Vyanada narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanları rəhbərlərinin VIII müşavirəsi keçirilir

 

İyunun 16-da BMT-nin Vyana bölməsində Avropada narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanları rəhbərlərinin (HONLEA) VIII müşavirəsi öz işinə başlamışdır. İyunun 19-dək davam edəcək müşavirə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (BMTNC) ev sahibliyi ilə keçirilir.

Müşavirənin məqsədi narkotiklərlə mübarizə sahəsində regional və subregional əməkdaşlıqla bağlı mövcud vəziyyəti müzakirə etmək və HONLEA-nın VII müşavirəsinin yekun tövsiyələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmaqdır. Müvafiq işçi qruplarda Avropa regionundakı hüquq-mühafizə orqanlarının üzləşdiyi operativ və digər spesifik problemlərin müəyyənləşdirilməsi, narkotiklərin daşınması ilə bağlı milli, subregional və regional səviyyədə tətbiqi mümkün tədbirlər müzakirə ediləcək, müvafiq təklif və tövsiyələr plenuma təqdim olunacaqdır.

Müşavirədə Azərbaycanı Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərliyi ilə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

H.Aslanov müşavirədə "Azərbaycan Respublikasında narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyətin təşkili" mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığın digər formalarının əsas maliyyə mənbəyi kimi cəmiyyətin sağlam inkişafına mənfi təsir göstərir, hər bir dövlətin sosial asayişinə təhlükə yaradır. Bu səbəbdən problemin həllinə kompleks yanaşma tələb olunur.

Azərbaycan Respublikasının geostrateji vəziyyəti qaçaqmalçılara onun ərazisindən narkotik vasitələrin Avropaya daşınması üçün tranzit ölkə kimi sui-istifadə etməsinə şərait yaradır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı təkcə ölkəmizdə deyil, eyni zamanda bütün regionda narkotik vasitələrlə bağlı vəziyyətə öz mənfi təsirini göstərməkdədir. Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycan İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd xətti üzərində nəzarəti itirmişdir. Göstərilən ərazilərdə Azərbaycanın dövlət nəzarəti olmadığından narkomafiyaya narkotik tərkibli bitkilərin becərilməsi, narkotik vasitələrin istehsalı, o cümlədən qaçaqmalçılıq yolu ilə satış üçün başqa ölkələrə aparılmasına münbit şərait yaranmışdır.

Qeyd edilmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı hüquqi bazanın gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. 2005-ci ildə Azərbaycanda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanun qəbul edilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında bu sahədə məlumat mübadiləsi aparılmasına, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Bununla yanaşı, Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik aludəçiləri ilə bağlı ümumrespublika məlumat bazası yaradılmışdır. Həmin məlumat bazası prokurorluq, ədliyyə, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanlarının informasiyalarını özündə ehtiva edir və bu da ölkədəki narkotiklərlə bağlı vəziyyəti real qiymətləndirmək, cinayətkarlığı proqnozlaşdırmaq, bu sahə ilə mübarizədə prioritetləri müəyyənləşdirmək imkanı yaradır.

BMT-nin tövsiyələrinə müvafiq olaraq, respublikamızda 2012-ci ilədək narkomaniya, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram həyata keçirilir. Narkotiklərlə mübarizə sahəsində milli qanunvericilik aktları ilə yanaşı, Azərbaycan BMT-nin üç mühüm konvensiyasına qoşulmuşdur. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının maliyyələşdirdiyi "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) regional yardım Proqramı çərçivəsində Azərbaycana texniki və metodiki yardım göstərilir, treninqlər təşkil edilir və xüsusi texnika və nəqliyyat vasitələri ayrılır.

Həmçinin vurğulanmışdır ki, son illərdə ölkə rəhbərliyinin yürütdüyü gənclər siyasəti, yüksək səviyyəli forumların təşkili narkomaniyanın qarşısının alınmasında əhəmiyyətli profilaktiki rol oynayır. Hazırda dövlət səviyyəsində ölkədə narkotiklərlə bağlı vəziyyətə, narkotiklərin ölkəyə gətirilmə və aparılması kanallarına nəzarətin gücləndirilməsi üçün lazımi ölçülər götürülür.

H.Aslanov məruzəsinin yekununda bildirmişdir ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı qlobal problemin öhdəsindən təkbaşına və birtərəfli tədbirlər vasitəsilə gəlmək mümkün deyildir. Beynəlxalq əməkdaşlıq, xüsusilə keçid dövrü iqtisadiyyatına sahib ölkələrə, eləcə də silahlı münaqişələrə cəlb olunmuş dövlətlərə yardım göstərilməsi beynəlxalq bəla ilə mübarizədə həlledici əhəmiyyətə malikdir.

Qeyd edək ki, BMTNC-nin müraciətinə əsasən, bir sıra ölkələrlə yanaşı, Azərbaycan nümayəndə heyəti də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ölkədəki vəziyyətə dair arayışı müşavirənin yekun hesabatında nəzərə alınması üçün təqdim etmişdir.

Müşavirə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiyanın Narkotiklərlə Mübarizə üzrə Federal Xidməti rəisinin birinci müavini Vladimir Kalandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Azərbaycanın Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Fuad İsmayılov da müşavirədə iştirak etmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 7.