Milli qurtuluş yeni
mərhələdə Azərbaycanın
milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir
İyunun 13-də
"Hyatt Regency-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan
Partiyası 15 İyun - Milli Qurtuluş Gününə həsr
olunmuş "Qurtuluşdan başlanan yol" adlı konfrans
keçirmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri,
müasir Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı
önünə gül dəstələri qoymuşlar.
Tarixi bayram münasibətilə
konfrans iştirakçılarını təbrik edən Yeni
Azərbaycan Partiyasının sədr müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov 15 iyun tarixinin
xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən
bəhs edərək bildirmişdir ki, Milli Qurtuluş Azərbaycanın
yeni mərhələdə milli dövlət quruculuğunun
ideya əsası kimi çıxış edir. Ə.Əhmədov
demişdir: "Azərbaycanın milli dövlətçilik ənənələrinin
bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi
istiqamətində atılan addımların qurtuluş məfkurəsinə
istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda
1990-cı illərin əvvəllərində yaranmış
tarixi şəraitdə milli dövlət quruculuğunun
üzləşdiyi spesifik xüsusiyyətlərlə və
tarixi şərtlərlə bilavasitə əlaqədar
idi".
Məhz ulu öndər
Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində
Azərbaycanın təhlükələrdən qurtulduğunu
qeyd edən YAP sədrinin müavini, 15 iyunun Azərbaycan
tarixində tutduğu yerdən danışmış və
bildirmişdir ki, bu gün xalqımızın taleyində
dönüş anı olmuşdur. Ümummilli lider Heydər Əliyevin
xalqımızın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı müstəqil dövlətçiliyimizi
anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən,
iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən
xilas etmişdir. Milli Qurtuluş Günü Azərbaycanın
indiki reallıqlarının və xoşbəxt gələcəyinin
rəhnidir. Ulu öndərin işləyib
hazırladığı müstəqil dövlət
quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin
uğurlarının bünövrəsində dayanaraq gələcək
inkişafın, misli görünməmiş uğurların əsasını
qoymuşdur.
Hazırda Azərbaycanın
dünyada davam edən maliyyə-iqtisadi böhrana baxmayaraq,
inkişaf etməsinin məhz Qurtuluş Günü ilə
başlamasını bir daha vurğulayan Əli Əhmədov,
həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır. Natiq qeyd etmişdir ki, bu
gün Azərbaycanın bütün dünya tərəfindən
etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın
maddi-rifah halının yaxşılaşmasına xidmət
edir, paytaxtla bərabər regionlar da sürətli tərəqqi
yolu ilə inamla addımlayır.
Konfransda Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini, YAP Siyasi
Şurasının üzvü Yaqub Eyyubov "Qurtuluş
günü" mövzusunda məruzə ilə
çıxış etmişdir.
XX əsrin sonlarında
xalqımızın başına gətirilən müsibətləri
xatırladan Y.Eyyubov qeyd etmişdir ki, o ağır illərdən
əvvəl Azərbaycan tarixinin taleyüklü məsələlərlə
dolu bir dövrü də xalqımızın müdrik
oğlu Heydər Əliyevin adı ilə bağlı
olmuşdur.
Azərbaycanda ilk dəfə
1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər
Azərbaycan xalqını zamanın ən çətin
sınaqlarından çıxararaq, ölkənin iqtisadi,
siyasi və mədəni tərəqqisinə nail olmuş,
geniş vüsət almış gur inkişaf proseslərinə
təkan vermişdi.
Ümummilli liderin
ömrü boyu Azərbaycan xalqının rifahı naminə
çalışdığını vurğulayan məruzəçi
qeyd etmişdir ki, o, keçmiş sovet dövründə
dövlət təhlükəsizliyi orqanlarında ən
yüksək vəzifə tutmuş və general rütbəsi
almış ilk azərbaycanlı idi. Heydər Əliyev
hansı sahədə çalışmasından asılı
olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə
diqqəti cəlb etmişdir.
