Qlobal böhrandan müdafiədə
Azərbaycan təcrübəsi
Beynəlxalq maliyyə
qurumları ölkəmizdə dinamik iqtisadi inkişaf tempinin
bundan sonra da qorunub saxlanacağını bildirirlər.
Qlobal iqtisadi
böhranın meydana çıxdığı vaxtdan indiyə
qədər olan müddət ərzində Azərbaycanın
bu problemə dayanıqlığı beynəlxalq maliyyə
qurumlarının ölkəmizə diqqətinin bir qədər
də artmasına səbəb olmuşdur. İlk növbədə
ona görə ki, Azərbaycanın hansı səbəblərdən
qlobal iqtisadi böhranın təsirlərindən effektiv
qorunması indi dünya maliyyə institutlarının da
xüsusi maraq dairəsindədir.
Bununla bağlı
dünyanın mötəbər maliyyə institutları tərəfindən
artıq xeyli araşdırma aparılıb və gəlinən
nəticə odur ki, ölkədə həyata keçirilən
düzgün siyasət bundan sonra da Azərbaycan
iqtisadiyyatının böhrana davamlığını təmin
edəcək. Prezident İlham Əliyev bununla bağlı
bildirir: "Bu gün Azərbaycan iqtisadiyyatı
dayanıqlı iqtisadiyyatdır və əminəm ki,
bütün son illər ərzində əldə edilmiş
iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".
Ölkənin bank sektoru qlobal böhranın
dağıdıcı əsirindən xilas edilib
Aparıcı beynəlxalq
maliyyə institutları və agentlikləri tərəfindən
tərtib edilən son hesabatlarda Azərbaycan iqtisadiyyatının
ümumi inkişafı ilə yanaşı, onun
ayrı-ayrı sektorlarında mövcud vəziyyətə də
xüsusi diqqət yetirilir. İqtisadiyyatın müxtəlif
sahələri üzrə ölkəmizdə görülən
tədbirlər və onların effektivlik dərəcələri
yüksək qiymətləndirilir. Belə sahələrdən
biri kimi bank sektoru çıxış edir və
dünyanın əksər dövlətlərindən fərqli
olaraq Azərbaycanda bankların qlobal iqtisadi böhranın təsirlərindən
qorunması üçün vaxtında lazımi tədbirlərin
görüldüyü bildirilir.
Tanınmış beynəlxalq
reytinq agentliyi olan "Standard & Poor's" isə bəyan
edir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dünya
iqtisadi və maliyyə böhranına reaksiyası adekvat və
vaxtında olub: "Azərbaycan Mərkəzi Bankı
böhrana adekvat və vaxtında reaksiya verib. Təkrar maliyyələşdirmə
dərəcəsi və öhdəliklər üzrə rezerv
tələbləri bir neçə dəfə
azaldılıb ki, bu da bank sektorunda 350 milyon manat (sektor öhdəliklərinin
həcminin 3,5 faizi) məbləğində likvidliyi təmin
edib. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bəzi
kommersiya banklarında likvidliyə birbaşa dəstək
göstərib. 2008-ci ilin noyabrında Mərkəzi Bank
kommersiya banklarına qısamüddətli kreditlər
formasında 300 milyon dollar verib.
"Standard &
Poor's" agentliyinin "Bank sektorunda risklərin təhlili"
adlı hesabatında bildirilir ki, AMB müxtəlif tədbirlər,
o cümlədən əmanətlərin
sığortalanması mexanizmlərindən istifadə sayəsində
əmanətçilərin bank sisteminə inamının
adekvat səviyyəsini saxlaya bilib.
Xatırladaq ki, Milli Məclisin
qəbul etdiyi yeni qanunla sığortalanan əmanətlərin
məbləği 6 min manatdan 30 min manatadək
artırılıb. Bu da öz növbəsində əmanətçilərin
banklara inamının daha da güclənməsinə təkan
verib. Görülən bu tədbir nəticəsində
banklara maliyyə vəsaitlərinin cəlb edilməsilə
bağlı durumu daha da yaxşılaşdırıb. Bununla əlaqədar
"Standard & Poor's" agentliyi qeyd edir: "Regionun bəzi
digər ölkələrinin bank sistemlərindən fərqli
olaraq Azərbaycanın bank sistemi dünya böhranı
başlandıqdan sonra yaranan çaxnaşma ilə əlaqədar
xeyli həcmdə əmanətlərin götürülməsindən
qaça bilib".
