2. Nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın mövqeyini dəstəkləyirlər

 

Azərbaycanın təkcə mövcud olduğu regionda yox, həm də beynəlxalq arenada mövqelərinin günü-gündən güclənməsi artıq dünya miqyasında ölkəmizin maraqlarının daha çox nəzərə alınmasını təmin etmişdir. İndi regionda hər hansı taleyüklü məsələ Azərbaycanın mövqeyi nəzərə alınmadan həll edilə bilməz.

Prezident İlham Əliyev bununla əlaqədar bildirir ki, bu gün bölgədə gedən proseslər Azərbaycanın beynəlxalq önəmini daha da artırır: "Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır.

Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə də siyasi addımlar atıla bilər, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq".

 

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in diqqət mərkəzindədir

 

Regional və beynəlxalq miqyasda ölkəmizin mövqelərinin daha çox nəzərə alınması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesinə də təsirsiz ötüşmür. Azərbaycanın həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində beynəlxalq aləmdə Ermənistanın işğalçı dövlət kimi tanınması prosesi davam edir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonra bu istiqamətdə apardığı siyasət dünya ictimaiyyətində Dağlıq Qarabağ həqiqətləri barədə əyani təsəvvürlər formalaşdırdı. Beynəlxalq təşkilatlarda bir-birinin ardınca Ermənistanın işğalçı mövqeyini əks etdirən sənədlər qəbul olundu. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda Ermənistanın işğalçı mövqeyinə dair yeni sənədlər qəbul olunmuş, bu ölkənin təcavüzkarlığı pislənmişdir.

Lakin Azərbaycan bununla kifayətlənməyərək Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün apardığı məqsədyönlü siyasəti daha da gücləndirməkdə və beynəlxalq ictimaiyyətlə, təşkilatlarla işbirliyini daim genişləndirməkdədir. Təsadüfi deyil ki, beynəlxalq səviyyədə Cənubi Qafqaz bölgəsi barəsində danışılarkən artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də mütləq nəzər yetirlir və Ermənistanın işğalçı mövqeyi pislənir.

Əlbəttə ki, bütün bunlar Azərbaycanın apardığı məqsədyönlü siyasətin, gərgin əməyin, uğurlu diplomatiyanın nəticəsidir. Ölkəmizin beynəlxalq miqyasda bu istiqamətdə gördüyü işlərin təqdir olunmasının önəmli səbəblərindən biri isə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində sülh yoluna sadiqliyidir. İşğal altında saxlanan ərazilərinin güc yolu ilə azad olunması üçün regionun ən güclü ordusuna malik Azərbaycan hələ ki, problemin dinc yolla çözülməsinin tərəfdarı kimi çıxış edir. Ərazi bütövlüyünün bərpası üçün Azərbaycanın hərb variantına əl atmaması məqsədilə bu gün Ermənistana beynəlxalq təzyiqlərin artdığı da aydın sezilməkdədir.

Bunun nəticəsidir ki, münaqişənin danışıqlarla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəallığı nəzərəçarpacaq dərəcədə artmış və qrupun son dövrlərdə irəli sürdüyü bütün təkliflərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi ön plana gəlmişdir. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən etibarən ATƏT-in diqqət mərkəzində saxladığı əsas məsələlər sırasında yer almaqdadır.

Hələ 1992-ci ilin martında ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır - red.) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün Yüksək Vəzifəli Şəxslər Komitəsinin zəmanəti əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul edib.

1992-ci il iyunun 1-də Romada Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin ilkin mərhələsinə start verilib. Lakin bundan sonrakı dövrdə də ATƏT çərçivəsində görülən tədbirlər heç bir müsbət nəticə vermədi. Bununla belə, Azərbaycan tərəfinin apardığı məqsədyönlü işlər sayəsində sözügedən təşkilat səviyyəsində də Ermənistan işğalçı dövlət kimi qəbul olunmağa başlamışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin noyabrında ATƏM-ə üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq hüququn prinsiplərinə zidd addım olduğu vurğulanır, işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının çağırılması və buna qədər işğal edilmiş ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin dayandırılması məsələləri də öz əksini tapmışdı.

