Azərbaycan diplomatiyasının BMT qələbəsi

 

Mövcud olduğu regionun lider ölkəsi Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün güclü orduya, həmçinin tələb olunan digər bütün resurslara malikdir. İşğal olunmuş ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə, Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyi təkcə beynəlxalq aləmdə yox, elə ermənilərin böyük əksəriyyəti tərəfindən də etiraf olunur.

Lakin problemin sülh yolu ilə həlli üçün bütün imkanlar hələ tükənmədiyindən Azərbaycan ərazi bütövlüyünün bərpası məqsədilə diplomatik cəbhədə hücum miqyasını genişləndirməkdədir. Bu, həm də Azərbaycanın sülh yoluna sadiq olduğunun göstəricisidir.

Prezident İlham Əliyev bununla bağlı bildirir: "Təxminən iki onillik ərzində aparılan danışıqlar prosesində olmağımız faktı onu göstərir ki, bizim məqsədimiz sülh yolu tapmaqdır. Qafqazda heç kim müharibə istəmir. Lakin eyni zamanda, biz bu vəziyyətlə barışa bilmərik. Ermənistanın iki onillikdən çox xalqımızın fundamental hüquqlarını pozması faktı ilə və heç nə baş verməməsi ilə razılaşa bilmərik".

 

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı ilk qətnaməsi

 

Ümummilli lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıtmasından sonra aparılan məqsədyönlü siyasət beynəlxalq aləmdə Ermənistanın işğalçı dövlət imicinin rəsmən tanınması prosesini təmin etdi. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində isə artıq beynəlxalq aləmdə bütün nüfuzlu təşkilatlar tərəfindən Ermənistan təcavüzkar ölkə kimi qəbul olunmaqla yanaşı, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi üçün bu ölkəyə qarşı təzyiqlər güclənməkdədir. Rəsmi Bakının bu istiqamətdə apardığı siyasət nəticəsində beynəlxalq səviyyədə keçirilən müxtəlif görüşlərdə, zirvə toplantılarında, konfranslarda Ermənistanın işğalçı dövlət olduğu qeyd edilir. Eləcə də Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapıb. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir.

Xüsusən də, indi BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən 4 qətnamənin şərtlərini yerinə yetirməsi üçün rəsmi Yerevana beynəlxalq çağırışların sayı durmadan artmaqda və müəyyən mənada təzyiqlər olunmaqdadır. Sözügedən qətnamələrin şərtləri isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını nəzərdə tutur ki, onların icrası ilə bağlı Ermənistan qarşısında irəli sürülən tələblərin çoxalması sonda rəsmi Yerevanın bu qətnamələri icra etmək məcburiyyətində qalacağını deməyə əsas verir.

Xatırladaq ki, bu qətnamələrdən ilki BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Kəlbəcərin işğal olunmasından sonra qəbul edilən və BMT-nin rəsmi saytında yerləşdirilən 822 saylı bu qətnamədə httr://www.un.org/russian/documen/scresol/res1993/res822.htm) beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunur. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsinin qeyd olunduğu qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilir.

 

Azərbaycan diplomatiyasının BMT qələbəsi

 

Dünyanın ən böyük və nüfuzlu təşkilatı olan BMT artıq 16 ildir ki, Ermənistanı işğalçı dövlət kimi tanıyır, ondan təcavüzkar siyasətini dayandırmağı tələb edir

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamədə qeyd edilirdi: "Təhlükəsizlik Şurası... silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:

1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir..."

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnaməsində Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiq olunurdu.

1993-cü il noyabrın 11-də qəbul etdiyi 884 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edirdi.

Bundan başqa, bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal edilmiş digər rayonlarından dərhal çıxarılması tələb edilir. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilir: "Təhlükəsizlik Şurası çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə durumla bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi təşkilatı 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır-red.) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:

1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir;

2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışığı bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir;

3. Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar" - deyə qətnamədə bildirilir.

 

BMT-dən Ermənistana növbəti xəbərdarlıq

 

Lakin sonrakı dövr ərzində Ermənistanın 822 saylı qətnamənin qeyd olunan bu və digər şərtlərinə əməl etməməsi BMT Təhlükəsizlik Şurası tərəfindən əlavə qətnamələrin qəbul edilməsilə nəticələndi. Dağlıq Qarabağ münaqişəsilə bağlı 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin (httr://www.un.org/russian/documen/scresol/res1993/res853.htm) qəbuluna əsas səbəb Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal etməsi oldu. Elə bu səbəbdən 853 saylı qətnamədə Ağdam rayonunun işğal olunması xüsusilə qeyd edilir və hərbi əməliyyatların güclənməsindən təşviş duyulduğu bəyan olunur.

Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. Təhlükəsizlik Şurası növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyini bəyan edərək ATƏM-in sülh prosesini sürətləndirmək cəhdlərini təqdir etdiyini də vurğulayırdı. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və Azərbaycan ərazilərinin işğalı faktı da bu sənəddə xüsusi qeyd edilir, təcavüz aktlarının regionda sülhə ciddi mane olduğu göstərilirdi.

Ancaq 853 saylı qətnamə məzmununa və həcminə görə, əvvəlki qətnamədən xeyli fərqlənirdi. Belə ki, 822 saylı qətnamədə Azərbaycan ərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etməsinə diqqət yetirilirdi. Yeni qətnamədə isə işğalçı kimi artıq konkret olaraq yerli erməni qüvvələrindən bəhs edilmirdi. Bu dəfə ermənilər münaqişədə iştirak edən işğalçı tərəf kimi təqdim olunurdu ki, bu, artıq Ermənistanın bir dövlət kimi işğal prosesində iştirak etdiyinin beynəlxalq etirafı idi. Məhz həmin işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş bütün digər ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. 853 saylı qətnamənin 9 və 10-cu bəndlərində səslənən fikirlər Ermənistanın artıq BMT tərəfindən işğalçı dövlət kimi qəbul edildiyinin göstəricisi idi.

Belə ki, qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu. 853 saylı qətnamənin 10-cu bəndində isə konkret ad çəkilməsə də, burada yer alan fikirlərin bilavasitə Ermənistana ünvanlandığı aydın görünür. Həmin bənddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır. Xatırladaq ki, həmin dövrdə Dağlıq Qarabağ ermənilərinin əsas silah təchizatı məhz Ermənistandan gəlirdi.

853 saylı qətnaməni əvvəlkindən fərqləndirən digər bir mühüm cəhət isə burada mülki şəxslərə hücumlar edildiyi və yaşayış rayonlarının bombalanması, top atəşlərinə tutulması qeyd edilərək pislənirdi. Bütün bunlar yeni qətnamənin Ermənistan üçün əvvəlkindən sərt xarakter daşıdığını əyani şəkildə nümayiş etdirirdi.

 

Dövlətlərin ərazi bütövlüyü toxunulmazdır

 

Lakin həmin dövrdə qəbul edilən hər iki qətnamənin icra edilməsi üçün Ermənistana ciddi təzyiqlərin edilməməsi təcavüzkar ordunun Azərbaycan ərazilərini xarici havadarlarının köməyilə işğalının davam etməsilə nəticələndi. 1993-cü ilin avqustunda Ermənistan Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdi ki, bu da sonda BMT Təhlükəsizlik Şurası sədrinin adından yeni bəyanatın yayılmasına səbəb oldu. Təhlükəsizlik Şurası sədrinin bəyanatında bir daha Azərbaycan ərazilərinin işğalı faktı təsdiq edilərək, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı.

Bəyanatda daha sonra qeyd olunurdu: "Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə və onların arasındakı gərginliklə əlaqədar ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin şuranın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır. Şura habelə bu günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir".

Lakin həmin dövrdə qəbul edilən bu bəyanatın və bundan əvvəlki iki qətnamənin icra edilməməsi sonda BMT Təhlükəsizlik Şurasını 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı yeni qətnaməsini qəbul etməsilə nəticələndi. BMT-nin rəsmi veb-səhifəsində yerləşdirilən (httr://www.un.org/russian/documen/scresol/res1993/res874.htm) bu qətnamədə 822 və 853 saylı qətnamələrə göstərilən şərtlər bir daha təsdiq edilərək bildirilirdi ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki gərginlik bölgədə sülh və təhlükəsizlik üçün qorxu mənbəyidir. Qətnamədə həmçinin Azərbaycanda böyük sayda mülki şəxslərin köçkün vəziyyətə düşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən ciddi narahatlıq ifadə edilirdi.

Sözügedən qətnamədə münaqişənin həlli məqsədilə Minsk qrupu tərəfindən hazırlanan "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bunun əsasında problemin həllinin mümkünlüyündən bəhs edilirdi. Əvvəlki qətnamələrdə olduğu kimi, yeni sənəddə də Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiq olunurdu.

 

Diplomatik qələbəyə xidmət edən növbəti qətnamə

 

Bütün bunlar beynəlxalq diplomatiyada üstünlüyün tədricən Azərbaycan tərəfinə keçdiyini göstərirdi. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər iqtidarda olan qüvvələrin yaratdığı hərc-mərcliyin doğurduğu fəsadlar, Ermənistana xaricdən verilən dəstək bu ölkənin işğalçı qüvvələrinin 1993-cü ilin oktyabrında Zəngilan rayonunu tutması ilə nəticələndi. Özü də bu fakt ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda baş verdi. Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı üzündən 1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın növbəti müraciətinə baxaraq sayca dördüncü olan 884 saylı qətnamə qəbul etdi.

