"Azərbaycan" qəzetinin
21 may 2009-cu il tarixli nömrəsində Səbail Rayon İcra
Hakimiyyəti ilə birgə həmin rayonun 239 saylı orta məktəbində
"Kitaba həsrət oxucu, yoxsa oxucuya həsrət
kitabxanalar" başlığı altında keçirilən
"dəyirmi masa" barədə cəmiyyətimizin bu
günü üçün aktual olan bir problemə həsr
edilmiş geniş və məzmunlu yazını oxudum. Açığını
deyim ki, çox məmnun oldum. "Dəyirmi masa" ətrafında
aparılan bu söhbətin problemi təkcə burada
toplaşanları yox, bütün ziyalıları, namuslu vətəndaşları
və xalqı düşündürüb narahat edir. Ölkə
miqyasında bir-birinin ardınca görülən mühüm
tədbirlərə baxmayaraq, kitaba olan marağın getdikcə
aşağı düşməsi oxucuların kitabsız,
kitabxanaların oxucusuz qalmasından doğan
narahatçılıq təbii ki, həyəcan təbili
çalmağın vaxtının
çatdığını, millətinin bugünü,
sabahı barədə nigarançılığın
vacibliyini gündəmə gətirir.
Gənclərimizin
kitabxanalardan uzaqlaşması, mövcud kitab fonduna
etinasızlıq, latın qrafikasında çap olunan
kitabların nəşrindəki qüsurlar, onların
kitabxanalara vaxtında çatdırılmaması, yeni
kitabların bədii, elmi səviyyəsinin gündən-günə
aşağı düşməsi, zahiri
görüntüsü bəzəkli, məzmunu isə ziddiyyətli
və təzadlı olan, müasir elmi tələblərə
və estetik dəyərlərə cavab verməyən səviyyəsi
oxucuları kitabdan və kitabxanalardan uzaq salan səbəblər
sırasındadır. Bütün bu kimi onlarla digər səbəblər
ucbatından oxucunun kitaba olan meyli qırılmış, onlar
repetitorçu müəllimlərin testləri əsasında
düzüb-qoşduqları suallara, kömpüter məlumatlarına
arxayın olaraq geniş mütaliə imkanından,
düşünmək qabiliyyətindən, natiqlik məharətindən
məhrum olmağa, ən nəhayət isə, sərbəst
ifadə, inşa yazmaq qabiliyyətini itirməyə başlamışlar.
Bütün bunlar isə
ölkədə, ümumilikdə milli intellektin
aşağı düşməsinə, bəzi hallarda isə
iflasına gətirib çıxara biləcək həddə
yaxınlaşmışdır. Cəmiyyətin bu günü
və sabahına ciddi narahatçılıq doğuran vəziyyəti
aradan qaldırmaq, ilk növbədə, "dəyirmi
masa" ətrafında düzgün
vurğulandığı kimi, kitaba olan sevgini bərpa etmək
üçün açıq, səmimi söhbət etmək
gərəkdir.
Həqiqət isə belədir
ki, orta məktəblər dövlət qarşısında
yerinə yetirməyə borclu olduğu funksiyalarını
artıq itirməkdədir. Məktəbli gənclər
müxtəlif səbəblər və amillərlə
bağlı kitablardan və dərsliklərdən
uzaqlaşmağa başlayıb. Çünki dövlətin
tədris prosesinə qoyduğu standartlar pozulub, orta məktəblərin
böyük əksəriyyəti birinci sinifdən
başlayaraq sonuncu sinfə qədər dərsdənkənar
məşğulolma adı ilə repetitorçuların idarəçiliyinə
keçmişdir. Bütün bunlar isə tədris işlərində
dövlət standartlarını qorumağa borclu olan məktəb
direktorlarının, nazirlik inspektorlarının və nəzarət
işi ilə məşğul olan digər şəxslərin
gözü qarşısında baş verir. Yoxlama yazı
işlərinin məzmununa fikir verilmir, gənclərin sərbəst
yazı və düşüncə vərdişlərinə
yiyələnməsinə qayğı göstərilmir. Yazı
işlərinin qiymətləndirilmə şkalasına riayətetmə
pozulub.