"Standard & Poor's"
agentliyi Azərbaycanda bankların ciddi problemlərlə
üzləşməməsi üçün hökumət tərəfindən
də zəruri tədbirlərin görüldüyünü
və bunun lazımi müsbət nəticələr verdiyini
bildirir. Məsələn, qeyd olunur ki, 2009-cu ilin yanvarından
bank sektorunun təkrar kapitallaşmasının
stimullaşdırılması məqsədilə mənfəət
vergisinə güzəşt tətbiq edilir.
Ümumiyyətlə,
2012-ci ilə qədər bank sektoru mənfəət vergisindən
azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm
də böhran şəraitində maliyyə problemi ilə
üzləşməməsinə münbit şərait
yaradır.
Agentlik onu da qeyd edir ki,
son illər Azərbaycan bank tənzimlənməsinin və nəzarətin
təkmilləşdirilməsində, onların qabaqcıl beynəlxalq
praktikaya uyğunlaşdırılmasında xeyli uğurlara
nail olub. Bununla əlaqədar Mərkəzi Bank xarici
administrasiyanın və digər mexanizmlərin tətbiqinin
köməyilə intervensionist və qabaqlayıcı tədbirlər
görmək imkanlarına malikdir, banklarda diaqnostika problemləri
alətləri təkmilləşdirilir: "Biz öz
meyarlarımıza uyğun olaraq Azərbaycanı bank sisteminə
"dəstək göstərməyə hazır" ölkələr
kateqoriyasına daxil edirik. Bu yanaşmalara əsaslanıb biz
mümkün dövlət dəstəyini nəzərə
alaraq özəl bankların reytinqinə əlavə pillə
artırmırıq. Azərbaycanın maliyyə təşkilatları
üçün bizim kredit reytinqlərimiz dövlət tərəfindən
cari dolayı dəstəyi, o cümlədən likvidlikdən
müstəsna istifadə imkanlarını, prudensial tənzimlənməni
və aktiv nəzarəti nəzərə alır".
Agentliyin ekspertlərinin
qiymətləndirmələrinə görə, stressli maliyyə
vəziyyətində Azərbaycan rəhbərliyi çətinlik
keçirən təşkilatların fəaliyyətinin tənzimlənməsini
və nəzarəti gücləndirə bilir. "Standard
& Poor's" agentliyi qeyd edir ki, hökumət bank sistemində
problemlərin artmasına yol verməmək məqsədilə
dəstək göstərməyə hazır olduğunu
nümayiş etdirib. Qiymətləndirmədə 2008-ci ilin
oktyabrından 2009-cu ilin mayına kimi uçot dərəcəsinin
15 faizdən 2 faizədək endirilməsi, həmçinin məcburi
ehtiyat normalarının azaldılması ilə bağlı
Azərbaycan Mərkəzi Bankının gördüyü tədbirlərin
respublikanın bank sektorunda 1 milyard dollar məbləğində
əlavə likvidliyin təmin edildiyi bildirilir.
Xarici investorların bank sektorunda iştirakına
münbit şərait yaradılıb
"Standard &
Poor's" xarici investorların Azərbaycanın bank sektorunda
iştirakına hər cür münbit şəraitin
yaradıldığına da xüsusi diqqət yetirir:
"Dövlət Azərbaycan banklarının müdafiəsini
təmin edir, lakin eyni zamanda, xarici investorları da
alqışlayır. 2008-ci ildə və 2009-cu ilin əvvəlində
xarici banklar Azərbaycanın bank bazarına çox fəal
şəkildə, o cümlədən nümayəndəliklərin
açılması ilə, əsasən
"Vneştorqbank", "Kommerzbank" və "Citigroup
Inc"la daxil olublar". Bildirilir ki, yaradılan münbit
şərait nəticəsində 2005-ci ildən sonrakı
dövr ərzində ölkədə xarici iştiraklı
bankların ümumi payı iki dəfə artaraq 30 faizi
ötüb.
