RAGT Moskvada "Qanın milliyyəti yoxdur" xeyriyyə aksiyası keçirmişdir

 

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) "Qanın milliyyəti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirmişdir.

RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) Azərbaycanlı Gənclər Klubunun dəstəyi ilə artıq ikinci ildir "Qanın milliyyəti yoxdur, həyat bəxş elə - donor ol!" devizi altında qanvermə xeyriyyə aksiyası keçirir. Aksiya paytaxtın ali məktəblərindəki azərbaycanlı tələbə klublarının iştirakı ilə Seçenov adına MTA-nın həmyerlimiz Əliheydər Rəhimovun başçılıq etdiyi kliniki hematologiya və transfuziologiya kafedrasında keçirilmişdir. Təxminən 100-dək azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan vermişlər. Bu il ilk dəfə aksiyaya Çuvaş Respublikasının və Kirov vilayətinin azərbaycanlı gənclər təşkilatlarının nümayəndələri də qoşulmuşlar.

Aksiya hər il iyunun 14-də qeyd olunan Ümumdünya Qan Donoru gününə həsr edilmişdir.

Xeyriyyə aksiyasının təşkilat komitəsınin üzvləri RAGT-ın sədri Leyla Əliyevaya məktub göndərərək gənclərin təşəbbüsünü dəstəklədiklərini və aksiyanın təşkili üçün minnətdarlıqlarını bildirmişlər.

Xeyriyyə aksiyasının keçirilməsində Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak etmişlər.

 

 

A.HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.