Dağ şəhərində gözəl ünvanların
sayı artır
Hər dəfə
Şahbuza - təbiətin əsrarəngiz gözəllikləri
ilə dolu olan, hər qayasına, daşına min bir
naxış vurulan sərhəd rayonuna yolum düşəndə
xalqımızın ümummilli lideri Heydər Əliyevin bu
sözlərini xatırlayıram: "Şahbuzun xüsusiyyəti
odur ki, gözəl iqlimi var, gözəl havası,
yamacları, çəmənləri var. Bu qayalara baxanda elə
bil dünyanı görürsən...". Ulu öndər
rayon sakinləri ilə görüşlərində, söhbətlərində
onu da vurğulayıb ki, bu dağların, qayaların
arxasında yaşamaq və yaşatmaq üçün şərait
yaratmaq heç də asan məsələ deyildir. Burada qadir
insan əlləri ilə görülən işlər, həyata
keçirilən tədbirlər, yaradılan gözəlliklər
də az deyil. Əks-təqdirdə uzun illər iqtisadi cəhətdən
rentabelsiz sayılan bölgədə yeni quruculuğa
başlamaq asan olmazdı. Aqrar sahədə qazanılan indiki
nailiyyətlər də bu deyilənləri təsdiqləyir.
Ötən il əkin
sahələrindən ilk dəfə olaraq 2823 ton taxıl, 4616
ton kartof yığılıb. Meyvə bağlarının da
məhsuldarlığı yüksək olub - 5374 ton. Halbuki
rayonda ən yaxşı halda taxıl istehsalı 1440, kartof
istehsalı 229, meyvə isə 440 tondan yuxarı qalxmayıb. Mütəxəssislərin
fikrincə, cari ildə nəticələr daha yüksək
olacaq. Zəmilərin, tarlaların indiki
görünüşü bu cür düşünməyə
əsas verir. Torpaq mülkiyyətçiləri bu
mövsüm 1213 hektar sahədə taxıl, 400 hektarda isə
kartof yetişdirirlər.
Son beş ildə 243
hektar sahədə meşəsalma və meşə-bərpa
işləri görülüb. Ötən il 51,5 hektar sahəyə
23 min 590 ədəd müxtəlif tinglər əkilib. Bu ilin
yazında isə 36 hektar sahədə
yaşıllaşdırma tədbirləri həyata
keçirilib. Yeni yaşıllıq zolaqlarının xeyli hissəsi
magistral yol kənarlarında salınıb, sututarlarda meyvə
ağacları əkilib.
Aqrar sahənin
inkişafına göstərilən dövlət
qayğısı heyvandarlığın inkişafına, onun
gəlirli sahəyə çevrilməsinə səbəb
olub. Fərdi təsərrüfatlarda 120 mindən çox
mal-qara saxlanılır. Statistik rəqəmlərə görə,
ötən əsrin səksəninci illərində burada
ictimai, dövlət və şəxsi təsərrüfatlarda
cəmi 72 min başa yaxın mal-qara var idi. Əvvəlki illərlə
müqayisədə arı
ailələrinin sayı
da xeyli artıb.
Regionların
sosial-iqtisadi inkişafının Dövlət Proqramı
çərçivəsində rayonda quruculuq və
abadlıq işləri də geniş vüsət alıb. Rayon
mərkəzində və kənd yaşayış məskənlərində
onlarca müasir tipli sosial obyektlər inşa olunub. Yeni tikililərin
hər biri əsasən iki-üç mərtəbəlidir.
2007-ci ilin dekabr
ayında Şahbuza şəhər statusu verilib. Əvvəllər
burada sadə, primitiv binalar üstünlük təşkil
edirdi. O vaxtlar Şahbuzun daxili yollarının, kücələrinin
gözəlliyindən, abadlığından danışmaq da
qeyri-mümkün idi. Uzun illər boyu bu yaşayış məskənində
bazar, avtovağzal, sosial təyinatlı digər obyektlər
mövcud deyildi. Son illər rayon mərkəzi böyük
inkişaf yolu keçib. İnfrastruktur tədbirləri həyata
keçirilib, yeni və müasir tipli sosial obyektlər
inşa olunub. Onların sırasında dörd və beşmərtəbəli
binalar da var. Salınan yeni parklar, bağlar rayon mərkəzinin
simasını xeyli dəyişib. 15 hektardan artıq sahədə
yeni meyvə bağları salınıb. Ərik, badam və cəviz
bağları da şəhərin ümumi gözəlliyinə
yeni çalarlar gətirir. Ötən il 5 hektar ərik
bağından nubar məhsullar dərilib.
"N" saylı hərbi
hissənin zabitləri üçün inşa olunan beşmərtəbəli
yaşayış binası ötən ilin iyun ayında öz
qapılarını sakinlərinin üzünə
açıb. Prezident İlham Əliyev Naxçıvana səfəri
çərçivəsində burada olub, yaradılan şəraiti
yüksək qiymətləndirərək deyib: "Bu gün
bu gözəl binanın açılışı rəmzi
xarakter daşıyır. Bu, Azərbaycan dövlətinin
öz ordusuna olan münasibətinin əlamətidir".
Rayon mərkəzində
gözoxşayan, könülaçan binalardan biri də Heydər
Əliyev prospektində inşa olunan 630 şagird yerlik
dördmərtəbəli orta məktəb binasıdır. 2007-ci
ildə tikilib. Həmin ilin sentyabr ayından da müəllim və
şagirdlərin ixtiyarına verilib. Burada tədrisin normal səviyyədə
təşkili üçün lazımi şərait
yaradılıb. Geniş və işıqlı sinif
otaqları, fənn kabinetləri, laboratoriyalar, elektron lövhə,
kitabxana və idman zalı vardır. Məktəb 16 dəst
kompüterlə də təmin olunub.
