Tarix yaradan şəxsiyyət

 

Ulu öndərin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir: "Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!" Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.

Heydər Əliyev Azarbaycan tarixini də, ədəbiyyatını da çox gözəl bilirdi. Çox yaxşı ədəbiyyatşünas, yazıçı ola bilərdi. Bildiyiniz kimi, rəssamlıq sənətinə də böyük həvəsi var idi və gənc yaşlarından rəssamlıqla məşğul olurdu. Çəkdiyi rəsmlər göstərir ki, bu insan doğrudan da, böyük istedad sahibi idi. Uşaqlıq illərində gənc yaşlarında Naxçıvanda məktəbdə oxuyarkən teatrda tamaşalarda çıxış edirdi və özü də ancaq baş rollarda və qəhrəmanlar obrazında. Onun həm xarici görünüşü, həm də daxili aləmi bunu diktə edirdi, səhnədə yalnız müsbət personajları oynayırdı. Bütün bunları ona görə deyirəm ki, bu istedadlı insan istənilən sahədə böyük zirvələrə çata bilərdi. Əgər siyasətlə yox, başqa sahə ilə məşğul olsaydı, o sahədə də ən yüksək zirvələri fəth edəcəkdi.

Azərbaycanda 1993-cü ildə böhran yarananda, bundan əvvəl isə Heydər Əliyevi Naxçıvanda hakimiyyətdən devirmək istəyənlər - ovaxtkı Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin rəhbərləri məcbur olub onu Bakıya dəvət etdilər. Ona görə yox ki, Azərbaycanın xilasının yalnız Heydər Əliyevlə bağlı olduğunu anladılar. Ona görə ki, onların özlərinin həyatı təhlükə qarşısında idi. Çünki onlara qarşı edilən hərəkətlər onları təşvişə salmışdı, bəziləri qaçıb gizlənmişdi, bəziləri isə öz vəzifələrini dondurmuşdular.

1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə 1920-ci ildə yaşamışdıq. O vaxt da Azərbaycan müstəqil respublika kimi cəmi iki il yaşaya bildi.

1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah olundu və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşi xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır. Bu gün bizim dövlət büdcəmiz, icmal büdcə 12 milyard 177 mln. manata yaxındır.

Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı və 1991-ci illərdəki müvəqqəti məğlubiyyət uğursuzluq deyildi.

Əslində, o, yeni güclə, yeni enerji ilə siyası mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışan uğursuz siyasətçilər. Tarixi obyektiv həqiqət, milli faktor - qan-gen yaddaşı və siyasi amil kimi ilk dəfə konseptual şəkildə məhz əsrimizin ikinci yarısından, xüsusən də, hələ sovet müstəmləkəsi əsarətində yaşayan respublikamızın ictimai-siyasi, milli-mədəni həyatında Heydər Əlirza oğlu fenomeni fakta çevriləndən sonra başlayıbdır.

Təfsilata varmadan deyə bilərik ki, siyasi mübarizəsində də, diplomatiyasında da, idarəetmə təcrübəsində də geniş mənada tarixə - yaddaşa, mentalitetə, tarixi keçmişə, mənəviyyat tarixinə Heydər Əlirza oğlu qədər müdrikcəsinə istinad edən ikinci şəxsiyyəti nümunə göstərmək çətindir. Tarix onun üçün heç vaxt yaşanmış keçmiş qürrə, fəxr mənbəyi olmayıb, tarix bütün hallarda onun üçün gələcəyin məktəbi olubdur. Tarixi kifayət qədər peşəkarcasına bilməsi sayəsində Heydər Əlirza oğlu tarixi yaşadan şəxsiyyətlər arasından çıxaraq, tarixi yaradan şəxsiyyətlər sırasına daxil olub.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da uzun müddət milli siyasət müəyyənləşdirilərək həyata keçirilməyib. Milli siyasət dedikdə, çox vaxt etnik tərkibli rəngarəng və zəngin olan ölkələrdən biri kimi, Azərbaycanda millətlərarası münasibətlərin məqsədyönlü tənzimlənməsi başa düşülür. Halbuki milli siyasət millətlərarası münasibətlərin tənzimlənməsi siyasəti anlayışından çox-çox genişdir. Əslində, milli siyasət daha geniş anlayış olan dövlət siyasətini də özündə ehtiva edir. Milli siyasətdə dövlət maraqları da xüsusi nəzərə alınmaqla milli maraqlar ön plana çəkilir.