Heydər Əliyevin
milli kadrların yetişməsinə həmişə
böyük qayğı və diqqətlə
yanaşdığını qeyd edən baş nazirin birinci
müavini, öz timsalında ulu öndərin gənclərə
münasibətinin canlı şahidi olduğunu
xatırlatmışdır. Vurğulamışdır ki,
ümummilli liderimiz hansı sahədə
çalışmasından asılı olmayaraq, milli
kadrların hazırlanmasını xüsusi diqqətdə
saxlayır, onların sonrakı inkişafını da izləyirdi.
Ulu öndərin
xalqımız tərəfindən aforizm kimi qəbul olunan
"Qoy ədalət zəfər çalsın!"
çağırışını xatırladan natiq, ötən
əsrin 70-ci illərində məhz bu şüar altında
Azərbaycanın böyük uğurlara imza
atdığını bir daha vurğulamışdır. Məhz
Heydər Əliyevin rəhbərliyi altında 13 il dalbadal
keçmiş sovet hakimiyyətinin keçici
qırmızı bayrağına layiq görülmüş
Azərbaycan geridə qalmış kənd təsərrüfatı
respublikasından qabaqcıl sənaye ölkəsinə
çevrilmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin də Heydər Əliyev
hakimiyyətdən məcburi uzaqlaşdırıldıqdan
sonra baş verdiyini xatırladan Y.Eyyubov
vurğulamışdır ki, xalqımızın müdrik
oğlu vəzifədə olarkən heç kim bu barədə
danışmağa belə cürət edə bilmirdi.
1990-cı ilin
yanvarında xalqımıza qarşı törədilən
qanlı faciəyə dözə bilməyən Heydər Əliyev
hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə
baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə
gələrək, sovet rəhbərliyinə qarşı kəskin
bəyanatla çıxış etdi. Onun bu tarixi
çıxışı Azərbaycanın siyasi həyatında
yeni dövrün başlandığını bildirən ilk
çağırış idi.
Qanlı 20 Yanvar hadisələrindən
sonra ulu öndərin böyük çətinliklər
bahasına Azərbaycana qayıtması, keçmiş sovet
sisteminin oyuncağı olan yerli rəhbərliyin Heydər Əliyevə
qarşı xəyanətkar hərəkətlərindən
danışan məruzəçi ona Bakıda yaşamağa
və işləməyə imkan verilmədiyini də
xatırlatmışdır. Əvəzində doğulub
boya-başa çatdığı Naxçıvan
torpağı, yerli əhali onu hədsiz sevgi, məhəbbət
və inamla qarşılamışdır. Hətta
bütün maneələrə baxmayaraq, qısa müddət
ərzində onu özünə rəhbər
seçmişdir. Hər zaman olduğu kimi, öz gəlişi
ilə Heydər Əliyev Naxçıvana yeni nəfəs gətirdi,
ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim
Azərbaycan torpağı dirçəlməyə
başladı.
Naxçıvanda idarəetmənin
uğurlarını görən xalqımız Azərbaycan
dövlətçiliyinin xilası naminə Heydər Əliyevin
ölkə rəhbərliyinə gətirilməsini tələb
etməyə başladı.
AXC-Müsavat
cütlüyünün səriştəsiz rəhbərliyi nəticəsində
yaranmış dözülməz şərait, ölkənin
vətəndaş müharibəsi, parçalanma və
dağılma təhlükəsi ilə üzləşməsi,
Ermənistanın hərbi təcavüzünün genişlənməsi
qəti addımların atılmasını, hakimiyyətin
etibarlı əllərə tapşırılmasını tələb
edirdi. Həmin vaxt hakimiyyətdə olan qüvvələr
xalqın iradəsinin ziddinə olaraq şəxsi mənafe,
qarşıdurma, xəyanət yolunu tutmuşdular. Cəmi bir
ilin içərisində bu səriştəsiz "rəhbərlər"
xalqın arasında nüfuzdan düşdülər. Onlar hər
vasitə ilə siyasi rəqiblərinə, xüsusən
xalqın sevimli oğlu Heydər Əliyevə düşmən
gözü ilə baxmağa, onun nüfuzuna ləkə
salmağa çalışırdılar. Çünki onlar
yaxşı başa düşürdülər ki, gec-tez xalq
saxtakar, naşı rəhbərləri süpürüb
atacaq, yerinə öz həqiqi, parlaq liderini gətirəcəklər.
