İnsan hüquqlarının etibarlı təminatı demokratik dəyərlərə
həssas münasibətin
ifadəsidir
Bununla ikinci dəfədir
ki, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü
kimi qeyd olunur. Respublikamız müstəqillik qazandıqdan
sonra ilk dəfə 1998-ci il iyunun 18-də ümummilli lider Heydər
Əliyev "Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı"nı təsdiq etmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin 17 iyun 2007-ci il tarixli fərmanı
ilə 18 iyun tarixinin - "İnsan Hüquqları
Günü" elan olunması da məhz bu əlamətlar
tarixdən qaynaqlanır.
İnsan hüquqları
tarixən bəşəriyyətin can atdığı ən
ali ideallardan olmuş, insanlığın azad, firavan və
layiqli cəmiyyətə qovuşmaq istəyini təcəssüm
etdirmişdir. İnsanın istər cəmiyyət, istərsə
də dövlət tərəfindən pozula bilməyən
hüquqlara sahib olması ilə bağlı ideyalar hələ
antik dövrlərdə meydana gəlmiş, stoiklərin və
epikürcülərin adı ilə bağlı qədim yunan
fəlsəfi məktəbi, eləcə də romalı
Siseron və onun davamçıları insanın həyatını
ictimai mənafedən və dövlətin siyasi
maraqlarından üstün tutmuşlar.
Dünyanın
özü kimi qədim olan insan hüquqları
anlayışının fəlsəfi əsaslarının
işlənib hazırlanması isə son üç əsrin
payına düşür. XVIII əsrdən etibarən Avropada
insan hüquqları nəzəriyyələri təşəkkül
tapmağa başlamış, Avropa ayrılmaz insan
hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ)
və vətəndaş hüquqlarının (söz və
vicdan azadlığı, təhlükəsizlik və
mülkiyyət hüququ) meydana çıxmasının
şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçkilər,
gizli səsvermə, respublika quruluşu, xalq
özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi,
siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək
və. s hüquqlar) XIX əsrdə əldə edilmişdir. XX
əsr isə bütün bu hüquqlar sırasına sosial
hüquqları əlavə etmiş, insan hüquqları
ideyası və həmin ideyanın həyata keçirilməsi
təcrübəsi ötən əsrdə bütün
dünyaya yayılmışdır. İnsan hüquqları
anlayışının bugünkü mənzərəsi
İkinci dünya müharibəsi zamanı və müharibədən
sonrakı ilk illərdə formalaşmışdır.
Müasir dünyada
miqyasına və əhəmiyyətinə görə insan
hüquqları sahəsində ən mühüm sənəd
isə Birləşmiş Millətlər Təşkilatı
(BMT) Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi sayılır. Bəyannamədə
insan hüquq və azadlıqlarının ümumbəşəri
səciyyə daşıdığı, heç bir dövlətin
daxili işi olmadığı vurğulanmış, həmçinin
yaşamaq, azadlıq, bərabərlik, mülkiyyət və təhlükəsizlik
haqqı sivil cəmiyyətlərin ali məqsədləri
kimi önə çəkilmişdir.
"İnsan
Hüquqları Haqqında Ümumi Bəyannamə"nin qəbuluna
qədər BMT Nizamnaməsində, bir sıra ölkələrin
konstitusiyalarında insan hüquqları daha çox cəmiyyətin
özülü kimi qəbul edilmişdir. Nürnberq
tribunalının 1946-cı ildə
çıxarılmış qərarında isə göstərilmişdir
ki, insan hüquqları heç bir dövlətin müstəsna
daxili siyasəti deyildir. Heç bir dövlət suverenliyini bəhanə
gətirərək vətəndaşları ilə istədiyi
kimi rəftar edə bilməz. Bu məqsəd sonralar da
inkişaf etdirilmiş, sözügedən bəyannamənin qəbulu
ilə nəticələnmişdir. "İnsan
Hüquqları Haqqında Ümumi Bəyannamə"
İkinci dünya müharibəsinin törətdiyi dəhşətli
cinayətlərə cavab kimi qəbul edilmişdir.
