Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir

 

Qaçqın və məcburi köçkün problemi dünyanın ən ağır və ağrılı problemlərindən biridir. Böyük dövlətlər və onların başçıları, nüfuzlu beynəlxalq qurumlar və siyasi analitiklər bəşəriyyəti daim narahat edən bu ciddi problemin yoluna qoyulması istiqamətində əməli işlər görür, perspektivli layihələr həyata keçirirlər. BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən artıq doqquzuncu ildir ki, 20 iyun Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu, bütün dünyada olan qaçqınlara və məcburi köçkünlərə yüksək səviyyəli dəstəyin və ehtiramın ifadəsidir. Hər il ilin bu günü müəyyən məsələyə həsr edilir. Bu il isə tədbirlərin "Real İnsanlar, Real Ehtiyaclar" adı altında keçirilməsi nəzərdə tutulur.

Hazırda dünyada müxtəlif səbəblər üzündən öz yurdlarından məhrum olanların sayı təxminən 42 milyon nəfərdir. Onların 16 milyonu qaçqın, sığınacaq axtaran şəxs, 26 milyon nəfəri isə məcburi köçkündür. Digər ölkələrlə müqayisədə ən yüksək nisbi göstərici Azərbaycanın payına düşür. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti və ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyon nəfərədək soydaşımızın qismətinə öz vətənində qaçqın və məcburi köçkün həyatı yaşamaq düşmüşdür. Başqa sözlə, ölkə əhalisinin hər 8 nəfərindən biri öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu da digər ölkələrlə müqayisədə analoqu olmayan hadisədir.

Hazırda Azərbaycanda üçüncü ölkələrdən "qaçqın" statusu almaq niyyətində olan 3 min nəfərin yaşadığı da bildirilir. Əvvəllər həmin şəxslərin sayı 11 min nəfər olmuşdur. Onların böyük əksəriyyətini Rusiya vətəndaşları olan çeçenlər, eləcə də əfqanlar, İran, İraq, Fələstin və digər ölkələrdən olan şəxslər təşkil edirdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi, baş vermiş hadisələr ölkəmizin həm mənşə, həm təyinat, həm də tranzit ölkəsinə çevrilməsinə səbəb olmuşdur. Belə bir vəziyyət eyni zamanda Azərbaycana qeyri-qanuni miqrantların tranzit keçidi üçün də əlverişli şərait yaradır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində İranla 132 kilometrlik dövlət sərhədinə faktiki olaraq nəzarət edilmir və nəticədə bu ərazidən qeyri-qanuni miqrasiya, silah və narkotik vasitələrin qanunsuz daşınmasında istifadə olunur. Ona görə də hesab edirik ki, Azərbaycanda bu problemin həllinə kömək göstərilməsi Qərbi Avropa dövlətlərinin maraqlarına daha çox uyğundur.

1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış BMT-nin "Qaçqınların statusu haqqında" Konvensiyasına Azərbaycan 1992-ci ildə qoşulmuşdur. Bu Konvensiyanın və 1967-ci il Protokolunun tələblərinə uyğunlaşdırılmış tam hüquqi baza yaradılmış, müvafiq qanunlar qəbul edilmiş, qaydalar təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə "Qaçqın statusu" verilməsi haqqında vəsatətə baxılması Qaydası", "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı", Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün "Dövlət Miqrasiya Proqramı" təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Hazırda 20 ölkənin müvafiq dövlət qurumları ilə əmək miqrasiyası üzrə əməkdaşlıq əlaqələri yaradılmışdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş 1 milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gündəlik qayğısı idi. Ulu öndər dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq tədbirlərdə daim bu problemə toxunaraq onu ölkəmizin başlıca problemi adlandırırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu problemi öz fəaliyyətinin əsas prinsiplərindən hesab etmiş, son beş ildə qarşıda duran prioritet vəzifənin həlli istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son beş ildə dövlət başçısı 19 fərman və sərəncam imzalamış, bir Dövlət Proqramı və ona Əlavələr təsdiq edilmiş, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 65 qərar və sərəncamı verilmişdir. Milli Məclisdə 1 qanun qəbul edilmişdir. Prezident İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və 2 geniş müşavirə keçirilmişdir. Təkcə 2008-ci ildə bu problemin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 1 fərman, 2 sərəncam imzalamış, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul etmişdir. Ölkədə mövcud olmuş 12 çadır düşərgəsinin ləğvi prosesi başa çatdırılmış, 17 min daimi məskunlaşmamış qaçqın və məcburi köçkün ailəsi bütün sosial-texniki infrastruktura malik 61 yeni qəsəbəyə köçürülmüşdür. Ölkə başçısının müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı son beş ildə 2,7 dəfə artırılaraq 13,5 manata çatdırılmışdır.

