Gürcüstanda Azərbaycan mədəniyyəti
günləri davam edir
Gürcüstanda Azərbaycan
mədəniyyəti günlərinin
iştirakçıları iyunun 17-də ulu öndər Heydər
Əliyevin Tbilisidəki büstü önünə əklil
qoymuş, xatirəsini ehtiramla anmışlar.
Əklilqoyma mərasimində
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, respublikamızın Gürcüstandakı səfiri
Namiq Əliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası
dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirak
etmişlər.
Gürcüstan Mədəniyyət,
Abidələrin Mühafizəsi və İdman Nazirliyində
keçirilən görüşdən sonra nazirlər Əbülfəs
Qarayev və Nika Rurua birgə brifinq keçirmişlər.
Nika Rurua azərbaycanlı
həmkarı ilə gələcək fəaliyyət
planlarını müzakirə etdiklərini bildirmişdir. Əbülfəs
Qarayev jurnalistlərin "Gürcüstanda qədim Azərbaycan
və türk abidələrinin dağılmaq təhlükəsi
var. Gürcüstanlı həmkarlarınızla
görüşdə bu barədə söhbət
aparıldımı?" sualını cavablandıraraq
demişdir ki, təəssüf ki, həm Azərbaycanda, həm
də Gürcüstanda abidələrin qorunması məsələsində
problemlər vardır. Bu istiqamətdə tədbirlər
görülür və nazirliklərin mədəniyyət
üzrə komissiyalarının iclası keçiriləcəkdir.
İclasda bu qəbildən olan problemlərin həlli
yollarına baxılıb, birgə fəaliyyət planı
işlənib hazırlanacaqdır.
Ə.Qarayev demişdir
ki, gürcü həmkarlarımla Tbilisinin Nəbatat
bağında azərbaycanlı ictimai xadimlərin dəfn
olunduqları qəbiristanlığın qaydaya salınıb
qorunması məsələləri barədə də
söhbət etdik və Gürcüstan tərəfi bu işi
öhdəsinə götürdü.
Jurnalistlərin
Qaxdakı gürcü teatrı ilə bağlı
sualını cavablandıran nazir teatrın normal fəaliyyəti
üçün müvafiq tədbirlər
görüldüyünü demişdir.
Sonra hər iki nazir gələcəkdə
mədəniyyət xadimlərinin, yazıçı və
şairlərin, musiqi kollektivlərinin yaradıcılıq
gecələrinin keçirilməsi, qarşılıqlı səfərlərin
təşkil olunması, birgə film çəkilişi layihəsinin
də planlaşdırıldığını bildirmişlər.
Həmin gün Əbülfəs
Qarayev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət
Muzeyini ziyarət etmiş, onun fəaliyyəti ilə
tanış olmuş, muzeyin xatirə kitabına ürək
sözlərini yazmışdır.
Ə.Qarayev Tbilisidəki
M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbində
olmuş, bu təhsil ocağı şagirdlərinin rəsmlərindən
ibarət sərgiyə baxmışdır.
Əbülfəs Qarayev
mədəniyyət günləri çərçivəsində
Tbilisidəki "Karvansara" şəkil qalereyasında
müasir Azərbaycan incəsənəti sərgisinin
açılış mərasimində iştirak etmişdir. Sərgidə
17 azərbaycanlı fotoqrafın əsərləri
nümayiş etdirilir.
Həmin gün Azərbaycan
incəsənət ustaları Gürcüstan azərbaycanlılarının
yığcam yaşadıqları Kvemo Kartli-Borçalı
bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində
geniş konsert proqramı ilə çıxış
etmişlər.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.