Bununla yanaşı,
hesabatda o da xüsusi qeyd olunur ki, Azərbaycanda bankların
filial şəbəkələri sürətli templə
inkişaf edir: "Azərbaycanın bank sistemi indiyədək
digər MDB ölkələri ilə müqayisədə
dünya bazarında iqtisadi sarsıntılara qarşı xeyli
davamlılıq göstərib. Bir neçə bank
risk-menecment sistemini inkişaf etdirməyə hazır
olduqlarını nümayış etdirib. Onların
sırasında xarici iştiraka malik banklar da var".
Bildirilir ki, banklar gəlirlər
potensialının maksimum artırılması məqsədilə
biznesi genişləndirməyə hazırlaşırlar. Odur
ki, pərakəndə bank xidmətləri seqmentində fəaliyyət
ən populyar strategiyaya çevrilir ki, bu da diversifikasiyadan mənfəəti
təmin edir: "Pərakəndə xidmətlər sektorunun
hesabına diversifikasiyanın səviyyəsinin
artırılması bazarda bankların mövqeyinin möhkəmlənməsinə
müsbət təsir göstərir".
Beləliklə,
hesabatdan aydın olur ki, qlobal iqtisadi böhran şəraitində
digər sahələrdə olduğu kimi, Azərbaycanın
bank sektorunda da vəziyyət müsbətdir və dinamik
inkişaf tempi qorunub saxlanır. Bu isə öz növbəsində
digər sahələrdə inkişaf tendensiyasının
qorunub saxlanmasına münbit təsir göstərir. Çünki
görülən tədbirlər nəticəsində bank
sektorunun böhrana dayanıqlığı öz növbəsində
kreditləşmə səviyyəsini qoruyub saxlayır ki, bu
da fəaliyyətində kredit mühüm məqam kimi
çıxış edən sahələrdə yaranan problemlərin
qarşısını alır. Bütün bunlar
qarşıdakı dövr ərzində də qlobal
böhranın Azərbaycana təsirinin minimal həddə
qalmasını şərtləndirir.
Aparıcı dünya maliyyə institutlarının
Azərbaycanla bağlı proqnozları müsbətdir
Qlobal iqtisadi
böhranın müddətilə bağlı hələ də
müsbət proqnozlar səsləndirilmir. Məsələn,
Beynəlxalq Valyuta Fondu böhranın təsirlərinin gələn
ilin ortalarına kimi davam edəcəyini istisna etmir. Lakin Fondun
ekspertləri əvvəlki kimi böhranın Azərbaycana təsirinin
ciddi xarakter daşımayacağını bildirirlər. Fond
mütəxəssislərinin fikrincə, böhranın təsirləri
bəzi ölkələrdə, o cümlədən MDB məkanında
güclənəcək və kasıb ölkələrdə
özünü daha çox büruzə verəcək.
Beynəlxalq Valyuta Fondunun
hesablamalarına əsasən, ötən ilin sonunda olduğu
kimi, bu il də ümumi daxili məhsulun artım səviyyəsi
xeyli azalacaq. Dünyanın bir çox ölkələrində
isə ümumiyyətlə, heç bir artım gözlənilmir.
Fondun ekspertləri belə nəticəyə gəliblər
ki, bundan sonra böhran dünyanın yoxsul təbəqəsinə
daha çox təsir göstərəcək.
MDB məkanında isə
böhrandan daha çox zərər görəcək ölkələr
sırasına Rusiya, Gürcüstan,
Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistan
da daxil edilir. Hesabat müəlliflərinin fikrincə, MDB ölkələri
arasında Azərbaycanda böhranın təsirləri o qədər
də böyük deyil. Fond rəsmiləri bunu Azərbaycanın
maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə əlaqələndirir.
Beynəlxalq Valyuta Fondu
onu da bildirir ki, Rusiya, Gürcüstan,
Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistanda
milli valyutaların dəyərdən düşməsi hələ
davam edəcək. Çünki həmin ölkələrin
xaricdən cəlb etdiyi kreditlərin həcmi artır və
kreditlərin qaytarılma imkanları getdikcə məhdudlaşır.
