdə Azərbaycanda cərəyan edən
ağır və mürəkkəb proseslər göstərdi
ki, milli dövləti yalnız qətiyyətli liderlərin,
xalqına bağlı rəhbərlərin yüksək idarəçilik
keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə
Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi
siyasi qüvvənin olmaması dövlət idarəçiliyi
mexanizmlərinin formalaşmasında ciddi maneəyə
çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş
itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac
vermiş, qanunçuluğun və hüquq qaydalarının
təminatı, vətəndaşların azad, təhlükəsiz
yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin
qorunması sahəsində əsaslı problemlər
yaratmışdı.
AXC-Müsavat hakimiyyətinin
naşı və yarıtmaz fəaliyyəti nəticəsində
hüquq-mühafizə orqanlarının üzərinə
düşən vəzifələri həyata keçirə
bilməməsi ictimai həyatın müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşdırmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətə səbəb
olmuşdu. Respublikada qanunçuluğun, hüquq
qaydalarının son dərəcə zəif olması,
dövlət idarəçiliyinin iflic vəziyyətinə
düşməsi, ayrı-ayrı siyasətçilərin
"könüllü döyüşçü" adı
altında qanunsuz silahlı dəstələr yaratması nəticə
etibarilə hakimiyyətdə olan qüvvələrin
iflasını daha da sürətləndirirdi. Bir tərəfdən
ayrı-ayrı məmurların "özfəaliyyət dərnəyi"
yaradaraq dövlətin o zamankı rəhbərliyinə
etinasız münasibəti nəticəsində hakimiyyət
böhranının dərinləşməsi, digər tərəfdən
isə ölkənin cənubunda və şimalında
separatçıların məkrli niyyətlərlə baş
qaldırması ölkədəki vəziyyəti uçuruma
gətirib çıxarmışdı. 1993-cü ilin iyun
ayında o zamankı iqtidarın "milli qəhrəman"
statusuna qaldırdığı Surət Hüseynovun Gəncədəki
qanunsuzluqları, mərkəzi hakimiyyətə tabe
olmaması isə ölkədəki hərc-mərcliyin,
anarxiya mühitinin, o zamankı iqtidara qarşı
inamsızlığın məntiqi sonluğa yetişməsi
idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi
bu silahlı olay respublikamızın yenicə nail olduğu
dövlət müstəqilliyinə ciddi təhlükə
olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə,
Azərbaycanın ayrı-ayrı bölgələrə
parçalanmasına zəmin yaratmışdı. Ölkəni
siyasi xaos və anarxiya burulğanına sürükləmiş
"cəbhə hakimiyyəti"nin ayrı-ayrı məmurları
yaranmış vəziyyətdə hakimiyyəti qorumaq
üçün özfəaliyyətlə məşğul
olur, qardaş qırğınına aparan silahlı zor tətbiq
etməyin vacibliyini önə çəkirdilər. Yaranmış
münbit şəraitdən istifadə edən "Sadval"
hərəkatı və həmin dövrdə mövcud
olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik
əleyhinə təxribatçılıq fəaliyyətini
genişləndirirdilər. Cənubda qondarma
Talış-Muğan respublikasının yaradılması təşəbbüslərinin
baş qaldırması da məhz ölkədəki hakimiyyətsizliyin,
xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü
idi.
Xalqın
etimadsızlıq göstərdiyi hakimiyyəti zorla qorumaq
üçün silaha əl atan AXC rəhbərləri
1993-cü il iyun ayının əvvəllərində Gəncədə
ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən
sonra ölkədə vəziyyət daha dramatik vəziyyət
almış, respublika vətəndaş müharibəsi təhlükəsi
ilə üz-üzə qalmışdı. Belə bir
böhranlı və ağır vəziyyətdə xalqın
çıxış yolunu yenə də müdrik rəhbərinin
- ulu öndər Heydər Əliyevin hakimiyyət
sükanı arxasına keçməsində görməsi
bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Xalq
başa düşürdü ki, yaranmış ekstremal şəraitdə
ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq,
qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək,
dövlət təsisatlarının normal fəaliyyətini təmin
etmək bacarığına malik yeganə - alternativsiz lider məhz
Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu
öndərə olan böyük sevgi və inamını
dolayısı ilə etiraf etmək məcburiyyətində
qalan AXC hakimiyyətinin Heydər Əliyevi acizanə şəkildə
Bakıya dəvət etməsi də məhz bu reallıqla
şərtlənirdi.
