Azərbaycan-Polşa münasibətləri
inkişaf edir
İyunun 16-da Milli Məclisdə
Azərbaycan-Polşa parlamentlərarası əlaqələr
üzrə işçi qrupun və beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin
üzvləri ölkəmizdə səfərdə olan
Polşa Seyminin nümayəndə heyəti ilə
görüşmüşlər.
Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri,
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov ölkələrimizin tarixi əlaqələrindən
söz açaraq demişdir ki, azadlığın dəyərini
yaxşı bilən Polşa deputatları bütün beynəlxalq
təşkilatlarda Azərbaycanın mövqeyini, ərazi
bütövlüyünü dəstəkləyirlər. Bu
gün Azərbaycan ilə Polşanı bir-birinə
bağlayan tellər yalnız enerji resursları ilə əlaqədar
deyil, daha dərin köklərə malikdir. Mənəvi cəhətdən
yaxın olan xalqlarımız bir-birinin ədəbiyyatına,
incəsənətinə böyük maraq göstərir,
tanınmış ədiblərimizin dəyərli bədii əsərləri
tərcümə edilir. Bakı Slavyan Universitetində polyak
dili fakültəsi fəaliyyətdədir.
Görüşdə
Polşa Seymi nümayəndə heyətinin rəhbəri
Vieslav Voda Azərbaycanda keçirdikləri görüşlər
barədə xoş təəssüratlarını
bölüşmüş, paytaxt Bakının
arxitekturasında həmvətənlərinin dəst-xəttinin
duyulduğunu qürurla qeyd etmişdir. O bildirmişdir ki,
Polşa dövləti Azərbaycanla daha möhkəm, daha
yaxşı əlaqələr qurmaqda maraqlıdır. Rəsmi
Varşava Azərbaycanın qarşılaşdığı
problemə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə həssaslıqla yanaşır və
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
tərəfdardır.
Görüş
zamanı hər iki parlamentin nümayəndələri əməkdaşlığın
inkişafına dair fikir və mülahizələrini
bölüşmüşlər. Qeyd olunmuşdur ki, parlamentlərarası
əlaqələr qanunvericilik fəaliyyətini də əhatə
etsə daha faydalı olar, həmvətənlərimizin
bir-birini daha yaxşı tanıması üçün turizm
əlaqələrinin inkişafı xeyli səmərə verər.
Söhbət zamanı
qarşılıqlı maraq doğuran bir sıra məsələlərə
toxunulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.