Qlobal maliyyə böhranı
şəraitində dinamik
iqtisadi inkişaf
Hər bir dövlətin
iqtisadi sahədə qazandığı nailiyyətlər onun
milli təhlükəsizliyinin vacib şərti kimi
çıxış edir. İqtisadi cəhətdən
güclü olmayan dövlətin beynəlxalq miqyasda öz
maraq və mənafeyini, təhlükəsizliyini lazımi səviyyədə
qoruması da mümkün deyildir. Təcrübə göstərir
ki, dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda
duran hədəfləri düzgün müəyyənləşdirən
siyasi liderlər həm də ümumilikdə ölkəsinin
iqtisadi təhlükəsizliyini təmin etməyə nail
olurlar. Bir çox dünya ölkələrində
özünü qabarıq göstərən qlobal maliyyə
böhranının Azərbaycana ciddi təsir göstərməməsi
respublikamızın yeritdiyi iqtisadi siyasətin
düzgünlüyünü, habelə ölkənin və
xalqın milli maraqlarına cavab verdiyini bir daha təsdiqləyir.
Azərbaycanda iqtisadiyyat dinamik
inkişaf edir. Proseslərin
gedişi "böhran ajiotajı"nın respublikamız
üçün geridə qaldığını, bank və
maliyyə sektoruna real təhdid sayıla biləcək ictimai
narahatlığın tamamilə aradan qalxdığını
əminliklə söyləməyə ciddi əsaslar verir. Əhalinin
banklara olan tərəddüdlü münasibəti aradan
qalxıb, tikinti sektorunda yenidən canlanma və fəallıq
müşahidə olunur, sahibkarlara güzəştli kreditlərin
verilməsi əvvəlkindən də daha geniş miqyasda
davam etdirilir. Üstəlik, ipoteka kreditləşməsinin bərpası
respublika rəhbərliyinin uğurlu anti-böhran tədbirlərinin
nəticəsi kimi diqqəti çəkir. Respublikada
manatın məzənnəsinin sabit saxlanması, bank sektorunda
likvidlik probleminin yaranmaması, daxili istehlak bazarına işləyən
müəssisələrin əvvəlki qaydada fəaliyyət
göstərməsi - bütün bunlar maliyyə
böhranının respublika iqtisadiyyatına ciddi təsir
göstərmədiyinə dəlalət edir. Maliyyə
böhranı şəraitində Azərbaycanın
turizm-istirahət komplekslərinin qiymətlərində ciddi fərqlərin
duyulmaması, tələbin azalmaması da böhranın vətəndaşların
maddi durumuna ciddi təsir göstərmədiyindən xəbər
verir.
2009-cu ilin birinci
rübünün sosial-iqtisadi yekunları respublikamızın
qlobal böhrandan ciddi ziyan çəkməyən, əksinə,
iqtisadiyyatını belə şəraitdə də
inkişaf etdirən dövlətlər sırasında
olduğunu göstərir. Xüsusən də real sektorda
inkişaf dinamikasının yüksəlməsi, son illərdə
ilk dəfə olaraq qeyri-neft sektorunun neft sektorunu üstələməsi
hökumətin bu sahədə həyata keçirdiyi səmərəli
islahatların nəticəsidir. Bu, həm də dövlət
başçısının son beş illik fəaliyyətində
iqtisadiyyatın neftdən asılılığının
azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərin
bəhrəsidir. Ölkə rəhbərliyinə gəlişinin
ilk günlərindən Azərbaycanda yerli və xarici
sahibkarların hamisinə çevrilmiş dövlət rəhbərinin
həyata keçirdiyi məqsədyönlü siyasət
hesabına Azərbaycanda real sektor yeni inkişaf dönəminə
qədəm qoymuşdur. İlin ilk rübündə
respublikada iqtisadi inkişafın 4,3 faiz, qeyri-neft sektorunda
artımın isə 13,7 faiz təşkil etməsi diqqətəlayiq
göstəricidir. Əhalinin pul gəlirlərinin və orta
aylıq əməkhaqqının 20 faizdən çox
artması ölkə vətəndaşlarının sosial
rifah halının yüksəldiyini əyani şəkildə
təsdiqləyir.
Azərbaycan Prezidenti
İlham Əliyev XVI Beynəlxalq Xəzər neft-qaz sərgi
və konfransındakı çıxışında Azərbaycanda
qeyri-neft sektorunun yüksək artım sürətini bir daha
razılıqla qeyd etmişdir: "Bu gün iqtisadiyyatın
qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə
irəli gedir. Bu ilin, bütün dünya üçün
böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3
faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil
etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası
nəticəsində, neftdən əldə edilmiş gəlirlərin
səmərəli şəkildə digər sektorlara
investisiya kimi qoyuluşu nəticəsində nail ola
bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı
dayanıqlı iqtisadiyyatdır və əminəm ki,
bütün son illər ərzində əldə edilmiş
iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".
