Goranboyda orta məktəb şagirdlərinin buraxılış imtahanlarından müvəffəqiyyətlə keçmələri üçün rüşvət toplamaqla məşğul olan korrupsiya şəbəkəsi ifşa edilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı iqtisadi, siyasi, hüquqi islahatlar, sosial yönümlü dövlət proqramları, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi və xalqımızın maddi rifah halının yaxşılaşdırılması, o cümlədən müasir tələblərə cavab verən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması istiqamətində görülmüş möhtəşəm işlər əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı"nda təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, təhsil sahəsində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması, müəllimlərin sosial təminatının gücləndirilməsi və s. tədbirlər nəzərdə tutulmuşdur, bu sahədə məqsədyönlü işlər davam etdirilir.

Təhsil müəssisələrində mövcud olan mənfi halların aradan qaldırılması ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlara baxılması işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, son günlər orta məktəb şagirdlərinin buraxılış imtahanlarından müvəffəqiyyətlə keçmələri üçün rüşvət toplamaqla məşğul olan korrupsiya şəbəkəsi ifşa edilmişdir.

Uşaqlarının orta məktəbin buraxılış imtahanlarında müvəffəqiyyət qazanması üçün onlardan rüşvət alınması barədə bir qrup Goranboy rayon sakininin şikayət ərizələri üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müvafiq yoxlama aparılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyevin korrupsiya şəbəkəsi yaradaraq şöbənin metodisti Faiq Dosiyevi və rayonun müxtəlif yaşayış məntəqələrindəki orta məktəblərin direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal toplaması və attestatlar verilməsi üçün onlardan pul yığılmasını təşkil etməklə külli miqdarda rüşvət alması təkzibedilməz dəlillərlə sübuta yetirilmişdir.

İstintaqla, həmçinin müəyyən edilmişdir ki, Elmar Əliyevin Goranboy rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən 2008/2009-cu tədris ilində rayonun orta məktəblərində təhsil alan XI sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək bal toplaması və onlara attestatlar verilməsinə yardım edəcəyi müqabilində şagirdlərin hər birindən 100 manat və daha yüksək məbləğdə pul yığılması barədə Faiq Dosiyevə verdiyi göstərişi əsasında sonuncu əvvəlcədən cinayət əlaqəsinə girdiyi, rayonun Səfikürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov vasitəsilə həmin məktəbin 21 nəfər XI sinif şagirdindən 1700 manat, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyev vasitəsilə 8 nəfər XI sinif şagirdindən 800 manat, Goranboy şəhər 1 nömrəli orta məktəbin direktoru Xasay Qasımov vasitəsilə 17 nəfər XI sinif şagirdindən 1700 manat, Dəliməmmədli şəhər orta məktəbinin direktoru Rövşən Abbasov vasitəsilə 23 nəfər XI sinif şagirdindən 3350 manat məbləğində pul alaraq Elmar Əliyevə vermişlər. Ümumilikdə isə Goranboy rayonunun əksər orta məktəblərinin direktorları əsasən sinif rəhbərləri vasitəsilə, ayrı-ayrı hallarda isə bilavasitə şagirdlərdən və ya onların valideynlərindən külli miqdarda pul toplayaraq Faiq Dosiyevə vermiş, o isə öz növbəsində həmin pulları Elmar Əliyevə çatdırmışdır.

Elmar Əliyevin iş və yaşayış yerlərində aparılmış axtarış zamanı Goranboy rayon orta məktəblərinin IX və XI sinif şagirdlərinin adları və qarşılarında müxtəlif pul məbləğləri göstərilən siyahılar, siyahıların arxasında hər məktəb üzrə toplanmış məbləğ, təhsil şöbəsi tərəfindən mərkəzləşmiş qaydada təşkil edilmiş buraxılış imtahanında iştirak edəcək şagirdlərin bəzilərinin imtahan verdiyi məktəbin adı və şagirdin kodu yazılmış vərəqələr, şagirdlərin müxtəlif seriya və nömrəli 1996/2002-ci illərdə tədris müəssisəsini bitirmələrinə dair 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestat, Elmar Əliyevin yaşadığı evindən və xidməti otağındakı seyfindən külli miqdarda pul aşkar edilərək götürülmüş və müvafiq qaydada rəsmiləşdirilmişdir. Eyni zamanda, Faiq Dosiyev və digər məktəb direktorları tərəfindən, şagirdlərdən pulun yığılmasını təsdiq edən siyahılar istintaqa təqdim olunmuşdur.

Törətdikləri cinayət əməlləri üzrə Cəmaləddin Nəsibov, İlqar Əliyev, Xasay Qasımov və Rövşən Abbasov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət almağa görə, Elmar Əliyev və Faiq Dosiyev isə qeyd olunanlarla yanaşı, külli miqdarda rüşvət almağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Elmar Əliyev, Cəmaləddin Nəsibov və İlqar Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs, Xasay Qasımov, Rövşən Abbasov və Faiq Dosiyevin barəsində isə həbslə bağlı olmayan digər növ qətimkan tədbirləri seçilmişdir.

Hazırda həmin iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyən edilməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 7.