Azərbaycanın
şimal-qərb zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna
aid olan Şəkinin ərazisi 2,43 kvadratkilometr, əhalisi 168
min nəfərə yaxındır. Bir şəhər, iki qəsəbə
və 68 kənddən ibarət olan qədim Şəkinin sənayesinin
əsasını ipəkçilik, yeyinti məhsulları,
toxuculuq, tikinti materialları, kənd təsərrüfatını
isə taxılçılıq,
üzümçülük, tütünçülük,
heyvandarlıq, meyvə və giləmeyvə istehsalı təşkil
edir. Ölkəmizin şimal-qərbində, Böyük Qafqaz
dağlarının cənub yamacında, dəniz səviyyəsindən
632 metr yüksəklikdə yerləşən Şəkinin ərazisindən
3 əsas çay keçir: Kiş, Şin, Daşağıl
çayları. Bol su ehtiyatı, normal rütubət
balansı, məhsuldar torpaqları, zəngin meşə
örtüyü var. Füsunkar təbiəti, nadir
tarix-memarlıq abidələri ilə Şəki Azərbaycanın
mühüm turizm regionu sayılır.
Öz əsrarəngiz
gözəlliyi və qədimliyi ilə nə qədər
diqqət çəkən olsa da, "Şəki"
sözünü eşidən kimi, ilk öncə göz
önünə onun mehriban, gülərüz, qonaqpərvər
insanları gəlir. Bu insanlar ilk ünsiyyətdəncə həmsöhbətlərinin
qəlbində yer almağı bacarırlar. Şəkidə
və şəkililər arasında insan heç vaxt
darıxmır, özünü yad kimi hiss etmir. Bu keyfiyyət də bir çox
dəyərlər kimi,
ulu Yaradanın şəkililərə bəxşişidir.
Məhz bunun nəticəsidir ki, Şəkinin elə bir günü yoxdur ki, qonaq-qarasız olsun. Qonaqlar da yaxın-uzaq ellərdən gəlir, daha doğrusu, dünyanın hər yerindən bura üz tutanlar
olur. Təsadüfi deyildir ki, bir
çox beynəlxalq tədbirlər üçün
də məkan kimi Şəki seçilir. Sözsüz ki, qonaqpərvərlikdən,
ürək genişliyindən
əlavə, Şəkinin
son dövrlər sosial-iqtisadi və tikinti-quruculuq işləri
baxımından xeyli inkişaf etməsi, yeni iş yerlərinin
açılması, insanların
gün-güzəranının
yaxşılaşdırılması da əsas amillərdəndir.
Bir məqamı qeyd etmək yerinə düşər ki, tədbirlərdən
KİV əməkdaşları kənarda qalmır. Xüsusi vurğulamaq istərdik ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Nazim İbrahimovun, onun təhsil, səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini,
KİV-lə əlaqəyə
məsul Zərinə
Cavadovanın mətbuat
işçilərinə diqqəti,
hər hansı bir informasiya üçün operativ reaksiyaları bir çox rayonlara örnək ola bilər.
Regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramından irəli gələn vəzifələr Şəkinin
də hərtərəfli inkişafına təkan
vermişdir. Həmişə geniş iqtisadi imkanları və
bu imkanlardan səmərəli istifadə etmək təcrübəsi
ilə fərqlənən rayonda belə ənənələr
indi də uğurla davam etdirilir. Bölgəyə səfəri
çərçivəsində Şəkidə olarkən
ölkə Prezidenti İlham Əliyev demişdir: "Şəkidə
çox böyük quruculuq işləri aparılır. Şəhər
gözəlləşir, öz tarixi simasını saxlamaqla
müasirləşir, abadlaşır, yeni məktəblər
tikilir, mədəniyyət ocaqları, küçələr
abadlaşır. Yəni Şəki belə yaxşı
inkişaf edir. Mən buna çox sevinirəm. Amma istəyirəm
ki, bu inkişaf daha da sürətlə getsin və
insanları narahat edən bütün məsələlər
öz həllini tapsın".
