Milli Qurtuluş Günündə
Zaqatalada silsilə tədbirlər keçirilib
Milli Qurtuluş
Günü Zaqatalada da geniş bayram tədbirləri ilə
qeyd olunmuşdur. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri
və qonaqlar Heydər Əliyev parkında ulu öndərin
abidəsini ziyarət etmiş, abidənin önünə əklil
və tər çiçəklər düzmüşlər.
"Milli Qurtuluş
Günündən başlanan inkişaf" mövzusunda
keçirilmiş elmi-praktik konfransda rayon icra hakimiyyətinin
başçısı Asif Əsgərovun məruzəsi dinlənilmişdir.
Məruzədə 1993-cü ilin iyun hadisələri zamanı
ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın
parçalanma təhlükəsindən xilas edilməsi naminə
fədakarlığından
danışılmışdır. Qeyd edilmişdir ki,
hazırda Azərbaycan ulu öndərin müəyyənləşdirdiyi
inkişaf strategiyasına uyğun olaraq böyük
uğurlara qovuşmaqdadır.
Milli Qurtuluş
Günü ərəfəsində rayonda bir çox yeni
obyektlərin açılışına həsr olunmuş mərasimlər
də keçirilmişdir. Zaqatala şəhərinin mərkəzində
"Azərpoçt" Dövlət Müəssisəsinin
rayon filialının yeni inşa olunmuş inzibati
binasının açılışı olmuşdur. Dövlət
vəsaiti hesabına yeni inşa edilmiş bu ikimərtəbəli,
15 otaqdan və əməliyyat zalından ibarət binada
müasir avadanlıqlar quraşdırılmış, əhaliyə
yüksək səviyyədə xidmət göstərmək
üçün hər cür şərait
yaradılmışdır. Tədbirdə "Azərpoçt"
Dövlət Müəssisəsinin baş direktoru Qəmbər
Bəybalayev də iştirak etmişdir.
Rayonda Mamrux kəndində
ümumi sahəsi 135 kv.metr olan, 5 otaqdan ibarət yeni istifadəyə
verilmiş həkim ambulatoriyası Səhiyyə Nazirliyi tərəfindən
müasir inventarlarla təmin edilmişdir.
Qımır kəndində
isə dövlət büdcəsi hesabına yeni inşa
olunmuş 220 şagird yerlik məktəb binasının
açılış mərasimi keçirilmişdir. 1930-cu
ildən fəaliyyət göstərən Qımır kənd
orta məktəbinin qəzalı vəziyyətdə olan
köhnə binasının yerində qısa müddət ərzində
11 sinif otağı, fizika və kimya kabinetləri, komputer
otağı, idman və iclas zalları və bufeti olan
müasir məktəb binası tikilmiş və hər
cür lazımi avadanlıqlala təchiz edilmişdir.
Tədbir
iştirakçıları büdcə vəsaiti hesabına əsaslı
təmir olunmuş mərkəzi rayon xəstəxanasının
açılışına da qatılmışlar. Yüksək
səhiyyə xidməti üçün burada hər cür
şərait yaradılmışdır. Səhiyyə naziri
Oqtay Şirəliyev açılış mərasimində
iştirak etmişdir.
"Tac"
şadlıq sarayının və "SİTİ SENTER"
ticarət mərkəzinin açılışı da
zaqatalalılara sevinc bəxş etmişdir. Qeyd etmək yerinə
düşər ki, bu obyektlərdə 150 nəfər işlə
təmin olunmuşdur.
Bütün
açılış mərasimlərindəki
çıxışlarda bir fikir xüsusi
vurğulanmışdır ki, Milli Qurtuluş Günündən
başlanan möhtəşəm inkişaf yolu ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir.
T.Nəzərli
Azərbaycan.- 2009.- 17 iyun.- S. 5.