Ötən beş ildə görülən misilsiz işlər hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə görüş keçirən cənab İlham Əliyevin "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq" bəyanatının reallığa çevrildiyinin əyani göstəricisidir. Qısa müddətdə respublikamızda qalan 7 çadır düşərgəsi də ləğv edildi. Həmin düşərgələrdə Bərdə və İmişli rayonları ərazisindəki yük vaqonlarında və digər ərazilərdə müvəqqəti məskunlaşmış 41 min nəfər məcburi köçkün üçün Ağdam, Ağcabədi, Biləsuvar, Sabirabad, Saatlı, Füzuli, Sabunçu və Dəvəçi rayonlarının ərazisində 460 min kvadratmetr sahəyə malik 30 qəsəbə salındı. Həmçinin 40 ümumtəhsil məktəbi, 4 musiqi məktəbi, 16 uşaq bağçası, 24 tibb müəssisəsi, 19 rabitə evi tikilib istifadəyə verildi.

Bu gün dünya dövlətləri, beynəlxalq maliyyə qurumları Azərbaycanda makroiqtisadi sabitliyin yaradılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ölkəmizlə konstruktiv əməkdaşlığı genişləndirirlər. Bundan ölkə əhalisi ilə yanaşı, qaçqın və məcburi köçkünlər də faydalanırlar. Hazırda Azərbaycanda qaçqınların və məcburi köçkünlərin, aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə bağlı 115 humanitar təşkilat - 60 beynəlxalq, 40 yerli humanitar və onlar tərəfindən təsis edilmiş 15 qeyri-bank təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyəti ölkə başçısının müvafiq sərəncamına əsasən Beynəlxalq Humanitar Yardımı üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Beynəlxalq və humanitar təşkilatlar tərəfindən təsis edilmiş qeyri-bank kredit təşkilatlarının xətti ilə respublikamızın şəhər və rayonlarında 2008-ci ildə 40 min nəfərdən çox qaçqın, məcburi köçkün ailələrinə təxminən 50 milyon ABŞ dolları həcmində mikrokreditlər verilmişdir. Dünya Bankının kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə 61 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 3781,3 min ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir. Mikrolayihələrdən 45 minə yaxın məcburi köçkün faydalanmışdır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Azərbaycanın müxtəlif rayonlarında daha 8 mikrolayihənin icrası başa çatmaq üzrədir. Dəyəri 708 min ABŞ dolları olan bu mikrolayihələrdən 3 mindən artıq məcburi köçkün faydalanacaq. 2008-ci il mayın 15-də 2009-2011-ci illəri əhatə edən "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"ni həyata keçirmək məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan hökuməti arasında yeni layihə sazişi imzalanmışdır.

Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2007-ci ilin oktyabrında imzalanmış "Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf Fondu tərəfindən ayrılacaq 2 milyon ABŞ dolları miqdarında qrant vəsaiti hesabına məcburi köçkün gənclər üçün müxtəlif idman-sağlamlıq, mədəniyyət, kompüter mərkəzləri yaradılacaq.