Əlbəttə, xalqının görkəmli oğlu, alovlu
vətənpərvər bu acı hadisələrə laqeyd
qala bilməzdi. Geniş ictimaiyyətin davamlı
çağırışlarını nəzərə alan
Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan
Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin
xilası, xalqın qurtuluşu idi.
İyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi. Məhz həmin gün tariximizə Milli
Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin il
oktyabrın 3-də isə Heydər Əliyev
xalqımızın böyük əksəriyyəti tərəfindən
Prezident seçildi. Ulu öndər ölkə Prezidenti kimi Vətəni
və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm
və mətanətlə, işgüzarlıqla gecə-gündüz
yorulmadan çalışmağa başladı. Y.Eyyubov belə
bir fakta diqqəti çəkmişdir ki, xalqımızın
görkəmli oğlunun hakimiyyətə
qayıdışının ilk vaxtlarında qaçıb
gizlənən həmin qorxaqlar bir müddət, yəni Heydər
Əliyev ölkədə sabitliyi və əmin-amanlığı
bərpa etdikdən sonra yenidən baş qaldırıb üzə
çıxdılar. Heydər Əliyevin adı, şəxsiyyəti
və fəaliyyəti ilə bir araya sığmayan yalanlar
yaymağa çalışdılar. Lakin tale göstərdi
ki, onların özləri kimi, iftiraları da müvəqqətidir,
Tanrı tərəfindən hifz olunan Heydər Əliyev isə
əbədi.
Baş nazirin birinci
müavini qeyd etmişdir ki, ümummilli liderimiz hakimiyyətə
qayıdandan cəmi bir il sonra - 1994-cü ildə dərindən
düşünülmüş neft strategiyasının
reallaşdırılmasını təmin edən "Əsrin
müqaviləsi"nın imzalanmasına nail oldu. Bu
müqavilə ölkəmizin tarixində yeni dövr
açaraq, dinamik inkişafın təməlini qoydu. Müstəqilliyimizin
iqtisadi bünövrəsinin möhkəmlənməsi və
Azərbaycanın bu gün dünyada bənzəri olmayan
sürətlə davamlı inkişafına zəmin
yaratdı.
Ulu öndər Heydər
Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə
qoyduğu izlərin heç vaxt silinməyəcəyini deyən
Yaqub Eyyubov vurğulamışdır ki, Azərbaycan xalqı
unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz
üçün açdığı yolla qətiyyətlə
addımlayır.
Məruzəçi qeyd
etmişdir ki, bu gün də mövcud iqtidarın monolit
birliyi nəticəsində ümummilli liderimizin
qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan
onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə,
inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə,
dəyanətlə irəli aparan isə, ulu öndərin
layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya
miqyasında özünəməxsus hörmətə,
nüfuza malik Prezidentimiz İlham Əliyevdir.
Baş nazirin birinci
müavini vurğulamışdır ki, dövlətimiz və
xalqımızın həyatı üçün ən
mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə
Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan
möhkəm iradə və qətiyyətli mövqe
nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini,
sarsılmaz təmələ malik olduğunu öz məhsuldar
fəaliyyəti ilə sübut edir. Prezidentimizin
apardığı dərin düşünülmüş,
uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi
məhəbbəti və doğma Vətənimiz naminə səmərəli
fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın
firavan gələcəyinin təminatına hesablanmış
praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider
dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu
daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli
idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi
respublikamız iqtisadi inkişaf tempinə görə
dünyanın ən qabaqcıl ölkələrindən
biridir.
Məruzəsini dahi
öndər Heydər Əliyevin ölkəmizin və dövlətimizin
həyatı üçün çox önəmli fikirləri
ilə tamamlayan natiq qeyd etmişdir ki, ümummilli liderimizin bu
müdrik fikirləri yüzlərlə məqalələrdə,
kitablarda öz əksini tapmışdır. Lakin buna baxmayaraq,
həmin fikirlər tez-tez təkrar olunmalı, hər bir kəs
bu fikirləri qəlbinin süzgəcindən keçirməli,
daxilən götür-qoy etməli, düşünməli, o
dahi insanın şəxsiyyətinin və fəaliyyətinin
nəhəngliyini vicdanının səsi ilə bir daha qiymətləndirməli,
özünə örnək, nümunə, həyat amalı
kimi götürməlidir: "Əmin ola bilərsiniz ki, Azərbaycanın
sükanı etibarlı əllərdədir. Biz Azərbaycanı
demokratiya yolu ilə ardıcıl surətdə irəliyə
aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz
kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini
daimi edəcəyik".