BMT-nin rəsmi internet saytında yerləşdirilən (httr://www.un.org/russian/documen/scresol/res1993/res884.htm) yeni qətnamədə Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edilir və bir daha işğalçı qüvvələrin bu və digər ərazilərdən çıxarılması tələb olunurdu. Qətnamədə bir daha Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasının regionda sülhü və təhlükəsizliyi təhdid etməsindən ciddi narahatlıq ifadə edilirdi. Həmçinin atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eskalasiyasını, eləcə də Zəngilan rayonunun və Horadiz şəhərinin işğalından təşvişə düşdüyünü qeyd edən BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edirdi. Qətnamədə Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı, dinc sakinlərə hücumlar və Azərbaycan Respublikası ərazilərinin atəşə tutulması pislənirdi. BMT Baş katibindən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsi, qaçqınlara və məcburi köçkünlərə öz evlərinə ləyaqətlə və təhlükəyə məruz qalmadan qayıtmasına kömək etmək xahiş olunurdu.

Bu 4 qətnamənin qəbulu Azərbaycanın Ermənistan üzərində diplomatik qələbəsinin əsas göstəricilərindən biri sayılır. Çünki qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü tam tanınır və işğal olunmuş ərazilərin boşaldılması tələb olunurdu. Düzdür, sonrakı dövrdə Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin şərtlərini yerinə yetirmədi və bu gün də həmin şərtlərin icra olunması öhdəliyinə saymazyana yanaşır. Lakin sözügedən qətnamələrin qəbulundan keçən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq aləmdə mövqelərini gücləndirən Azərbaycan məhz BMT qətnamələrinə əsasən, erməniləri fakt qarşısında qoyaraq onların işğalçı siyasətinin dünya miqyasında qəbul edilməsinə nail oldu. Hazırkı dövrdə də BMT qətnamələrinin şərtlərinin yerinə yetirilməsi digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın yerinə yetirməli olduğu əsas tələblərdən biri kimi irəli sürülür.

Onu da bildirək ki, BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurasına mübahisəli məsələləri, o cümlədən münaqişələri həll etmək üçün geniş səlahiyyətlər verilir. Şuranın qətnamələri məcburi mahiyyət kəsb etməsə və tövsiyə xarakteri daşısa da, yerinə yetirilmədikdə və məsələ beynəlxalq sülh üçün təhlükə törətdikdə Təhlükəsizlik Şurasının icrasının məcburi olduğu qərarları qəbul etmək hüququ var. Bu isə perspektivdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin şərtlərinin Ermənistan tərəfindən icrası üçün yeni qərarlar qəbul edə biləcəyini istisna etmir. Çünki Dağlıq Qarabağ münaqişəsinin bütöv region üçün təhlükəli xarakter daşıması artıq BMT müstəvisində də dəfələrlə etiraf olunub.

 

BMT Baş Assambleyasından Ermənistana yeni zərbə

 

BMT Təhlükəsizlik Şurasının qeyd olunan 4 qətnaməsi ilə yanaşı, təşkilat səviyyəsində Ermənistanın işğalçı imicinin gücləndirilməsi məqsədilə də Azərbaycan tərəfindən görülən işlər öz bəhrəsini verməkdədir. Məhz Azərbaycanın diplomatik səyləri nəticəsində 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olundu.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

Cari ilin martında isə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasına daha iki sənəd təqdim edib. Sənədlərdən biri Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin BMT-nin Baş katibinə ünvanladığı "Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərində baş vermiş münaqişə haqqında BMT və digər beynəlxalq təşkilatların Azərbaycana verdiyi dəstək barədə hesabat" adlanır. 11 səhifəlik hesabatda Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlara hərbi təcavüz edərkən və sonrakı müddətdə beynəlxalq qurumların Azərbaycanın mövqeyinə göstərdiyi dəstək əksini tapıb. BMT Baş katibinə bu günə kimi İslam Konfransı Təşkilatı, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ABŞ Dövlət Departamenti, Rusiya, İran və Türkiyənin xarici işlər nazirliklərinin, Avropa İttifaqı, Avropa Şurası, NATO-nun, 1993-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə elan etdiyi, həmçinin həmin il ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransı zamanı qurumun sədrinin verdiyi bəyanatlar, eləcə də adı çəkilən qurumların Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması barədə qəbul olunan qətnamələr təqdim olunub. Siyahını 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasının qəbul etdiyi 62243 saylı qətnamə tamamlayır.

