Qobustanda tikinti-quruculuq işləri uğurla gedir

 

Qobustan rayonunda böyük abadlıq-quruculuq işləri aparılır. Bax, bu yerdə, bu ərazidə hələ 2 il bundan əvvəl heç nə yox idi, boş bir ərazi idi. Ancaq bu gün burada gözəl park salınıb, gözəl muzey yaradılıb, abidə qoyulub, gənclər evi, yaradıcılıq mərkəzi, digər obyektlər var. Yəni, bu, görülən işlərin real nəticələridir və bütün rayonlarda indi inkişaf çox sürətlə gedir.

Rayonda sosial proqramlar icra olunur. Bilirəm ki, həm dövlət büdcəsinin, həm də ki, Heydər Əliyev Fondunun hesabına bir neçə məktəb tikilibdir və tikilir. Bu sahəyə də böyük diqqət göstərilir.

Yəni, indi Azərbaycanın bütün bölgələrində yaşanan inkişaf Qobustan rayonunda da hiss olunur.

 

İlham ƏLİYEV

 

 

Bakı-Şamaxı magistral yolu ilə səfərə çıxanlar Qobustan ərazisindən keçərkən azca diqqət yetirsələr görərlər ki, rayon necə dəyişib, inkişaf edib. Bu inkişaf, abadlıq, tikinti-quruculuq işləri indi də uğurla davam etdirilir.

Olimpiya İdman Kompleksinin, təhsil şöbəsi, Qobustan Bələdiyyəsi üçün inzibati binaların, Baytarlıq İdarəsinin və Diaqnostika Mərkəzinin, Şəhidlər xatirə kompleksinin, həmçinin Qobustan şəhərində üç parkın tikintisi ilə bağlı işlər öz axarındadır. Rayonda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının, Hilmilli kəndində 360 yerlik məktəb binasının tikintisi isə başa çatmaq üzrədir. Qobustan şəhərini və Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi də davam edir.

Qobustan RİH başçısı İsmayıl Vəliyev söhbət zamanı bildirdi ki, rayonda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilir. Cari ilin birinci rübündə Qobustan şəhərində 2000 ağac əkilmişdir, payız mövsümündə isə daha 4 min ağacın əkilməsi nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, Prezidentin 14 aprel 2009-cu il fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Qobustanda taxılçılıq, heyvandarlıq və quşçuluğun inkişafının dəstəklənməsi, aqroservis xidmətlərinin və yeni texnikalarla təchizatın yaxşılaşdırılması, yerli tikinti materialları yataqlarının kəşfiyyatı, yerli əhəmiyyətli avtomobil yollarının, şəhərdaxili küçələrin təmiri və yenidən qurulması, əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinin aparılması, hava elektrik verilişi xətlərinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması, Qobustan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması və digər tikinti-quruculuq işləri, abadlıq tədbirləri nəzərdə tutulmuşdur.

RİH başçısı vurğuladı ki, bu vəzifələrin icrası rayonun daha da inkişaf etməsinə, əhalinin rifah halının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına ciddi təsir göstərəcək. Buna görə də çalışmalıyıq ki, hər kəs qarşıya qoyulan vəzifələri vaxtında və yüksək səviyyədə yerinə yetirsin.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 4.