Ölkə Prezidentinin
tövsiyələrindən sonra görülən işlərin
sürəti daha da artmış, bir çox məsələlərin
həlli ilə bağlı mühüm tədbirlər
görülmüşdür. Bunu həmsöhbətlərimiz
də təsdiqlədi.
Nazim İbrahimov, Şəki Şəhər İcra Hakimiyyəinin
başçısı: - Möhtərəm Prezident İlham Əliyevin
daxili siyasətinin əsas istiqamətlərindən biri də
sahibkarlığın inkişaf etdirilməsidir. Nazirlər
Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş geniş
iclasında çıxış edən cənab Prezident
İlham Əliyev demişdir: "İndiyədək
Sahibkarlığa Kömək Milli Fondu, yəni dövlət
tərəfindən yerli sahibkarlara 400 milyon dollara qədər
kredit resursları verilibdir. Böyük məbləğdir.
Artıq bu ildən o kreditlərin bir hissəsi
qayıdacaqdır və hesab edirəm ki, o qayıdan vəsait
yenidən kredit şəklində, amma daha da böyük həcmdə
ölkə iqtisadiyyatına yatırılmalıdır. Biz bu
yolla sahibkarları dəstəkləyəcəyik. Həm də
kredit resurslarımız daha da artacaqdır".
Cənab Prezidentin
çıxışından sonra bu məqsədlə Şəkidə
sahibkarlarla müxtəlif görüşlər
keçirilmiş, onlar arasında maarifləndirmə işləri
aparılmış, qarşıya çıxan problemlərin
həllində yaxından kömək göstərilmişdir.
Qlobal İqtisadi
Araşdırmalar Mərkəzi İqtisadi İnkişaf
Nazirliyinin dəstəyi ilə Şəki şəhərində
sahibkarlar üçün "Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına
üzvlüyünün özəl sektor üçün səmərəliliyi"
mövzusunda seminar keçirilmişdir. Tədbirdə
Ümumdünya Ticarət Təşkilatının prinsipləri,
bu təşkilata daxilolmanın ölkə, xüsusilə də
özəl sektor üçün faydası və digər məsələlər
müzakirə olunmuşdur. Azərbaycan Dövlət
İqtisad Universiteti, Şəki Şəhər İcra
Hakimiyyəti və şəhər bələdiyyəsinin
birgə təşkilatçılığı ilə Şəkidə
"Qlobal maliyyə böhranı və regional inkişafda
yeni strategiyalar" mövzusunda regional elmi-praktiki konfrans
keçirilmişdir.
Ötən il rayonda
iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan
məhsul və xidmətlərin ümumi məbləği 205
milyon 636 min manat olmuşdur. Bu göstərici 2007-ci ilə
nisbətən 38,2 faiz, 2003-cü illə müqayisədə
isə 3,8 dəfə çoxdur. Ötən il Şəkidə
6571 yeni iş yeri açılmışdır. Həmin
iş yerlərindən 679-u daimi, 5892-si müvəqqəti və
mövsümi iş yerləridir. Ümumiyyətlə,
2003-cü il oktyabr ayının 1-dən 2009-cu il yanvarın
1-nə kimi, rayonumuzda 26073 yeni iş yeri
açılmışdır. Bunun 5538-i daimi iş yerləridir.
2008-ci ildə Şəkidə
illik istehsal gücü 2 milyon kv. metr olan yeni istehsal müəssisəsi
- tikinti-quraşdırma işlərində geniş tətbiq
olunan Sendviç panelləri istehsal edən müəssisə
fəaliyyətə başlamışdır. Burada istehsal
olunan məhsullar böyük zavod və fabriklərin,
iritutumlu soyuducuların, anbarların, idman və turizm komplekslərinin,
kotteclərin, villaların tikintisində istifadə oluna bilər.