Həmin bəyannamənin
prinsiplərini əsas tutan müstəqil Azərbaycanın
ilk milli Konstitusiyasının da əsasında "İnsan hər
şeyin meyarıdır" ideyası durur. Azərbaycan
Respublikası son 15 ildə beynəlxalq birliyin tamhüquqlu
üzvü kimi əsrlərin sınağından
çıxmış ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunu
özünün inkişaf yolu seçmişdir. 1993-cü
ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi
ilə Azərbaycanda siyasi rəhbərliyə
qayıdışından sonra ölkədə
qanunçuluğun və hüquq qaydalarının bərpası
istiqamətində kompleks tədbirlərin həyata
keçirilməsi prosesi geniş vüsət
almışdır. Azərbaycanda xaos və anarxiya mühitinə
son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start
verilmişdir.
Müstəqil Azərbaycanın
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası
isə ölkənin gələcək inkişaf prioritetlərini
müəyyənləşdirməklə yanaşı, insan
hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana
çıxarmışdır. Konstitusiyada əksini
tapmış bu strateji məqsəd ilk növbədə,
hüquqi islahatları və insan haqlarının qorunması
prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan
Respublikasının Konstitusiyasında insan hüquq və
azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin
demokratik ənənələrə, insan hüquqları
ideyasına əməl etmək istəyinin ifadəsidir.
Konstitusiyanın qəbulundan
sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə
yeni mərhələsi başlanmış, dövrün tələblərinə
cavab verən bir sıra yeni qanunvericilik aktları
hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan
insan hüquq və azadlıqlarının, demokratik təsisatların
təminatı ilə bağlı mühüm beynəlxalq
konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərin
1993-cü ildən tətbiqinə moratorium qoyduğu
ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv
edilmiş, Azərbaycan bütövlükdə Şərqdə
bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə
olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü
olan bir sıra dövlətlər də analoji addımı hələ
atmamışdılar. Yüksək humanizmin və insanpərvərliyin
bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın
beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci il
yanvarın 25-də müstəqil respublikamız Avropa
Şurası kimi mötəbər beynəlxalq təşkilata
tamhüquqlü üzv qəbul edilmişdir. Təşkilatla
səmərəli əməkdaşlıq Azərbaycanın
milli qanunvericiliyinin Avropa standartlarına
uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq
islahatlarının aparılmasına ciddi təkan
vermişdir.
1998-ci il fevralın 22-də
ümummilli lider Heydər Əliyev "Azərbaycan
Respublikasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərman
imzalamış, bu mühüm sənəddə insan
hüquqlarının təminatı yönümündə həyata
keçirilən tədbirlərin mahiyyəti və
konsepsiyası səhih şəkildə müəyyən
edilmişdir. İnsan hüquqları sahəsində proqram
rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi
ümumdövlət səviyyəsinə
qaldırılmışdır. Sözügedən fərmanın
müəyyənləşdirdiyi mühüm məqsəd və
vəzifələrə, ümumilikdə, Azərbaycanın
yeni inkişaf mərhələsinə adekvat olaraq insan
hüquqlarının müdafiəsi sahəsində həyata
keçirilən tədbirlərin səmərəliliyini
artırmaq məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti 1998-ci il iyunun 18-də xüsusi sərəncam
imzalamışdır. Strateji əhəmiyyətli bu sərəncamla
"Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı" təsdiq olunmuşdur.
Azərbaycan
Respublikasının insan hüquqlarının qorunması sahəsində
əldə etdiyi mühüm nailiyyətlərdən biri də
Birləşmiş Millətlər Təşkilatı və
Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda
imzalanmış "İnsan hüquqları və
demokratiyanın dəstəklənməsi sahəsində birgə
layihə haqqında" memorandumdur. Bu memoranduma əsasən,
BMT insan hüquqlarını dəstəkləmək və
müdafiə etmək sahəsində ümumi biliklərin və
potensialın Avropa standartlarına
uyğunlaşdırılması, prosedur və hesabatlar
sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin
inkişafı və digər məsələlər sahəsində
Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər
həyata keçirmişdir.
2001-ci il dekabrın 28-də
qəbul olunmuş "Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman)
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununu da respublikamızda insan hüquq və
azadlıqlarının etibarlı təminatına xidmət
edir. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının ilk
ombudsmanı seçilmiş, 2002-ci il oktyabrın 28-də
insan hüquqları və azadlıqlarının bərpası
istiqamətində fəaliyyətə
başlamışdır.
Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının təmin edilməsi
istiqamətində həyata keçirilən hüquqi
islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa
standartlarına uyğunlaşdırılması prosesinin məntiqi
davamı kimi 2002-ci il dekabrın 24-də qəbul edilmiş
"Azərbaycan Respublikasında İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanunu da çox mühüm əhəmiyyət kəsb edir. Bu
qanun Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsi vəziyyətini
"İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında" Avropa
Konvensiyasına uyğunlaşdırılması məqsədi
daşımışdır.
