İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, iyunun 16-da saat 5 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində dənizdən sahilə yan alan, içərisində narkotik vasitə olan qayığın saxlanılması məqsədilə keçirilən xüsusi tədbir zamanı qayıqda olanlar polisin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq müqavimət göstərmişlər. Əməliyyatçıların odlu silah işlətmək məcburiyyətində qalması nəticəsində onlardan biri - Heydəri Zahid Rəşid oğlu yaralanmışdır.

Cinayətkar dəstənin bütün üzvləri - İran vətəndaşları Vəhdət Nəzəri Bəhruz oğlu, Heydəri Zahid Rəşid oğlu, Rahət Nihdani Məhinyəhya qızı və Zəhra Cavad qızı tutulmuşlar. Onların istifadəsində olan qayıqdan 50 kiloqramdan çox həşiş, 60 ədəd avtomat patronu, 1 qaz balonu və istiqamət müəyyənləşdirən 2 ədəd GPS xüsusi qurğusu götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır, istintaq aparılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 7.