Ümummilli liderin
1993-cü ilin 9 iyununda xalqın təkidli sorğusuna səs
verərək Bakıya qayıtması onun nə qədər
qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən,
dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin,
xaosun hökm sürdüyü, qanunsuz silahlı dəstələrin
at oynatdığı, düşmənlə mübarizə
apara biləcək nizami ordunun olmadığı, ərazilərinin
işğalının gündən-günə genişləndiyi,
Azərbaycanın beynəlxalq aləmdə təkləndiyi
bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini
qısa zamanda dəyişmək, normal məcrasına salmaq
böyük siyasət və müdriklik tələb edirdi. Bugünkü
prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin
belə ağır vəziyyətdə paytaxta gəlməsinin
özü bir mərdik nümunəsi, liderlik örnəyi
idi. Başıpozuq bir ölkədə, qardaş
qardaşın qanını axıtdığı bir dövlətdə
ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət
verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər
Gəncədə böyük fəlakətlər törətdiklərinə,
qanlar axıtdıqlarına baxmayaraq, günahsız
olduqlarında, bu qarşıdurmaya sərəncam vermədiklərində
israr edir, bir-birini günahlandırır, özlərini
sığortalamağa çalışırdılar. Belə
bir vəziyyətdə Bakıya gəlməyi və heç
bir təhlükədən çəkinmədən Gəncəyə,
hadisələrin cərəyan etdiyi bir bölgəyə getməyi,
hadisələrə düzgün siyasi qiymət verməyi
yalnız Heydər Əliyev kimi bir şəxsiyyət bacara
bilərdi!
Ulu öndərin iyunun
15-də Ali Sovetin Sədri seçilməsi isə təkcə
onun hakimiyyətə qayıdışı deyil, eyni zamanda
xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Həmin
gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli
tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan
xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi
təcəssümüdür. Əgər xalqın
böyük təkidi ilə Heydər Əliyev həmin
gün hakimiyyətə gəlməsəydi, bugünkü
müstəqil Azərbaycanın varlığından
danışmaq çətin ki mümkün olaydı. Bu
qayıdış ilk növbədə Azərbaycanın
varlığını, müstəqilliyini, dövlətçiliyini
qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş
müharibəsindən, düşmən
işğalının geniş miqyas almasından xilas etdi. Ulu
öndər Ermənistanın daha geniş ərazilərimizi
işğal etməsinin, kütləvi qanlar
axıdılmasının qarşısını aldı, atəşkəs
elan edilməsinə nail oldu. Ümummilli liderin rəhbərliyi
altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu,
qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi,
özbaşınalığın, hərc-mərcliyin,
kütləvi iğtişaşların, aclığın, səfalətin
qarşısı alındı.
Ulu öndər Heydər
Əliyev məhz bu mərhələdən etibarən BMT tərəfindən
de-yure tanınmış Azərbaycanı yenidən
qurmağa, onun milli dövlətçilik atributlarını
formalaşdırmağa başladı. Bütün səylərini
səfərbər edərək Azərbaycanın dövlət
müstəqilliyini şərti müstəqillik aktı və
bəyanat səviyyəsindən çıxardı. Müstəqillik
yolunun bir çoxlarının düşündüyündən
də uzun və əzablı yol olduğunu yaxşı bilən
ulu öndər Heydər Əliyev, eyni zamanda, Azərbaycanı
taleyin ixtiyarına buraxılmış dövlət
düşüncəsindən uzaqlaşdırdı. Müstəqilliyimizin
əbədiliyinə xələl gətirəcək, ölkəni
yenidən hansısa dövlətin müstəmləkəsinə
çevirə biləcək amilləri ortadan götürdü.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan
Ali Sovetinin Sədri seçilməsi isə ölkədə
qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdı. Ali
Sovetin Sədri seçildikdən sonra ulu öndər ona
göstərilən etimadı doğrultmağa
çalışacağını vurğulayırdı:
"Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə
edib bu böyük vəzifəni, ağır bir yükü
aparmağa çalışacağam və bu vəzifənin
ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm.
Bildirmək istəyirəm ki, Azərbaycan
Respublikasının bugünkü ağır, mürəkkəb
və gərgin vəziyyətini tam məsuliyyətlə dərk
edirəm. Bu vəzifəni üzərimə götürərək
öz məsuliyyətimi anlayıram və bunların
hamısını vəhdət tutaraq əlimdən gələni
edəcəyəm".