Azərbaycanda tarixən milli maraqlara daha çox diqqət yetirilib. Epoxal mərhələni əhatə edən müstəqil demokratik dövlətçilik ənənəsi olmayan Azərbaycanda dövlət maraqlarını da milli maraqlar əvəz edib. Milli maraqlar anlayışının tarixi kontekstdə şərti işlədildiyi aydındır. İnsan toplumlarının inkişaf prosesinin klassik təsnifatını (etnos, xalq, millət) əsas götürsək, deyə bilərik ki, hər bir mərhələnin özünəməxsus kompleks maraqları olub.

Qafqazda siyasi sıçrayışlara deyil, sabit hakimiyyətə həmişə böyük hörmət olmuşdur. Məğrur xalqları idarə etmək nə qədər çətin olsa da, ciddi dəyişikliklər dövründə hakimiyyətin başında durmaq ikiqat məsuliyyət tələb edir. Bu mənada yeni tarixdə öz xalqını parçalanmaqdan, əsarətdən, zülmdən və qardaş qırğınından qoruya bilən qəhrəmanlar böyük maraq doğurur.
Qafqaz müxtəlif etnosların, dillərin, adətlərin toplaşdığı regiondur. Bu torpaqda çoxsaylı dillərin mövcudluğu barədə müxtəlif əsatirlər mövcuddur. Onların içərisində Qafqaz əfsanəsi xüsusilə maraqlıdır. Əfsanəyə görə, Tanrı xalqlara dilləri paylayarkən birdən özündə yorğunluq hiss edir və Qafqaz üzərinə bütün qalan dilləri səpir.
Beləcə çox da böyük olmayan bir regionda çoxsaylı dil qrupları meydana gəlir. Bəlkə də ulu Tanrı bununla Qafqazı sınağa çəkdi. Minilliklər ərzində Qafqazda yaşayan xalqlar gah bir-birilə dostluq edir, gah vuruşur, gah da barışırdı. Nəhayət, yenidən onların üzərində göylər parçalandı və yalnız dağ çayları deyil, insan qanları və göz yaşlarından ibarət çaylar axmağa başladı.

Hər şey üç slavyan qardaşın - rus Yeltsin, ukraynalı Kravçuk, belorus Şuşkeviç və zəif iradəli Qorbaçovun qələmindən çıxmış imza ilə başladı. Tanrı tərəfındən Qafqaza verilmiş seçim hüququ işğalçılıq hüququna çevrildi.

Milli təmizləmə və terror aktları başlandı. Kimdəsə qədim tarixini yada salmaq və qədimliyini, böyüklüyünü sübut etmək istəyi baş qaldırdı və bu səs-küy altında ayrılmaq, öz müstəqilliyini müəyyənləşdirmək arzuları oyandı. Əgər dünyadakı mövcud altı mindən artıq böyük və kiçik xalqlar öz müstəqilliklərini qurmaq yolunu seçsəydilər, o zaman yəqin ki, dünya məhv olardı. Bəs ermənilərə bu nə üçün lazım idi? Axı, ermənilər artıq bir dəfə öz müqəddəratlarını müəyyənləşdirərək erməni dövlətini qurmuşdular. Dağlıq Qarabağda yaşayan ermənilərə ikinci bir erməni dövləti yaratmaq nəyə lazımdır? Əslində, bu necə mümkün ola bilər? Axı, orada azərbaycanlılar, ruslar və yəhudilər də yaşayır. Məgər onda onlar da öz müqəddəratlarını müəyyənləşdirməlidirlər?

Heydər Əliyev öz yeni dövlətini on il idarə etdi. Minilliklər tarixi olan uca Qafqaz zirvəsindən baxarkən bu on il kiçik bir andır. Lakin bu an böyük şanlı yolun ilk addımıdır. Azərbaycan və bütünlükdə Qafqaz yüzilliklərlə yaşı olan əzəmətli bir çinara bənzər məhz belə bir liderə ehtiyac duyurdu və o, taleyin qismətilə hakimiyyətə gəldi. Hündür-boylu, qamətli, cazibədar, möhkəm xarakterə malik, mədəni azərbaycanlı, sarsılmaz iradəyə və müdrikliyə malik bir insan. O, Qafqaz üçün son dərəcə ağır bir zamanda hakimiyyətə gələrək elə işlər görə bildi ki, bunu heç kim görə bilməzdi. O, müharibəni dayandırdı, insan qanı axıdılmasının qarşısnı aldı, insanlara ləyaqət hissini və milli hörməti qaytardı.