Sonrakı dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində qalmasında da ATƏT mühüm rol oynadı. Münaqişənin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası dövrünün ən yaddaqalan məqamlarından biri isə şübhəsiz ki, 1995-ci ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvada keçirilən danışıqlar oldu. Belə ki, Moskva görüşü ərəfəsində Ermənistan Minsk prosesi çərçivəsində danışıqları dayandırdığını bəyan etmişdi. Bu, danışıqlar prosesinin iflasa uğradığını göstərirdi. Bir qədər sonra ATƏT-in Minsk qrupunun Helsinkidə və Badendə keçirdiyi danışıqlar da nəticəsiz bitdi. Bundan sonra Qərb ölkələri danışıqlar prosesində real nəticələrə çatmaq üçün daha fəal mövqe nümayiş etdirməyə başladılar. ABŞ, Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupundakı nümayəndələrinə xüsusi səlahiyyətli səfir statusu verilməsi bunun əyani göstəricisi idi. 1995-ci ilin sentyabrında Moskvada danışıqların növbəti raundu keçirildi və burada Azərbaycan bir sıra ciddi irəliləyişlərə nail ola bildi. Belə ki, Ermənistan Şuşa və Laçının azad edilməsi məsələsinə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən əvvəl baxılmasına razılıq verdi.

 

Lissabon uğuru

 

Azərbaycanın ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı qazandığı növbəti ciddi uğur isə özünü 1996-cı ildə keçirilən Lissabon sammitində ümümmili lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində göstərdi. Həmin vaxt ATƏT-in fəaliyyətdə olan sədri adından verilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsipin tövsiyə edildiyi bir daha vurğulanırdı. Bəyanatda qeyd olunurdu ki, bu prinsipləri Minsk qrupunun bütün üzv dövlətləri dəstəkləyir:

"- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

- bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi".

Onu da xatırladaq ki, həmin dövrlərdə Minsk qrupunun həmsədrləri Rusiya və Finlandiya idi ki, onların da mövqeyi əksər hallarda eyni idi. Gərgin müzakirələrdən sonra Finlandiyanın həmsədrliyi Fransa ilə əvəz olundu. Lakin bu da danışıqların gedişində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmirdi. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın da həmsədr olması məsələsi gündəliyə gəldi. 1997-ci ilin fevralında ABŞ dövlət katibinin müavini Stroub Telbott ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin olundu. 1997-ci ilin aprel ayında Lissabon sammitindən sonra ilk dəfə olaraq Moskvada ATƏT-in Minsk qrupunun növbəti görüşü keçirildi. Lakin burada da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hər hansı bir konkret qərar qəbul edilmədi. Bundan sonra həmsədrlər fəaliyyətlərini daha da intensivləşdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair layihə üzərində işləməyə başladılar.

1997-ci ilin iyununda həmsədrlər münaqişənin həllinə dair ilk konsepsiyalarını - "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hərtərəfli saziş" adlanan sənəd layihəsini hazırladılar və onu tərəflərə təqdim etdilər. Həmin vaxt ATƏT-in Minsk qrupunun irəli sürdüyü bu təkliflər daha çox "Paket həll variantı" kimi məşhurlaşmışdı. Təklif bir paketdə ehtiva olunan iki anlaşmadan ibarət idi. Birinci anlaşma silahlı münaqişənin dayandırılmasını, ikinci isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturdu.

 

Paket həll variantı

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan "Paket həll variantı"nın şərtlərinə görə, silahlı qüvvələri iki mərhələdə çıxarmaq tövsiyə olunurdu. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkilir. Bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən əsaslandırılmış bufer zonasında ilkin qaydada yerləşdirilməsi təmin olunmalı, həmçinin tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalı idi.

İkinci mərhələdə erməni qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılır, "Dağlıq Qarabağ qüvvələri" Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə qaytarılır, Azərbaycan qüvvələri yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında razılaşdırılmış xətlərə çəkilir.

Status adlanan ikinci sazişdə isə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınması əsas prinsip kimi göstərilirdi. Bu sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağm hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdiriləndən, Minsk Konfransı tərəfındən bəyəniləndən, Azərbaycanın və Dağlıq Qarabağın konstitusiyalarında inkorporasiya olunandan sonra mümkündür. Belə bir razılaşmanın olduğu halda isə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan və Azərbaycanla sərbəst, maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik ola bilərdilər. Bundan başqa, Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilməliydi.