Məktubda həmin qətnamədən gətirilən sitatda bildirilir: "Baş Assambleya bir daha Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə hörmət nümayiş etdirərək, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin tam, şərtsiz və dərhal çıxarılmasını tələb edir. Eyni zamanda, assambleya torpaqlarından qovulan vətəndaşların öz yurdlarına qayıtması hüququnu tanıyır".

Baş katibə ünvanlanan ikinci məktub "Azərbaycan ərazisini işğal edən hərbi meyilli Ermənistan dövlətinin beynəlxalq hüquqi öhdəlikləri haqqında hesabat" adlanır. Hesabatda bildirilir ki, işğal altında olan ərazilərdə vəziyyət beynəlxalq hüquqda üç sənədlə tənzimlənir:

1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülki vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci əlavə protokol vasitəsi ilə təmin olunur. Hesabatda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilib. Sənəddə qeyd olunur: "İştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmayacaq".

Ermənistanın Azərbaycan ərazisini işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watsh" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"un 2006-cı il hesabatına, Beynəlxalq Böhran qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62243 saylı qətnaməsinə istinad edilir. Hesabatın sonunda beynəlxalq hüquq normalarına əsasən, təcavüzkar hərəkətlərinə görə Ermənistanın üzərinə 21 maddədən ibarət öhdəliklər düşdüyü müəyyən olunub. Onların sırasında Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq humanitar hüquq bəndlərinə şamil olunmadığı, həmin ərazilər üzərində rəsmi suverenliyin yaradılmasının beynəlxalq hüquqla mümkün olmadığı, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıdığını və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü sübut olunub.

Bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin Baş Assambleya və Təhlükəsizlik Şurasına yolladığı və Ermənistanın işğalçı addımlarına hüquqi qiymət verən 4-cü hesabat olub. Birinci iki hesabat ötən il dekabr ayının 24 və 29-da nüfuzlu qurumlara göndərilib. Birinci hesabat "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə hesabat", digəri isə "Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə hesabat" adlanır.

 

BMT Azərbaycanın nəzarətsiz qalan ərazilərindən narkotik vasitələrin daşınması üçün tranzit məqsədilə istifadə edildiyini etiraf edir

 

Azərbaycanın BMT müstəvisində apardığı məqsədyönlü işlər sayəsində BMT-nin Baş katibi Pan Gi Mun ötən ay Azərbaycanın işğal olunmuş əraziləri barədə xüsusi hesabatla çıxış edib. 18 vərəqlik hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu adından həmsədr ABŞ-ın, ATƏT-in hazırkı sədri və daha 12 dövlətin rəyi əks olunub. Hesabatda bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur.

Onu da bildirək ki, hesabat ATƏT-in Minsk qrupunun bütün üç həmsədr ölkəsi adından hazırlanaraq BMT-nin Baş katibinə təqdim olunub. Daha sonra 10 dövlət Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı hesabatda münaqişəyə münasibət bildirib. Belarus, İndoneziya, Qazaxıstan, Malayziya, Meksika, Pakistan, Slovakiya, Sudan, Türkiyə və Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. İndoneziya isə öz bəyanatında həm də İslam Konfransı Təşkilatının adından çıxış edib.

Bununla yanaşı, uğurlu diplomatiya sayəsində BMT səviyyəsində də Azərbaycanın işğal altında saxlanan ərazilərində terrorizmin inkişaf etdiyi, narkotik vasitələrin dövriyyəsinin genişləndiyi etiraf olunur. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) bir müddət əvvəl Azərbaycanda səfərdə olan Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan bununla bağlı bildirir: "Azərbaycanın nəzarətsiz qalan ərazilərindən narkotik vasitələrin daşınması üçün tranzit məqsədilə istifadə edilməsi problemi mənə məlumdur. Azərbaycanın hökumət nümayəndələri ilə bu barədə danışıqlar aparmışam. Ancaq Ermənistan hökuməti ilə bu mövzuda konkret görüşüm olmayıb". O bildirib ki, UNODC BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar qəbul etdiyi bütün qətnamələri dəstəkləyir.

Bütün bunlar dünyanın ən böyük təşkilatı hesab olunan BMT-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı əsl həqiqətlərin nə yerdə olduğuna dair lazımi məlumatlara malik olduğunu göstərir. Həmçinin bu, münaqişə ilə əlaqədar Azərbaycanın BMT səviyyəsində uğurlu fəaliyyət göstərməsindən və Ermənistan üzərində diplomatik qələbə çalmasının da əyani göstəricisi hesab olunur.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 1,2.