Polşa Seyminin deputatları Azərbaycanın Avropaya inteqrasiyasını Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirirlər

 

Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vieslav Voda iyunun 16-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovla görüşmüşdür.

Valeh Ələsgərov Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası və digər məsələlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açmış, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Bildirilmişdir ki, Azərbaycan Polşa ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.

Polşa nümayəndə heyətinin rəhbəri Vieslav Voda Azərbaycanda ilk dəfə olduqlarını, ölkəmizin onlarda xoş təəssürat yaratdığını və burada gedən inkişafdan məmnun qaldıqlarını bildirmişdir. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini demiş, ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduğunu qeyd etmişdir.

Vieslav Voda Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, Avropaya inteqrasiyasını, Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirmişdir.

Sonra görüşdə Avropa enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal miqyaslı neft və qaz layihələri, Azərbaycan-Polşa əlaqələrinin inkişaf perspektivləri, parlamentlərarası işçi qruplarının fəaliyyətinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.