Bir sıra çatışmazlıqlarına baxmayaraq, Azərbaycan tərəfı təklifı qəbul etdiyini bildirdi. Lakin Ermənistan tərəfi "Paket həll variantı"nda göstərilən müddəaları qəbul etmədiyini bildirərək problemin sülh yolu ilə çözümündə maraqlı olmadığını göstərdi. Məhz bunu əsas götürən Azərbaycan Ermənistanın işğalçı siyasətindən əl çəkmək niyyətində olmadığının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal təbliğata başladı.

 

Mərhələli həll variantı

 

Azərbaycanın haqlı mövqeyi və diplomatik fəaliyyətini gücləndirməsi nəticəsində 1997-ci ildə ATƏT-in Minsk qrupu "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında" adlı yeni saziş layihəsini tərəflərə təqdm etdi. Yeni təkliflər münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutduğundan daha çox "Mərhələli həll variantı" kimi tanınırdı.

"Paket həll variantı" ilə müqayisədə "Mərhələli həll variantı" Azərbaycan üçün daha əlverişli idi. Elə bu səbəbdən rəsmi Bakı "Mərhələli həll variantı"nı danışıqlara başlamaq üçün əsas kimi qəbul etdiyini və bu kontekstdə danışıqlara başlamağın mürnkün olduğunu bildirdi. Sözügedən təkliflərdə də münaqişənin iki mərhələdə həlli nəzərdə tutulurdu. Birinci mərhələdə münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırılması haqqında müddəalar öz əksini tapmışdırsa, ikinci mərhələdə ATƏT-in Minsk Konfransına qədər Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu.

"Mərhələli həll variantı"nın digər üstünlüyü ondan ibarət idi ki, burada Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal olunmuş digər 7 rayonundan 6-nın azad edilməsi göstərilmişdi. Bu rayonlar Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan idi. Laçın rayonunun taleyi sonrakı mərhələdə həll edilməli idi. Digər tərəfdən, saziş layihəsinin bir üstünlüyü də müvafiq müddəalara əməl etməyən tərəfə qarşı sanksiya tətbiqinin mümkünlüyünün göstərilməsində idi.

Həmin dövrdə Ermənistan prezidenti olan Levon Ter-Petrosyan "Mərhələli həll variantı" ilə münaqişənin həllinə razılıq versə də, Robert Koçaryanın, Serj Sarkisyanın rəhbərlik etdiyi separtçı qüvvələr, xaricdəki erməni diasporu və bir sıra xarici qüvvələr buna imkan vermədilər. Az sonra isə Levon Ter-Petrosyan hakimiyyətdən istefa verməyə məcbur edildi. Lakin həmin dövrdə onun işlətdiyi "Belə getsə, bir neçə ildən sonra Dağlıq Qarabağla birlikdə Ermənistanı da itirə bilərik" ifadəsi artıq reallığa çevrilməkdədir.

1997-ci il dekabrın 2-də isə həmsədrlər "Mərhələli həll variantı" layihəsinin Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi danışıqlarda iştirakını nəzərdə tutan yeni variantını təqdim etsələr də, bu, Azərbaycan tərəfindən qəbuledilməz olduğundan rəsmi Bakının kəskin etirazı ilə qarşılandı.

Bunun ardınca 1998-ci ilin noyabrında həmsədrlərin irəli sürdüyü "Ümumi dövlət" həll modeli də Azərbaycan üçün qətiyyən qəbuledilməz oldu. İşğal olunmuş ərazilərdə yaradılan separatçı rejimə müstəqil dövlət səlahiyyətlərinin verilməsini nəzərdə tutan belə bir təklif Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Elə buna görə də Prezident Heydər Əliyev qəti etirazını bildirdi və layihə qəbul olunmadı.

1999-cu ilin aprelindən etibarən ABŞ-ın təşəbbüsü ilə prezidentlərin birbaşa dialoqu keçirilməyə başlandı, ATƏT-in Minsk qrupu bu formatı bəyəndiyini və dövlət başçılarının dialoqunun davam etdirilməsinin zəruriliyini dəfələrlə bəyan etdi. 2001-ci ilin fevralında Prezident Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun münaqişənin həlliylə bağlı təklif etdiyi üç saziş layihəsi Azərbaycanın rəsmi mətbuatında çap olundu.