Konfransda Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi və onun gətirdiyi uğurlar barədə məruzə ilə çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir ki, dünya siyasət tarixinə adı əbədi həkk olunmuş ulu öndərin dövlət quruculuğunun hər bir sahəsindəki səmərəli və məhsuldar fəaliyyəti xalqımıza yaxşı məlumdur. Heydər Əliyev ona xas olan müdriklik, uzaqgörənlik, zəngin təcrübə və ölkə iqtisadiyyatının bütün sahələrinin müqayisəli təhlili əsasında Azərbaycanın iqtisadi dirçəlişi üçün neft sənayesinin inkişafı yolunu seçmişdir. Bununla da müstəqil Azərbaycanın iqtisadiyyatı sürətli inkişaf yoluna çıxmışdır.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri
Arif Rəhimzadə məruzəsində ötən
əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycanda
gedən prosesləri xatırlatmış, səriştəsiz
insanların hakimiyyətə
yiyələnməsi nəticəsində
baş verənləri
konkret faktlarla göstərmişdir. 1993-cü il mayın
25-də Prezidentin İcra
Aparatında hüquq mühafizə orqanları
işçilərinin müşavirəsində
Prezident demişdir:
"Xalq deyir: Kaş canımız bu Xalq Cəbhəsinin
əlindən qurtaraydı.
Prokurorluqdan, məhkəmədən
xahiş edirəm buna cavab versinlər. Bu respublika niyə
dağılır?"
Natiq
vurğulamışdır ki, məhz bu cür siyasət o
zamankı iqtidarı iflic vəziyyətə saldı, ölkədə
vətəndaş müharibəsi başladı. Səriştəsiz
rəhbərlik nəticəsində müstəqilliyimiz
süquta uğramaq təhlükəsi ilə üzləşdi.
Xaos və anarxiyadan cana doymuş xalqın səbir
kasasını dolduran son damla Gəncə hadisələri
oldu. Bu, AXC-Müsavat hakimiyyətinin məntiqi süqutunu
yaxınlaşdıran hadisə idi.
Gəncədə
baş verən faciənin təfərrüatı haqqında ətraflı
məlumat verən məruzəçi qeyd etdi ki, tarixin bu
böhranlı məqamında xalq gözünü
böyük oğlu, daim qəlbində və yaddaşında
yaşatdığı Heydər Əliyevə dikmişdi. Onun
şüurunda Heydər Əliyev təkcə ötən əsrin
70-80-ci illərindəki nəhəng quruculuq işləri ilə
deyil, həm də blokada şəraitində yaşayan
Naxçıvandakı qlobal fəaliyyəti ilə
yaşayırdı. Hamı başa düşürdü ki,
xalqı bu fəlakətdən yalnız Heydər Əliyev
xilas edə bilər. Ulu öndərin hakimiyyətə gətirilməsinin
legitim yolu haqqında düşünən ziyalılar ona yeni
yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi təklif
etdilər. Canı qədər sevdiyi Vətəninin və
xalqının taleyinə biganə qala bilməyən ulu
öndər bu çağırışa müsbət cavab
verdi. 1993-cü ilin noyabrında Naxçıvanda təsis
konfransı keçirilən Yeni Azərbaycan
Partiyasının digər rayonlarda təşkilatları
görünməmiş sürətlə yaranırdı. Ölkədə
yaranmış vəziyyət ulu öndərin hakimiyyətə
qayıdışını və xalqın qurtuluşunu təmin
etdi.