Böyük strateq Heydər
Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi,
xalqın qəlbində özünə möhtəşəm
abidə ucaltması həm də onun milli inkişaf
strategiyasının banisi olması ilə şərtlənir.
Bunun üçünsə ulu öndər müstəqil Azərbaycan
dövlətinin perspektiv inkişaf prioritetlərini
açıqlamış, demokratik inkişafa doğru sürət
götürmüş müstəqil Azərbaycan dövlətini
qısa müddət ərzində möhkəmlənən,
qüdrətlənən, regionda, ümumilikdə, dünyada əhəmiyyəti
həlledici dərəcədə artan sosial-siyasi
reallığa çevirmişdir. İctimai-siyasi sabitliyin əldə
olunması, qanunsuz silahlı birləşmələrin ləğvi,
iqtisadi problemlərin aradan qaldırılması, özəlləşdirmə
adı altında dövlət əmlakının
ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsi
tendensiyasının qarşısının alınması, cəhbə
bölgəsində atəşkəsin əldə edilməsi,
dövlət strukturlarının demokratik prinsiplərə
uyğunlaşdırılması, yeni dövlət idarəçilik
mexanizmlərinin yaradılması, səmərəsiz
planlı iqtisadiyyat və bölgü sistemindən imtina edilərək
özəlləşdirmə prosesinə
başlanılması Heydər Əliyevin dövlətçilik
fəlsəfəsinin prioritetləri kimi qeyd olunmalıdır.
Böyük strateq
mürəkkəb bir siyasi dövrdə parlament idarəçiliyinə
yeni ruh və müasirlik gətirmiş, onun sivil, işlək
qanunverici orqana çevrilməsini təmin etmişdir. Müdrik
siyasətçinin iclası aparmaq tərzi, fikirlərini dəqiq
əsaslandırması, deputatların
çıxışlarının məzmununu tutmaq bacarığı,
dəyərli fikirləri ümumiləşdirərək ən
optimal variantı seçmək qabiliyyəti bu gün də
böyük ehtiram hissi ilə xatırlanır. Dövlətin
ən çətin günlərində Ali Sovetin Sədri kimi
məsul vəzifəni şərəflə
daşımış Heydər Əliyev bir-birindən mürəkkəb
problemləri böyük siyasi məharətlə yoluna
qoymuş, yüksək idarəçilik keyfiyyətləri
sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr
meydanına çevrilməsinin qarşısını
almışdır. Ümummilli lider, həmçinin milli
qanunvericiliyin yeni dövrün tələblərinə
uyğunlaşdırılması, cəmiyyət həyatı
üçün faydalı olan bir sıra yeni qanunların qəbulu
prosesini də diqqət mərkəzində
saxlamışdır. Ermənistanın Azərbaycana
qarşı təcavüzünün genişləndiyi, hərbi
əməliyyatların şiddətləndiyi bir zamanda Heydər
Əliyev Milli Məclisdə ilk növbədə müdafiə
sisteminin hüquqi bazasının təkmilləşdirilməsini,
nizami ordu quruculuğuna xidmət edən qanunların
hazırlanmasını və qəbulunu vacib
saymışdır. Bu baxımdan "Şəhid"
adının əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlər
haqqında", "Müdafiə haqqında" qanunları
xüsusi vurğulamaq lazımdır.
1993-cü ilin 10
oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan
Respublikasının Prezidenti seçilən ulu öndər
Heydər Əliyev qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməklə bu istiqamətdə əlavə
tədbirlərin həyata keçirilməsini təmin
etmişdir. Ölkənin müdafiə qabiliyyətinin
möhkəmləndirilməsinə və hərbi sahənin
inkişafına yönəlmiş hüquqi sənədlər
sırasında 1994-cü il 4 yanvar tarixli "Sərhəd
qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli
"Daxili Qoşunların statusu haqqında", 1994-cü il
23 sentyabr tarixli "Silahlı Qüvvələrin İntizam
Nizamnaməsinin təsdiqi haqqında", 1995-ci il 10 yanvar
tarixli "Hərbi qulluqçuların dövlətə
vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin
təsdiqi haqqında" qanunlar xüsusi əhəmiyyət
daşımışdır.
