Dünya təcrübəsi
göstərir ki, yüksək dövlətçilik təfəkkürünə,
idarəçilik qabiliyyətinə malik liderləri olmayan
xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş,
hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi
ilə üzləşmişlər. Milli dövlətçiliyin
qorunması və möhkəmləndirilməsi tarixi şans
və milli iradə nümayişi ilə deyil, həm də
milli lider amili ilə bağlıdır. Müasir Azərbaycan
dövlətinin banisi, ulu öndər Heydər Əliyev bu
nöqteyi-nəzərdən respublikanın dəyişməz
və dönməz milli inkişaf strategiyasının müəllifi
kimi çağdaş tariximizdə əbədiyaşarlıq
hüququ qazanmışdır. Hansı siyasi şəraitdə
və tarixi mərhələdə yaşamasından
asılı olmayaraq, xalqımız Heydər Əliyev siyasi
kursunun həyati əhəmiyyət daşıyan prinsiplərinə
sadiqlik nümayiş etdirmişdir.
Tarixən hər bir xalq
məhz böyük liderinin sayəsində öz təbii
hüququnu - milli dövlət qurmaq haqqını təmin
etmiş, üzləşdiyi böyük faciələri, maneələri
əzmlə dəf etmişdir. Ötən əsrin
sonlarına doğru istiqlaliyyətinə qovuşmuş Azərbaycanın
milli dövlətçiliyinə qarşı yönəlmiş
xarici və daxili həmlələri əzmlə aradan
qaldırması da milli lider amili ilə şərtlənmişdir.
Çox çətin və mürəkkəb bir siyasi şəraitdə
hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev
nəinki Azərbaycanın dövlət müstəqilliyini
qoruyub saxlamış, ictimai-siyasi sabitliyi, qanunçuluğu,
hüquq qaydalarını bərpa etmiş, eyni zamanda erməni
işğalının qarşısının
alınmasında da mühüm xidmətlər göstərmişdir.
1993-cü ilin iyununda -
son dərəcə mürəkkəb bir dövrdə
xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə
qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi
sabitliyi təmin etməklə, vətəndaş
qarşıdurmasını aradan qaldırmaqla, respublikanı
parçalanmaq təhlükəsindən hifz etməklə,
sözün əsl mənasında, milli qurtuluşu təmin
etmişdir. Ulu öndərin Ali Sovetin Sədri seçildiyi 15
iyun tarixinin sonradan Milli Qurtuluş Günü elan edilməsi və
hər il əlamətdar gün kimi qeyd olunması da məhz
bu reallığa əsaslanır.
Kifayət qədər
mürəkkəb bir dövrdə xalqa rəhbərlik
missiyasını üzərinə götürən ulu
öndər Heydər Əliyevin qarşısında dövlətçiliyin
qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində
üzləşdiyimiz hərbi uğursuzluqları aradan
qaldırmaq, düşmənə qarşı mütəşəkkil
müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi
və psixoloji cəhətdən ağır durumda olan bir
ölkədə ordu quruculuğuna başlamaq kimi ağır
vəzifələr dayanırdı. Daxili sabitlik
üçün potensial təhlükə mənbəyi
sayılan qanunsuz silahlı qruplaşmaların - hərbi
müxalifətin zərərsizləşdirilməsi
ümummilli liderin üzərinə düşən məsuliyyət
yükünü bir qədər də artırır, onun kifayət
qədər riskli və qətiyyətli addımlar
atmasını zəruri edirdi. Yaranmış acınacaqlı
durumda bu taleyüklü problemlərin həllinə paralel
yanaşmaya, bütün sahələrdə köklü
islahatların aparılmasına ehtiyac yaranmışdı. Cəbhə
bölgəsində vəziyyətin sabitləşməsinə
nail olmadan xarici investorları ölkəyə cəlb etmək,
iri neft şirkətlərilə müqavilələr imzalamaq,
iqtisadi böhran və tənəzzül mərhələsini
adlamaq mümkün deyildi. Belə bir şəraitdə vəzifə
səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev
qısa müddətdə həlledici uğurlara imza atmaqla
peşəkar idarəçi və xarizmatik lider olduğunu
bir daha təsdiqləmişdir.
