Azərbaycanın layiqli təmsilçisi

 

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, həmçinin dünya birliyində öz nüfuzunu yüksəltməsi ulu öndər Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edib. Faktdır ki, iyirminci əsrdə ikinci dəfə qazandığı dövlət müstəqilliyinin ilk illərində xarici əlaqələrində ciddi problemlər yaşayan Azərbaycan ümummilli liderin xalqın tələbilə hakimiyyətə qayıtmasından sonra artıq qlobal dünyada öz layiqli yerini tutaraq əsas söz sahiblərindən birinə çevrildi.

Dünyanın ən aparıcı dövlətlərilə bərabər hüquqlar əsasında qarşılıqlı maraqları əks etdirən münasibətlər quruldu. Azərbaycan təkcə yerləşdiyi regionda yox, daha böyük bir məkanda əsas söz sahiblərindən birinə çevrildi. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində indi də Azərbaycanın beynəlxalq miqyasda mövqeləri möhkəmlənir, dünyanın aparıcı ölkələri ilə qarşılıqlı maraqlar əsasında münasibətlər daha da dərinləşir.

 

Azərbaycan həqiqətlərinin dünya carçıları

 

Bununla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun daha da möhkəmlənməsi, ölkəmizin beynəlxalq aləmdə təbliğ olunmasında dövlətlə yanaşı, bir sıra yerli qurumlar da mühüm rol oynamaqdadır ki, onların sırasında Heydər Əliyev Fondu xüsusilə fərqlənir.

Yaranmasından beş il ötməsinə baxmayaraq, artıq bu fond beynəlxalq miqyasda Azərbaycanın fəal təbliğatçısı kimi kifayət qədər yaxşı tanınır. Ümumiyyətlə, Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yollardan biri də xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədəmüvafiq sayır.

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi, təhsil səviyyəsinin yüksəlməsi, sağlam nəslin böyüməsində və bu qəbildən olan digər missiyaların yerinə yetirilməsində özüməxsus rol oynayan Heydər Əliyev Fondunun Azərbaycanın beynəlxalq miqyasda təbliğində bu gün fondun xarici ölkələrdəki nümayəndəlikləri də əvəzsiz rol oynamaqdadır.

Artıq fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nümayəndəliklərinin məqsədləri aşağıdakılardan ibarətdir:

- Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;

- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq;

- Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;

- Xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək;

- Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək;

- Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək;

- Xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək ;

- Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;

- Xaricdə aktual mövzulara dair konfrans seminarlar təşkil etmək;

- Uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək.

 

Heydər Əliyev Fondunun Rusiyada layiqli təmsilçisi

 

Bu gün qeyd edilən vəzifələrin yerinə yetirilməsində özünəməxsus fəaliyyətilə seçilən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi sözün əsl mənasında, Azərbaycanla şimal qonşumuz arasında həm də nəcib diplomatik missiya yerinə yetirməkdədir. 2007-ci ilin mayında Rusiyada açılan Heydər Əliyev Fondunun nümayəndəliyinin başlıca vəzifələrindən biri də ölkələrimiz arasında mədəni və sosial-humanitar körpülər yaratmaqdır.

Bilindiyi kimi, Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsindən (məktəblərin və məktəbəqədər müəssisələrin dəstəklənməsi) tutmuş səhiyyə və mədəni inkişaf sferalarınadək bir çox proqramlar həyata keçirir. Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Rusiyada bu diplomatiyanın siması və bilavasitə icraçısı Leyla Əliyevadır. Məhz Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görmüşdür. Bu gün də Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi yönümündə atılan addımlar, Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirilməsi, Azərbaycanın zəngin mədəniyyətinin qonşu ölkədə təbliği siyasəti uğurla davam etdirilir. Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunan Leyla Əliyeva qeyd edir: "Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu".

Fondun Rusiya filialı təkcə federal icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti səviyyəsində deyil, həm də federasiya subyektlərinin nümayəndələri ilə əlaqələr saxlanması istiqamətində xeyli səy göstərir. Fondun nümayəndəliyinin rəhbərliyi Sankt-Peterburq, Tver, İvanovo və Tula vilayətlərinin rəhbərliyi ilə səmərəli əlaqələr qurmuşdur. Rusiya hakimiyyətinin və biznesinin digər regional elitası ilə də münasibətlər yaradılmışdır. Bu konteksdə Azərbaycan diplomatiyasının mövqeyi baxımından Qarabağ münaqişəsi haqqında məlumatların yayılması kimi çox mühüm məqamı da xatırlatmamaq olmaz. Fondun nümayəndəliyi Azərbaycanın ən yeni tarixinin həm kədərli, həm də təntənəli məqamları ilə əlaqədar genişmiqyaslı aksiyalara, təşkil etdiyi tədbirlərə Rusiya siyasi elitasının nümayəndələrini də dəvət edir.