Ulu öndər Heydər
Əliyevin siyasi lider kimi gücü və qüdrəti onun
elan etdiyi məqsəd və vəzifələrin real həyatda
praktik tətbiq imkanları ilə ölçülür. Ümummilli
lider təcrübəli dövlət xadimi və hakimiyyət
ustadı olaraq 1993-cü ildən Azərbaycan xalqının
milli mentaliteti və dünyagörüşü ilə
uzlaşan, reallığa adekvat olan milli inkişaf
strategiyası seçmiş, iqtisadi modernləşməyə
və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli
islahatlar həyata keçirmişdir. Azərbaycan
xalqının milli kimliyinin və özünəməxsusluğunun
bariz təcəssümünə çevrilmiş mütərəqqi
ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi
və konkret dövlət modelində
reallaşdırılması isə məhz ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər
Əliyev dühasının qüdrəti sayəsində Azərbaycanın
demokratik quruculuq və milli inkişaf yolu spesifik yönümdə,
onun milli xüsusiyyətləri və xalqın mənəvi dəyərləri
nəzərə alınmaqla həyata keçirilmişdir.
Böyük strateqin
müdrikliklə irəli sürdüyü demokratikləşmə
konsepsiyası xalqın təkamülə əsaslanan
demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti
institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq
inkişaf etməsi, insan hüquq və azadlıqlarına
etibarlı təminat mexanizmlərinin
formalaşdırılması, habelə məhkəmə-hüquq
sisteminin müasirləşdirilməsi məsələlərini
özündə ehtiva etmişdir. Ulu öndər Heydər Əliyev
dəfələrlə bildirmişdir ki, demokratikləşmə
prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının
modernləşdirilməsi, əhalinin maarifləndirilməsi,
təfəkkürünün və vərdişlərinin tədricən
dəyişdirilməsi, ictimai davranış
normalarının yeniləşməsi ilə birlikdə həyata
keçirilməlidir.
Ümummilli liderin
dövlətçilik fəlsəfəsinin qayəsini təşkil
edən ən mühüm məqamlardan biri də qanunun
aliliyinin idarəetmə sisteminin əsas prinsiplərindən
biri kimi təsbit edilməsidir. Heydər Əliyev müdrik rəhbər
olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə
yaşaması naminə, ilk növbədə
qanunçuluğun, hüquq qaydalarının bərpasına,
habelə məhkəmə-hüquq islahatlarının
aparılmasına nail olmuşdur. Azərbaycanda
qanunçuluğun inkişafına baza olan genişmiqyaslı
tədbirlərin həyata keçirilməsi isə yeni,
müasir və möhkəm dövlətçilik modelinin təkmil
hüquqi mexanizmlərinin yaradılması məqsədindən
irəli gəlirdi. Sovet dövründən miras qalmış
və müstəqilliyin reallıqları ilə uzlaşmayan,
konkret siyasi ideologiyaya - kommunizmə xidmət edən qanunlar
artıq yaramırdı. Azərbaycan müstəqil dövlətə
çevrildiyi üçün mükəmməl hüquqi
bazaya söykənən idarəetmə sisteminin
formalaşdırılmasına nail olmaq zəruri idi. Bu
baxımdan 1993-cü ildən sonra Azərbaycanda
aparılmış hüquqi islahatlar respublikada sabitliyin və
inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsini,
ölkədə qanunçuluğun doqma kimi qəbul
olunmasını təmin etmişdir.
Ulu öndərin müəllifliyi
ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk
milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi
dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə,
insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan
islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən
hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi
islahatların həyata keçirilməsinə
başlanmış, qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada
əfvetmə institutunun bərpası, ölüm
hökmü üzərində moratoriumun qoyulması, 1998-ci
ildə bu hökmün birdəfəlik ləğv
olunması, insan hüquqları üzrə müvəkkil
(ombudsman) institutunun yaradılması, hüquq-mühafizə
orqanlarında dövrün tələblərinə cavab verən
mütərəqqi islahatların aparılması -
bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli
addımları sayəsində gerçəkliyə
çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev
respublikamızın Avratlantik məkana sürətli
inteqrasiyasına çalışmış, bu məqsədlə
müxtəlif demokratik institutlarla - ATƏT, Avropa
Şurası, Avropa Birliyi və digər nüfuzlu təşkilatlarla
əməkdaşlıq əlaqələrinin
qurulmasını təmin etmişdir.