O, taleyin və zamanın hökmü ilə tarixin yeni mərhələsində bütün çətinliklərə səbr və təmkinlə qalib gələ biləcək bir insan, bir lider idi. XX əsrdə buna heç kim nail ola bilməmişdir.

Heydər Əliyev dünyanın bütün prezidentlərindən fərqlənirdi. Qoca Qafqazın oğlu olaraq o, Qafqaz xalqlarının həyatına böyük ustalıqla təsir edə bildi. Bütün dünyanı özü ilə hesablaşmağa vadar etdi. Təbiət onu böyük müdriklik və unikal hafızə ilə mükafatlandırmışdı. Heydər Əliyevi tez-tez bu və ya digər dünya səviyyəli siyasətçi ilə müqayisə edirdilər. Lakin o, heç kimə bənzəmirdi. Heydər Əliyev elə Heydər Əliyev idi.

Bir dəfə Sov.İKP MK-nın Siyasi Bürosuna Türkiyə rəhbərliyi adından bolqar hakimiyyət orqanlarının türkləri öz ad və familiyalarını zorla dəyişməklə bağlı bir etiraz məktubu daxil olmuşdu. Siyasi Büroda məktubu oxuyan Qorbaçov deyir: Bu, "Bolqarıstanın daxili işidir və biz müstəqil dövlətin daxili işlərinə qarışa bilmərik" və gündəlikdə duran digər məsələlərin müzakirəsinə keçmək istəyir. Birdən Heydər Əliyev buna qarşı çıxır və deyir: "Macarıstan və Çexoslovakiyadakı hadisələri biz nədənsə onların daxili işləri hesab etmədik. Söhbət bolqar türklərinə qarşı zorakılıqdan getdikdə biz nədənsə bunu "onların daxili işi" hesab etdik. Belə bir ikili standart bizə yaraşarmı?"

Heydər Əliyev ölkə üçün son dərəcə ağır bir zamanda hakimiyyətə gələrək Azərbaycana rəhbərlik edirdi. Onun siyasi təcrübəsi və müdrikliyi gənc ölkə üçün gənc ailəyə nəsildəki böyüklərin müdafıəsi və təcrübəsinin zəruriliyi qədər vacibdir.

Xalq Cəbhəsi hakimiyyətdə olarkən yaşadığımız həyəcanlı dövrlər unudulmayıb. Ölkədən böyük axın var idi. Azərbaycanlılar, ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, avarlar köçürdülər. Azərbaycanda stabillik pozulmuş, qeyri-müəyyənlik hökm sürürdü.

Cəmi bir neçə ildən sonra hər şey dəyişdi... 1995-ci il. 500-dən artıq ailə Azərbaycana qayıtdı. Keçmiş hərbçi V.Şatskonun məktubundan bir parça: "Hörmətli Heydər Əliyev, biz ailəliklə ömrümüzün ən yaxşı illərini Bakıda yaşamışıq, Azərbaycanı və onun mehriban xalqını sevmişik. Ona görə bu ölkəni tərk etmişdik ki, sabaha inam itmişdi, qorxu və ümidsizlik hakim idi. Biz qayıtmaq istəyirik, ona görə ki, indi Siz Prezidentsiniz. Siz bizim evin sahibisiniz. Və biz Sizinlə birlikdə yeni, çoxmillətli Azərbaycanı qurmaqla xoşbəxt olacağıq..."

Fikrimcə, bu məktubda Azərbaycanın ozamankı taleyi öz əksini tapıb. Geri dönən ailələr - stabillik və inamın simvolu, Prezidentə və onun siyasətinə inamın təzahürü idi.

Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Heydər Əliyev milli birlik ideyasını irəli sürdü. O, hesab edirdi ki, yalnız bu yolla ölkəni böhrandan çıxarmaq mümkündür. Onun səmimiliyinə milyonlarla vətəndaş əmin idi. Onlar Heydər Əliyevi hələ Sovetlər dövründən dahi beynəlmiləlçi kimi tanıyırdılar.

Həmin dövrdə milli problemlər də meydana gəlirdi və millətlərarası sülhü pozmağa çalışan qüvvələr də var idi. Lakin Heydər Əliyev gərginliyi azaltmaq üçün vasitələr tapırdı.