Bu meyara ali məktəblərin
yazılı imtahanlarında da diqqət yetirilmir. Nəticədə
gənclərin yazı mədəniyyəti aşağı
düşür, dilimizin orfoqrafiya qaydalarına əməl
edilməsi ilə bağlı dövlət standartları
pozulur, ali və orta məktəblərdə də bu toplu
standart məzmunlu yazılarda kitablardan,
"şparqalka"lardan köçürmələr yolu ilə
inşa kütləvi hal almışdır. Həmin səbəblərlə
bağlı hazır "vəsaitlər" dövriyyədə
olduğundan kitab da, kitabxana da arxa plana keçir və
kitabxanalar oxucusuz qalır.
Təəssüf
doğuran odur ki, bütövlükdə ölkənin ali məktəblərində
də bu sahədə vəziyyət ürəkaçan
deyildir. İmtahanların yazılı aparılmasının
fəsadları artıq özünü büruzə verməkdədir.
Əslində, təcrübə göstərir ki, imtahanlara
çoxsaylı nəzarətçinin, tələbə, həmkarlar
təşkilatı nümayəndələrinin,
çoxsaylı koordinatorların göndərilməsi işə
mənfi təsir göstərir, müəllim şəxsiyyətinə
və nüfuzuna kölgə salır. İmtahanlara müdaxilə
ehtimalını yüksəldir, eyni zamanda, müəllim
prosesdən kənara çəkilir, nəzarətçilərlə
tələbələr arasında şparqalka savaşı
başlayır, imtahanın psixoloji durumu pozulur. Bu
imtahangötürmə metodu tələbə-müəllim
etimadını azaldır, digər tərəfdən də
olan-qalan dərsliklərin cırılaraq səhifə-səhifə
tələbələrin "konspekt bank"larına
çevrilməsinə gətirib çıxarır. Yüzlərlə
yeni qrafika ilə çap edilmiş kitab qatı
açılmamış məhv edilib sıradan çıxarılır.
Köçürülən cavablar yazı səhvləri nəzərə
alınmadan yüksək qiymətləndirilir,
köçürməçiliyə yandırılan
"işıq" ali məktəbi nüfuzsuz təhsil
müəssisəsinə çevirir, qırmızı
diplomların sayı artır, gənclərin bilik səviyyəsi
isə getdikcə aşağı düşür. Gəncliyə
tələbkarlığı azaltmaq, dövlət tələblərini
"yalançı humanizmə" qurban vermək bir sıra
ali məktəbdə daha ağır şərait
yaratmışdır. Elmi səviyyənin, milli intellektin
aşağı düşməsi ali məktəblərin bir
çoxunda narahatlıq doğurmur. Çünki belələrinin
faiz göstəriciləri "ürəkaçan" olur.
Bu ali məktəblərin tələbələri olimpiada və
müsabiqələrdə ən adi suallara cavab verə bilmirlər.
Belə vəziyyət bir sıra ixtisas fənləri üzrə
xüsusi narahatlıq doğurur. Fizika, kimya, biologiya,
coğrafiya, filologiya, tarix və sair kimi başqa sahələrdə
tələbələrin bilik səviyyəsi həddən
artıq aşağıdır. Mütaliədən,
kitabxanadan ayrı düşməyin, repetitorçuların
müvəqqəti zümrüdləmə ənənəsinə
əsaslanan "təlim" metodu artıq ali məktəblərdə
də öz ağır nəticələrini göstərməyə
başlayıb. "Dəyirmi masa" ətrafında
düzgün qeyd edildiyi kimi, kitaba olan sevgini bərpa etmək,
onu özünün erkən qaynağına qaytarmaq gərəkdir.
Təbii ki, bu, bir məktəbin, bir mətbuat
orqanının, bir rayonun problemi yox, vətən
qarşısında məsuliyyətini dərk edən, gəncliyimizin
gələcəyini düşünən hər kəsin
borcudur.
Təsadüfi deyildir
ki, ulu öndər Heydər Əliyev bu məsələnin əhəmiyyətini
daim diqqət mərkəzində saxlamağın vacibliyini
dönə-dönə qeyd etmiş və aydın şəkildə
göstərmişdir ki, elmi, təhsili olmayan, milli intellekti məhv
edilmiş xalqın sabahı yoxdur. Ölkəmizin gələcək
sabahı isə kitabla ucalan elmin, təhsilin, milli intellektin
yüksəlişindən çox asılıdır.
Bu mənada, mən qəzetin
və Səbail rayonunun qaldırdığı müzakirəni
yüksək dəyərləndirir və onu aktual "dəyirmi
masa" hesab edirəm. Burada qoyulan problemi geniş ziyalı
qrupu adından dəstəkləməklə onların həlli
ilə bağlı ətraflı, açıq söhbətlərə
ehtiyac olduğunu bildirirəm.