Azərbaycan isə milli valyutasını möhkəmləndirib
və bu, böhrandan müdafiə olunmaq üçün əlavə
imkanlar yaradıb. Ümumiyyətlə, qarşıdakı
dövr ərzində də Azərbaycan manatının
devalvasiya təhlükəsilə üzləşməyəcəyi
proqnozlaşdırılır.
Dünya bazarlarında
neftin qiymətinin artması isə ekspertlərə görə,
Azərbaycanın qlobal böhrana dayanıqlıq səviyyəsini
daha da gücləndirir. Xatırladaq ki, Azərbaycanın
dövlət büdcəsində neftin 1 barelinin qiyməti 70
dollardan götürülüb və hazırda dünya
bazarlarında mövcud qiymət bundan yüksək həddədir.
OPEK isə tezliklə
neftin 1 barelinin qiymətinin 75 dollara çatacağını
proqnozlaşdırır. Bu da Azərbaycanın neft
satışından əlavə gəlirlər və beləliklə,
böhran şəraitində daha çox valyuta ehtiyatı
toplamasını şərtləndirir. Bu isə qlobal iqtisadi
böhranın cari il Azərbaycana təsirlərinin bir qədər
də minimallaşması deməkdir. Bu hal indiyə qədər
digər nüfuzlu maliyyə və tədqiqat qurumları tərəfindən
də etiraf olunub. Məsələn, Dünya Bankı hələ
mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın
başqa ölkələrlə müqayisədə qlobal böhranı
daha güclü mövqe ilə
qarşıladığını, böyük təsirlərə
məruz qalmayacağını və maliyyə sektorunun
böhrandan qaça bildiyini göstərib.
"Fitch Ratings"
agentliyi isə Avropanın 21 ölkəsindən 19-da ümumi
daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini
və yalnız Azərbaycanda iqtisadi artım
olacağını bildirib. Asiya İnkişaf Bankı isə
dünya dövlətlərinin bir çoxunda ümumi daxili məhsulun
azalması fonunda ölkəmizdə bu artımı 8 faiz
proqnozlaşdırıb.
Azərbaycanda güclü sahibkarlar qrupu
formalaşıb
Əlbəttə ki, Azərbaycanın
maliyyə imkanlarının artması ölkədə bir
çox aparcı sahələrin, xüsusən də
sahibkarlığın inkişafında mühüm rol
oynayır və bu sahədə dövlət tərəfindən
görülən tədbirlər bəhrələrini verir. Dövlət
tərəfindən sahibkarlara verilən güzəştli kreditlər
isə bu sahədə dinamik inkişafı əhəmiyyətli
dərəcədə stimullaşdırmaqdadır. Məhz bu
səbəbdən dövlət tərəfindən verilən
belə kreditlərin həcmi artırılmaqdadır.
Belə ki, ötən
ilə qədər sahibkarlara hər il 80 milyon manat məbləğində
güzəştli kreditlər verilirdi. Bu il kreditlərin məbləği
130 milyon manat təşkil edir. Onu da bildirək ki, əlavə
50 milyon manat əvvəllər verilmiş kreditlərin
qaytarılması hesabına əldə edilib. Növbəti
illərdə isə sahibkarlığın inkişafı
üçün güzəştli kreditlərin həcminin
bir qədər də artırılması nəzərdə
tutulur.
Bu ay ərzində isə
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu regionlarda sahibkarlığın inkişafına
dövlət dəstəyi mövzusunda növbəti tədbirini
Yevlax şəhərində keçirib.
Tədbirdə Yevlax, Bərdə
və Tərtər rayonlarından olan 400-dən çox
sahibkar iştirak edib. Tədbir çərçivəsində
sözügedən fondun vəsaitləri hesabına müvəkkil
kredit təşkilatlarının vasitəsi ilə Yevlax, Bərdə
və Tərtər rayonlarından olan 62 sahibkara kənd təsərrüfatı
məhsulları və tikinti materiallarının istehsalı
sahələrinin inkişafı üçün güzəştli
kreditlər verilib. Eləcə də Aran, Quba-Xaçmaz, Gəncə-Qazax
və Lənkəran iqtisadi rayonlarında meyvə-tərəvəz
və digər ərzaq məhsullarının tədarükü,
saxlanılması və satışı məqsədi ilə
standartlara cavab verən soyuducu anbar komplekslərinin
yaradılması üçün investisiya layihələrinin
qəbuluna başlandığı elan edilib.