1993-cü il noyabrın
2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə
xalqa müraciət edən Heydər Əliyev ictimai ruh
düşkünlüyünün qarşısını
almış, hamını bir nəfər kimi düşmənə
qarşı mübarizədə fəal iştirak etməyə
çağırmışdır. Ulu öndər Heydər Əliyev
müraciətində təkcə hərbi
uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən
çıxış yollarını göstərmişdir. Eyni
zamanda, keçmiş hakimiyyətin dövründə
Qarabağ məsələsindən çirkin siyasi məqsədlər
üçün istifadə edildiyini, ordunun hakimiyyət
uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə
vurğulamışdır: "Ordunu bir gündə, bir ayda,
üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç
il müddətində ordu yaratmaq, Azərbaycanın
etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib".
Ümummilli lider Heydər
Əliyevin xalqa müraciətindən sonra qəlbində vətən
sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət
keçən peşəkar zabitlərin, kadrların Azərbaycana
axını başlanmışdı. Bu müraciət
ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən
dəstəklənmiş, vətəndaşlar, eləcə də
ayrı-ayrı təşkilat və müəssisələr
ictimai müdafiə prosesinə fəal şəkildə
qoşulmuş, ordudan yayınma hallarının, cəbhədə
geriləmələrin qarşısı
alınmışdı. Hərbi uğursuzluqlarla üzləşdiyini,
irəliləmək iqtidarında olmadığını
görən təcavüzkar Ermənistan 1994-cü ilin
mayında danışıqlar masası arxasında
oturmağa, cəbhə bölgəsində atəşkəsi
nəzərdə tutan "Bişkek protokolu"nu
imzalamağa məcbur olmuşdu. Atəşkəs haqqında
razılaşmanın imzalanması Azərbaycanın iqtisadi
inkişafının təmin edilməsi və ordu
quruculuğu prosesinin uğurla aparılması
baxımından da mühüm bir mərhələ
olmuşdu.
Atəşkəs mərhələsindən
sonra ölkədə ordu quruculuğu istiqamətində ciddi
addımlar atılmış, Azərbaycan Silahlı Qüvvələrinin
kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi,
peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin
maddi rifah halının ildən-ilə
yaxşılaşdırılması, ordu hissələrinin ən
müasir texnika və avadanlıqla təchiz edilməsi, eləcə
də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi
dövlət siyasətinin ən mühüm qollarından
birinə çevrilmişdir. Nizami ordu quruculuğu spesifik bir
sahə, uzun sürən və gərgin səy göstərilməsini
tələb edən mürəkkəb proses olsa da, müstəqil
Azərbaycanın son 15 ildə bu sahədə
qazandığı nailiyyətlər dövlətimizin
etibarlı müdafiə sisteminin formalaşdığından
xəbər verir. Ümummilli lider Heydər Əliyevin səyləri
ilə bu sahədə tamamilə yeni mərhələ
başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar
kadr potensialının hazırlanması, nizam-intizamın
gücləndirilməsi, maddi-texniki təchizatının
yüksəldilməsi baxımından bir sıra vacib işlər
həyata keçirilmişdir.
Azərbaycan Ordusunun beynəlxalq
standartlara uyğunlaşdırılması məqsədilə
dünyanın ən nəhəng hərbi-siyasi bloku olan NATO
ilə əməkdaşlıq münasibətləri
qurulmuş, təşkilatlarla əlaqələr dövlətin
xarici siyasətində mühüm istiqamətlərdən
birinə çevrilmişdir.
Respublikamız hələ
1994-cü ilin may ayında NATO-nun "Sülh naminə tərəfdaşlıq"
(SNT) proqramına qoşulduğunu çərçivə
sazişi ilə təsdiqləmiş, son 10 ildə alyansın
Cənubi Qafqaz regionundakı ən etibarlı,
sınanılmış müttəfiqinə
çevrilmişdir. SNT proqramı çərçivəsində
əməkdaşlıq ölkəmizə alyansın hərbi-siyasi
strukturları ilə yaxından əməkdaşlıq etmək,
birgə təlimlər keçirmək, hərbi kadrlar
hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək
və digər imkanlar yaratmışdır. Ölkəmiz
NATO-ya yeni dəvət almış ölkələrin modern
ordu quruculuğu sahəsindəki addımlarını
yaxından izləmiş, bundan praktiki surətdə bəhrələnmişdir.
Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə
xidmət etməklə regionun nəhəng enerji layihələrinin
təhlükəsiz gerçəkləşdirilməsinə
də əsaslı təminat yaratmışdır.
Ümummilli lider Heydər
Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə
müntəzəm keçirdiyi görüşlərin nəticələri
zaman keçdikcə Azərbaycan Silahlı Qüvvələrinin
əzmkarlığının artmasında özünü
büruzə verir. Ulu öndərin hərbi hissələrdə
əsgər və zabitlərin problemləri,
qayğıları ilə maraqlanması, hərbi təhsil
sisteminin müasirləşdirilməsinə və hərbi
biliklərin tədrisinin yüksəldilməsinə
böyük diqqət yetirməsinin səmərəsi ordunun
bugünkü səviyyəyə yüksəlməsində təzahür
edir.
Əsası ulu öndər
tərəfindən qoyulmuş hərbi quruculuq siyasəti
beş ilə yaxın müddətdə onun layiqli
davamçısı - Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ordu
quruculuğuna dair bütün mühüm tədbirlər
ardıcıl surətdə, dünya təcrübəsi nəzərə
alınmaqla həyata keçirilir. Dövlət
başçısı ilk gündən bəyan etmişdir ki,
ordunun möhkəm, qüdrətli olması üçün
dövlətin iqtisadiyyatının güclülüyü
vacib şərtdir. Bu reallığa nəzərən ölkə
rəhbərliyi iqtisadiyyatın inkişafına adekvat olaraq
ordu quruculuğu istiqamətində qətiyyətli addımlar
atır. Təkcə bir faktı demək lazımdır ki, son
beş ildə respublikanın hərbi büdcəsi on dəfədən
çox artaraq bütövlükdə işğalçı
Ermənistanın dövlət büdcəsinə
çatmışdır. 2 milyard manat hərbi büdcəsi
olan Azərbaycan Ordusu bu gün regionda NATO standartları səviyyəsində
inkişaf edən nizami, peşəkar və çevik orduya
çevrilmişdir. Milli Ordunun müdafiə qüdrətinin
və döyüş qabiliyyətinin artırılması,
maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi
qulluqçuların sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi bu siyasətin başlıca istiqamətləri
kimi diqqəti çəkir.
Dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin mümkün olmayacağı təqdirdə
xalqın öz torpaqlarını azad etmək
üçün silaha sarılacağını, Silahlı
Qüvvələrimizin düşmənə layiqli cavab vermək
əzmini açıq bəyan edir. Son 5 il yarımda onlarca hərbi
hissəyə gedən Azərbaycan Prezidenti ordunun
qarşısında hələ mühüm vəzifələrin
dayandığını bildirir: "Orduya ayrılan xərclər
hər il artır. Büdcədə nəzərdə tutulan xərclər
artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər
artacaqdır... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı
düşməndən azad
etməyə qadirdir".
Son illər həyata
keçirilən uğurlu islahatlar nəticəsində
respublikamızın iqtisadi qüdrətinin ildən-ilə
artması Azərbaycan Prezidenti İlham Əliyevə bu sahədə
ardıcıl tədbirlər həyata keçirməyə, hərbi
xərcləri durmadan artırmağa imkan vermişdir. Azərbaycanın
görüntü xatirinə danışıqlar prosesində
iştirak etmədiyini dəfələrlə bildirən Ali
Baş Komandan cənab İlham Əliyev ölkədə hərbi
potensialın daha da gücləndirilməsi, bu prosesdə
qabaqcıl dövlətlərin təcrübəsinə
istinad olunması kimi mühüm məsələləri diqqət
mərkəzində saxlamışdır.
Təcavüzkar ölkənin
Azərbaycanın güclü, mobil və peşəkar orduya
malik olduğunu zaman keçdikcə aşkar duymağa
başlaması ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan danışıqların pozitiv məcrada getməsini
təmin edir. Minsk qrupunun vasitəçiliyi ilə
danışıqların Azərbaycanın haqlı olaraq irəli
sürdüyü "mərhələli həll"
formatında aparılması da ölkə iqtidarının
diplomatik üstünlüyü kimi vurğulana bilər. Əgər
təcavüzkar tərəf əvvəllər qondarma DQR-in
"ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi"
kimi cəfəng iddia ilə çıxış edirdisə,
son illərdə ciddi diplomatik təpkilər
qarşısında münaqişənin mərhələli həlli
ilə bağlı müzakirələrə qatılmağa məcbur
olmuşdur.