Kitabdan uzaqlaşma məktəbdən,
ciddi təhsildən və elmdən uzaqlaşma kimi dəyərləndirilməlidir.
Belə bir aktual "dəyirmi masa"nın təşkilatçılarına,
aparıcılarına və iştirakçılarına minnətdar
olmaq gərəkdir. Qaldırılan məsələ ilə
bağlı müzakirəni davam etdirmək, problemi törədən
daha köklü qaynaqlara enmək, gəncliyin gələcək
yüksəlişi və inkişafı naminə vahid və
mükəmməl bir layihə işləyib ortaya qoymaq
lazımdır. Problem çoxşaxəli olub kompleks
yanaşma tələb etdiyi kimi, eyni zamanda, buna ölkədəki
kitab nəşrinin, məktəb, təhsil və elmin
müasir vəziyyəti kontekstində
yanaşılmalıdır. Bunlar isə təbii ki, bir
günün, bir ayın, yaxud bir ilin işi deyildir. Lakin
problemin həllini yubatmaq da olmaz! Atalar demişkən: zərərin
yarısından da qayıtmaq xeyirdir. Yoxsa, bir də
gözümüzü açıb görərik ki, hər
şey əldən getmişdir. Kitaba, təhsilə, elmə
gedən işlərimiz öz istiqamətini əsaslı
şəkildə dəyişmiş, milli intellektimiz ifrata
varmışdır. Ona görə də dönə-dönə
məktəb metodlarına, milli oxu və qiraət mədəniyyətinə,
kitablara qayıtmalıyıq!
Gənc nəslin
düzgün psixoloji durumuna nail olmaq, onu təməlindən
möhkəm qoruyub saxlamaq üçün ilk növbədə,
uşaqların yaş dərəcələrinə uyğun əlifba,
oxu materialları seçmək, dərslikləri sadə məsələ
və çalışmalarla əvəzləmək gərəkdir.
Körpə övladlarımızı çox yükləməyək,
zorakı kurrikulum metodlarından əl çəkib milli təhsil
qaynaqlarından günümüzə süzülüb gələn
təhsil metodologiyasına qayıdaq. Onları öz milli
düşüncəmiz, müasir elmi-əxlaqi dəyərlərimizlə
bəsləyək. "Dəyirmi masa" ətrafında
başlayan söhbətə mən də özümün bir
sıra arzu və təkliflərimlə qoşuluram.
Öncə, "dəyirmi
masa"dakı iştirakçıların kitab, oxucu və
kitabxanalar, onların düşdüyü indiki çətin
vəziyyətlə, kitabxana-oxucu əlaqələrindəki
durumla bağlı irəli sürdükləri fikirlərə
şərik olur, problemləri aradan qaldırmaq istiqamətindəki
məsələləri yüksək dəyərləndirir və
onlarla həmfikir olduğumu bildirirəm. Ölkəmizin
dünya miqyasında şöhrətlənməsi, elmimizin, mədəniyyətimizin,
incəsənətimizin beynəlxalq aləmdə daha
yaxından tanınması, YUNESKO-da Azərbaycan mədəniyyətinin
bir neçə sahədə - əqli mülkiyyətin, erkən
mədəniyyət nümunələrinin vətəni kimi
qeydə alınması, muğamımızın
dünyanı fəth etməsi, ölkə neftinin və
qazının şöhrətinin hər yerə
yayıldığı bir vaxtda Azərbaycanda kitab və
kitabxanalara oxucu marağının azalması, bununla
bağlı problemlərin meydana çıxması, elm və
təhsil sahələrində islahı zəruri
qüsurların mövcud olması, gəncliyimizin sabahı
haqqında haqlı narahatlıq doğurur. Mən bir daha
xatırlatmaq istəyirəm ki, "Azərbaycan" qəzetinin
bu məsələyə həsr etdiyi "Kitaba həsrət
oxucu, yoxsa oxucuya həsrət kitabxanalar" mövzusunda
keçirdiyi "dəyirmi masa" gəncliyin gələcək
yüksəlişinə istiqamətlənən bir həyəcan
təbilidir. Xalqımız həmişə kitaba dərin
sevgi bəsləyib, ölkəmiz keçmiş sovet postməkanında
kitab oxumaq, almaq, şəxsi kitabxanalar yaratmaq sahəsində
öncül yerlərdən birini tutmuşdur. Müdriklərimiz
həmişə kitabı çox seviblər. Deyiblər ki,
kitab bilik mənbəyidir, etik-estetik dəyərlərin
qaynağıdır, kitab mənəviyyatımızın
aynasıdır.
