Azərbaycan Birləşmış Ştatların önəmli tərəfdaşıdır

 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon iyunun 16-da ABŞ Konqresinin Xarici İşlər Komitəsinin Avropa üzrə Alt Komitəsində "Transatlantik Alyansı gücləndirmək: Obama Administrasiyasının Avropa siyasətinə baxışı" mövzusunda çıxış etmişdir.

Obama Administrasiyasının Avropa regionuna dair siyasətindən və Transatlantik münasibətlərin daha da gücləndirilməsinə dair prioritetlərindən danışan Qordon ABŞ-ın bütün region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir. Dövlət katibinin müavini çıxışının Azərbaycana aid hissəsində ölkəmizin regional təhlükəsizlik və enerji təminatında mühüm rol oynadığını vurğulamışdır. O demişdir: "Azərbaycan Birləşmiş Ştatların regional təhlükəsizlik, xüsusilə, terrorizmə qarşı mübarizə sahəsində və Avropadakı müttəfiqlərimizin təbii qaz təchizatının şaxələndirilməsinə yardım baxımından önəmli tərəfdaşıdır. Azərbaycan həmçinin geosiyasi baxımdan böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına gündə təxminən bir milyon barel neft ixrac edir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan F.Qordon demişdir ki, ABŞ problemin həllində irəliləyişin əldə olunmasına yardım göstərməkdədir. Keçən il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə rusiyalı və fransalı həmkarları ilə birlikdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla beş dəfə görüşmüşdür.

Dövlət katibi Hillari Klinton münaqişə ilə bağlı şəxsən Azərbaycan və Ermənistan liderləri ilə bir neçə dəfə müzakirələr aparmış, habelə xarici işlər nazirləri Məmmədyarov və Nalbandyanla mayın 5-də Vaşinqtonda görüşmüşdür.

Bu yaxınlarda Azərbaycan, Gürcüstan və Ermənistana etdiyi səfərlərə toxunan ABŞ diplomatı səmərəli görüşlər keçirdiyini bildirmişdir.

Ermənistanla bağlı danışarkən, dövlət katibinin müavini ölkədə demokratiyaya və bazar iqtisadiyyatına dair islahatların aparılmasının vacibliyini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 1.