Sevil İsmayılova,
"Şəki-İpək" ASC-nin Həmkarlar Təşkilatının
sədri:
- Rayonumuzun ən iri
istehsal müəssisəsi olan "Şəki-İpək"
ASC-də yeni sahənin, pambıq sapəyirmə sexinin
quraşdırılması başa çatmışdır. İllik
istehsal gücü 1700 ton pambıq sap olan bu sexdə 120 nəfər
daimi işlə təmin olunmuşdur. Bu günlərdə
müəssisədə yeni, daha keyfiyyətli xam ipək
istehsal edən baramaçan dəzgahlar
quraşdırılaraq istifadəyə verilmişdir. Çin
Xalq Respublikasından gətirilən bu avadanlıqlar məhsulun
keyfiyyətini yüksəltməklə yanaşı, burada
çalışan insanların əməyinin də
yüngülləşdirilməsinə şərait
yaratmışdır.
Nazim İbrahimov: -
Rayonumuzda ötən illərdə olduğu kimi, bu ildə kənd
təsərrüfatının mövcud sahələrinin
müasir elmi nailiyyətlər əsasında inkişaf
etdirilməsi, məhsul istehsalının
artırılması, özəl bölmənin daha da
genişləndirilməsi diqqət mərkəzində
saxlanılmış, ərzaq təhlükəsizliyi məsələlərinin
prioritet əhəmiyyətə malik olduğu nəzərə
alınaraq aqrar sahənin inkişafı üçün
bütün zəruri tədbirlər
görülmüşdür. Taxılçılığın,
üzümçülüyün, meyvəçiliyin
inkişafına diqqət artırılmışdır.
Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən
birini heyvandarlıq təşkil edir. Bizim üçün
olduqca sevindirici haldır ki, cənab Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva Şəkiyə səfərləri
çərçivəsində sentyabrın 19-da rayonumuzun ən
iri heyvandarlıq müəssisəsi olan
"Aqro-İndastri" MMC-nin süd emalı zavodunun
açılışında iştirak etmişdir. Şəki-Oğuz
yolunun kənarında 70 hektar ərazidə yerləşən
müasir tipli heyvandarlıq kompleksinin inşasına
2006-cı ildən başlanmışdır. Ümumi dəyəri
7,28 milyon avro olan kompleksdə damazlıq və
südçülük sahəsi, pendir zavodu və mal-qara
üçün yem istehsalı sexi mövcuddur. Kompleksə
Hollandiyadan yüksək məhsuldarlığı olan 660
baş cins inək gətirilmiş, mexanikləşdirilmiş
tövlələr tikilmişdir. İcarəyə
götürülmüş 400 hektara yaxın ərazidə
heyvanlar üçün zəngin yem ehtiyatı
yaradılmışdır. Gün ərzində müəssisədə
15 min litr süd istehsal olunmuşdur. Möhtərəm
Prezident bütün Cənubi Qafqazda ən iri heyvandarlıq
kompleksi olan bu müəssisədə görülən
işləri yüksək qiymətləndirmiş, bölgələrdə
bu cür müəssisələrin yaradılmasının
xüsusi əhəmiyyətə malik olduğunu
bildirmişdir.
Çələbixan qəsəbəsi
yaxınlığında inşa olunan üzüm emalı
müəssisəsinin fəaliyyətə başlaması
üzümçülüyün inkişafına əhəmiyyətli
şəkildə təsir göstərəcək. "Aqroinvestkom"
MMC-nin inşa etdiyi şərab zavodunun tikintisi artıq
başa çatmaq üzrədir. Zavodun ümumi dəyəri
7 milyon avrodur. 4 hektar ərazini əhatə edən zavodda
üzüm emalı sexi, inzibati bina və yardımçı
tikililər inşa edilmişdir. Zavodda İtaliyanın
"Bella Doffola SPA" şirkətinə məxsus 4,9 milyon
avro dəyərində ən müasir texnoloji avadanlıqlar
quraşdırılmışdır. Müəssisə ildə
2 min ton üzüm emal etmək gücünə malik
olacaqdır.
