Azərbaycan-Yaponiya əməkdaşlığının elmi tədqiqatı

 

Hələ keçmiş Sovetlər İttifaqı dövründən Azərbaycanla münasibətləri formalaşan Yaponiya ilə ölkəmiz arasındakı əlaqələr müstəqillik illərində çoxcəhətli inkişaf mərhələsinə çatmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu gündoğar ölkəyə rəsmi səfəri ilə (1998) Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında yeni mərhələ başlanmışdır. Möhtərəm Prezident İlham Əliyevin Yaponiyaya səfər etməsi (2006) və bu ölkənin rəsmiləri ilə Azərbaycanda keçirilən görüşlər dövlətlərarası münasibətlərin strateji əməkdaşlığa çevrilməsi ilə nəticələnmişdir. Bütün bunlar Azərbaycan-Yaponiya çoxcəhətli əməkdaşlıq əlaqələrinin tədqiq edilib ümumiləşdirilməsini aktual bir problem kimi meydana qoyur.

Gənc tədqiqatçı Rza Talıbovun elmi araşdırmalarının nəticəsi kimi çap etdirdiyi "Azərbaycan-Yaponiya əməkdaşlığı" (Bakı: "Elm və Təhsil", 2009) kitabı məhz Azərbaycanın gündoğar ölkə ilə əlaqələrinin tədqiqi baxımından əhəmiyyətli və diqqətəlayiq əsərdir. Azərbaycan-Yaponiya əlaqələri çoxaspektli problem olduğundan müəllif tədqiqat üçün bu ölkə ilə humanitar sahədəki əməkdaşlığı ön mövqeyə çəkmiş, həmin istiqamətdə toplanmış təcrübəni, əldə edilmiş uğurlu nəticələri əhatəli şəkildə öyrənməyə üstünlük vermişdir. Beləliklə, humanitar sahədə Azərbaycan-Yaponiya əlaqələrinin dolğun elmi mənzərəsi yaradılmış, mövcud problem müxtəlif aspektlərdən araşdırılaraq işıqlandırılmışdır.

Çoxsahəli əməkdaşlığın bütün əsas cəhətlərini tədqiqata cəlb edən Rza Talıbov ölkələrimiz arasındakı mədəni əlaqələrin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Kitabda özünəməxsus zəngin və bənzərsiz mədəniyyətə malik olan Yaponiya hökumətinin ölkəmizdə milli-mədəni inkişafa göstərdiyi dəstəyin təqdimi diqqət mərkəzinə çəkilmişdir. Əsərdə Azərbaycandakı mədəniyyət müəssisələrinin və incəsənət yönlü ali təhsil ocaqlarının yenidən qurulmasında və müasirləşdirilməsində bu ölkənin iştiraki, həmçinin 2007-ci ildə Bakıda yapon kuklaları sərgisinin təşkili, "Azərbaycan-Yaponiya dostluq əlaqələri" adlı poçt markasının buraxılması, Osaka şəhərində Xocalı soyqırımına həsr olunmuş sərginin nümayiş etdirilməsi ölkələrimiz arasındakı geniş mədəni əlaqələrin real göstəriciləri kimi nəzərə çarpdırılmışdır. Müəllif burada 1979-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin keçirilməsini və bu sərginin yapon ictimaiyyətində ölkəmiz haqqında yaratdığı yüksək təəssüratları da ayrıca qeyd etmişdir. Mədəniyyət sahəsindəki əməkdaşlığın tədqiqi ölkəmizdə müstəqillik dövründə cəmiyyət həyatının müasirləşdirilməsinə, intellektual potensialın inkişaf etdirilməsinə hesablanmış mühüm tədbirlər kimi elmi təhlilə cəlb edilmiş və nəzəri cəhətdən əsaslandırılmışdır. Eyni zamanda, Azərbaycan-Yaponiya əlaqələrində mədəniyyət amili davamlı inkişafın hərəkətverici faktoru kimi qeyd edilmişdir.