Respublikaların rəhbərləri onun müdrik məsləhətlərinə qulaq asar və təşəbbüslərinə qoşulardılar. Özünə inamın gücü, qabiliyyəti, hər bir milliyyətə mənsub insanlara hörmət və məhəbbəti ilə ən mürəkkəb problemləri həll edə bilirdi.

Ermənistan-Azərbaycan münasibətləri millətlərarası sülhün pozulmasına təhlükə olaraq qalırdı. Öz çirkin məqsədləri üçün Qarabağ probleminin ortaya atılması isə böyük partlayış üçün nüvə idi və bu partlayış bir neçə dəfə faciələrə gətirib çıxarmışdı.

1969-cu ilin iyulunda respublika rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə mövcud problemi tamamilə başqa bir səviyyəyə - Azərbaycan-Ermənistan arası problemlər səviyyəsinə qaldırdı.

Dağlıq Qarabağın iqtisadiyatı yüksək sürətlə inkişaf etməyə başladı. Böyük sənaye müəssisələri yaradıldı, üç dildə - erməni, azərbaycan və rus dillərində tədris olunmaqla pedaqoji institut açıldı, sosial-mədəni sferaya lazımi diqqət yetirildi.

Mədəni əlaqələr fəal inkişaf edirdi. İki qonşu respublikanın elm və mədəniyyət nümayəndələrinin görüşləri, festivalları keçirildi. Məhz bu illərdə Azərbaycan incəsənət xadimlərinin Ermənistanın idman meydançalarında böyük konsertləri oldu. Heydər Əliyevin Ermənistanın zavod və fabriklərində fəhlələrlə, tarlalarda kəndlilərlə, alimlərlə görüşləri keçirildi. Ona qulaq asır, hörmət edir və qiymətləndirirdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ermənistandakı heç bir siyasi qüvvə Qarabağ kartını oynatmaqla məqsədinə nail ola bilmədi. Yalan və ya uydurmalarla onlar bir metr də olsun, torpağı zəbt edə bilmədilər. Axı, əvvəlki onilliklər ərzində onlar buna nail ola bilmişdilər. 1918-ci ildən başlayaraq Ermənistanın xeyrinə 30 min kvadratkilometr sahə ayrılmışdı. Bütün bunlar Heydər Əliyevə qədər və ya ondan sonra mümkün olmuşdu.

Müdrik siyasətlə o, erməni ideologiyasını sarsıda bilirdi. Qarabağ müharibəsinə təhrik Ermənistan üçün heç də asan olmadı. Sadə təbliğatla xalqı ekstremist cəhdlərə sövq etmək heç də asan başa gəlmirdi. Qonşu xalqla dinc yanaşı yaşamaq istəyində olan insanlarda nifrət və düşmənçilik hissini oyatmaq üçün onlara Sumqayıtda öz erməni qardaşlarının qanını axıtmaq lazım gəldi.

Heydər Əliyevin Moskvada işləyərkən Qafqaz xalqları arasında beynəlmiləl tərbiyə sahəsindəki məhsuldar fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edirdi. Ermənistan ideoloqlarının Qarabağa kütləvi hücum etməyə cəsarətləri çatmırdı. Yalnız Heydər Əliyev Siyasi Bürodan gedəndən bir neçə gün sonra akademik Aqanbekyanın fitnəkar bəyanatı meydana çıxdı. İfrat millətçilər Qarabağ kartından açıqcasına istifadə etməyə başladılar.

Hətta Qarabağ qırğını başlayandan sonra belə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyev milli siyasətdə öz prinsiplərini dəyişmədi. Şəxsi nüfuzu hesabına o, Naxçıvanı xilas edə, ərazisini qoruya bildi, Ermənistanla sərhəd boyunca atəşkəsə nail oldu. Erməni hərbi hissələrində qulluq edən zabitlərdən biri sərhəddəki mübahisəli məsələlərlə əlaqədar hərbçilərin növbəti görüşündə demişdi: "Digər istiqamətlərdə əsl müharibə gedir. Burada isə biz sizinlə sülhdəyik. Əgər bizim də belə bir ağsaqqalımız olsaydı, yəqin ki, bir-birimizə güllə atmaq əvəzinə ümumi dil tapardıq".