 

Humanitar missiya

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yerinə yetirdiyi nəcib missiyalardan biri də həyata keçirilən xeyriyyə tədbirləridir. Bununla fondun nümayəndəliyi Rusiyada Azərbaycanın dini-mədəni tolerantlığa malik olması obrazının bərpasına xüsusi diqqət yetirdiyini əyani nümayiş etdirir. Fond Rusiyanın yetim uşaqlar üçün olan internat məktəblərinə yardım göstərir, əlil uşaqlara xeyriyyə aksiyaları keçirir.

Yaddaqalan belə tədbirlərdən biri də ötən il fevralın 11-də Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin yaxından iştirakı ilə Moskvada əlil uşaqlar üçün geniş xeyriyyə tədbiridir. Maraqlı konsert proqramı ilə müşayiət olunan, "Biz həyatı sevirik" devizi altında keçirilmiş xeyriyyə aksiyasında Rusiya ictimaiyyətinin nümayəndələri, parlament üzvləri, mədəniyyət və incəsənət xadimləri, Rusiyadakı Azərbaycan diasporunun və müxtəlif milli diasporların nümayəndələri iştirak edib. Rusiyanın "Uşaqlar və gənclər bu gün" fondunun Prezidenti Aleksandr Kunşin çıxışında xüsusi olaraq qeyd etmişdir ki, Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən konsertin təşkil edilməsi çox xoşagələn haldır: "Bu onu göstərir ki, dostlarımız bizə dost əli uzatmışlar. Bu, çox vacib məsələdir". Rusiya Federasiya Şurasının sədri Sergey Mironov isə əlil uşaqlara kömək göstərməyə yönəlmiş xeyriyyəçilik fəaliyyətinə, bu uşaqlara həyatın sevincini hiss etmək imkanı verdiklərinə, onlara xoş ümidlər bəxş etdiklərinə görə şəxsən Leyla Əliyevaya və Heydər Əliyev Fonduna dərin minnətdarlıq hissləri ifadə etmişdir: "Heydər Əliyev Fondu rusiyalıları çoxillik dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı olduğu Azərbaycan xalqının ənənələri və mədəniyyət sahəsindəki uğurları ilə tanış etməklə xeyirxah iş görür".

Bununla yanaşı, məhz Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbində təlim-tərbiyə alan uşaqların və onların müəllimlərinin bir qrupu ötən il avqustun 17-dən Azərbaycanda səfərdə olub. Bu səfər Leyla Əliyevanın Sankt-Peterburq vilayətinin qubernatoru Valentina Matviyenko ilə qarşılıqlı razılığı əsasında baş tutmuşdur. Heydər Əliyev Fondu ongünlük səfər müddətində uşaqların Azərbaycanda səmərəli istirahəti üçün hər cür şərait yaratmaqla yanaşı, yeniyetmələrin mədəni-kütləvi tədbirlərdə iştirakına da xüsusi diqqət yetirmişdir. Rusiyalı qonaqlar Nizami rayonundakı yeni təmir olunmuş 1 nömrəli uşaq evində və Şüvəlan qəsəbəsindəki yay düşərgəsində istirahət ediblər.

Bütün bunların nəticəsidir ki, Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bildirib ki, rəhbərlik etdiyi şəhər Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır: "Biz humanitar əməkdaşlığa xüsusi əhəmiyyət verilən birgə fəaliyyətdə - təhsil, mədəniyyət, tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. Biz təklif etmək istərdik ki, Sankt-Peterburq fondun gələcək fəaliyyəti üçün dayaq meydançası olsun, çünki bundan ötrü çox böyük potensial var".

 

Mədəniyyətimizin fəal təbliğatçısı

 

Azərbaycan nəşrlərinin Rusiyada geniş yayılmasında da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi mühüm rol oynamaqdadır. Elə bunun nəticəsidir ki, məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşib. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ötən il kitabxanaya Azərbaycan dilində xeyli kitab hədiyyə edib. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunub. Leyla Əliyevaya səmimi təşəkkürünü bildirən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov bildirib ki, bu, çox fərəhli hadisədir və şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq. Təşəkkür əlaməti olaraq V.Fyodorov Leyla Əliyevaya Avropada ən böyük, dünyada isə ABŞ Konqresinin kitabxanasından sonra ikinci sayılan Rusiya Dövlət Kitabxanası haqqındakı nəşri hədiyyə edib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin sifarişi ilə əfsanəvi Azərbaycan geoloqu, Sibir neftinin ilk kəşfiyyatçısı Fərman Salmanovun büstünün hazırlanması da Azərbaycanın təbliği baxımından böyük əhəmiyyətə malikdir. Büst üzərində tanınmış heykəltəraş Y.Neyman çalışıb. O, ümummilli lider Heydər Əliyevin Sankt-Peterburqdakı Qoroxovaya küçəsi, 6 nömrəli evin (ulu öndər 1949-1950-ci illərdə burada oxumuşdur) fasadında qoyulmuş barelyefinin müəllifidir.