Dövlət
başçısı problemin Azərbaycanın ümdə
maraqları qorunmaqla, beynəlxalq hüquq və normaları
çərçivəsində sülh yolu ilə həlli
üçün bütün mümkün imkanlardan istifadə
olunacağını bəyan edir. Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyev 2008-ci ilin yanvarında
Ağdam ictimaiyyətinin nümayəndələri ilə
görüşdə bir daha vurğulamışdır ki, Ermənistanın
danışıqlar prosesindəki mövqeləri zəifləməkdə
davam edir: "Əgər bir neçə il bundan əvvəl
Ermənistan tərəfi danışıqlar zamanı
Dağlıq Qarabağa müstəqilliyin verilməsini tələb
edirdisə, bu gün bu, belə deyildir. Bu gün onlar da
anlayırlar ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik
verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana
birləşməyəcəkdir. Bu, artıq təkcə bizim
mövqeyimiz deyil, - bütün zamanlarda bizim mövqeyimiz
bundan ibarət olmuşdur, - eyni zamanda, beynəlxalq vasitəçilərin
mövqeyidir və Ermənistan tərəfi məcbur olub bu
reallıqla hesablaşır. Əgər vaxtilə 4 rayonun Azərbaycana
qaytarılması məsələsi müzakirə olunurdusa,
daha doğrusu, Ermənistan tərəfindən irəli
sürülürdüsə, bu gün artıq bu da
keçmişdə qalıbdır. İndi 7 rayonun,
bütün işğal olunmuş torpaqların Azərbaycana
qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq
vasitəçilər, ATƏT-in Minsk qrupu tələb edir və
Ermənistan rəhbərliyi məcbur olub bunu qəbul edir. Yəni,
bu, çox böyük irəliləyişdir, çox
böyük uğurlardır. Düzdür, məsələ hələ
ki öz həllini tapmayıb, amma biz buna
yaxınlaşırıq".
Təcavüzkar siyasətini
uzun müddət davam etdirə bilməyəcəyini
yaxşı başa düşən Ermənistan da son
dövrlərdə danışıqlar prosesində müəyyən
konstruktivlik görüntüsü nümayiş etdirmək məcburiyyətində
qalıb. Məsələ burasındadır ki, münaqişənin
həllinin uzanmasına görə ən böyük zərbə
də məhz Ermənistana dəyir. Faktiki olaraq problemin həllini
tapmaması Ermənistan iqtisadiyyatında tormozlayıcı
amilə çevrilib. Azərbaycan Türkiyə və
Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata
keçirməklə, Ermənistanı faktiki olaraq
üç strateji tərəfdaşın əhatəsində
- təcrid vəziyyətində yaşamaq gerçəkliyi
ilə üz-üzə qoyub. Təcavüzkarlıq siyasətindən
əl çəkməyən Ermənistan, əslində,
özü-özünü Cənubi Qafqazda gerçəkləşən
bütün strateji layihələrdən kənarda
saxlayıb.
Dövlət
başçısı İlham Əliyev ötən beş
ildə həyata keçirdiyi çevik siyasətlə həm
də Ermənistanın ifşasına nail olmuşdur. Görülən
işlərin nəticəsidir ki, AŞ PA-nın 2005-ci il
yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə
Ermənistan təcavüzkar dövlət kimi
tanınmış, Azərbaycan torpaqlarının
işğal altında saxlanmasının yolverilməz
olduğu vurğulanmışdır. Təşkilatın 1416
saylı qətnaməsində Azərbaycan ərazilərinin
ermənilər tərəfindən işğal olunduğu və
separatçı qüvvələrin Dağlıq Qarabağ
bölgəsinə nəzarət etdiyi göstərilmiş,
münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qətnamələrində əks
olunmuş tələblərin yerinə yetirilməsinin və
silahlı qüvvələrin işğal olunmuş ərazilərdən
çıxarılmasının vacibliyi
vurğulanmışdır. Bu tələblər AŞ
PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də
öz əksini tapmışdır. Bundan başqa, ötən
ilin martında BMT də Ermənistanın təcavüzkar
dövlət olduğunu bir daha rəsmi sənədində
göstərmişdir.