Ulu öndər Heydər
Əliyevin təməlini qoyduğu islahatları bütün
sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev ötən müddətdə insan hüquq
və azadlıqlarının təminatı istiqamətində
də kompleks tədbirlər həyata keçirmişdir. Bu
müddətdə respublikada uğurla həyata keçirilən
məhkəmə-hüquq islahatlarının qayəsində
insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət,
vətəndaşa həssas münasibət kimi ali dəyərlər
dayanmışdır. Dövlət
başçısının 28 dekabr 2006-cı il tarixli
"Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə milli fəaliyyət planının
təsdiq edilməsi haqqında" sərəncamında isə
Azərbaycanın müasir inkişaf dövründə
hüquqi dövlət quruculuğu və insan
hüquqlarının müdafiəsi sahəsində səylərin
gücləndirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi göstərilir. Sərəncamda
Azərbaycan Respublikasının icra hakimiyyəti
orqanlarına, məhkəmələrinə və Baş
Prokurorluğuna normativ hüquqi aktların tətbiqi zamanı
Azərbaycan Respublikasının insan hüquqlarının
müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə
riayət olunmasına nəzarətin gücləndirilməsi
tövsiyə olunur. Həmçinin Azərbaycan
Respublikasının Milli Məclisinə qanun layihələrinin
hazırlanması və qanunların qəbul edilməsi
zamanı Azərbaycan Respublikasının Konstitusiyasında,
habelə respublikamızın tərəfdar
çıxdığı beynəlxalq sənədlərdə
əks etdirilmiş insan hüquq və azadlıqlarının
əsas meyar kimi rəhbər tutulması, Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının beynəlxalq
hüquqi sənədlərə uyğunluğunun təmin
edilməsi məsləhət görülür.
Prezident İlham Əliyev
insan və vətəndaş hüquq və
azadlıqlarının qorunması, ədalət mühakiməsinin
səmərəliliyinin təmin edilməsi baxımından məhkəmələrin
normal iş şəraitinin yaradılmasını da son dərəcə
vacib sayır. Məhkəmələrin maddi-texniki
bazasının gücləndirilməsi, onların yeni bina və
inventar ilə təmin olunması, hakimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər də məhz bu ali məqsədin
gerçəkləşdirilməsinə xidmət edir. Ötən
ay Ali Məhkəmənin ən müasir tələblərə
cavab verən yeni binasının istifadəyə verilməsi də
bu diqqət və qayğının bariz təcəssümüdür.
Azərbaycan Prezidenti İlham Əliyev həmin binanın
açılış mərasimindəki
çıxışında hakimlərin fəaliyyəti ilə
bağlı tövsiyələrini, arzu və niyyətlərini
də ifadə etmişdir: "Hər yerdə ədalət
olmalıdır, ilk növbədə, məhkəmə
sistemində. Çünki burada qəbul edilmiş qərarlar
insanların taleyinə təsir göstərir. Bir də demək
istəyirəm ki, heç bir cinayət cəzasız
qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya
düşür".
Göründüyü
kimi, respublikada inamla həyata keçirilən məhkəmə-hüquq
islahatları qanunçuluğun, hüquq qaydalarının
daha da möhkəmlənməsinə, insan və vətəndaş
hüquq və azadlıqlarının geniş təminatına,
habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik
imicinin yüksəlməsinə xidmət edir. Şübhəsiz,
insan hüquqlarının təminatı sahəsində
islahatların son həddi, son hüdudu yoxdur. Ölkə rəhbərliyi
də respublikanın iqtisadi inkişaf səviyyəsinə
uyğun olaraq bu sahədə yeni-yeni addımlar atır, hər
bir vətəndaşın layiqli, firavan həyat tərzinin təmin
olunmasına, qanuni mənafelərinin qorunmasına
çalışır. 2009-cu il martın 18-də
keçirilmiş ümumxalq referendumunun nəticəsi kimi
qüvvəyə minmiş Konstitusiyaya əlavə və dəyişikliklər
də Azərbaycanda insan hüquqlarının keyfiyyətcə
yeni mərhələdə daha etibarlı təminatına zəmin
yaradır.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 18 iyun.- S. 1.