Azərbaycanın real
parçalanmaq və dağılmaq təhlükəsi ilə
üz-üzə qaldığını bir daha xatırladan
A.Rəhimzadə xalqımızın bu fəlakətlərdən
xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində
görməsinin tarixin sonrakı mərhələsində
öz təsdiqini tapdığını qeyd etmişdir. Ümummilli
liderimizin böyük uzaqgörənliklə müəyyən
etdiyi strateji xətt bu gün Azərbaycanı regionun lider
dövlətinə çevirmişdir. Məhz bu xətt nəticəsində
respublikamızda aparılan islahatlar uğurla davam etdirilir,
paytaxtla yanaşı rayonlarda da böyük quruculuq işləri
aparılır.
"Milli Qurtuluş:
xaosdan sabitliyə" adlı məruzəsində Mili Məclisin
aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 15
İyun - Milli Qurtuluş gününün mahiyyəti, onun
müstəqil Azərbaycan dövlətinin
formalaşmasında və inkişafında rolu barədə
geniş danışmışdır. E.İbrahimov
böyük qayıdışı doğuran səbəbləri,
həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini
açmışdır. Vurğulamışdır ki, Heydər
Əliyev öz liderlik keyfiyyətləri ilə
dünyanın siyasi elitasının ən uca zirvəsində
duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən
bütöv bir xalqın - Azərbaycan xalqının dünəni,
bu günü və sabahı görünür. Bu dahi şəxsiyyətin
fəaliyyətinin hər səhifəsi Azərbaycanın son
yarıməsrlik tarixinin mərhələləri ilə
üst-üstə düşür. Ona görə də ən
yeni tariximizi ümummilli lider Heydər Əliyevdən ayrı
təsəvvür etmək mümkün deyildir.
Milli Qurtuluş
günündən sonra ümummilli lider Heydər Əliyevin
hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğu yolunu tutmasından, buna qədər
Naxçıvanda Ali Məclisin sədri olarkən həyata
keçirdiyi islahatlardan danışan komitə sədri
bildirmişdir ki, ulu öndər demokratik Azərbaycanın gələcək
inkişaf istiqamətlərinin əsasını məhz bu qədim
torpağımızda başlamışdı. Blokada şəraitində
olan, heç kimdən yardım və kömək almayan,
öz taleyi ilə baş-başa qalıb həddindən
çox ağır şəraitdə yaşayan
Naxçıvanda Heydər Əliyev gələcəyə nur
kimi işıq saçmağa başladı. İlk növbədə
Naxçıvanın müdafiəsini təmin etmək məqsədi
ilə onun rəhbərliyi altında Müdafiə Komitəsi
yaradıldı və erməni hücumlarına tutarlı
cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri
bütün əmlakını qoyaraq muxtar respublikanın ərazisini
tərk etdi.
Qonşu Türkiyə və
İranla münasibətlər normallaşdırıldı, əlaqələr
genişləndirildi, Sədərəkdə "Ümid
körpüsü" inşa olundu. Muxtar respublikada siyasi və
iqtisadi sabitlik bərpa edildi. İlk dəfə məhz burada
torpaq islahatlarına və bazar iqtisadiyyatının
ayrılmaz atributu olan dövlət əmlakının özəlləşdirilməsinə
başlanıldı.
E.İbrahimov ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həmin
islahatları daha geniş çərçivədə tətbiq
etdiyini, məhz bunun nəticəsində də bu gün
ölkəmizin qüdrətli dövlətə
çevrildiyini vurğuladı.
Azərbaycanın gələcəyinin
işıqlı və firavan göründüyünü qeyd
edən natiq bunun ulu öndərin siyasi xəttinin
ardıcıl və davamlı şəkildə həyata
keçirilməsi sayəsində əldə
olunacağını qeyd etdi.
Konfransa yekun vuran YAP sədrinin
müavini-icra katibi Əli Əhmədov
vurğulamışdır ki, hakimiyyətə
qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi
siyasət nəticəsində Azərbaycanı bütün
dünyaya tanıdan ümummilli lider xalqımızın
öz seçimində yanılmadığını sübut
etmişdir. Sevindirici haldır ki, dahi öndərin əsasını
qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi
altında xoşbəxt gələcəyə doğru qətiyyətlə
addımlayır.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyun.- S. 9.