Kitab daş
dövründən başlayaraq dilə yiyələnən
insanın yazının kəşfindən sonra əldə
etdiyi və yüzilliklər ərzində tarixə
yoldaşlıq edən ilk mühüm informasiya vasitəsidir.
İnsan əldə etdiyi bir çox nailiyyətini - qəhrəmanlıq
rəşadətlərini, alplıq döyüşlərini,
vətən, torpaq uğrunda ölüm-dirim mübarizələrini,
ilkin ixtiralarını, kəşflərini kitab vasitəsilə
dünyaya yayıb tarixə çevirmiş və sonrakı nəsillərə
ərməğan etmişdir. Ona görə, atalar
yaxşı deyib ki, kitab dünənimiz, bugünümüz və
sabahımızıdır.
İnsan kitabdan sonra
müxtəlif informasiya vasitələri yaratmış,
telefon-teleqraf rabitəsinin müxtəlif nümunələrini
xalqların gündəlik məişətinə operativ vasitə
kimi daxil etmiş, teleinformasiya və kompüter
texnologiyasını icad etmiş, XXI yüzilliyin
başlanğıcından isə monoinformasiya
texnologiyaları icadı astanasına
çıxmışdır. Bütün bu inkişaf mərhələlərində
kitab heç vaxt dəyərini, nüfuzunu itirməmiş,
insanın ən yaxın dostu, həmdəmi olmuş, onu irəliyə
aparan, zövqünü oxşayan, onu dünya həqiqətlərindən
xəbərdar edən mühüm informasiya vasitəsi olaraq
qalmışdır. Kitabların həmişə
sırası geniş, çeşidi müxtəlif
olmuşdur. Hamısı da bilik mənbəyi, müdriklik xəzinəsidir.
Dünya həqiqətlərini insanlara anladan müxtəlif səpkili
kitablar çoxdur. Onların ən böyüyü isə
sonuncu səma kitabı olan "Qurani-Kərim"dir. 1300 illik
tarixdə nə bir surəsi, nə bir ayəsi, nə də
bir kəlməsi unudulmadan yazıya keçərək dillər
əzbəri olan, zaman-zaman yeni ömür yaşayıb
cavanlaşan, həqiqət yolunu insanların üzünə
açan həmişə təzə-tər, böyük
qüdrət kitabıdır. Etiraf etmək gərəkdir ki,
min illərlə insanı həqiqətə, mərifətə,
elmə və şərafətə ucaldan kitablardır. Təəssüf
ki, XX yüzilliyin sonlarından başlayaraq kitaba maraq
azalmışdır. Əsrin başlanğıcından
neçə-neçə maarifçi
ziyalılarımızın əzab-əziyyətlə
qurduğu iş elə bil ki, dəyərdən
düşüb. Ən şöhrətli kitabxanalar oxucu yolu
gözləyir, bir çoxu qapanıb, başqa bir qismi isə
ticarət müəssisəsinə, anbara, saxlanca
çevrilib. Kitab mağazaları, bukinist kitab şəbəkələri
şəhərdə yoxa çıxmışdır. Mədəniyyəti
ilə dünyaya səs salan gözəl Bakıda bu əcayib
şərait niyə, necə yaranıb? Axı, Bakı belə
deyildi! Şəhər buraya gələn qonaqları - turistləri,
diplomatları ölkə gözəlliklərini əks etdirən
müxtəlif kitabları, albomları, bukletləri ilə
qarşılayardı, dünyada böyük şöhrət
qazanmış Bakının niyə bu görüntüləri
pozulmuşdur?
Ali məktəb və ən
nüfuzlu kitabxanaların oxu zallarına daxil olanda boş oxucu
stolları adama gəl-gəl deyir, hanı bu zalların
oxucuları?! Məgər buralarda tələbələr
kitabsız oxuyur, həqiqətənmi onların kitaba
ehtiyacı yoxdur?! Kitabxana abonentləri içərisində
müxtəlif yaşlı, kateqoriyalı oxucuların sayı
çox aşağı enib. Belə çıxır ki,
ölkədə nə uşaq, nə böyük, nə də
qoca kitab oxuyur. Acınacaqlı haldır. Ən böyük
dövlət, ali məktəb kitabxanalarının 100-150 nəfərlik
oxucu zalında yalnız iki-üç nəfəri görmək
olur.
