İmişli sənaye şəhərinə
çevrilir
2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı 2-ci Dövlət
Proqramında nəzərdə tutulan genişmiqyaslı tədbirlərin
icrasına İmişli rayonunda mütəşəkkilliklə
başlanmışdır. Dövlət Proqramının
birinci mərhələsi uğurla yekunlaşmış
İmişlinin siması ötən 5 ildə əsaslı
şəkildə dəyişmişdir.
Bölgədə fəaliyyətə
başlayan yeni zavodların, iri istehsal və emal müəssisələrinin
hesabına rayonun sənaye potensialı müqayisəolunmaz dərəcədə
artmış, əhalinin yüksək maaşlı iş yerləri
ilə təminatı sahəsində böyük uğurlar əldə
edilmişdir.
Aydan-aya dəyişən
bu diyarda abadlıq, quruculuq işləri bu gün də davam
etdirilir. Dövlət Sosial Müdafiə Fondu İmişli
rayon şöbəsi üçün yeni inzibati binanın bu
günlərdə açılış mərasimi
keçirildi, Sarıxanlı kənd 2 saylı orta məktəbi
üçün yüksək zövqlə müasir tələblərə
cavab verən yeni bina inşa olundu, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsi və Qaz
İstismarı İdarəsi üçün yeni inzibati
binaların tikintisi başa çatdırıldı. Rayon gənclərinin
böyük maraqla gözlədikləri Olimpiya İdman
Kompleksinin tikintisi isə sürətlə davam edir.
İmişlidə
sahibkarlığın inkişafı üçün
münbit və əlverişli şərait yaradılmışdır.
Dövlət səviyyəsində göstərilən
qayğı və diqqətin sayəsində özəl sektor
inkişaf edir. Cari ilin birinci rübündə rayon
iqtisadiyyatının əsas sahələri üzrə
qeyri-dövlət sektorunun payının 96,3, həmin göstəricinin
kənd təsərrüfatı, tikinti, ticarət və nəqliyyatda
99,9, sənayedə 94 faiz olması bunu təsdiqləyir.
İmişlidə aqrar
bölmənin inkişafı da diqqət mərkəzindədir.
Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına güzəştlərin olunması
kəndlini torpağa möhkəm bağlayıb. Kəndli
torpaqdan daha çox qazanc götürmək və bu hesaba ailəsinin
firavan həyatını təmin etmək üçün
qüvvə və bacarığını əsirgəmədən
çalışır. Torpaq isə çəkilən zəhməti,
axıdılan alın tərini heç vaxt bəhrəsiz
qoymur. Bu ilin məhsulu üçün 19.143 hektar sahədə
taxıl əkilmişdir və artıq zəmilərdə
taxıl biçininə başlanmışdır. İlk
günlərin nəticələri deməyə əsas verir
ki, bu il İmişlidə rekord miqdarda taxıl istehsal olunacaq.
Yetişdirilmiş məhsulun tez və itkisiz
yığılması üçün geniş imkanlar var. Kifayət
qədər texnika cəmləşən rayon
"Aqroservis" müəssisəsində kəndlərdən
gələn sifarişlərə operativ əməl olunur.
Dövlətin
qayğısı, rayonda həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində rayon əhalisinin həyat
tərzi, dolanışıq səviyyəsi
yaxşılaşır. Prezidentin 20 iyun 2007-ci il tarixli sərəncamına
əsasən Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən bu il Muradallı, Məzrəli,
Yalavac, Qulubəyli, Qaradonlu, Qaraqaşlı,
Xoşçobanlı, Xubyarlı, Göbəktala,
Cavadxanlı kəndlərində modul tipli su təmizləyici
qurğular quraşdırılaraq əhalinin istifadəsinə
verilmişdir. Otuziki, Şahverdili, Telişli, Qaravəlli, Məmmədli
və Cəfərli kəndlərində isə belə
qurğuların quraşdırılması ilin sonunadək
reallaşacaq.
Qulubəyli kəndinin
ağsaqqal sakini Sadatxan Əzizov:
- Bu gün Azərbaycanın
sosial-iqtisadi cəhətdən sürətlə inkişaf
etdiyini gündəlik həyatımızda görürük. Doğma
İmişli son bir neçə ildə elə sürətlə
dəyişib ki, onu tanımaq olmur.
Dəyişən təkcə
rayon mərkəzinin görkəmi deyil. Həyat tərzimiz də
dəyişir. Elektrik enerjisinin böyük fasilələrlə
verilməsi son zamanlaradək ən böyük problem idi. İndi
bu sahədə korluğumuz yoxdur. Rayon mərkəzinə
verilən təbii qaz artıq kəndlərə ayaq
açıb. Bizi ən çox sevindirən isə təmiz
su həsrətimizə son qoyulmasıdır. Bu ilin əvvəllərində
kəndimizdə quraşdırılmış sutəmizləyici
qurğunun açılış mərasimi əsl el şənliyinə
çevrildi. Bəlkə də kənd camaatı heç vaxt
belə sevinməmişdi. Ömrümün çox hissəsini
yaşamışam. Amma bütün bu işlər
ömrümə ömür calayır.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 17 iyun.- S. 6.