Azərbaycan iqtidarı
dəfələrlə bəyan etmişdir ki, SSRİ-nin
dağılmasından sonra bir sıra postsovet
respublikalarında baş qaldıran münaqişələrin
kökündə məhz eyni amil - terrorçuluğun
başlıca səbəblərindən biri olan təzavüzkar-separatizm
dayanır. Ermənistanın işğal yolu ilə
Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz
zona formalaşdırması regionda və Avropada sülhə və
təhlükəsizliyə ən böyük təhdidlərdən
biridir. Dövlət başçısı İlham Əliyevin
dəfələrlə vurğuladığı kimi,
separatçılıq fəaliyyətini "Dağlıq
Qarabağ "xalqı"nın öz müqəddəratını
təyin etmək" arzusu kimi qələmə verməsi
tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə
ziddir.
Tarixən Azərbaycan
torpaqlarına göz dikən ermənilər bu yolla özlərinin
işğalçılıq siyasətinə "bəraət
qazandırmağa", beynəlxalq ictimaiyyətin qınaq və
təzyiqlərindən sığortalanmağa
çalışırlar. Separatçı rejimlər bu və
digər vasitələrlə, xarici dəstək faktoru ilə
qeyri-qanuni şəkildə nəzarət altında
saxladıqları ərazilərdəki fəaliyyətlərini
"pərdələmək" üçün hər zaman
beynəlxalq hüququn "milli özünütəyinetmə"
kimi müstəsna prinsipinə istinad etməyə
çalışırlar.
Azərbaycan Prezidenti
İlham Əliyev haqlı olaraq bildirir ki, ayrı-ayrı
dövlətlərin ərazisində yaşayan ermənilər
öz müqəddəratlarını təyin etmək niyyətinə
düşsələr, bu halda dünyanın hazırkı
siyasi xəritəsindən əsər-əlamət qalmaz. "Dağlıq
Qarabağ erməniləri muxtariyyat çərçivəsində
milli azlıq kimi yaşamağı davam etdirə bilərlər.
Yaxşı məlumdur ki, Avropada və dünyanın digər
hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın
bir çox ölkələrində milli azlıqlar vardır.
İndi təsəvvür edin ki, dünyada hər bir milli
azlıq özü üçün müstəqillik tələb
etsə, nələr baş verər! Bu, cəfəngiyatdır.
Bu məsələ ilə bağlı Azərbaycanın
mövqeyi ədalətə, həqiqətə və beynəlxalq
hüquq normalarına söykənir".
Rəsmi Bakı
danılmaz faktlar əsasında hər zaman bəyan edir ki,
Dağlıq Qarabağda separatçı erməni rejimi
formalaşanadək burada əhalinin böyük əksəriyyətini
azərbaycanlılar təşkil etmişlər. Eyni zamanda bu
muxtar vilayətdə rusların və digər millətlərin
nümayəndələri də yaşamışlar. Belə
olan halda həmin ərazidə yalnız bir qrup erməninin
"öz müqəddəratını təyin etmək"
kimi cəfəng bir iddia ilə çıxış etməsi
yolverilməzdir. Azərbaycan Prezidenti bu reallıqdan
çıxış edərək gələcəkdə
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi
zamanı erməni icması ilə yanaşı, azərbaycanlı
icmasının da maraqlarının və təhlükəsizliyinin
əsas götürülməsini vacib sayır. Son illər
Dağlıq Qarabağın azərbaycanlı icmasının
mütəşəkkil qüvvəyə çevrilməsi və
konkret hüquqi statusda fəaliyyətini genişləndirməsi
istiqamətində həyata keçirilən tədbirlər də
məhz bu məqsədə xidmət edir.