"Dəyirmi
masa"da haqlı olaraq deyildiyi kimi, kitabxanaların, oxu
zallarının boş qalması bir sıra obyektiv və
subyektiv səbəblərlə bağlıdır. Ancaq onun hər
iki halı ürəkağrıdıcıdır. Son onilliklərdə
kitaba bu soyuq münasibət artıq öz mənfi təsirini
cəmiyyətdə göstərməkdədir.
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının məlumatında
hər il 350-500 bal toplayan tələbələrin
sayının artdığı göstərilir. Əvvəla,
söylənən rəqəm elə öyünməli
göstərici deyildir. Bu, sovet dövrü ali məktəbində
üç fəndən 4, bir fəndən isə 3 qiymət
dəyərləndirilməsinə bərabərdir ki, belə
bal yığan abituriyentlərin böyük əksəriyyəti
ali məktəblərin bir sıra fakültələrindən
kənarda qalırdı. 500 bal isə, dördə bərabər
idi ki, bu da bir çox aparıcı fakültələr
üzrə sovetlər dönəmində qəbul deyildi. Digər
tərəfdən, test imtahanlarında toplanan bal göstəricisinin
artımı orta məktəbin nailiyyəti kimi yox, getdikcə
kütləvi hal alan mexaniki və müvəqqəti bilik vermə
mənbəyi olan repetitorçuluğun hesabına artan
göstəricidir. Onu da əlavə etmək gərəkdir
ki, yüksək hesab edilən 450-500-550 balla qəbul edilən
abituriyent elə biliklərini test otağında qoyur. Tələbə
adını aldıqdan sonra ilk semestrdən hər şeyi
unudur. Əgər bir vaxtlar ali məktəbdə tələbəyə
aşağıdan yuxarıya istiqamətdə himayəçilik
edilirdisə, indi bu iş yuxarıdan aşağı istiqamətləndirilib.
Ali məktəbin son illərdəki ən böyük yeniliyi
budur. Özəl ali məktəblərdə isə daha
acınacaqlı vəziyyət yaranıb. Tələbələrin
kitaba, oxu zalına, kitabxanalara getməsi, əslində, bilərəkdən
qeyri-rəsmi şəkildə yasaqlanıb. Yaranan şərait
bu məktəblərdə kitaba olan ehtiyacı aradan
qaldırıb. Bütün bunlar isə tələbələrin
ümumi səviyyəsinin aşağı düşməsinə
öz mənfi təsirini göstərməkdədir. Tələbə
tədqiqatlarının səviyyəsi heçə enib,
qruplarda bilikli uşaqların sayı 1-3-ə
düşmüşdür. Təbii ki, belə vəziyyətin
yaranmasının səbəblərindən biri də gəncliyin
kitaba olan həvəsinin aşağı enməsi ilə
bağlıdır. "Dəyirmi masa" ətrafında
söhbətlərdə yaranmış vəziyyətdən
çıxmağın, kitaba olan sevginin geriyə
qaytarılmasında tədbirlərin görülməsinin
vacibliyi dönə-dönə vurğulanır. Burada bir daha
göstərilir ki, "əvvəllər ən çox kitab
oxuyan respublika kimi tanınan Azərbaycanda ötən əsrin
80-ci illərindən başlayaraq mütaliənin səviyyəsinin
nəzərəçarpacaq dərəcədə
aşağı düşməsi cəmiyyətin
düşünən təbəqəsini ciddi narahat edir. Bu
narahatçılığı aradan qaldırmaq
üçün son illərdə ciddi tədbirlər həyata
keçirilmişdir. Belə ki, ölkəmizdə
kitabxanaların yenidən qurulması, habelə Milli Kitabxana
Fondunun qorunub saxlanması və zənginləşdirilməsi
sahəsində atılan addımlar məhz zamanın
çağırışından irəli gəlir. Dövlət
başçısı İlham Əliyev hələ
prezidentliyinin birinci dövrü səlahiyyətlərinin
icrasına başladığı ilk aylarda Azərbaycan və
dünya klassiklərinin əsərlərini latın
qrafikalı əlifba ilə nəşrini nəzərdə
tutan sərəncam imzalamış, bununla da, milli irsə
böyük qayğı ilə yanaşdığını
sübut etmişdir. Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" sərəncamı
da bu sahədə həllini gözləyən problemlərin
kompleks icrası baxımından konseptual əhəmiyyətə
malik sənəddir". Bundan əlavə, onu da qeyd etmək
lazımdır ki, son illərdə kitabxana işçilərinin
də orta əməkhaqqı artırılmışdır.