 

Praqa prosesi

 

Sonrakı danışıqlar prosesində isə Azərbaycanın mövqeləri bir qədər də gücləndi. Bunun nəticəsi kimi 2004-cü il aprelində keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sonradan çoxraundlu danışıqlar mərhələsinə çevrilməklə "Praqa prosesi" adlanmağa başladı. Sonradan bu prosesə digər elementlər də əlavə olundu.

"Praqa prosesi"nin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja rəğmən yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında həmsədrlər "Praqa prosesi"nin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. Ümumiyyətlə isə 2004-cü ildən bəri danışıqlar məhz "Praqa prosesi" əsasında gedir və bu proses Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə dair prezidentlər səviyyəsində sonuncu görüş isə cari il iyunun 4-də Sankt-Peterburqda baş tutub. Görüş zamanı Prezident İlham Əliyev və Serj Sarkisyan arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi hələ də münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Halbuki Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da qeyd etdiyi kimi, Ermənistanın mövqeyində dönüş baş versə, Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll edilə bilər: "Münaqişə və onunla bağlı problemlər olduqca mürəkkəbdir. Lakin Azərbaycanın tutduğu mövqe çox aydın və konkretdir. Azərbaycanın münaqişənin beynəlxalq prinsiplər əsasında həlli ilə bağlı mövqeyinin müdafiə üçün potensialı çox böyükdür".

A.Əzimov onu da qeyd edib ki, Sankt-Peterburq görüşündən sonra növbəti addımların effektivliyi öncə Ermənistanın mövqeyinin inkişafından asılı olacaq: "Bu, münaqişənin həlli üçün üzərində işlədiyimiz və problemin həlli ilə bağlı əsas olan prinsiplərin razılaşdırılmasında bəzi çətin məqamların həlli üçün atılan konkret addımlardan ibarətdir. Bunların arasında bir neçə vacib məsələ var ki, onlar həmsədrlər tərəfindən təklif olunub. Azərbaycan bu təkliflərdən razıdır. Eyni zamanda, Ermənistan tərəfindən biz istədiyimiz kompromisi, hazırlığı görmürük".

Bütün bunlar ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının indiyə qədər arzuolunan nəticə verməməsinin əsas günahkarının bir daha Ermənistan olduğunu təsdiq edir. Həmçinin, qeyd olunanlar aydın göstərir ki, ATƏT-in Minsk qrupunun irəli sürdüyü bütün yeni təkliflərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi ön plana çəkilir ki, bu da ölkəmizin diplomatik uğurunun əsas göstəricilərindən biri hesab olunur. Artıq Minsk qrupunun həmsədrləri də verdikləri bütün açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü məsələsinin danışıqlarda əsas şərt olduğunu bildirir.

 

Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının təhlükəsizliyinə hədədir

 

ATƏT-lə yanaşı, digər nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətlərini genişləndirməkdə və bu məsələyə daha çox diqqət yetirməkdədirlər. Belə təşkilatlardan biri olan Avropa İttifaqı hələ 1993-cü ilin aprelində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib. Həmin ilin sentyabr ayında Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar keçirməsi qurumun daha bir bəyanatla çıxış etməsinə səbəb oldu. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənilir və qaçqınların sayının həddən artıq çoxalmasından narahatlıq ifadə olunurdu. Təşkilat BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından qoşunların çıxarılmasının zəruriliyini qeyd edirdi. Bundan başqa, bəyanatda Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək də tələb olunurdu.

1993-cü ilin noyabrında Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etdi. Sənəddə ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə xüsusi diqqət yetirilirdi.

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri zamanı Avropa Komissiyasının sədri Roman Prodi ilə görüşündə təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparması Avropa İttifaqının münaqişəyə diqqətinin daha da artmasına səbəb oldu. Təşkilat bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn bütün prinsiplərini nəzərə alan sülh əldə edilməsində maraqlıdır və bunun üçün konkret addımlar atmağa hazırdır.

Sonrakı dövrdə Azərbaycanla daha sıx işbirliyinə gedən Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi və regionda olan digər konfliktlərin onun da təhlükəsizliyinə hədə yaratdığını, belə problemlərin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini dəfələrlə bəyan etdi. Avropa Komissiyasının beynəlxalq əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner bununla bağlı qeyd edir ki, təmsil etdiyi təşkilatın təhlükəsizliyi Şərqi Avropada və Cənubi Qafqazda baş verən hadisələrdən asılıdr: "Ona görə də bizim bu ölkələrlə bağlı siyasətimiz daha fəal və birmənalı olmalıdır".