2006-cı ildə Ədliyyə
Nazirliyində hüquqi qeydiyyatdan keçmiş Dağlıq
Qarabağ bölgəsi Azərbaycanlı İcması
İctimai Birliyinin bu günlərdə keçirilmiş
qurultayı da aparılan müzakirələrin və qəbul
olunan qərarların əhəmiyyətinə görə
aktuallığını qoruyub saxlayır. Dağlıq
Qarabağın azərbaycanlı icmasının nümayəndələri
ilə yanaşı, Azərbaycanın tanınmış
ziyalılarının, görkəmli elm, mədəniyyət
və incəsənət xadimlərinin iştirak etdikləri
qurultayda ötən dövr ərzində
görülmüş işlər ətraflı təhlil
edilmiş, gələcək fəaliyyət istiqamətləri
müəyyənləşdirilmiş, habelə təcavüzkarın
ifşası istiqamətində həyata keçiriləcək
konkret tədbirlər ətrafında müzakirələr
aparılmışdır.
Dağlıq
Qarabağın azərbaycanlı icmasının fəaliyyətinə
hüquqi statusun verilməsi ilk növbədə onun beynəlxalq
miqyasda fəal şəkildə təşkilatlanmasına, erməni
lobbisinin məkrli fəaliyyətinə qarşı effektiv
mübarizə aparmasına imkan yaradır. İcma Azərbaycanın
xaricdəki diasporları, səfirlik və konsulluqları vasitəsilə
geniş əlaqələr yaratmaqla Dağlıq Qarabağ azərbaycanlılarının
üzləşdikləri acınacaqlı vəziyyət barədə
dünya ictimaiyyətində dolğun təsəvvür yaratmağa
çalışmalıdır. Eyni zamanda, Ermənistanın
azərbaycanlılara və türklərə qarşı
tarixən apardığı terror və soyqırımı
cinayətləri ilə bağlı məlumatların
dünya birliyinə çatdırılması qarşıda
duran başlıca vəzifələrdəndir. Son illər Cənubi
Qafqazda həyata keçirilən bütün qlobal enerji və
kommunikasiya layihələrinin lokomotivi qismində
çıxış edən Azərbaycan dünyada kifayət
qədər tanınsa da, bu sahədə hələ çox
iş görülməli, erməni lobbisinin,
bütövlükdə isə anti-azərbaycançı
şəbəkənin respublikamıza qarşı apardığı
əks-təbliğatın qarşısı daha müasir, səmərəli
vasitələrlə alınmalıdır. Qurultayda bu və
digər məsələlər geniş müzakirə olundu,
Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı
İcması İctimai Birliyinin ölkə daxilində və
xaricində həyata keçirəcəyi layihələr
razılaşdırıldı. Tədbirdə
çıxış edənlər haqlı olaraq bildirdilər
ki, Dağlıq Qarabağ icmasının üzvləri,
bütövlükdə hər bir azərbaycanlı bu gün
kompüter texnologiyalarından - internetdən istifadə etməklə
ölkə həqiqətlərini bütün dünyaya
yaymalı, ermənilərin təcavüzkar siyasətinin
ifşasına çalışmalıdır. Qurultayda
Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı
İcması İctimai Birliyinin internet saytının
yaradılması ilə bağlı təklifin
reallaşdırılmasını da vacib sayıram. Bir
neçə dildə fəaliyyət göstərəcək
belə bir portalın yaradılması Dağlıq Qarabağ
azərbaycanlılarının haqq səsinin dünya ictimaiyyətinə
çatdırılmasında vacib addım ola bilər.
Son illərdə Ermənistan
bilavasitə dəstəklədiyi Dağlıq Qarabağ
separatçı rejiminin danışıqlar prosesində tərəf
kimi iştirakına çalışsa da, Azərbaycan qətiyyətlə
buna yol verməmişdir. Lakin bəzi hallarda ATƏT-in Minsk
qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər
etməsi və separatçı rejimin rəhbərləri ilə
görüşməsi təəssüf doğuran haldır. Fikrimcə,
Minsk qrupu həmsədrləri bitərəfliklərini qoruyub
saxlamaq üçün Dağlıq Qarabağın azərbaycanlı
icmasının nümayəndələri ilə də
müntəzəm görüşlər keçirməli,
onların təkliflərini, haqlı mövqeyini nəzərə
almalıdırlar. Bu, həm də balansın qorunması
baxımından son dərəcə vacibdir. Qurultayda bu
yöndə səylərin gücləndirilməsi barədə
səslənən təkliflər xüsusi aktuallıq kəsb
edir. Ümumiyyətlə, gələcəkdə icma
Dağlıq Qarabağla bağlı aparılan bütün
danışıqlarda iştirak etməli və təmsil
olunmalıdır. Eyni zamanda, münaqişə ilə
bağlı təşkil olunan tədbirlərdə
Qarabağdan olan ictimaiyyət nümayəndələrinin,
xüsusilə gənclərin iştirakına şərait
yaradılmalı, Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasına nail olunmalıdır. Bütün
beynəlxalq təşkilatlar və münaqişənin həlli
missiyasını öz üzərinə
götürmüş beynəlxalq qurumlar birmənalı
olaraq bilməlidirlər ki, Dağlıq Qarabağ azərbaycanlılarının
rəyi nəzərə alınmadan, hüquqları
tanınmadan münaqişənin həlli yoxdur.