Heydər Əliyevin beynəlmiləlçi fenomenliyini onun həyatında, Azərbaycanın tarixində və tərbiyəvi mühitində axtarmaq lazımdır. Tarixən Azərbaycan öz qonaqpərvərliyi ilə, müxtəlif dinlərə dözümlülüyü ilə, müxtəlif xalqların adət-ənənələrinə hörməti ilə seçilib. Məhz belə bir atmosferdə gələcək Prezident dünyaya göz açmış, böyümüşdür.

Moskva dövründə Heydər Əliyevlə bir yerdə işləmək şərəfinə nail olmuş hər bir şəxs daxili bir razılıqla bu dövrü xatırlayır. Ona uzaq Sibirdə və isti Özbəkistanda, Ukraynada və Moldovada, Latviya və Estoniyada böyük hörmət var idi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyev harada olursa-olsun, hansı problemi həll edirsə-etsin, hər yerdə onu sadə xalq və rəhbərlik böyük hörmətlə qarşılayırdı. İnsanları özünə cəlb etmək bacarığına malik bu insan milli xüsusiyyətlərə hörmətlə yanaşmaqla hər yerdə ehtiramla hərəkət edirdi. O öz işini yaxşı bilirdi.

Heydər Əliyev nəhəng bir ölkənin mühüm sosial-iqtisadi kompleksinə rəhbərlik edirdi. Onun fəaliyyətində millətçiliyə uyğun adicə bir işarə də yox idi. O, 15 İttifaq nazirliklərinin kuratoru olmaqla bərabər, Baykal-Amur magistralının tikintisinə cavab verir, səhiyyə, təhsil, mədəniyyət sahəsindəki proqramları təkmilləşdirirdi. Onun işi hər yerdə uğurla alınır və hər yerdə həmfıkirləri var idi.

Moskvadakı işi dövründə Heydər Əliyev Sovet İttifaqını şimaldan cənuba və qərbdən şərqə gəzmişdi. Dəfələrlə ölkənin müxtəlif ərazilərindəki ekstremal şəraitlə üzləşməli olmuşdu.

Nazirlər Soveti sədrinin birinci müavini respublikalarda şəraiti diqqətlə öyrənir, onların problemlərini araşdırır, sosial-iqtisadi problemlərin həlli yolunda konkret kömək göstərir, kütlələrlə beynəlmiləl iş təcrübəsini yayır və Siyasi Büroda dəfələrlə milli məsələlərlə bağlı strateji ideyalar verirdi. Sonralar bu ona Baş katib M.S.Qorbaçovun fəaliyyətinə qiymət vermək hüququ verirdi: "Millətlərarası siyasətdə yol verilən çox ciddi səhvlər bir sıra respublikalarda faciəli vəziyyətə gətirib çıxardı. Alma-Ata (Almatı), Tbilisi, Fərqanə, Bakı, Yeni Uzen, Oş, Pribaltika respublikalarında baş verən hadisələr respublikaların suveren hüquqlarına qarşı atılan addımlar ilə bağlı idi."

Kim bilir, əgər Siyasi Büro o zamanlar Heydər Əliyevin məsləhətlərinə diqqətlə yanaşsaydı, onun təcrübəsindən istifadə etsəydi, hadisələr necə cərəyan edəcəkdi?! Bunun əvəzinə o, siyasi həyatdan təcrid olundu. Onu Qorbaçovun əlaltıları təqib etməyə başladılar və hər vəchlə Bakıda fəal fəaliyyət göstərməsinə mane oldular.

Heydər Əliyev və Mixail Qorbaçov - bunlar siyasi mübarizə meydanında yalnız milli və dini əksqütblər deyildilər. Bu əksqütblülük professional xarakterə malik idi. Qorbaçov - zəifiradəli, qorxaq idi və lider deyildi. O, məsuliyyətdən qaçmağı bacaran, işləyənlərin arxasında gizlənən adam idi. Heydər Əliyev isə əməlinə görə lider idi, ağıllı, praqmatik, nüfuzlu, güclü şəxsiyyət idi. Bunu Qorbaçov hiss etməyə bilməzdi.

Əgər bu iki insanın keyfiyyətlərini müqayisə etsək, açıq demək lazımdır ki, Heydər Əliyevin fundamental təfəkkürü, insana hörmətli münasibəti və digər əxlaqi keyfıyyətləri Qorbaçov üçün əlçatmaz idi.

