Tərtər füsunkar diyara
çevrilir
Tərtər şəhəri
coğrafi cəhətdən çox əlverişli məkanda
yerləşir. Suyu saf, havası təmizdir. Tərtər
çayının yatağı dağların buz kimi
havasını çəkib buraya çatdırır. Mənbəyini
Tərtər çayından götürən çox
saylı böyük arxlar şəhərin bir neçə
yerindən keçməklə başqa bir gözəllik
yaradır. Başdan-başa yaşıllığa
bürünən Tərtər şəhərində bu
arxların müstəsna rolu vardır. Ancaq çox təəssüf
ki, indi bu arxlara su təsadüfdən-təsadüfə
buraxılır. Səbəb Tərtərçay dəryaçasının
erməni işğalı
altında olmasıdır.
Anbarda suyun səviyyəsi
normadan artıq qalxıb narahatlıq doğurmasa,Tərtər
çayının yatağı həftələrlə, bəzən
aylarla quru qalır. Belə olanda əkinlərə ciddi ziyan dəyir,
zəmilər quruyub məhv olur.
Tərtərlilərdə
vətənpərvərlik hissi də çox
güclüdür. Qarabağ savaşında düşmənə
bir qarış torpaq verməyən tərtərlilər
doğma diyarlarını sonsuz məhəbbətlə sevir,
onun hər qarışını cənnətə döndərmək
üçün əllərindən gələni əsirgəmirlər.
Odur ki, çəkilən zəhmətin nəticəsi ürəkaçır,
gözoxşayır.
Nankor
qonşularımız olan ermənilərlə üzbəüz
mövqelərdə yaşayan tərtərlilər doğma
şəhəri böyük ürəklə başdan-başa
yenidən qururlar. Burada hansı səmtə üz tutsan
adamların daş üstə daş qoyduğunu görərsən.
Ən başlıcası odur ki, hər iş zövqlə
görülür. Heydər Əliyev prospekti 2,5 kilometr
uzadılaraq Tərtər çayı üzərindəki
yeni körpüyə çatdırılmışdır. Yeni
salınmış parkın ərazisinə 50 mindən
çox qızıl gül, Eldar şamı, sərv,
çinar, söyüd və müxtəlif meyvə
ağacları əkilmişdir. Ulu öndərin adını
daşıyan prospektin yeni qurulan hissəsində indi də
qızğın iş gedir. Magistral yol genişləndirilmişdir.
Prospekt boyunca müasir işıqlandırma sistemi
quraşdırılmış, yeni səkilər
salınmışdır.
Parkların, seyrəngahların,
istirahət guşələrinin sayı da artır. Bəzən
Tərtərə bulaqlar şəhəri də deyirlər. Milli
memarlıq üslubunda tikilmiş "Ceyran bulağı",
"Qoşa fontan bulağı", "Səhəng bulağı"
yay günlərində şəhər sakinlərinə
rahatlıq, könül xoşluğu gətirir.
Şəhərin
gözəl görünməsində Heydər Əliyev
adına parkın xüsusi yeri vardır. Demək olar mərkəzdə
yerləşən bu park əhalinin sevimli istirahət yerinə
çevrilmişdir. Qaya parçaları ilə tikilən
şəlalə kompleksi parka xüsusi yaraşıq verir. Burada yay konsert zalı da inşa edilmişdir.
Aparılan
abadlıq-quruculuq işləri ilə bağlı rayon icra
hakimiyyəti başçısının birinci müavini
Vidadi Bəylərov dedi ki, hər kəs
çalışır ki, yaradılan gözəlliyə
öz töhfəsini versin. İşlərin çoxunu daxili
imkanlar hesabına, iməcilik yolu ilə görürük. Məqsədimiz
Azərbaycanın bir parçası olan Tərtəri gözəlliklər
diyarına çevirməkdi.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 18 iyun.- S. 4.