Respublikamız qısa
müddətdə 250-dən artıq beynəlxalq konvensiya və
sazişə, o cümlədən yalnız 2000-2003-cü illərdə
ratifikasiya etdiyi "İşgəncələrin və
qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və
ya cəzaların qarşısının alınması
haqqında", "İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında",
"Ekstradisiya haqqında", "Cinayət işləri
üzrə qarşılıqlı hüquqi yardım
haqqında", "Cinayət fəaliyyətindən əldə
edilən gəlirlərin leqallaşdırılması,
aşkar olunması, götürülməsi və müsadirə
edilməsi haqqında" konvensiyalara qoşulmuşdur. Azərbaycan
BMT Baş Assambleyasının "İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında", "Genosid cinayətlərinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizə haqqında" və bir sıra
başqa konvensiyaların tərəfdarı olmaqla, onlardan irəli
gələn öhdəlikləri yerinə yetirmişdir.
1995-2003-cü illərdə
Avropa ölkələrində hamılıqla qəbul
edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan
Respublikasında cinayət, cinayət-prosessual, mülki və
mülki-prosessual məcəllələrin, habelə məhkəmə-hüquq
sistemi ilə bağlı yeni qanunların
hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin
21 fevral 1996-cı il tarixli fərmanı ilə
yaradılmış Hüquq İslahat Komissiyası bu və
digər qanunların təkmil beynəlxalq təcrübə əsasında,
demokratik ideallara uyğun formada hazırlanmasını təmin
etmişdir. Komissiya tərəfindən işlənmiş
"Məhkəmələr və hakimlər haqqında"
10 iyun 1997-ci il tarixli, "Konstitusiya Məhkəməsi
haqqında" 21 oktyabr 1997-ci il tarixli Azərbaycan
Respublikasının qanunları, həmçinin Azərbaycan
Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin
təmin edilməsi haqqında" və 1 dekabr 1998-ci il
tarixli "Məhkəmələr və hakimlər
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi və məhkəmə islahatlarının həyata
keçirilməsinə dair tədbirlər barədə"
fərmanları məhkəmə-hüquq islahatlarının
həyata keçirilməsində yeni səhifə
açmışdır.
Ulu öndər Heydər
Əliyev demokratik dövlət quruculuğuna xidmət edən
mütərəqqi hüquqi-siyasi islahatları davam etdirməklə
yanaşı, həm də milli maraqlara xidmət edən çevik
xarici siyasət xətti yürütmüş, ölkənin
milli maraq və mənafelərini daim uca tutmuşdur. Son 15 ildə
Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata
keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti
müstəqil və güclü dövlət modelinin praktik
surətdə reallaşdırılmasına yönəlmiş,
respublikamız beynəlxalq normalara istinad edərək sivil
dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən
aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla
münasibətlərini yüksək dinamizmlə inkişaf
etdirmək xəttinə üstünlük vermişdir. Ulu
öndər Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını qoyduğu
balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə
hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla,
müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və
mövqelərinin güclənməsinə, ümummilli
problemlərin həllinə yönəlmişdir.
Tarazlaşdırılmış
xarici siyasət nəticəsində Azərbaycan sivil
dünyanın siyasi xəritəsində geostrateji mövqeyini
möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən
proseslərin istiqamətverici subyektinə çevrilməyə
nail olmuşdur. Yeni dünya düzənində aparıcı
güc mərkəzləri arasında gedən mübarizənin
mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil
Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə
çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən
bütün transmilli layihələrdə iştirakı təmin
olunmuşdur. Böyük öndərin rəhbərliyi
altında Azərbaycanın xarici siyasəti, dünyanın
aparıcı dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri ümummilli mənafelərə,
habelə siyasi perspektivlərə əsaslanan xətlə
inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda rezonans doğuran qətiyyətli addımlar atması,
milli məqsədlər naminə ən nüfuzlu tribunalardan
böyük diplomatik məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi
baxımından son dərəcə əhəmiyyətli
olmuşdur.