Qəzet haqlı olaraq
belə bir məsələ qaldırır ki, bütün
bunların müqabilində məktəb kitabxanalarının
hazırkı vəziyyətində müəyyən irəliləyiş,
dəyişiklik varmı? Bu suallara cavab tapmaq üçün
"dəyirmi masa"nın müzakirəsində qoyulan
problemlə bağlı məsələyə bir çox cəhətdən
aydınlıq gətirilmişdir.
Son illərdə təhsil
sahəsində aparılan eksperimentlərin bir qisminin
özünü doğrultmaması ölkədə təhsilin,
elmin və milli intellektin aşağı düşməsinə
səbəb olmuşdur. Məsələn, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası ölkədə test
üsulu ilə tələbə seçimini öz üzərinə
götürmüş və bununla da, təhsildə neqativ
halların aradan qaldırılması barədə cəmiyyətdə
ictimai rəy formalaşdırmışdır. Öncə demək
istərdim ki, bizdə tətbiq edilən test sistemi
dünyanın ən geridə qalmış seçim modellərindəndir.
Onun əsaslı şəkildə təkmilləşdirilməsinə
ciddi ehtiyac var. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının qəbul imtahanlarında tətbiq etdiyi
yeniliklərin cəmiyyət üçün hansı fəsadları
oldu? Birincisi, TQDK qəbul imtahanlarının bütün
biletlərinin suallarını aşkarlıq adı ilə
çap edib yaymaq, yaxud bilet - sual bankına yığmaqla
dövlət standartlarını pozmuşdur. Bütün fənlər
üzrə əksər suallar açıqlanır və beləliklə,
tətbiq edilmiş test sualları işbazların əlinə
keçir və həmin suallara verilən cavablar əsasında
konspektlər hazırlanıb yayılır, sonrakı illərdə
isə həmin suallar əsasında öncə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası "ekspertləri"nin
orta və ali məktəblərin müəllimlərindən
ibarət geniş repetitorçular qrupu bəhrələnir və
işbazlar həmin imkanlardan daha müxtəlif və zəngin
formalarda səmərəli yollar icad edirdilər. Bu səbəblərlə
bağlı gənclik kitabdan soyudu, ayağı kitabxanadan kəsildi,
kitabxana da oxucusuz qaldı. Məsələn, bir faktı
xatırlatmaq istəyirəm. Əvvəlki illərdə qəbul
imtahanları biletində ədəbiyyatda "əməkçi
insan surətləri" sualı vardı. Ona görə, gənc
kitabxanalara gedir, lazımi kitabları alır, həmin
mövzuda şifahi cavab hazırlayır. Məsələn,
Nizaminin əsərlərindən, lap elə "Kərpic kəsən
kişinin dastanı"ndan bir parça əzbərləyir
və müstəqil inşa yazırdı. Gənclərdə
yazı və nitq vərdişləri formalaşırdı.
TQDK isə orta məktəb proqramına formal şəkildə
sadiq qaldığını nümayiş etmək
üçün sualı belə qururdu: "Hansı sənətkarların
yaradıcılığında əməkçi insan
obrazı vardır? Tapıb altından xətt çəkin.
"M.Axundov, H.Zərdabi, Füzuli, Nizami, Şirvani". Repetitorun
köməyi ilə abituriyentə məlumat verilir ki, Nizaminin
adının altından xətt çəkmək
lazımdır. Budur faciə. Məktəbli üçün
artıq orta məktəbdən, kitabdan, kitabxanadan üz
döndərib repetitorla məşğul olmaq daha sərfəli
olur. Mən bir misalı nümunə çəkim. Test
sualları bankında isə minlərlə belə sual var və
onlarla repetitor cavabları da hazırdır.
