"Təhsil haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə
çıxarılmışdır
"Təhsil
haqqında" qanun layihəsi iyunun 16-da Milli Məclisin Elm və
təhsil komitəsinin iclasında üçüncü
oxunuşda müzakirə olunmuşdur.
Komitənin sədri
Şəmsəddin Hacıyev demişdir ki, müzakirələrdə
Təhsil, Ədliyyə, Müdafiə, Səhiyyə, Xarici
İşlər nazirliklərinin, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının və digər
dövlət qurumlarının nümayəndələri
iştirak edirlər.
Komitə sədrinin
sözlərinə görə, "Təhsil haqqında"
qanun layihəsinin parlamentdə ikinci oxunuşda müzakirəsindən
sonra işçi qrupuna təhsil, səhiyyə, ədliyyə,
maliyyə və digər bir sıra əlaqədar qurumlardan
çoxsaylı rəy və təkliflər daxil olmuşdur. İşçi
qrupu bu təklifləri diqqətlə öyrənmiş,
onların böyük əksəriyyəti layihədə əksini
tapmış və sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Bu gün ölkədə
strateji sahələrdən sayılan təhsilin
inkişafına yönəldilmiş 16 dövlət
proqramı həyata keçirilir deyən komitə sədri əlavə
etmişdir ki, əldə olunan nailiyyətlər mövcud
qanunvericilik bazasını geridə qoymuşdur. Odur ki, mükəmməl
qanuna ehtiyac vardır.
"Təhsil
haqqında" qanunun qəbulu bu sahədə hüquqi prosesləri
tənzimləməklə yanaşı, təhsilin gələcək
inkişafına təkan verəcəkdir.
Təhsil naziri Misir Mərdanov
qanunda beynəlxalq olimpiada qaliblərinin ali məktəbə
imtahansız qəbul olunmasını, eyni zamanda, orta məktəbdə
qızıl və gümüş medalın tətbiqini
stimullaşdırıcı hal kimi xarakterizə etmişdir.
Milli Məclis Sədrinin
müavini Bahar Muradova layihənin ikinci oxunuşunda müzakirəsindən
sonra ötən müddət ərzində sənəd üzərində
səmərəli iş aparıldığını qeyd
etmişdir.
Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın
rektoru Hafiz Paşayev, Milli Məclisin deputatı Əli Əhmədov
və digər çıxış edənlər qanunun qəbulunu
zəruri sayaraq bildirmişlər ki, növbəti mərhələdə
təhsilin ayrı-ayrı pillələri, sahələri
üzrə yeni hüquqi normativ sənədlər
hazırlanacaqdır.
Qeyd olunmuşdur ki,
üçüncü oxunuşa təqdim olunan layihədə
ciddi dəyişikliklərdən biri təhsil müəssisələri
ilə bağlıdır. Bununla əlaqədar 14-cü maddədə
göstərilir ki, təhsil müəssisələri dövlət,
bələdiyyə və özəl mülkiyyət
növünə ayrılır. Sənəddə dövlət
təhsil müəssisələrinə lisenziya müddətsiz,
özəl və bələdiyyə təhsil müəssisələrinə
5 il, təsisçisi xarici vətəndaşlar olan təhsil
müəssisələrinə isə 3 ildən az olmayaraq
müddətə nəzərdə tutulmuşdur.
Layihədə deyilir ki,
məktəbəqədər təhsil üç yaşdan
başlayır. Beş yaşlı uşaqlar üçün
məktəbə hazırlıq zəruridir.
Ümumi təhsil
ibtidai, ümumi orta, tam orta təhsil pilləsində müəyyənləşmişdir.
İcbari təhsil ümumi orta təhsilə endirilib və
burada müddət göstərilməmişdir. Ali təhsil
isə bakalavr, magistratura və doktorantura pillələrinə
ayrılır.
Müzakirələr
zamanı deputatlar qanun layihəsinin ayrı-ayrı maddələri
ilə bağlı rəy və təkliflərini
bildirmişlər.
Sonda qanun layihəsi
parlamentin müzakirəsinə tövsiyə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.