Azərbaycanın sürətli inkişafına heyran qaldıq

 

Ötən həftə Azərbaycanda Qətər dövlətinin mədəniyyət günləri keçirildi. Teatr və konsert salonlarında, mədəniyyət mərkəzlərində, muzeylərdə və sərgi salonlarında azərbaycanlı sənətsevərlər Qətər xalqının folkloru, musiqisi, adət-ənənələri və başqa sənət nümunələri ilə yaxından tanış oldular. Qətərdən gələn nümayəndələr arasında mədəniyyət işçiləri ilə bərabər, iqtisadçılar, neft mütəxəssisləri də var idi. Onlar dost Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Belələrindən biri iqtisadçı doktor Xalid Yusif idi. Aşağıda müxbirimizin ondan aldığı müsahibəni dərc edirik:

- Qətər kiçik ərəb dövlətidir. Azərbaycanla müqayisədə yaşayış şəraitimiz, iqlimimiz fərqli olsa da, biz bir-birimizə yaxın olan dinbir, mənəvi dəyərləri oxşar olan dost xalqıq.

Azərbaycanda bizi mehriban qarşıladılar. Burada olduğumuz bir neçə gündə Azərbaycanda gördüklərimizə heyran qaldıq. Musiqiniz, rəssamlığınız, folklorunuz gerçəkdən də mükəmməldir. Yəqin ki, bunlar bizim bir neçə gün içərisində gördüklərimizin hamısı deyil. Hər xalqın belə zəngin musiqisi, mədəniyyəti, folkloru olmur. Xalq musiqiləriniz, muğamlarınız çox dərindir, orada bütün Şərq var.

- Siz iqtisadçısınız. Odur ki, Qətərin iqtisadi vəziyyəti barədə fikrinizi bilmək oxucularımız üçün də maraqlı olardı.

- Bizim əsas gəlirimiz və istehsal sahəmiz neft və qazdır. Ölkəmizin ümümi qazancının 65 faizini neft və qaz təşkil edir. Qətər neft istehsal edən ölkələr birliyinin üzvüdür. Bundan başqa, ölkəmiz Ümumdünya Ticarət Təşkilatının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və bir çox beynəlxalq qurumların da sırasında yer alıb.

Qətərin əhalisi iki milyona yaxındır. Ancaq ölkəmizdə xarici şirkətlər, bu şirkətlərdə çalışan çoxlu əcnəbi vətəndaş var. Biz çalışırıq ki, ölkəmizə işləməyə gələnlər daha çox mütəxəssislər olsun.

- Söhbət mütəxəssislərdən düşmüşkən, azərbaycanlı neftçilərin təcrübəsi dünyaya örnəkdir. Bunu bütün dünya bilir. Ölkəmizdə ilk dəfə neft 1872-ci ildə sənaye üsulu ilə çıxarılıb. Özü də bir ildə 16 quyudan 4 milon pud.

- Çox maraqlı faktdır. Mən də elə fikrimi onun üzərinə gətirmək istəyirəm ki, bizə Azərbaycandan da mütəxəssislər gəlsin, iqisadi əlaqələrimizi genişləndirək. Qeyd etdiyim kimi, xarici vətəndaşların fəaliyyəti üçün geniş imkanlar yaradılıb, onlardan vergi də tutulmur. Eyni zamanda, biz özümüz də Azərbaycanda fəaliyyət göstərmək arzusundayıq.

- Qətərin enerji ehtiyatı çoxdurmu?

- Dünyada üç ən böyük qaz ehtiyatına malik ölkələrdən biridir. Hesablamalara görə, bu ehtiyat 900 trilyon kubmetrdir. Hazırda Hindistana, Yaponiyaya, ABŞ-a və Böyük Britaniyaya təbii qazın ən böyük ixracatçısıdır. Ehtiyatda olan yataqlarımız da çoxdur. Qətərdə həm neft sənayesində, həm də qaz hasilatında dünyadakı ən müasir avadanlıqlardan istifadə olunur.