Məgər Heydər Əliyev dostlarını milli əlamətlərə görəmi seçirdi? Heç vaxt. MDB-nin bütün ərazisində onun yüzlərlə, minlərlə dostları, həmfıkirləri, tərəfdarları vardır ki, bu gün də onlar Heydər Əliyevlə bu münasibətdən məmnun olduqlarını bildirirlər. Məgər Heydər Əliyev kadrları milli tərkibə görəmi seçirdi? Heç vaxt. Onun üçün başlıca meyar - professionallıq, işə sədaqət, işgüzarlıq idi. Bu isə Qorbaçovun kadr siyasəti ilə daban-dabana zidd idi.

Y.Andropovun ölümündən sonra hakimiyyət uğrunda mübarizə başladı. Baş katib vəzifəsi üçün müxtəlif familiyaların adı səslənirdi. Siyasi Büronun bəzi üzvləri bu vəzifəyə Heydər Əliyevin gəlməsini istəyirdi. Lakin ona qarşı Qorbaçovun irəli sürdüyü əsas arqument - milliyyət məsələsi ilə bağlı oldu.

Heydər Əliyev Siyasi Büroda yeganə azərbaycanlı, müsəlman idi. Qorbaçov açıqca bəyan edirdi: "Hər bir halda kim isə slavyan olmalıdır".

Moskva dövründən sonra müstəqil Azərbaycanda da Heydər Əliyev beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Azərbaycanda 20-dən artıq xalq, milli azlıq, etnik qruplar yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər. Bu ölkədə elə milli azlıqlar vardır ki, onlar sayca cəmi bir neçə min nəfəri özündə birləşdirir və kompakt olaraq yalnız bu ölkədə yaşayırlar.Bu etnik qruplardan hər hansı birinin itirilməsi əslində, bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Belə bir təhlükə onlar üçün Azərbaycanda varmı? Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də, bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaların, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün Azərbaycan radio verilişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, udin, xınalıq və digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasətinin davam etdiyini təsdiq edir.
Respublikanın müxtəlif rayonlarında kompakt yaşayan azlıqların öz dillərində təhsil alması xüsusi əhəmiyyət kəsb edir. Udin, talış, ləzgi, tat məktəblərində I-IV siniflər üzrə dərslər milli dillərdə keçirilir. Təqdirəlayiq haldır ki, milli azlıqlar tərəfındən yaradılmış mədəniyyət mərkəzləri dövlət tərəfındən müdafiə olunur.

Ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanması yalnız elmi deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

Quba rayonu ərazisində yerləşən Xınalıq, Buduq, Qnız, Xapıt kimi, Qəbələ rayonu ərazisində yerləşən Nic kimi, İsmayıllı rayonu ərazisində yerləşən Lahıc və İvanovka kimi, Zaqatala rayonu ərazisində yerləşən Katex və Əliabad kimi, Lerik rayonu ərazisində yerləşən Qosmolyan kimi azsaylı xalqların yaşayış məskənləri açıq səma altında etnoqrafik muzeylərə və turist marşrutlarına çevrilə bilər.

Azərbaycan çoxmillətli ölkədir. Burada hətta ən azsaylı millətlərin nümayəndələri belə, icmalarda birləşə, öz mədəniyyət, dil və adətlərini inkişaf etdirə bilərlər. Onlar heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycanda üç əsas dini cərəyan - islam, xristianlıq və iudazm qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir.

Misal üçün, Qəbələ rayonunda azsaylı udin xalqı yaşayır. Onların öz həyat tərzi və tarixləri vardır. Bu millətin nümayəndələri deyirlər: "Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik".

Bu gün Azərbaycanda ölkənin bütün milli spektrlərini birləşdirən çoxsaylı təşkilat və cəmiyyətlər mövcuddur. Rus icması, ukrain, ləzgi, avar, üç yəhudi, tatar, lak və digər mədəni mərkəzlər fəaliyyət göstərir. Onların hər biri öz mədəniyyət və məişətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bərabər imkanlara malikdirlər. Yığcam yaşayış məskənlərində ana dilində dərslər keçirilir, qəzetlər buraxılır, radio və televiziyada efır vaxtları ayrılır.

Bu təşkilatların içərisində rus icması daha böyükdür. Tarixən iki xalq - ruslar və azərbaycanlılar böyük rəğbətlə bir-birinə münasibət göstərmişlər. Vaxtilə Rusiyadan Azərbaycana köçürülən ruslar bu ərazidə məskunlaşaraq özlərinə yeni Vətən qazanmışlar.