Xaricdə yaşayan
soydaşlarımızın milli özünəməxsusluğunun
müdafiəsi və inkişafının təmin edilməsi,
tarixi vətənlə əlaqələrinin genişləndirilməsi,
vahid ideologiya ətrafında konsolidasiyası, onların
potensial imkanlarının müstəqil dövlət
quruculuğu prosesinə yönəldilməsi müstəqil
Azərbaycanın xarici siyasət doktrinasında mühüm
yer tutur. Bu siyasət, ilk növbədə, dünya
şöhrətli şəxsiyyət, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ciddi əsaslarla
təməlini qoyduğu milli diaspor quruculuğu
konsepsiyasına əsaslanır. Ümummilli lider müxtəlif
səbəblərdən Azərbaycanın hüdudlarından
kənarda yaşayan soydaşlarımızın vahid ideologiya
və milli-mənəvi dəyərlər sistemi ətrafında
birləşməsinə çalışmış, xarici
ölkələrə rəsmi səfərlərində azərbaycanlılarla
görüşərək diaspor və lobbi quruculuğu ilə
bağlı dəyərli tövsiyələrini vermişdir. Heydər
Əliyevin böyük müdrikliklə irəli
sürdüyü azərbaycançılıq ideologiyası
dərin milli-fəlsəfi məzmunu, ideya qayəsi ilə
dünya azərbaycanlılarının birləşdirilməsi
prosesində aparıcı amilə, mühüm ideoloji istinad
mənbəyinə çevrilmişdir. Böyük strateq Heydər
Əliyev cəmiyyətin bütövləşməsinə
ciddi təkan verən azərbaycançılıq
ideologiyasını fəlsəfi-politoloji cəhətdən əsaslandıraraq
demişdir: "Azərbaycançılıq milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamağa, eyni
zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnməyə,
hər bir insanın inkişafını təmin etməyə
yönəlmiş universal və milli fəlsəfi
dünyagörüşü formasıdır".
Ümummilli lider Heydər
Əliyev Azərbaycanın demokratik tərəqqisi
üçün zəruri inkişaf xəttini irəli sürərək
bu kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə
sübuta yetirməklə bərabər, banisi olduğu
dövlətçilik irsinin əbədiliyini təmin edəcək
qüdrətli varis və lider yetişdirmişdir. Ulu öndərin
müəyyən etdiyi strategiyanı uğurla həyata
keçirən Azərbaycan Prezidenti İlham Əliyevin
ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə
nəzərdən keçirdikdə onun xalqına, dövlətinə
necə bağlı lider olduğu bir daha aydın
görünür. Liderlik xüsusiyyətlərinin əksəriyyət
tərəfindən qəbul edilmək, geniş siyasi spektrin
inamını qazanmaq və elektoral dəstəyə malik olmaq
kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə
alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab
İlham Əliyevə şamil etmək olar. Cənab İlham Əliyev
həm də müasir dünyanın qloballaşma və yeni
geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin
əsas cizgilərinə cavab verən siyasi liderdir.
Prezident İlham Əliyevin
ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir
göstərən ən başlıca məqamlardan biri də
dövlət rəhbərinin kifayət qədər təkmil
siyasi təlimə - ulu öndər Heydər Əliyevin milli
dövlətçilik fəlsəfəsinə istinad etməsidir.
Bu amilin Azərbaycan dövlətçiliyinin tarixi taleyindəki
böyük rolu barədə geniş söhbət
açmağa lüzum yoxdur. Həmin təlim Azərbaycanın
müstəqilliyinə, dövlət müstəqilliyimizin əbədi,
dönməz xarakter daşımasına təminat verir. Eyni
zamanda, bu təlim dövlətin idarə edilməsi
missiyasını üzərinə götürmüş
şəxsdən daha məsuliyyətli və qətiyyətli
olmağı tələb edir.
XX əsr tariximizin ən
parlaq siması, ən böyük şəxsiyyəti olan Heydər
Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik
şüurunun, tarixin sınağından şərəflə
çıxmış unikal idarəçilik məktəbinin,
müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı
keyfiyyətlərinin canlı mənzərəsidir. Ulu öndər
Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin
itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar
yoluna çıxardığı Azərbaycan hazırda onun
layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi altında dünyanın ən sürətlə
inkişaf edən, yeniləşən, müasirləşən,
demokratikləşən dövlətinə
çevrilmişdir. Respublikamız hazırkı qlobal
böhran şəraitində belə sürətli
sosial-iqtisadi inkişafını qoruyub saxlayır,
böyük infrastruktur layihələri, regional proqramlar həyata
keçirir, Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin bütün sahələrində
özünü göstərən dirçəliş, intibah
meyilləri sosial-mədəni sferada da özünü
qabarıq büruzə verir. Ən başlıcası, bu
gün Azərbaycan cəmiyyətinin bütövlüyü və
monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə
nikbin baxış formalaşmışdır.
Elşad ABDULLAYEV,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 14 iyun.-
S. 7.