Ümumi daxili məhsulla
yanaşı, Azərbaycanın ixracında artım da xeyli
yüksəlmişdir. Xüsusilə qeyd etmək
lazımdır ki, bu dövrdə ixracın həcmi 1 milyard
492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi
isə 1 faiz azalmışdır. İxracın artımı
eyni zamanda daxildə istehsal potensialının güclənməsi
kimi də xarakterizə edilə bilər. Respublika
iqtisadiyyatına qoyulan investisiyaların həcminin 15 faiz
artması ölkədəki münbit biznes və sərmayə
mühitindən xəbər verir. Dünya ölkələri
arasında məhdud investisiya resursları uğrunda rəqabətin
daha da gücləndiyi bir zamanda Azərbaycanda mövcud olan
siyasi və iqtisadi sabitlik investorların ölkəmizə
marağını əhəmiyyətli dərəcədə
artırmışdır.
70 faizi xarici mənbələrdən
cəlb edilmiş vəsaitlər hesabına həyata
keçirilən və ümumi dəyəri 350 milyon avroya
yaxın olan "Qaradağsement" Səhmdar Cəmiyyətinin
müasir texnologiyalar əsasında yenidən qurulmasına
başlanılması buna əyani sübutdur.
Cari ilin birinci
rübü ərzində istehsal və emal sahələri
üzrə 99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin
9,7 milyon manat məbləğində investisiya layihəsi
maliyyələşdirilmişdir. Ötən ilin müvafiq
dövrünə nisbətən verilmiş kreditlərin məbləği
2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə
artmışdır. Sahibkarların maarifləndirilməsi
işinin təşkili üçün regionlarda Bakı
Biznes Tədris Mərkəzinin filialları
yaradılmış və investisiya layihələrinin tərtib
edilməsi və fondun vəsaitlərindən istifadə
qaydalarına dair Lənkəran, Şəki, Sumqayıt, Horadiz
və Göyçayda seminarlar keçirilmişdir. Bu tədbirlərin
bütün regionlarda mütəmadi olaraq həyata
keçirilməsi biznes fəaliyyətinin ölkənin
inkişaf prioritetlərinə
uyğunlaşdırılmasına, layihələrin keyfiyyətinin
yüksəlməsinə müsbət təsir göstərmişdir.
Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında sahibkarlara güzəştli kreditlərin
verilməsi prosesinin davam etdiriləcəyini bildirmişdir:
"Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək
kreditlərin məbləğini artırdıq. Azərbaycanın
gəlirlərinin müəyyən hissəsini biz neftin
ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar
dünyada neftin qiyməti 3-4 dəfə aşağı
düşmüşdür. Buna baxmayaraq, büdcədən
sahibkarlara kömək məqsədilə ayrılan vəsaitin
həcmi böyük dərəcədə artır. Artıq
bu kreditlər verilməyə başlanmışdır və əminəm
ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr
yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin
hərtərəfli inkişafına öz töhfələrini
verəcəklər".
Hökumət səviyyəsində
həyata keçirilmiş tədbirlər nəticəsində
kənd təsərrüfatı məhsullarının
istehsalı 4,3 faiz, ümumi yükdaşımaların həcmi
1,1 faiz, qeyri-neft yükdaşımalarının həcmi 5
faiz, pərakəndə əmtəə dövriyyəsi 10
faiz, pullu xidmətlərin həcmi 20,5 faiz
artmışdır. İqtisadiyyata inflyasiya təzyiqləri
azalaraq keçən ilin müvafiq dövrü ilə
müqayisədə 8,3 faiz təşkil etmiş, ilin əvvəlindən
isə istehlak qiymətləri indeksi 2,1 faiz
azalmışdır. Cari ilin birinci rübündə dövlət
büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat
olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 537,6 milyon manat və ya 27,1 faiz
çoxdur. Əsas kapitala yönəldilmiş investisiyalar
15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3
faiz artmışdır.
2009-cu ildə Azərbaycanda
qeyri-neft sektorunun dinamik inkişafına şərait yaradan,
özəl sektorun fəaliyyətini stimullaşdıran
addımlardan biri də dövlət əsaslı investisiya
qoyuluşlarının artımı hesabına qlobal
infrastruktur layihələrinin icrasının bütün sahələrdə
uğurla davam etdirilməsidir.
Qlobal maliyyə
böhranının mənfi təsirlərinə məruz
qalsa da, Azərbaycanda ötən illərdən
başlanmış iri infrastruktur layihələrinin
icrasında hansısa geriləmə müşahidə edilməmiş,
işlər əvvəlki ahəngi ilə davam
etdirilmişdir. Ümumilikdə dövlət büdcəsindən
investisiya layihələrinin maliyyələşdirilməsinə
yönəldilən vəsaitlərin həcmi daha da artaraq
rüb ərzində 1 milyard 79 milyon manat təşkil
etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,9 dəfə və ya 521 milyon manat
çoxdur.
Ümumilikdə
respublikamızın uğurla həyata keçirdiyi preventiv tədbirlər
deməyə əsas verir ki, qlobal maliyyə
böhranının cari ildə Azərbaycana ciddi təsiri
olmayacaqdır. Əksinə, ilin ötən dövründə
əldə olunan iqtisadi uğurlar böhranın
respublikamız üçün bundan sonra da ciddi problem
yaratmayacağını əminliklə söyləməyə
əsas verir.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 17 iyun.- S. 1.