Bakıda "Azərbaycan hüquq-mühafizə orqanları Silahlı Qüvvələrində aparılan islahatların Avratlantik məkanına inteqrasiyada rolu" mövzusunda konfrans başa çatmışdır

 

NATO həftəsi çərçivəsində Bakıda keçirilən "Azərbaycan hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrində aparılan islahatların Avratlantik məkanına inteqrasiyada rolu" mövzusunda ikigünlük konfransı iyunun 17-də başa çatmışdır.

Konfransın ikinci günündə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar və NATO ilə əməkdaşlıq, Dövlət Sərhəd Xidməti və Şimali Atlantika Alyansı arasında səmərəli əməkdaşlığın nəticələri, ölkəmizin Silahlı Qüvvələrində islahatlar NATO ilə əməkdaşlıq kontekstində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının NATO ilə əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin aparıcı təhlilçisi Taleh Sadıqov bildirmişdir ki, təcavüzkar separatizm Xəzər hövzəsində enerji layihələrinə təhlükə törədir. Təcavüzkar separatizm və onun nəticələri Azərbaycanın iştirakı ilə enerji layihələrinin təhlükəsizliyinə əsas təhdidlərdən biridir. Apardığımız araşdırmalar göstərir ki, iri regional enerji layihələrinin təhlükəsizliyinin təminatında bir neçə amili nəzərə almaq lazımdır. Bu mənada Xəzər hövzəsində layihələr istisna deyil. Bu layihələrdə Azərbaycan da iştirak edir. Burada təcavüzkar separatizmin hərəkətləri nəticəsində yaradılmış və beynəlxalq nəzarətdən kənarda qalmış "boz zonalar"ın, həmçinin "qaynar nöqtələr"in mövcudluğunu xatırlamaq lazımdır.

T.Sadıqov strateji obyektlərə qarşı digər mümkün təhdid kimi terrorçu və ekstremist təşkilatların, o cümlədən son vaxtlar fəallaşan radikal qrupların fəaliyyətini misal gətirmişdir. Onun sözlərinə görə, enerji təhlükəsizliyinin və enerji infrastrukturunun etibarlı mühafizəsi Azərbaycanın milli təhlükəsizlik sistemində əsas prioritetlərdəndir. Terrorizmlə mübarizə, informasiya mübadiləsi, təcrübə, milli qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycan ilə NATO arasında əməkdaşlığın vacibliyini vurğulayan nazirliyin əməkdaşı bildirmişdir ki, ölkəmizin milli təhlükəsizlik konsepsiyasının hazırlanmasında Avratlantik məkanına inteqrasiya çərçivəsində toplanmış təcrübə nəzərə alınmışdır. Bu təcrübədən Hərbi Doktrinanın hazırlanmasında da istifadə olunacaqdır.

Azərbaycanın Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avratlantik İnteqrasiya İdarəsinin şöbə rəisi, polkovnik Vidadi Əsgərov isə vurğulamışdır ki, nazirliyin "J" strukturuna keçidi istiqamətində islahatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) qərargah rəisinin müavini, polkovnik Şahin Məmmədov demişdir ki, DQ-nin tam şəkildə jandarma sisteminə keçidi mərhələli şəkildə həyata keçiriləcəkdir. Hazırda DQ-də təminat və təchizat tam olaraq jandarma sisteminə uyğundur. Lakin dünyanın müxtəlif ölkələrində müvafiq strukturlar jandarma, silahlı milis, Azərbaycanda isə Daxili Qoşunlar adlanır.

Ş.Məmmədov xatırlatmışdır ki, cari ilin aprelində Şimali Atlantika Alyansı ilə Daxili Qoşunlar arasında müzakirələr aparılmışdır. NATO mütəxəssisləri DQ-nin sülhməramlı bölüyünün hazırlığını yüksək qiymətləndirmişlər.

Bildirilmişdir ki, Azərbaycan müstəqilliyinin qısa tarixi ərzində NATO-ya inteqrasiya istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz tədricən dünyada təhlükəsizliyin təmin edilməsinə töhfə verən bir ölkəyə çevrilmişdir. Azərbaycan Əfqanıstanda da öz töhfəsini verir.

Beynəlxalq qüvvələrin tərkibində iştirak etməklə Azərbaycan Silahlı Qüvvələri bu gün öz ölkəsinin təhlükəsizliyini təmin edə biləcək bir qüvvəyə çevrilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan- 2009.- 18 iyun.- S. 5.