Almaniyanın Azərbaycanın Ədliyyə nazirlikləri arasında hüquq sahəsində qarşılıqlı əməkdaşlığa dair birgə bəyanat imzalanmışdır

 

Almaniyanın federal ədliyyə naziri Brigitta Tsüpriesin dəvəti ilə nazir Fikrət Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyəti Almaniyada rəsmi səfərdə olmuşdur.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Berlində gənclər və yeniyetmələr üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsinin iş təcrübəsi ilə tanış olmuş, rəhbərliklə fikir mübadiləsi aparmışdır.

Nümayəndə heyətinin üzvləri Brandenburq əyalətinin paytaxtı Potsdam şəhərində müasir avadanlıqla təchiz edilmiş Ədliyyə Mərkəzində olmuş, mərkəzdə yerləşən əyalət konstitusiya məhkəməsi, əyalət məhkəməsi, əyalət prokurorluğunun və Potsdam şəhər məhkəməsinin rəhbərləri ilə görüş keçirmişlər. Görüşdə Brandenburq əyalətinin hüquq sistemi və iş təcrübəsi barədə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Sonra nümayəndə heyəti Potsdam şəhəri ilə tanış olmuş, məşhur Potsdam konfransının keçirildiyi binaya baş çəkmişdir.

Səfər çərçivəsində Almaniyanın federal ədliyyə naziri B.Tsüpries ilə keçirilmiş görüşdə hər iki nazirlik arasında hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Görüşdə Azərbaycanın ədliyyə sahəsində kadrlarının Almaniyada hazırlanması, ixtisasının artırılması, notariusların və məhkəmə icraçılarının Almaniyada təcrübə keçməsi məsələlərinə dair qarşılıqlı razılaşmalar əldə olunmuşdur. Bu ilin noyabrında bir qrup hakimin və notarius işçisinin Almaniyaya səfəri planlaşdırılır.

Sonda nazirlər Almaniyanın Federal Ədliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında hüquq sahəsində qarşılıqlı əməkdaşlığa dair hüquqi sənədi - Birgə Bəyanatı imzalamışlar.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.