Mətbuatın böyük dostu

 

Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təcəssümünü tapır. Azərbaycan kimi özünəməxsus dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan dövlətlərdə şəxsiyyət və lider amili xüsusi aktuallıq kəsb edir. Bu prizmadan əminliklə demək olar ki, xalqın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici milli lider idealı məhz dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətində həqiqətə çevrilir. Böyük strateq XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik surətdə gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi və hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi daim xalqın qəlbində yaşayır.

Ulu öndər Heydər Əliyev bu gün eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra hakimiyyətdə olmuş mürtəce qüvvələrin dövründə ölkədəki böhranlı ictimai-siyasi şəraitlə bağlı söz və mətbuat azadlığından danışmaq mümkün deyildi. Mətbuat hər addımda sıxışdırılır, azad sözün müdafiəsində dayanan jurnalistlər ağır mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-nin fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı.

Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Son 10 ildə Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu qoruyur.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", eyni zamanda, vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına da əlverişli imkanlar açmışdır. Bu dövlət proqramından az sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 avqust 1998-ci il tarixdə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrini senzuradan azad etmişdir. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olunmuşdur. Bu fərmandan sonra - 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan olmuşdur. Eləcə də son 8 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır.

Azərbaycan, eyni zamanda, söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara, sazişlərə də qoşulmuşdur. Qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanuna əsasən, KİV-nin təsis olunması, ona sahiblik, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan savayı, məhdudlaşdırıla bilməz. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etmiş, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Ədliyyə Nazirliyində 3500-dən artıq KİV-nin qeydiyyatdan keçməsi də məhz bu liberallaşmanın məntiqi nəticəsi sayıla bilər.

18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzalamışdır. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tutmuşdur. Bu diqqət və qayğının qarşılığı kimi, 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Heydər Əliyev hər zaman ölkədə söz və mətbuat azadlığının qarantı kimi çıxış etmişdir.

Ulu öndər bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirmiş, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırmışdır. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının yolverilməz olduğunu bildirirdi. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanunamüvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq ötən illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürmüşlər. Bu fakt ulu öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Ulu öndər Azərbaycanda söz və mətbuat azadlığının qarantı olduğunu da dəfələrlə bəyan etmişdir: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Sizi əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində öz siyasətimizi ardıcıl şəkildə aparırıq və aparacağıq. Mətbuat cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə xidmət etməlidir. Mən bütün mətbuatın, müstəqil, müxalifət və ya dövlət mətbuatı fərq etməz, məhz bu yolla getməsini istəyirəm".

Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Bu mütərəqqi siyasəti son beş ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Keçid dövründə KİV-nin üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları civarında borcu dövlət büdcəsindən ödənilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Konsepsiyanın ikinci hissəsində vurğulanır ki, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması isə kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur.

Üçüncü hissədə isə göstərilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, mətbuata dövlət dəstəyi kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir.

Sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını, maddi-texniki təminatı, xərclər smetasını, ştat cədvəlini, işçilərin say həddi və aylıq vəzifə maaşlarını bir ay müddətində müəyyən etməlidir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilməlidir. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına fondun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilir. Müşahidə şurasına namizədlərin irəli sürülməsi eyni zamanda, Azərbaycan Mətbuat Şurasına da tövsiyə edilir.

Sərəncamdan aşkar görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaxın perspektivdə formalaşaraq fəaliyyətə başlayacaqdır. Konsepsiyaya görə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilməlidir.

Təşkilati-texniki dəstək isə müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və mətbuat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçiriləcəkdir.

Konsepsiyada göstərildiyi kimi, fond kütləvi informasiya vasitələrinə maliyyə yardımını müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirməlidir. Müsabiqəsiz maliyyə dəstəyi bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımları, habelə dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmaları - subvensiyaları, müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaitini - subsidiyaları, dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsini - sosial reklamları nəzərdə tutur.

Müsabiqəli maliyyə dəstəyi isə kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqram və biznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsini, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılmasını nəzərdə tutur.

Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əksini tapmışdır. Yaradılacaq fond vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi; sosial və siyasi fəallığının artırılması, ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən layihə və proqramları dəstəkləyəcəkdir.

Nəhayət, konsepsiyanın 6-cı hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin şərtləri kimi dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığa əsaslanan maliyyə-müqavilə münasibətlərinin formalaşdırılması, dövlət tərəfindən dəstəklənən proqram və layihələrin şəffaf monitorinqinin aparılması və nəticələrin qiymətləndirilməsi, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsi və jurnalist peşəkarlığının artırılması, informasiya vasitəsinin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətliliyi məsələləri önə çəkilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 may tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri və sədrinin təyin edilməsi də yaxın perspektivdə KİV-yə dövlət dəstəyi konsepsiyasının reallaşdırılacağını əminliklə söyləməyə ciddi əsaslar verir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi diqqətəlayiqdir. Əminliklə demək olar ki, belə bir fondun yaradılması ilə Azərbaycan mətbuatının inkişaf tarixində yeni mərhələnin əsası qoyulmuşdur. Fondun qarşısında duran məqsədlərin uğurla gerçəkləşdirilməsi kütləvi informasiya vasitələrinin üzləşdiyi bir çox problemlərin aradan qalxmasına, mətbuat-dövlət münasibətlərinin sivil məcrada tənzimlənməsinə əlverişli zəmin yaradacaqdır.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 9.