Ombudsmanların VII Bakı Beynəlxalq konfransı işə başlamışdır

 

İyunun 17-də "Excelsior" hotelində Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının təşəbbüsü ilə "Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq konfransı işə başlamışdır. 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təşkil edilən tədbir Avropa Şurasının 60 illiyinə həsr edilmişdir.

Konfrans iştirakçıları Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Açılış mərasimində ombudsman Elmira Süleymanova respublikamızda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təsdiq edildiyi, bu planın insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır. E.Süleymanova reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektlərindən danışmış, milli qanunvericiliyin təkmilləşdirildiyini, hazırda reproduktiv sağlamlıqla bağlı qanunun müzakirə olunduğunu diqqətə çatdırmışdır.

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Bruno Pueza Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, MDB Parlamentlərarası Assambleyası Sosial müdafiə və insan hüquqları daimi komissiyasının sədri Arif Rəhimzadə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun təbrikini oxumuşdur.

Konfransda YUNESKO-nun bioetika üzrə proqramı barədə məlumat verilmiş, etik ekspertizanın MDB ölkələrində tətbiqindən, müasir mərhələdə ailə planlaşdırılmasından danışılmışdır.

İyunun 19-dək davam edəcək tədbirdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinin həllində etik komitələrin rolu, müasir bioetika kontekstində insan hüquqlarının və ləyaqətinin qorunması s. məsələlər müzakirə ediləcəkdir.

Konfransda xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, QHT-lərin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.