Ümummilli liderin Bakıya qayıdışı xalqın onun ətrafında sıx birləşməsi Azərbaycanı təhlükəli məqamlardan uzaqlaşdırdı

 

Şuranın sədri, akademik Budaq Budaqov tədbiri açaraq, Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışmışdır.

Sonra qurumun icra aparatının rəhbəri Famil Gözəlov məruzə ilə çıxış etmişdir. O demişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin qarşısında çox ciddi və mühüm vəzifələr dayanmışdı. Bir tərəfdən müstəqil dövlət qurulmalı, digər tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısı alınmalı, sosial-iqtisadi sahələrdə mühüm vəzifələr islahatlar yolu ilə həll edilməli idi. Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan dairələr bu vəzifələrin öhdəsindən gələ bilmədilər. Əvəzində vəziyyət daha da pisləşmiş, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görən Azərbaycan xalqı məhz ümummilli liderin gərgin səyi nəticəsində təhlükələrdən qurtulmuşdur. Həmin ərəfədə Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycanın başı üzərini daha böyük bəlalar ala bilərdi.

Heydər Əliyevin bu qayıdışı tarixi bir hadisə olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz bütün bəlalardan qurtulmuşdur.

Sonra AAŞ sədrinin müavinləri Əli Həsənov, Fəttah Heydərov, Bayram Yusifov və başqaları çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Azərbaycan parçalanar, erməni işğalı daha dərinlərə gedərdi.

Ümummilli liderin Bakıya qayıdışı və xalqın onun ətrafında sıx birləşməsi Azərbaycanı həmin təhlükəli məqamlardan uzaqlaşdırdı. Odur ki, indiki və gələcək nəsil bu dövləti bizə bəxş etdiyinə görə Heydər Əliyevə borcludur. Bu baxımdan da Milli Məclis tərəfindən 15 İyunun tarixə Milli Qurtuluş günü kimi daxil edilməsi çox düzgün qərar idi.

Hər il bu bayramın təntənəli surətdə qeyd olunması, Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi qanunauyğun haldır.

 

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 10.