BMT Baş katibinin müraciəti yayılmışdır

 

17 iyun Ümumdünya Səhralaşma və Quraqlığa Qarşı Mübarizə Günüdür. Bu münasibətlə BMT Baş katibi Pan Gi Munun müraciəti yayılmışdır.

Müraciətdə xatırladılır ki, səhralaşma, quraqlıq və torpağın deqradasiyası Yer səthinin üçdəbir hissəsinə təsir edir. Bu, 1 milyard insanın firavan həyat tərzinin və inkişafının təhlükə qarşısında olması deməkdir. Uzunmüddətli səhralaşma, aclıq və artan yoxsulluqla üzləşən bir çox insanların yeganə seçimi başını götürüb qaçmaqdır. Hesablamalara görə, dünyada təxminən 24 milyon ekoloji məcburi köçkün vardır. Ötən 40 il ərzində dünyada münbit torpaqların üçdəbir hissəsi münbitlikdən məhrum olmuş və tərk edilmişdir.

Müraciətdə tələb olunur ki, biz, xüsusi olaraq, kənd təsərrüfatı təcrübəmizi və su ehtiyatlarından istifadə qaydalarını bir daha nəzərdən keçirməli, bu sahədəki boşluqları aradan qaldırmalıyıq. Heyvanların qidası olan dənli bitkilərə və bioloji yanacağa artmaqda olan tələbat, habelə bu tükənən ehtiyatların qeyri-müvafiq idarə edilməsi onları təzyiqə məruz qoya bilər.

Təəssüflə qeyd edilir ki, hazırda qlobal istehlak və istehsal nümunələri davamlı deyil. Bu, 2008-ci ildə şahidi olduğumuz kimi, qlobal ərzaq böhranı, o cümlədən davamlı olaraq səhralaşma, torpağın deqradasiyası və quraqlıqla nəticələnəcək. Ona görə də dekabr ayında iqlim dəyişkənliyi ilə bağlı ümumi razılaşmanın imzalanması məqsədilə Kopenhagendə keçiriləcək toplantıda dünya liderləri cavab tədbiri müəyyən edə bilərlər. Qlobal istiləşmənin səviyyəsini aşağı sala biləcək hərtərəfli və ədalətli razılaşma inkişafda olan ölkələrə kömək etməlidir.

Baş katib müraciətinin sonunda səhralaşmanın və quraqlığın maneəsiz inkişafı nəticəsində yarana biləcək təhlükəsizlik risklərini tanımağa çağırır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 4.