Bildiyimə görə, Azərbaycan da böyük qaz ehtiyatlarına malik ölkədir. Yeri gəlmişkən, Azərbaycanın 2008-ci ildə beynəlxalq investisiya mühitində yüksək yer tutması bizi çox sevindirib.

- Neft və qazdan gələn gəlirlər ən çox hansı sahələrin inkişafına yönəldilir?

- Təhsilə, səhiyyəyə və başqa sosial sahələrə. Məsələn, Qətərdə onlarca universitet fəaliyyət göstərir. Təhsil sistemi və tədris olunan bütün ixtisaslar eynilə ABŞ təhsil sisteminə uyğundur. Dövlətimiz təhsildə böyük uğurlar qazanıb. Universitetlərimizdə dünyanın 35-dən artıq ölkəsinin gəncləri təhsil alır. Xarici vətəndaşların təhsil haqqı da güzəştlidir. Orada azərbaycanlı tələbələr də təhsil ala bilərlər. Belə bir mübadilə yaranarsa, qətərli gənclər də Azərbaycanda təhsil almaq imkanı qazanarlar. Tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür imkan və şərait yaradılıb. Onların böyük şəhərcikləri də var. Bundan başqa, ölkəmizdə tikinti sahəsi də sürətlə inkişaf edir, bu sahədə də böyük irəliləyişlərə nail olmuşuq.

- Dediklərinizdən belə məlum olur ki, qapılarınız xarici investorların, mütəxəssislərin üzünə açıqdır və onlara yaxşı imkan yaradılıb.

- Elədir. Qətərin əhalisi çox deyil, ölkəmizdə xeyli xarici vətəndaş və mühacir var. Onların da gəlirlərindən vergi tutulmur, özlərinə gün-güzəran qurmaq üçün onlara da hər cür şərait yaradılır. Xarici investorlar üstün hüquqlara malikdirlər. Onların hüquqları "Azad investisiyalar haqqında" qanunla, əmək hüququ, mülkiyyət hüququ, "Rəqabət haqqında" qanunlarla tənzimlənir. Xarici investorlar yersiz müsadirələrə məruz qoyulmur. Yəni işləmək üçün münbit şərait yaradılıb. Qətər dünyada ümumi daxili məhsulun adambaşına düşən illik həcminə görə ən irəlidə gedən dövlətlərdən biridir. Bu göstərici ötən il 63 min ABŞ dolları olmuşdur. Bir sözlə, iqtisadiyyatın inkişafı üçün bütün imkanlardan istifadə edilir, özəl sektor müstəqil şəkildə fəaliyyət göstərir.

- Ölkənizin turizm imkanları necədir, vətəndaşlarınız istirahət üçün əsasən hansı yerləri seçirlər?

- Qətər özü hər tərəfdən sularla əhatə olunmuş iki körfəzin həndəvərində yerləşən möcüzəli ölkədir. Gözəl çimərlikləri var, iqlimi də çox yaxşıdır. Ancaq dağları, meşələri çox azdır. Bizim insanlar istirahət üçün əsasən Türkiyəni seçirlər. Bu işi Türkiyə özü yüksək səviyyədə həll edib.

İstilər düşən kimi İstanbula, Bodruma, Antalyaya və Türkiyənin başqa istirahət mərkəzlərinə axışırlar. Mən burada olduğum bir neçə gündə Azərbaycanın gözəl təbiətə və turizm imkanlarına malik olduğunu öyrəndim, iqlimi də çox gözəldir. Məlumat aldım ki, bölgələrdə meşəli, şəlaləli, dağlı-çəmənli istirahət guşələri də mövcuddur. Bunlardan bizim xəbərimiz yox idi. Gərək insanlar məlumat alsınlar ki, ora getsinlər. Turizm şirkətləri bu imkanlardan yararlanmalıdırlar, turistlərin sayının artırılması üçün informasiya şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Bir də istərdim ki, Qətərlə Azərbaycan turizm şirkətləri arasında əlaqələr yaradılsın. Bu, həm iqtisadi cəhətdən, həm də bir-birimizi daha yaxından tanımaq, dostluq və əməkdaşlığımızı artırmaq baxımından böyük əhəmiyyət daşıyar.

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 7.