Qurultayda Dağlıq
Qarabağın azərbaycanlı icması adından Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanlanmış müraciət
isə təkcə yurd-yuvasından didərgin
düşmüş qarabağlıların deyil,
bütövlükdə Azərbaycan xalqının arzu və
istəyini ifadə edir. Müraciətdə münaqişənin
həlli ilə bağlı aparılan
danışıqların yalnız Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi prinsipi əsasında həllini
tapacağına dərin inam ifadə olunur: "Biz ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin
nizamlanmasına dair gedən danışıqları, iri
dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla
aparılan məqsədyönlü işləri diqqətlə
izləyirik. Erməni separatizminin və təcavüzünün
dəhşətlərini öz üzərində hamıdan
çox hiss etmiş icmamız artıq 17 ildir ki,
torpaqlarımızın azad olunacağı, bütün məcburi
köçkünlərin öz evlərinə dönəcəyi
günü səbirsizliklə gözləyir. Lakin yekdil
fikrimiz belədir ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi
yalnız ölkəmizin ərazi
bütövlüyünün bərpası və dövlətimizin
suveren hüquqlarının təmin olunması əsasında
mümkün ola bilər. Ona görə də münaqişənin
həlli ilə bağlı aparılan danışıqlarda
tutduğunuz ardıcıl və qətiyyətli mövqeyi,
ordumuzun qüdrətinin artırılması istiqamətində
həyata keçirdiyiniz tədbirləri birmənalı şəkildə
müdafiə edirik. Əmin ola bilərsiniz ki, Dağlıq
Qarabağın azərbaycanlı icması
torpaqlarımızın işğaldan azad edilməsi naminə
apardığınız işlərdə daim Sizinlə birgə
olacaq, atdığınız bütün addımları dəstəkləyəcəkdir.
İnanırıq ki,
Sizin rəhbərliyinizlə xalqımızın bütün
taleyüklü problemləri kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi də yaxın gələcəkdə
öz həllini tapacaq, doğma yurdlarından didərgin
düşmüş soydaşlarımız öz el-obalarına
qayıdaraq ölkəmizdəki quruculuq işlərinə
daha sanballı töhfələr verəcəklər".
Qurultayda dövlət
başçısına ünvanlanan müraciətdə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli sahəsində həyata keçirilən
tədbirlər xüsusi təqdir olunmuşdur. Cəbhə bölgəsində
yerləşən, düşmənlə üz-üzə
dayanaraq inkişaf edən Ağdam rayonu da bu diqqət və
qayğını yüksək dəyərləndirir. Xüsusi
vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin
2008-ci il yanvarın 17-də və oktyabrın 4-də
Ağdama səfər etməsi rayon sakinlərində
böyük ruh yüksəkliyi doğurmuşdur. Quzanlı qəsəbəsində
inşa edilmiş Olimpiya İdman Kompleksinin
açılış mərasimində və 10 km məsafədən
çəkilmiş qaz xəttinin
açılışında iştirak edən dövlət
başçısı İlham Əliyev Ağdamda
görülən işləri yüksək qiymətləndirmişdir.
Üçdə iki hissəsi
işğal altında olan, düşmənlə üzbəüz
yaşayan Ağdam rayonunun Quzanlı qəsəbəsinin
sürətlə inkişaf etməsi, infrastrukturun yeniləşməsi,
sahibkarlığın inkişaf etməsi, hətta orada gənc
nəslin fiziki sağlamlığının təmin edilməsi
üçün müasir tələblərə cavab verən
yeni olimpiya kompleksinin inşa edilməsi Prezident İlham Əliyevin
məcburi köçkünlərə diqqət və
qayğısının əyani təzahürüdür.
