MDB ölkələrinin
müsəlman dini liderləri Moskvada "MDB müsəlmanları
konfessiyalararası və millətlərarası həmrəylik
uğrunda" mövzusunda Beynəlxalq elmi-praktik konfrans
keçirmişlər. Konfransa Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə sədrlik etmişdir.
Konfransı görkəmli
Azərbaycan şərqşünası, müqəddəs
Quranı Azərbaycan dilinə tərcümə etmiş Vasim
Məmmədəliyev açmışdır. O, tədbir
iştirakçılarını salamlayaraq bildirmişdir ki,
Azərbaycan və Rusiya prezidentləri konfrans
iştirakçılarına təbrik məktubları
göndərmişlər. Azərbaycanın RF-dəkı səfiri
Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin
konfrans iştirakçılarına təbrikini oxumuşdur. Təbrikdə
qeyd edilir ki, Azərbaycanda - yüksək tolerantlığa
malik olan ölkədə çoxəsrlik tariximiz boyu müsəlman
məscidi və yəhudi sinaqoqu, pravoslav məbədi və katolik
kilsəsi dinc qonşuluqda olmuşlar. Təbrikdə deyilir:
"Bir çox nəsillər dünyanın bütün dinlərinə
dərin ehtiram şəraitində və ümumbəşəri
dəyərlərə möhkəm sadiqlik ruhunda tərbiyə
edilmişdir. Bizim üçün mədəniyyətlərin
və dinlərin dialoqu cəmiyyətimizin və
yaradıcı mühitin atributuna çevrilə bilmişdir. Biz
eyni vaxtda narahatlıq hissi keçiririk ki, mədəniyyətlərin
və sivilizasiyaların dialoqu barədə
çağırışlara baxmayaraq, dünyada ksenofobiya,
dini və irqi dözümsüzlük inkişaf edir, müsəlmanların
mənfi imicinin yaradılması ətrafında vəziyyət
gərginləşdirilir. Şübhəsiz ki, qlobal iqtisadi
böhranın kəskinləşdiyi indiki şəraitdə
hər bir ölkənin nümayəndəsi bir-birindən
uzaqlaşma və düşmənçiliyə dair mənfi
meyillərə qarşı dayanmağı bacarmalı, ictimai
şüurda dini zəmində düşmən obrazı təbliğatına
dair bütün cəhdlər qəti şəkildə pislənməlidir.
Bununla əlaqədar, tariximizin bu mürəkkəb
dövründə sizin konfessiyalararası və millətlərarası
həmrəylik məsələlərini müzakirə etməyiniz
olduqca aktual və vaxtında görülmüş tədbirdir.
Əminəm ki, sizin konfrans bu mürəkkəb problemlərin
həll edilməsinə layiqli töhfəsini verəcək və
konstruktiv dialoqa kömək göstərəcəkdir".
Sonra söz əsas məruzəçi
- MDB Dinlərarası Şuranın həmsədri, Qafqaz
Müsəlmanları İdarəsinin sədri şeyxülislam
Allahşükür Paşazadəyə verilmişdir. A.Paşazadə
demişdir ki, bu gün MDB-nin bütün dini
icmalarının tarixində əlamətdar hadisə
olacaqdır. Çünki SSRİ dağıldıqdan sonra
keçən son 18 ildə ilk dəfədir ki, belə
yüksək səviyyədə genişmiqyaslı konfrans
keçirilir.
Şeyxülislam
demişdir: "Bugünkü konfransın məqsədi Birlik
ölkələrinin din xadimlərinin qarşısında
duran problemlərin qiymətləndirilməsi və onların
həlli üçün birgə axtarışlar
aparılmasıdır. Bizim görüşümüz məsləhətləşmə
və əlaqələndirmə xarakteri
daşıyır". A.Paşazadə bildirmişdir ki, son
illərin hadisələri, dünyanın müxtəlif
regionlarında, o cümlədən MDB ərazilərində
münaqişələrin səngiməməsi, ekstremizmin
artması, çox vaxt dini don geyindirilmiş terror aktları və
digər mənfi meyillər bəşəriyyəti həmin
məsələləri həll etmək üçün qəti
tədbirlər görülməsi vacibliyi
qarşısında qoymuşdur.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini misal gətirən
A.Paşazadə qeyd etmişdir ki, bir milyon azərbaycanlı
öz doğma yurdunda qaçqın və məcburi
köçkünə çevrilmiş, Azərbaycan
xalqının tarixi-mədəni və dini-mənəvi sərvəti
dağıdılaraq talan edilmişdir.
MDB məkanında məskunlaşmış
xalqlar arasında mehriban münasibətlərin olduğunu
xüsusi vurğulayan şeyxülislam demişdir ki, bunun
özü çox qiymətli tarixi sərvətdir, MDB müsəlmanları
icmalarının birliyi isə zamanın tələbidir. Biz,
din xadimlərinin səylərinin bütün dünyada
sülhə və həmrəyliyə nail olunması işinə
səfərbər edilməsinin vacibliyinə inanırıq. A.Paşazadə
dinlərarası dialoq, habelə BMT,
YUNESKO və digər
beynəlxalq təşkilatların bu sahədə roluna dair məsələlərə
də toxunmuşdur. O bildirmişdir ki, tolerantlığın
dövlət siyasəti səviyyəsinə
qaldırıldığı Azərbaycan bu mənada nümunə
ola bilər. A.Paşazadə demişdir: "Bu müdrik kursun
banisi Azərbaycan xalqının ümummilli lideri, dünya
şöhrətli insan Heydər Əliyevdir. Azərbaycan
dövlətinin başçısı İlham Əliyev həmin
kursa sadiqdir və bu, Azərbaycan xalqının bugünkü
və gələcək nailiyyətlərinin əsasını
təşkil edir".
Konfrans
iştirakçıları Birlik ölkələri müsəlmanlarının
mənəvi həmrəyliyi yollarını, müsəlman
icmalarının qarşısında duran ümumi problemlərin
və vəzifələrin yerinə yetirilməsi məsələlərini
müzakirə etmişlər. MDB-nin müsəlman
icmalarında mövcud vəziyyət təhlil olunmuş, islam
dininin, habelə konfessiyalararası əlaqələrin aktual məsələlərinə
toxunulmuşdur.
Konfransda MDB-nin səkkiz
ölkəsindən 40 müsəlman din xadimi, habelə xarici
qonaqlar - İran Prezidentinin müşaviri Ayətulla Məhəmməd
Əli Təsxiri, Asiya Müsəlmanları Komitəsinin sədri,
Küveyt Dövlətinin İslam işləri və vəqfləri
nazirinin müavini Adil Əl-Fələh, Rus pravoslav kilsəsinin
nümayəndələri, ənənəvi rus
konfessiyalarının başçıları, islam dini,
ictimai təşkilatların və tədris müəssisələrinin,
diplomatik missiyaların rəhbərləri, RF Prezidentinin
müşaviri Aleksey Qrişin, xarici işlər nazirinin
müavini Aleksandr Saltanov, Azərbaycan İslam Universitetinin
rektoru Hacı Sabir Həsənli iştirak etmişlər.
Xatırladaq ki, konfrans
Qafqaz Müsəlmanları Ali Şurasının, Beynəlxalq
İslam Missiyasının təşəbbüsü və
İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək
Fondunun himayəsi ilə keçirilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.