Ötən il məktəbi
bitirən məzunlardan 14 nəfəri ali məktəblərə
qəbul olunub. Bu il isə orta məktəbi bitirən 41
şagird arasında daha yüksək nəticə gözlənilir.
Təhsil ocaqlarından söz düşmüşkən,
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində son illər rayonda
mövcud olan 23 məktəbdən 16-sı təzə,
müasir binalarla təmin olunub. Bölgənin ən ucqar və
sərhəd kəndlərindən sayılan Gömür,
Ayrınc, Yuxarı Qışlaqda isə hər birində
144-156, Şada kəndində isə 80 yerlik ikimərtəbəli
məktəb binası tikilib. Ötən il Şahbuzkənddə
istifadəyə verilən təhsil ocağı isə 216
şagird yerlikdir. Təbii mineral bulaqları ilə adı dillər
əzbəri olan Badamlı kəndində də bu cür məktəb
inşa olunur. Şahbuz şəhərində inşa edilən
rayon mərkəzi xəstəxanası da müasir tələblərə
uyğun olacaqdır. Burada terapiya, pediatriya, doğum, cərrahiyyə,
poliklinika şöbələri fəaliyyət göstərəcəkdir.
32 həkim və 44 orta tibb işçisinin
çalışacağı xəstəxana müasir tibb
avadanlıqları və rentgen aparatı ilə təmin
olunacaq. Artıq yeni yaradılan laboratoriyalarda biokimyəvi və
ümumi analizlərin aparılması üçün
avadanlıqlar quraşdırılıb.
Yeni tipli mədəniyyət
ocaqlarının tikintisi də diqqət mərkəzindədir.
Onlardan biri "Gənclik mərkəzi"dir. Burada
adamların asudə vaxtlarının səmərəli təşkili
üçün müxtəlif tədbirlər keçirilir. "Araz"
kino-klubunda yaradılan şərait də yaxşıdır.
Müasir tipli mərkəzləşdirilmiş kitabxana
sisteminin fəaliyyətə başlaması isə mütaliə
həvəskarlarını sevindirib. Tarix-diyarşünaslıq
muzeyində toplanan zəngin eksponatlar qədim oğuz-türk
yurdunun dünəni ilə yanaşı, bugünkü
inkişafından söz salır. Hər bir şahbuzlu
qürur hissi keçirir ki, rayon ərazisində onlarca
arxeoloji abidə var və bu yerlərdə insanlar tariximizin erkən
dəmir dövründən yaşayıblar. 600
tamaşaçı yeri olan stadionun inşa olunması
şahbuzlu gənclərin ürəyincə olub. "Batabat"
futbol komandası muxtar respublika çempionatında uğurla
çıxış edir.
Rayon prokurorluğu, əhalinin
sosial müdafiəsi mərkəzi, DSMF-nin rayon şöbəsi,
rabitə idarəsi, vergilər şöbəsi, YAP-ın
rayon təşkilatı, 5 saylı dairə seçki
komissiyası, hərbi komissarlıq üçün inşa
olunan obyektlər də müasir dövrün quruculuq ərmağanlarındandır.
Şahbuz şəhəri
indi də tikinti meydançasını xatırladır. Hazırda
şəhərin yuxarı hissəsində yeni avtovağzal
tikilir. Bu obyekt istifadəyə veriləndən sonra
Naxçıvan şəhəri ilə yanaşı, Sədərək
və Ordubad rayonları istiqamətində də avtobus
marşrutu xətlərinin açılması nəzərdə
tutulub.
Rayon mərkəzində
inşa olunan yeni obyektlərdən biri tutumu 300 ton olan meyvə-soyuducu
anbardır. 3 kameradan ibarət olacaq soyuducu müasir texnoloji
avadanlıqlarla təmin olunacaq. Avadanlıqlar artıq xarici
ölkələrdən alınıb. İstehsalçılar
burada meyvə və tərəvəz məhsullarını
qoruyub saxlaya biləcəklər.
Ahıllar
üçün inşa olunan 100 yerlik pansionat ölkə əhəmiyyətli
obyektlərdən biridir. Aparılan əsaslı təmir və
yenidənqurma işləri obyektə yeni görkəm bəxş
edib. Burada ölkəmizin ayrı-ayrı bölgələrindən
50-yə yaxın ahıl məskunlaşıb. Pansionatın həyətində
2 hektar sahədə gözəl meyvə bağı
salınıb. Şahbuz şəhərinin gözəlliyini
artıran cəhətlərdən biri də
yaşıllıq və gülzarlıq sahələrinin
çoxluğu, magistral yol kənarındakı su
arxlarının çaylaq daşları ilə hörülməsi,
avtomobil yollarının, səkilərin genişliyidir. Çinarla
yanaşı Eldar şamı, ardıc, şərq tuyası
kimi dekorativ ağaclar küçə və parklara xüsusi
gözəllik bəxş edir. "Batabat" bulaq-abidə
kompleksi də artıq şəhərin gözəl
ünvanlarından birinə çevrilib. 23-25 kilometr məsafədən
bulaq suyunun borular vasitəsi ilə buraya çəkib gətirmək
asan olmayıb.
Amma insanlar görürlər
ki, çəkilən zəhmət bu gözəlliyə dəyər.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2009.- 18 iyun.- S. 4.