Dünya təcrübəsindən
məlumdur ki, buraxılış, dövlət və qəbul
imtahanlarının suallarının məxfi saxlanması
dövlət tələbidir. Təəssüf ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının bu
"humanistliyi" hazırda ali və orta ixtisas məktəblərinin
bütün buraxılış, semestr və dövlət
imtahanlarında əsas meyar kimi götürülür. Gənclər
imtahanlara əvvəlcədən əldə etdikləri
suallara hazırlanmış "cavablarla" gəlir, dərsliklər
yazı işlərinə köçürülür və
həmin yazılar yaxşı və əla qiymətlərlə
qiymətləndirilir. Məktəblərin faizi yüksəlir,
şagird və tələbələrin biliyi isə quyunun
dibinə düşür.
Vəziyyətdən
çıxış yolu kimi təklif edirəm ki, birincisi,
ölkədə təhsil standartlarının tələb
etdikləri yazı işlərinin yeni qiymət şkalası
müəyyənləşdirilsin, test qəbulunun orta məktəb
proqramına uyğun standartları təşkil olunsun, Təhsil
Nazirliyi nəzdində repetitor kollegiyası yaradılsın,
repetitorçu müəllimlərin I-XI siniflərdə
repetitorluqla müəllimlik fəaliyyəti yolverilməz hesab
edilsin. Lakin vətəndaşların repetitor kollegiyasından
repetitorçu dəvət edib məktəbdən sonrakı dərs
saatlarında məşğul olmaq hüququ saxlanılsın.
Məktəblinin dərs vaxtı repetitor yanına getməsi
yolverilməz hesab edilsin. İkincisi, vəziyyətdən
çıxış yolu kitabxanaları, oxucunu lazımi dərslik,
dərs vəsaiti, proqram və bədii əsərlərlə
təchiz etməkdir.
Təəssüf
doğuran haldır ki, bu gün orta məktəb şagirdləri
həddindən artıq yüklənib. Bu isə onların gələcək
sağlamlıqlarını təhlükə
qarşısında qoyur. Məsələn, yeni proqrama keçid
nəticəsində birinci sinif şagirdi hər gün 7-12
tapşırıq yerinə yetirməli, keçilən proqram
materiallarını öyrənməli və əlavə ədəbiyyat
oxumalıdır. Asudə vaxt isə unudulub. Təəssüf
ki, Təhsil Nazirliyinin tabeliyindəki elmi tədqiqat
institutları öz fəaliyyətlərində dünya
elminin və səhiyyəsinin standartlarına deyil, Təhsil
Nazirliyinin eksperimentlərinə uyğun qururlar. Nəticə
isə bir neçə ildən sonra üzə
çıxacaqdır. Psixoloji gərginlik və
sarsıntılar, yaş dərəcələrinə
uyğun olmayan dərs yükü ilə yüklənmiş məktəblilər
cəmiyyət üçün ağır problemə
çevriləcəklər.
Şagirdlərin dərs
yükü ilə yüklənməsinin elmi prinsiplər
hazırlanarkən dünya pedaqoji fikri və metodiki təcrübəsinə
əsaslanma başlıca tələb olmalıdır.
Orta məktəblərdə
bir çox test, sinif-sınaq imtahanları azaldılmalı,
buraxılış imtahanlarının sayı 8-dən 5-ə
endirilməlidir. Təhsil Nazirliyi öz fəaliyyətini test
komissiyasının tələbinə yox, əksinə, test
komissiyası öz işini Təhsil Nazirliyinin
götürdüyü elmi-pedaqoji və metodik kursa uyğun təşkil
etməlidir.
Orta məktəbin 11-12
illik təhsilə keçid məsələsinə
elmi-pedaqoji, tibbi, psixoloji cəhətdən yenidən
baxılmalı, lüzumsuz fənlər proqramlardan
çıxarılıb ölkədə onillik təhsilin bərpasına
keçid məsələsinə baxılması gündəmə
gətirilməlidir. Orta məktəbin itirilmiş şöhrəti,
onun fəaliyyət ritmi bərpa edilməlidir.
Bütün bu tədbirləri
kompleks halda həyata keçirsək, məktəbin ritmik fəaliyyətini
təmin etsək, kitaba olan sevgini geriyə qaytarmaq olar! Bu isə
Azərbaycanda təhsilin, elmin səviyyəsini
yaxşılaşdırar, milli intellektin sürətli
yüksəlişinə aparıb çıxarar, oxucular
kitabsız, kitabxanalar oxucusuz qalmaz...
Azad NƏBİYEV,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Professor
Azərbaycan.- 2009.- 18 iyun.- S. 6.