İyunun 16-da Bakıda
NATO həftəsi çərçivəsində "Azərbaycan
hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrində
aparılan islahatların Avratlantik məkanına inteqrasiyada
rolu" mövzusunda konfransı işə
başlamışdır.
İkigünlük
konfrans Türkiyənin Azərbaycandakı səfirliyinin və
NATO-nun dəstəyi ilə Azərbaycan
Hüquqşünasları Konfederasiyası və Avrasiya
Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil
olunmuşdur.
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynov bildirmişdir ki, bu il Azərbaycanın
NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulmasının 15 ili tamam olmuşdur. Ötən
müddətdə Azərbaycan bu proqram çərçivəsində
NATO-nun tədbirlərində fəal iştirak etməklə
yanaşı, fərdi proqramlar üzrə çox iş
görmüşdür. NATO-nun Fərdi Tərəfdaşlığın
Əməliyyat Planı (FTƏP) çərçivəsində
isə 250-dək tədbir həyata keçiriləcəkdir.
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç Cənubi Qafqaz və Xəzər
dənizi regionlarında təhlükəsizliyin ölkəsinin
xarici siyasətinin tərkib hissəsi olduğunu
bildirmişdir. Diplomat Türkiyənin Azərbaycan Silahlı
Qüvvələrinin NATO standartlarına
uyğunlaşdırılmasında rolundan danışaraq
vurğulamışdır ki, Hərbi Doktrinanın qəbulu
bu prosesi sürətləndirəcəkdir.
Ölkəmizdə Hərbi
Doktrinanın qəbulunun NATO standartları üçün
vacib olduğunu deyən H.Kılıç bildirmişdir ki,
Türkiyə Azərbaycanın demokratikləşməsini və
Avratlantik məkanına inteqrasiyasını dəstəkləyir.
Səfir demişdir ki,
Azərbaycanın NATO ilə əməkdaşlığını
gücləndirmək məqsədilə təsdiq etdiyi FTƏP-də
də nəzərdə tutulduğu kimi, Silahlı Qüvvələrin
mülki orqanın nəzarəti altında olması ordunun səmərəliliyini
artırır və təyin olunmuş əsas vəzifələri
daxilində fəaliyyət göstərməsinə imkan
verir.
NATO-nun Cənubi Qafqaz
üzrə məsul zabiti Zbiqnev Rıbatski isə Azərbaycanın
Fərdi Tərəfdaşlığın Əməliyyat
Planında fəal iştirak etdiyini vurğulayaraq
bildirmişdir ki, bu plana uyğun olaraq ölkəmizdə
strateji sənədlərin hazırlanması prosesi gedir. Silahlı
Qüvvələr NATO standartlarına
uyğunlaşdırılır. Bu kontekstdə Azərbaycanda
hərbi təhsilə, kadrların hazırlanmasına və
idarəetmə məsələlərinə xüsusi diqqət
yetirilir.
Rumıniyanın ölkəmizdəki
səfiri Nikolaye Ureke qeyd etmişdir ki, cari ilin yanvarında Azərbaycan
ilə NATO arasında əlaqələndirici dövlət
missiyasını üzərinə götürən
Rumıniyanın əsas vəzifəsi Bakını Şimali
Atlantika alyansı ilə yaxınlaşdırmaqdır. Müasir
şəraitdə təhlükəsizlik yalnız hərbi
göstəricilərdən asılı deyil, kütləvi
qırğın silahlarının yaradılması
texnologiyasının terrorçular tərəfindən
öyrənilməsi, narkotik
qaçaqmalçılığı, qanunsuz miqrasiya və s.
zəmanəmizin digər əsas təhdidləri
sırasında nəzərə alınmalıdır.
Konfransın iyunun 17-də
keçiriləcək əsas hissəsində Milli Təhlükəsizlik
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Silahlı
Qüvvələr və Daxili Qoşunların NATO ilə əməkdaşlığı
mövzusunda məruzələr olacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 4.