Avropa İttifaqı-Azərbaycan ticarət, iqtisadi əlaqədar hüquqi məsələlər üzrə altkomitənin VIII iclası keçirilmişdir

 

İyunun 17-də İqtisadi İnkişaf Nazirliyində Avropa İttifaqı (Aİ)-Azərbaycan ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə altkomitənin VIII iclası keçirilmişdir.

Tədbirdə ticarət əlaqələrinin inkişafı, Aİ ilə ölkəmiz arasındakı mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.

İclasda Azərbaycanda həyata keçirilən islahatlar və əldə olunmuş uğurlar barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, dünyadakı maliyyə böhranı şəraitində valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər böhranın Azərbaycan iqtisadiyyatına təsirini neytrallaşdırmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycanın reytinqi 2008-ci ildə 96-cı yerdən 33-cü yerə yüksəlmiş və respublikamız dünyada ən islahatçı ölkə elan edilmişdir.

Altkomitə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək qiymətləndirmiş və bu istiqamətdə əldə olunan uğurların davam etdirilməsi zərurətini vurğulamışdır.

Tərəflər Aİ-də baş verən inteqrasiya və genişləndirmə təmayüllərində Azərbaycanın fəal iştirakını dəstəkləmiş və bu proseslərdə birgə qurumların potensialından tam istifadə olunacağına dair bir daha razılığa gəlmişlər.

İclasda, həmçinin Aİ-nin təşəbbüsü olan "Şərq tərəfdaşlığı"nın əhəmiyyəti qeyd olunmuş və bildirilmişdir ki, bu təşəbbüs Azərbaycan və Aİ arasında əlaqələrin yeni səviyyəyə çatdırılmasında xüsusi rol oynayacaqdır.

İclasda Aİ-də baş verən inteqrasiya prosesləri və dünyadakı maliyyə-iqtisadi böhranın Aİ-yə təsiri və böhrandan çıxış üçün görülən tədbirlər barədə Azərbaycan tərəfinə məlumat verilmişdir. Azərbaycan tərəfi isə 2008-ci ildə ölkədə Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən irəli gələn öhdəliklərin icrası ilə bağlı Avropa Komissiyasına ətraflı məlumat təqdim etmiş, komissiyanı maraqlandıran sualları cavablandırmışdır.

Danışıqlar çərçivəsində ölkə qanunvericiliyinin Aİ-nin tələblərinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Altkomitə bu sahədə görülən ardıcıl fəaliyyəti dəstəklədiyini və bu istiqamətdə səylərin gücləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan etmişdir.

Tədbirdə Azərbaycan tərəfdən İqtisadi İnkişaf, Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin, Mərkəzi Bankın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Satınalmalar üzrə Dövlət Agentliyinin və Müəllif Hüquqları Agentliyinin nümayəndələri iştirak etmişlər. Aİ-ni iclasda qurumun Azərbaycandakı nümayəndəliyinin başçısı Alan Vaddamsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.