Polşa Azərbaycan ilə əlaqələrin
hərtərəfli inkişafında
maraqlıdır
Ə.Əhmədov Azərbaycan
ilə Polşa arasındakı dostluq əlaqələrinin
tarixindən danışmış, müstəqilliyini bərpa
etdikdən sonra münasibətlərimizin daha da dərinləşdiyini
bildirmişdir. O demişdir ki, bu cür səfərlər bizi
daha da yaxınlaşdırır, əməkdaşlığımızın
dərinləşməsinə xidmət edir.
YAP sədrinin müavini
- icra katibi daha sonra Azərbaycanda həyata keçirilən islahatlar,
iqtisadi siyasət, əldə olunan uğurlardan söz
açmışdır. Bildirilmişdir ki, indi ölkəmiz
regionda həyata keçirilən layihələrin həm təşəbbüskarı,
həm də əsas iştirakçısıdır. Azərbaycan
Avropanın enerji təhlükəsizliyi məsələsində
də mühüm rol oynayır.
Sonra Əli Əhmədov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, problemin həlli ilə bağlı rəsmi
Bakının ədalətli mövqeyi barədə qonaqlara ətraflı
məlumat vermiş, Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyi
üçün Polşa tərəfinə minnətdarlığını
bildirmişdir.
Polşa-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Vieslav Voda demişdir ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra sürətlə
inkişaf edir, regionun və Avropanın enerji təhlükəsizliyində
mühüm rola malikdir. Polşada da Azərbaycana böyük
maraq vardır. Səfərin əsas məqsədi ölkələrimiz,
xüsusən də parlamentlər arasında münasibətləri
inkişaf etdirməkdir.
Hazırda hər iki
müstəqil dövlətin münasibətlərinin
genişləndirilməsinə böyük ehtiyac vardır. Bunun
üçün siyasi partiyalar arasında da əməkdaşlıq
müsbət nəticə verə bilər.
Qonaq Azərbaycana
xüsusi rəğbət bəslədiyini
vurğulamış, Polşa Seymində Azərbaycan üzrə
işçi qrupunun rəhbəri seçilməsinin də
bununla bağlı olduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan Vieslav
Voda demişdir ki, Polşa Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
münaqişənin tezliklə ədalətli həllinə
nail olunacağına inanır.
Görüşdə
parlamentlərarası əlaqələrin inkişaf perspektivləri,
deputatlarımızın beynəlxalq təşkilatlarda
prinsipial məsələlərdə eyni mövqedən
çıxış etmələrinin vacibliyindən söz
açılmış, qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 4.