Ağdam rayonunda Olimpiya
İdman Kompleksinin təntənəli açılış mərasimində
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
rayonun hərtərəfli inkişafından razı
qaldığını qeyd etməklə yanaşı, cəbhə
rayonlarının dövlətin xüsusi diqqət və
qayğısı ilə əhatə olunduğunu
vurğulamışdır. Dövlət
başçısı ilk dəfə olaraq Azərbaycanın
qəsəbəsində belə bir möhtəşəm idman
kompleksinin tikildiyini vurğulamış, bunun Ağdam rayonunda
idmanın inkişafına təkan verəcəyini
demişdir: "İlk dəfədir ki, rayonlarda, kənddə,
- əslində indi qəsəbədir, amma biz kompleksin təməlini
qoyanda Quzanlı kənd hesab olunurdu, - belə möhtəşəm
Olimpiya İdman Kompleksi tikilmişdir. Bu onu göstərir ki,
bölgələrin inkişafı, Azərbaycanın müxtəlif
yerlərində, ən ucqar yerlərində yaşayan
insanların şəraitinin
yaxşılaşdırılması üçün,
müasir infrastrukturun yaradılması üçün
bütün tədbirlər görülür. Biz ölkəmizi
hərtərəfli inkişaf etdiririk. Biz həm ölkəmizdə
ən böyük beynəlxalq yarışları uğurla
keçiririk, həm də idmançılarımız bizi
öz uğurları ilə sevindirirlər, bizim çox
güclü idman potensialımız var, gənc nəsil
yetişir. O cümlədən, Ağdam rayonundan olan idmançılar
həmişə Azərbaycanın idman şöhrətini
yüksəklərə qaldırmışlar. Ağdamın
çox gözəl və güclü idman məktəbi
olmuşdur və indi də var".
Dövlət
başçısı bir daha vurğulamışdır ki, Azərbaycanın
cəbhə bölgələrində yaşayan insanların həyat
səviyyəsinin yüksəldilməsi dövlətin
başlıca məqsədlərindən biri olaraq qalır. Qaçqınların
və məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması istiqamətində qəbul edilmiş qərarlar,
sərəncamlar bu gün uğurla icra edilir. Ötən ilin
sonunda əvvəllər qəbul edilmiş proqramlara əlavələr
göstərir ki, proqramın əsas hissəsi icra
olunmuşdur. Hər il bu məqsədlərə yüz
milyonlarla manat vəsait sərf edilir, yeni qəsəbələr,
şəhərciklər salınır. Təkcə Ağdam
rayonunda 12 qəsəbə salınmışdır və
burada 86 min insan yaşayır.
Səfərdən dərhal
sonra "Ağdam rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" sərəncam dövlət
başçısının hər bir vədinin əməli
işə söykəndiyini növbəti dəfə
nümayiş etdirmişdir. Sərəncamla bu rayona Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsaitin
ayrılması təmin edilmişdir. Bu vəsait sosial-iqtisadi
inkişaf istiqamətində tədbirlərin həyata
keçirilməsinə, o cümlədən
abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə,
əhaliyə göstərilən səhiyyə xidmətinin
yaxşılaşdırılmasına və digər zəruri
sosial məsələlərin həllinə sərf
olunmuşdur.
Dağlıq
Qarabağın azərbaycanlı icmasının hər bir
üzvü kimi, Ağdam sakinləri də dövlət
başçısı İlham Əliyevin istər ordu
quruculuğu, istərsə də münaqişənin sülh
yolu ilə həlli sahəsindəki xidmətlərini birmənalı
dəstəkləyirlər. İnanırıq ki, bu siyasət
ən qısa zamanda Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinin bərpası ilə
nəticələnəcək, məcburi köçkünlər
öz doğma yurdlarına qayıdacaqlar.
Həsən SARIYEV,
Ağdam Rayon İcra
Hakimiyyətinin başçısı
Azərbaycan.- 2009.- 17 iyun.- S. 1, 4.