Ruslar böyük bir xalq kimi köçürülmə hərəkəti ilə Şərqdə Sakit okeana, Cənubda isə Altay və Tyan-Şana qədər bir əraziyə yayılmışlar. Rusların Zaqafqaziyaya, xüsusilə də, Azərbaycana köçürülməsi də böyük fəallıqla həyata keçirilmişdir.

Azərbaycan ərazisində ilk rus yaşayış məskənləri XIX əsrin 30-cu illərində meydana gəlmişdir. Bunlar əsasən çar hökuməti tərəfindən sürgün edilmiş və ya Rusiyanın cənub vilayətlərindən könüllü olaraq köçüb gəlmiş malokanlar, duxoborlar, subbotniklər olmuşdular.

İcmaların bütünlüklə köçürülməsinə Azərbaycandakı şərait imkan yaradırdı. Burada həmişə qonağa böyük hörmət olmuş, "əcnəbilərə", başqa təriqətdən olanlara təəccüb doğuracaq dözümlülük olmuşdur.

1833-1843-cü illər ərzində Rusiyadan köçürülənlər tərəfındən 30-dan artıq yaşayış məskəni, o cümlədən Altıağac, Çuxuryurd, Mərəzə, bir qədər sonra isə Astraxanovka, Andreyevka, Slavyanka kəndləri salındı. XIX əsrin sonu XX əsrin əvvəllərində rus hökumətinin Azərbaycana köçürmə siyasəti daha da fəallaşdı.

Azərbaycan ərazisində bu gün də rusların kompakt yaşayış məskənləri qorunmaqdadır. Onlardan ən böyüyü İsmayıllı rayonundakı İvanovka kəndidir ki, burada 3 min nəfərdən artıq rus yaşayır. Nikitinin adını daşıyan və N.J.Minnikovun rəhbərlik etdiyi kolxoz isə respublikadakı ən stabil təsərrüfat olaraq qalır.

Ruslar Azərbaycan millətinin tərkib hissəsi kimi iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı payını vermişlər. Bakı neftçisi Nikolay Konstantinoviç Baybakovun həyatı buna bariz nümunədir. Vaxtilə o, Azərbaycan neft kompleksində rəhbər vəzifələrdən birini tutmuş, Neft sənayesi Xalq Komissarı, sonra SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur.

Azərbaycan Prezidenti N.K.Baybakovun səmərəli fəaliyyətini unutmamış və 1995, 1998, 1999-cu illərdə onu Azərbaycanda şəxsən qəbul etmişdir. Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə N.K.Baybakov "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

MDB sammitlərinin birinin yekunları barədə keçirilən mətbuat konfransında Heydər Əliyev demişdi: "Azərbaycandakı ruslar mənim dostlarımdır..." Bu sözlər Azərbaycanda yaşayan hər bir millətə aid edilə bilər.

Ruslara gəldikdə isə, həyati misallar bunu təsdiq edir. Ölkələrimizin bütün tarixi boyu ilk dəfə olaraq rus provaslav kilsəsinin başçısı, Moskva və Ümumrusiya Patriarxı II Aleksey Azərbaycana səfər etdi. Bu tarixi səfər bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti respublikada yaşayan rus vətəndaşlarına, pravoslav xristianlara necə böyük diqqət və qayğı göstərir.

Rus mədəniyyətinin və rus dilinin qorunması, məktəblərdə rus dilində dərslərin tədris olunması, Bakı Slavyan Universiteti kimi unikal tədris müəssisəsinin yaradılması, rus dilində qəzet və jurnalların nəşri, Bakı şəhərində A.S.Puşkinin abidəsinin ucaldılması və sairə tədbirlər bütünlükdə Prezidentin demokratik cəmiyyət quruculuğundakı səmərəli milli siyasətini bir daha təsdiq edir.

Bir neç il əvvəl Bakıda rus mətbuatının V Ümumdünya konqresi keçirilərkən rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi inkişaf etdirilməsi qərara alınmışdı. Konqres iştirakçılarının əksəriyyəti qeyd edirdi ki, Azərbaycanda rus dili özünə möhkəm dayaq tapmışdır və bu uğura Azərbaycan Prezidentinin müdrik siyasəti səbəb olmuşdur. Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə azərbaycan və rus dillərində keçirilir. Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.

Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, "Qafqazın Atası" adını verdi.

 

 

Mixail Zabelin,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 2.