Cəyirli kəndinə
yaxın ərazidə axan Əlicançay üzərində
inşa edilən su bəndi və 14 km uzunluğunda kanal
istismara verilmək ərəfəsindədir. Bunun nəticəsində
rayonun uzun illər quraqlıq problemi ilə üzləşən
4 min hektardan artıq sahəsinin suvarılması
mümkün olacaqdır. Eyni zamanda, həmin ərazidə
yerləşən bir sıra kəndlərin içməli su
ilə təchizatı daha da yaxşılaşacaqdır.
Zərinə Cavadova,
Şəki Şəhər İcra Hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət
məsələləri üzrə müavini: - Azərbaycan
Prezidentinin xüsusi sərəncamına əsasən
"Ümumtəhsil məkəblərinin əsaslı təmiri
və yeni məktəb binalarının tikintisi üzrə
Dövlət Proqramı" çərçivəsində
şəhər 10 saylı orta məktəbinin əsas korpusu
və şəhər 3 saylı orta məktəbin binası əsaslı
təmir olunaraq şagirdlərin istifadəsinə
verilmişdir. Aydınbulaq kəndində 220 şagird yerlik,
Kosalı və Aşağı Kəldək kəndlərinin
hər birində isə 80 şagird yerlik yeni məktəb
binaları tikilərək istifadəyə verilmişdir. Yaxın
günlərdə Baş Göynük və Kiçik Dəhnə
kəndlərinin hər birində 640 yerlik, Dərəcənnət
kəndində 240 şagird yerlik məktəblər istifadəyə
veriləcəkdir. Növbəti illərdə Şəkidə
14 yeni məktəb binasının tikilməsi, 42 məktəbin
əsaslı təmir olunması nəzərdə
tutulmuşdur.
Şəkidə turizm
infrastrukturunun yaradılması istiqamətində də
mühüm işlər görülmüşdür. Burada hər
il 70 min nəfər turizm xidmətindən istifadə edir ki,
onların da 2 min nəfərini xarici turistlər təşkil
edir.
Turizmin inkişafı
rayon iqtisadiyyatının inkişafına, əhalinin işlə
təmin olunmasına, nəqliyyat, rabitə, ticarət xidmətinin
yüksəlməsinə güclü təkan vermişdir. İndiyədək
"Ümid", "Şəki safarisi", "Cənnət
bağı" turizm istirahət mərkəzləri istifadəyə
verilmiş, Fazıl kəndində yerləşən "Təpəbaşı"
nekropolunda son tamamlama işləri başa
çatdırılmışdır. Bu nadir mədəniyyət
abidəsi artıq şəhərimizin turizm marşrutuna daxil
edilmişdir.
Nazim İbrahimov: - Bu il
Şəki Regional Aqroservis və Təchizat bazasında iki iri
həcmli anbar binasının, 12 min ton tutumu olan regional
gübrə anbarının, meyvə-tərəvəz
saxlanması üçün soyuducu anbarın, tutumu 10 min ton
olan taxıl anbarının, tutumu 5 min ton olan 2 tərəvəz
saxlama kamerasının inşası, ildə 3 min ton hind
toyuğu əti, 4,5 ton broyler, 100 min ədəd yumurta istehsal
edən Şəki Quşçuluq Kompleksinin
yaradılması, eyni zamanda, atçılıq, ovçuluq
turizm komplekslərinin inşasına başlanılması nəzərdə
tutulmuşdur.
Söhbətin sonunda
Nazim İbrahimov xüsusi vurğuladı ki, Şəkidə
son illər ərzində bütün sahələrdə əldə
edilən uğurlar bu il də davam etdiriləcək, yeni
nailiyyətlərin qazanılması üçün
qarşıya qoyulan vəzifələr layiqincə yerinə
yetiriləcəkdir.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 17 iyun.- S. 5.