Leyla Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına gənc və müasir ölkə kimi təqdim edən "Bakı" aylıq jurnalını nəşr etdirməsi də Azərbaycanın təbliğində müstəsna rol oynayır. Ümumiyyətlə, ötən il yeni, nəfis tərtibatlı "Bakı" jurnalının təqdimat mərasimi mühüm hadisə olmuşdur. Jurnalın baş redaktoru olan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirib ki, "Bakı" geniş auditoriya üçün nəzərdə tutulub: "Biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə, gözlərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və qədim tarixi canlanır. Güman edirəm ki, bu jurnal Azərbaycanla Rusiya arasında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcəkdir.

Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır. Bu jurnal siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif maraqlı şəxsiyyətlər haqqında söhbət açılır və başlıca vəzifə ondan ibarətdir ki, bu nəşr Azərbaycanı sevən, ölkəmiz haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olsun".

Həqiqətən də, fəaliyyətindən qısa müddət keçməsinə rəğmən, "Bakı" jurnalı Azərbaycan və Rusiya arasında mədəni dialoqun inkişafında mühüm rol oynaya bilib. Artıq "Bakı" jurnalı təkcə Rusiyada yox, bütün MDB məkanında kifayət qədər populyardır.

 

Rusiyanın azərbaycanlı gənclərinin lideri

 

Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri olan Leyla Əliyeva gəncləri RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa da çağırır. Bu mənada, Leyla Əliyevanın Rusiyanın müxtəlif ali məktəblərinin və şəhərlərinin tələbələri olan azərbaycanlı gəncləri ətrafında birləşdirən sima olması tamamilə qanunauyğun haldır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilməsini qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar. Ümumiyyətlə, bu təşkilat hələ 2007-ci il noyabrın 28-də Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyində Azərbaycan diasporu və azərbaycanlı gənclərlə görüş təşkil edilən gün özünün sıx birləşmiş bir qurum olduğunu sübut edib.

Həmin görüş aydın şəkildə göstərdi ki, Rusiyada yaşayan gənc azərbaycanlıların birləşdirilməsi təşəbbüsü reallaşmasına ciddi ehtiyac olan ideya və Rusiyada yaşayan hər bir gənc həmvətənimizin arzusudur. Rusiyada yaşayan azərbaycanlı tələbələrin, aspirantların, eləcə də yaşı 16 və daha çox olan adi sakinlərin sayının çoxluğunu nəzərə alsaq, belə bir təşkilatın yaradılmasının zəruri olduğu meydana çıxır. Qeyd olunan məqam fonunda aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirilməsinin də mühüm bir zərurətdən irəli gəldiyi aydınlaşır. Bu təşkilat gənclərin təkcə Moskvada deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını özündə sıx birləşdirib. Təsis konfransında çıxış edən Leyla Əliyeva bir sıra mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır: "Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edirlər".

Leyla Əliyevanın gənc azərbaycanlıları birləşdirməyi və onlara başçılıq etməyi qərara alması, onun həm bir şəxsiyyət kimi, həm də öz xalqının övladı kimi yüksək sosial və vətəndaş məsuliyyətindən xəbər verir.

Gənclər fondun və onun Rusiya nümayəndəliyinin bütün təşəbbüslərini dəstəkləməyə və gənclərlə bağlı müxtəlif layihələrdə fəal əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Bununla yanaşı, RAGT-nin nümayəndələri Rusiya tələbələri birliyinə fəal inteqrasiya etməyə çalışır, təhsil aldıqları ali məktəbləri müxtəlif tədbirlərdə uğurla təmsil edirlər. Digər tərəfdən, fondun nümayəndəliyi Rusiya və Azərbaycanın ali məktəbləri arasında əlaqələrin qurulmasına kömək edir, Rusiya məktəbliləri və tələbələrinin Azərbaycanla və Azərbaycan gənclərinin Rusiya ilə tanışlığı formatında mədəni mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Bütün bunlar həm də Rusiya və Azərbaycan arasında etnik submədəniyyətin məhdudiyyətlər çərçivəsini aradan qaldıran körpünün salınmasında Leyla Əliyevanın əvəzsiz rol oynadığını göstərir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ölkəmizin beynəlxalq aləmdə fəal təbliğatçısı olmaqla bərabər, Azərbaycanın xarici siyasətinin təmin edilməsində həqiqətən, mühüm diplomatik missiya yerinə yetirir. Özü də Rusiya ilə dostluğu daha da gücləndirən bu missiya iki ölkə arasında münasibətlərin keyfiyyətinə də müsbət mənada ciddi təsir göstərir.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 8.