Ağdam rayonu ərazisində salınmış yeni qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə zəruri kənd təsərrüfatı məhsullarının istehsalı və satışına kömək məqsədilə BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı" (FAO) tərəfindən həyata keçirilən layihənin genişləndirilməsi üçün 2008-ci ilin may ayında İsveçrə hökuməti tərəfindən əlavə olaraq 300 min ABŞ dolları həcmində vəsait ayrılmışdır. Layihənin 2009-2011-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. 2008-ci ilin martında BMT-nin Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul edilmişdir. Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxarılması tələb edilərək bir daha göstərilmişdir ki, problemin həlli birmənalı şəkildə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır. Bu qətnamə, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu bir daha təsdiq edir. Eyni zamanda, BMT üzvü olan dövlətləri Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni olaraq tanımamağa və bu vəziyyətin saxlanılmasına dəstək verməməyə çağırır.

2008-ci il noyabrın 2-də Rusiya Prezidentinin təşəbbüsü və dəvəti ilə Azərbaycan və Ermənistan prezidentləri arasında ikitərəfli və Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi çərçivəsində imzalanan bəyannamədə münaqişənin siyasi vasitələr, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edilməsinin zəruriliyi göstərilir. Bu isə özündə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının 14-16 saylı qətnaməsini, həmçinin BMT Baş Assambleyasının müvafiq qətnaməsini də özündə ehtiva edir. Beləliklə, bu bəyannamə bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin labüdlüyünü təsdiq edir. Bununla da son 15 ildə Ermənistan ilk dəfə olaraq bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü təsdiqlədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müntəzəm olaraq müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmaq istərdim. Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə bu sahədə görülmüş tədbirləri əhatə edən hesabat toplusu və kitablar nəşr olunmuş, qısametrajlı filmlər çəkilmişdir.

Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və bu problemlərin həllinə daim diqqətlə yanaşır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalının böyük əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Portalda Azərbaycan haqqında toplanmış geniş informasiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, ümumilikdə erməni təcavüzündən bəhs edən məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradır.

2009-cu ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 312,8 milyon manat vəsait sərf ediləcək. Büdcədə nəzərdə tutulmuş 202,8 milyon manat vəsaitdən 44,5 milyon manatı ötən ilin üç ayı ərzində təyinatı üzrə xərclənmişdir. Artıq 16 ildir ki, ölkəmizdə fəaliyyət göstərən 60 beynəlxalq və 40 yerli humanitar təşkilat tərəfindən olduqca vacib proqramların həyata keçirildiyini də vurğulamaq istərdim. Bu təşkilatlar tərəfindən indiyədək 750 milyon ABŞ dolları dəyərində humanitar layihələr icra edilmişdir. Bütün bunlara baxmayaraq, bu problem ölkənin ən ağır və başlıca problemi olaraq qalır. Ümumdünya Qaçqınlar Günü real ehtiyaclara həsr edildiyi üçün onların bəzilərini diqqətə çatdırmaq istərdim: məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və digər problemlərlə üzləşirlər.

Respublikada yoxsulluğun ən yüksək həddi - 25 faiz məhz məcburi köçkünlər arasında qeydə alınmışdır.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi kimi ciddi problemlərdən birinin yoluna qoyulması üçün yeni istehsal sahələrinin yaradılmasına, kiçik və orta biznesin inkişafına, kənd təsərrüfatı və digər təyinatlı mikrolayihələrə ciddi ehtiyac var.

Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində infrastruktur, o sıradan elektrik xətləri, dam örtükləri, içməli su kəmərləri, daxili yollar, ictimai obyektlər bərbad vəziyyətdədir. Buna görə də beynəlxalq ictimaiyyət, donor ölkələr respublikamızda məcburi köçkünlərin problemlərini arxa müstəviyə keçirməməli və bu sahədə birgə fəaliyyətimizi daha da gücləndirməliyik.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikirlərini çatdırarkən daim birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir.

Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları öz yurd-yuvalarından didərgin salınmış insanlarda sabaha ümidi daha da artırır. İndi soydaşlarımız problemin siyasi həlli sahəsində ölkə Prezidentinin fəaliyyətinin müsbət nəticələr verəcəyinə daha dərindən inanır və tezliklə öz doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayırlar.

 

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin sədri

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 3.