Konstitusiya Məhkəməsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev Fondunda olmuşdur.

Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün fonda gələn qonaqlara beş il bundan əvvəl yaradılmış fondun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

Azərbaycanın birinci xanımı, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat da Konstitusiya Məhkəməsinin əməkdaşları tərəfindən maraqla qarşılanmışdır.

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

Qonaqlara məlumat verilmişdir ki, hazırda fondun üçüncü mərtəbəsində regional muzeyin yaradılması istiqamətində iş aparılır. Bu muzey fondu ziyarət edən hər bir qonağa Azərbaycanın bütün bölgələri haqqında ətraflı məlumat əldə etməyə və orada yaşayan yerli əhalinin mədəniyyəti, tarixi, adət-ənənələri ilə tanış olmağa imkan yaradacaqdır.

Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatı diqqətlə dinləyən qonaqlar fondla tanışlıqdan zəngin təəssürat almışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 12.