Arpanı sütül, buğdanı ötür

 

Kombayn dənizdə üzən gəmini xatırladır. İrəlilədikcə taxıl zəmisində cığır açırdı. Biçilən yerlə biçilməyən sahə arasında təzad yaranırdı. Bir hissə torpaq görünən sahə, digər tərəf isə qurşaqdan yuxarı olan taxıl zəmisi.

Torpaq mülkiyyətçisi Tağı Xankişiyev yavaş-yavaş kombaynın arxasınca addımlayaraq biçinə nəzarət edirdi. Bizi görcək sahənin kənarına gəldi. Görüşüb hal-əhval tutduqdan sonra Allahın bol ruzi yetirdiyindən razılıq etdi. Dedi ki, bu il taxılçılıq üçün çox uğurlu oldu. Payızda əkindən sonra, yazda - aprel ayının birinci ongünlüyündə yağan yağışlar sahələrin muradını verdi. Bol məhsul yetişib.

Söhbətimizin bu yerində "Niva" kombaynı sahənin qırağında dayanan lafetə yan aldı. Telman: "Məni bağışlayın, taxılın boşaldılmasına kömək edib gəlirəm" - deyib bizdən uzaqlaşdı. Kombayn yükünü boşaldaraq yenidən sahəyə girdi. Sonra qayıdaraq bildirdi ki, dolu dənlərdir. Yəqin bir bunker 2 tondan aşağı gəlməyəcək.

Telmangil dədə-babadan əkinçilik və heyvandarlıqla məşğuldur. Elə buna görə də rayonda, yaşadıqları Bəydili kəndində hamı onları halal ailə kimi tanıyır. Hazırda Tağı, Nağı, Zakir qardaşları birlikdə fermer təsərrüfatı yaradıblar. Bu ilin məhsulu üçün keçən ilin payızında 60 hektar sahəyə taxıl əkiblər. Bundan 60 hekratı arpa, 40 hektarı buğdadır. Qardaşlar dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına, habelə buğda əkib - becərənlərə edilən güzəştlərdən bəhrələnərək taxıl istehsalına diqqəti artırmışlar. Bu il hər hektardan azı 40 sentner məhsul götürməyi planlaşdırıblar.

Amma fermer məhsulun aşağı qiymətə satıldığını, keçənilki məhsuldan hələ 30 ton qapısında qaldığını da dedi. Qayğılı halda bildirdi ki, builki məhsulu necə edəcəklərini bilmirlər. İndi arpanın 1 kiloqramını 7 - 8 qəpikdən yuxarı qiymətə götürmürlər. Bu isə çəkilən xərci ancaq ödəyir.

Biləsuvar rayonu üzrə keçən ilin payızında 29 min 26 hektara taxıl əkilmişdir. Ondan 18 min 177 hektarı buğda və 10 min 849 hektarı arpadır. Fermer və torpaq mülkiyyətçiləri gərgin zəhmət bahasına bol məhsul yetişdirmişlər. Rayonda bir neçə gündür ki, arpa biçilir. Hamı öz məhsulunu vaxtında və itkisiz yığmaq üçün gün çıxandan batana kimi sahələrdə çalışır. Yığımla əlaqədar rayonda qərargah yaradılmışdır. 70 kombaynın hər birinin səmərəli, fasiləsiz işləməsi, biçinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 6.