Bundan öncə isə
Şəki-Zaqatala iqtisadi zonasını təmsil edən
sahibkarlara kreditlər verilib. Dövlətin ilin sonuna kimi bu
istiqamətdə tədbirlərini davam etdirməsi artıq
ölkədə, xüsusən də regionlarda kifayət qədər
güclü sahibkarlar qrupunun yaranmasına təkan verib.
Bunun nəticəsidir
ki, bir çox strateji məhsullara, məsələn,
taxıla tələbatı Azərbaycan məhz yerli istehsal
hesabına ödəmək imkanı əldə edib. Perspektivdə
isə ölkəmizin həmin məhsulların
ixracatçıları sırasında yer alacağı
gözlənir ki, bu da Azərbaycanın iqtisadi cəhətdən
daha da qüdrətlənməsi deməkdir.
Qiymətli kağızlar bazarı da böhranın təsirlərindən
kənardadır
Azərbaycan
üçün qlobal böhran şəraitində cəlbedici
digər bir məqam isə qiymətli kağızlar, o
cümlədən istiqraz bazarının inkişafı ilə
əlaqədardır. Bilindiyi kimi, dünyanı
çulğamış maliyyə böhranının əsası
elə qiymətli kağızların dəyərdən
düşməsilə başlanıb. Nəticədə
qlobal maliyyə böhranı istiqrazların qiymətinin kəskin
azalmasına və bütün dünyada istiqraz
böhranına gətirib çıxarıb. Lakin bu hal Azərbaycan
təcrübəsində özünü doğrultmadı.
Bunun ən bariz nümunəsi isə Azərbaycan İpoteka
Fondunun istiqrazlarında özünü göstərdi.
Xatırladaq ki, iyunun
16-da ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB)
İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə
başlanılıb. Hərraca 15 milyon manat həcmində
adlı, faizli istiqraz çıxarılıb. Bir istiqrazın
nominal satış qiyməti 1000 manat təşkil edib. İllik
gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə buraxılıb və
onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir.
İpoteka Fondunun
istiqrazları elə hərraca
çıxarıldığı ilk gündən onlara tələbatın
olduğu təsdiqləndi. Bu da Azərbaycanın qlobal iqtisadi
böhranın təsirlərindən yayınması deməkdir.
İpoteka Fondunun istiqrazlarının ümumi həcmi isə
55 milyon manatdır. Ekspertlər bildirir ki, bu kağızlar
dövlət təminatlı olduğundan investorların onlara
marağı çox böyükdür və yerdə qalan 40
milyon manatlıq istiqrazlar da Bakı Fond Birjasında
çıxarılan kimi dərhal satılacaq.
İstiqraz
satışından əldə olunan gəlirlər isə
İpoteka Fondunun hesabına köçürülür və
beləliklə, əhaliyə cari il üçün verilən
ipoteka kreditlərinin həcmi müvafiq olaraq daha 55 milyon manat
artacaq ki, bu daha çox ailənin mənzil sahibi olması deməkdir.
Son nəticədə isə bu, tikinti sahəsində məşğulluq
səviyyəsinin yüksək həddə qalmasına və
tikinti sektoruna bağlı müəssisələrin fəaliyyətinin
daha da genişlənməsinə gətirib
çıxarır. Belə vəziyyət isə Azərbaycanda
əhalinin məşğulluq səviyyəsinin artmasına,
işsizlik probleminin aradan qaldırılmasına münbit
şərait yaradır.
Bütün bunlar
dünyanın bir çox ölkələrindən fərqli
olaraq qlobal böhran şəraitində də dinamik iqtisadi
inkişafın mümkünlüyündən xəbər
verir və bunun ən bariz nümunəsi kimi məhz Azərbaycan
çıxış edir. Elə bu səbəbdən də
beynəlxalq aləmdə qlobal iqtisadi böhranın təsirlərindən
qorunmaq baxımından Azərbaycan təcrübəsinə
diqqət artır.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 19 iyun.- S. 1, 4.