Azərbaycan xalqının Milli Qurtuluş günü ədliyyə orqanlarında geniş qeyd olunmuşdur
Azərbaycan
xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin
1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə
qayıdışı ilə müstəqilliyimizin və
dövlətçiliyimizin əsası qoyulmuşdur. Bu
gün ölkəmizdə Milli Qurtuluş günü kimi
geniş qeyd olunur.
Azərbaycanın
müqəddəratının həll edildiyi ən
ağır günlərdə üzləşdiyi çətinliklərdən
xilas olması, vətəndaş qarşıdurmasının
aradan qaldırılması, ictimai-siyasi sabitliyin və
inkişafın təmin olunması, dünya birliyində
layiqli yer tutması məhz ulu öndərin yenilməz iradəsi,
böyük ürəkli Vətən oğlunun öz
xalqı qarşısında misilsiz fədakarlığı
sayəsində mümkün olmuşdur.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, bu əlamətdar
gün münasibətilə Ədliyyə Nazirliyinin rəhbər
işçiləri Heydər Əliyev Sarayının
qarşısındakı parka gələrək müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər
Heydər Əliyevin xatirəsini ehtiramla anmış, abidəsi
önünə əklil qoymuşlar. Sonra ümummilli liderin
nazirlikdəki büstü önünə gül dəstələri
düzülmüş, əziz xatirəsi yad edilmiş, Heydər
Əliyev muzeyində dahi öndərin həyat və fəaliyyətini
əks etdirən ekspozisiyalarla tanış olunmuşdur.
Əziz bayram nazirliyin
bütün qurumlarında geniş qeyd olunaraq əbədiyaşar
lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi
və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın
güclü bir dövlətə çevrilməsindən, ulu
öndərin xalqımız qarşısındakı misilsiz
xidmətlərindən danışılmışdır.
Tədbir
iştirakçıları müasir Azərbaycan tarixinin
yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ölkəmizin
möhtəşəm nailiyyətlər qazanmasını
vurğulayaraq, ədliyyə işçilərinin bundan sonra
da əzmkarlıqla çalışacaqlarını
bildirmişlər.
Milli Qurtuluş
günü ərəfəsində bəzi yerli ədliyyə
orqanlarının yeni inzibati binaları
açılmış, infrastrukturun müasirləşdirilməsi
və maddi-texniki təminatın gücləndirilməsi
istiqamətində tədbirlər
görülmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyun.- S. 10.