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da sabit inkişaf üçün təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirir: "Biz sabitlik və inkişaf üçün səylərimizi artırmalıyıq. Bu, həm siyasi, iqtisadi səmərəni artırmağa, həm də Avropa İttifaqı ilə proqrama qatılan ölkələrin təhlükəsizliyini gücləndirməyə imkan verəcək".

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll edilməsinin vacibliyini bəyan edir: "Dağlıq Qarabağ probleminin həlli, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təmin olunması "Şərq Tərəfdaşlığı" Proqramı üçün olduqca əhəmiyyətlidir. Bölgədəki açıq münaqişələrin uzanması heç bir tərəf üçün xeyirli deyil.

Qarabağ torpaqlarının Azərbaycan ərazisi olduğuna heç kim şübhə etmir. Amma Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı birbaşa məşğul olmur. Nizamlanmada vasitəçilik edən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Fikrimcə, bu problem indiki vəziyyətdə qala bilməz, mütləq həlli yolu tapılmalıdır".

 

NATO Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir

 

Dünyanın ən güclü hərbi strukturu sayılan NATO ilə Azərbaycan arasında intensiv inkişaf edən əlaqələr fonunda artıq bu təşkilatda da Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrılmaqdadır. Təşkilatın baş katibi Yaap de Hoop Sheffer bununla bağlı bildirib: "Ərazi bütövlüyü məsələsi çox ciddi məsələdir. NATO hər zaman ölkələrin ərazi bütövlüyünü dəstəkləyir".

Azərbaycanın ərazi bütövlüyü məsələsi NATO-nun son zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapıb. Bəyanatda qeyd olunub ki, alyans Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edir və eyni zamanda, regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə də davam edəcək: "Biz Cənubi Qafqaz və Moldovada uzunmüddətli regional münaqişələrin hələ də davam etməsindən narahatıq. Bu münaqişələrdə bütün tərəflər onun sülh yolu ilə həll olunmasına konstruktiv yanaşmalıdırlar. Biz münaqişə tərəflərini regional təhlükəsizlik və sabitliyi pozan bütün addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda, ATƏT-in regiondakı fəaliyyəti və səyləri də bizi sevindirir. Bu da öz növbəsində Qafqazda sabitlik və əməkdaşlıq platforması ilə müvəffəqiyyətlə tamamlana bilər".

Təşkilat belə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu fəaliyyətini daha da gücləndirməlidir. NATO özünün bu münaqişənin çözümündə hələlik aparıcı rol oynamadığını bildirir. Bu məqama da toxunan Yaap de Hoop Sheffer qeyd edir: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində NATO-nun həlledici rol oynamamalı olduğunu hesab edirəm. Bu məsələ ilə bizim təşkilat məşğul olmur.

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll olunur. Mən özüm də xarici işlər naziri olanda ATƏT-ə sədrlik etdiyim dövrdə münaqişənin həlli ilə maraqlanmışam".

Xatırladaq ki, Azərbaycan 1994-cü ildən həyata keçirilən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində də NATO ilə ən fəal əlaqə yaradan ölkələrdən biridir. Azərbaycan təmsilçiləri son 15 il ərzində NATO-nun zirvə toplantılarının işində də yüksək səviyyədə təmsil olunurlar. Bütün bunlara görə, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Zbiqnev Rıbatski Azərbaycanın bu təşkilata inteqrasiyasının uğurla davam etdiyini bildirir. Həmçinin NATO təmsilçiləri özləri də təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış etdiyini bəyan edirlər. Tərəfdaş ölkə kimi isə NATO Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlıdır.

Beləliklə, aydın görünür ki, aparılan uğurlu xarici siyasət dünya miqyasında nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasəti əleyhinə mövqe nümayiş etdirməsinə səbəb olub. Bütün bunlar isə Azərbaycanın Ermənistan üzərində Dağlıq Qarabağ münaqişəsilə bağlı tam diplomatik qələbəsi deməkdir. Bu diplomatik qələbənin isə tezliklə işğal olunmuş ərazilərin azad edilməsilə nəticələnəcəyi heç bir şübhə doğurmur.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 2, 3.