Rza Talıbov ilk dəfə olaraq Azərbaycan-Yaponiya ədəbi əlaqələrini tədqiqata cəlb etmişdir. Hələ birtərəfli ideoloji məhdudiyyətlərin çox güclü olduğu sovet hakimiyyəti illərində gündoğar ölkəyə səfər edən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin Yaponiya haqqında silsilə əsərlər yaratmaları ölkələrimiz arasında ədəbi əlaqələrin zəngin ənənələrə malik olduğunu əsaslandırmağa imkan vermişdir. Xalq şairləri Rəsul Rzanın və Nəbi Xəzrinin yapon ölkəsi və xalqı haqqında əsərlərinin təhlili Azərbaycanda bu maraqlı gündoğar ölkənin tanıdılmasına açılan poetik pəncərə kimi dəyərləndirilir. Görkəmli sənətkarların bütün ideoloji sədləri qıraraq Yaponiya haqqında səmimi, reallıqla səsləşən, o cümlədən Xirosima və Naqasaki faciələrini ittiham edən dəyərli əsərlər yaratmaları iki xalq arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin ifadəsi kimi təqdim edilir. Xalq şairi Rəsul Rzanın "Yaponiya motivləri", Nəbi Xəzrinin "Yaponiya dəftərindən" şeirlər silsiləsi Azərbaycan ədəbiyyatında yapon mövzusuna həsr olunmuş əhəmiyyətli əsərlər səviyyəsində ümumiləşdirilmişdir. Eyni zamanda, tanınmış Azərbaycan şairləri Fikrət Qocanın və Əli Kərimin Yaponiya mövzusunda qələmə aldıqları şeirlərə həmin mövzunun ədəbiyyatımızda davamlı inkişafda olduğunu göstərmək baxımından önəm verilmişdir. Kitabda, həmçinin ədəbi əlaqələrin müstəqillik illərində daha da inkişaf etdirilməsi zərurətindən də söz açılmışdır.

Müstəqilliyimizin bərpasından sonra Yaponiya hökuməti Azərbaycan təhsilinin inkişafında da yaxından iştirak etmişdir. Dünyada böyük maraq doğuran yapon təhsil modelinə ölkəmizdə böyük maraq göstərilir. Rza Talıbov Azərbaycan-Yaponiya təhsil əlaqələrini ön mövqeyə çəkməklə respublikamızda milli təhsilin inkişafında dünya təhsil sistemi ilə inteqrasiya proseslərinin genişlənməsinin əhəmiyyətini nəzərə çarpdırır. Yaponiyanın ölkəmizdəki səfirliyinin 2000-ci ildən etibarən "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində həyata keçirdiyi layihələr təkcə məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yaxud yeni məktəb tikintisinə göstərilən dəstəyi əhatə etməklə qalmayıb, eyni zamanda, Azərbaycanda yeni texnologiyaya əsaslanan müasir təhsil sisteminin qurulmasına yönəldilmiş tədbirlər kompleksi səviyyəsində təhlildən keçirilmişdir. Araşdırma prosesində irəli sürülən müddəalar, göstərilən faktlar və informasiyalar Azərbaycan-Yaponiya təhsil əlaqələrinin inkişaf dinamikasını izləməyə imkan verir. Müəllifin aşağıdakı mülahizələri inteqrasiya prosesində Yaponiya ilə əlaqələrin rolunu və əhəmiyyətini obyektiv şəkildə təsəvvür etməyə imkan yaradır: "Yaponiyanın təhsil ənənələrindən və müasir təhsilin yapon modelindən faydalanmaq Azərbaycanda elmi və təhsili inkişaf etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Daha çox Avropaya inteqrasiya üstündə köklənmiş Azərbaycan təhsilində yapon təhsil modelindən də öyrənmək milli təhsilimizin tam mənada dünya təhsil sisteminə qovuşmasını təmin edir".

Keçmiş sovet hakimiyyəti illərindən başlanan Azərbaycan-Yaponiya münasibətlərinin bir göstəricisi də, kitabda qeyd edildiyi kimi, yapon texnologiyası və təcrübəsi əsasında keçən əsrin 70-ci illərində Bakıda tikilib istifadəyə verilmiş məişət kondisionerləri və ozon zavodları hesab oluna bilər. Lakin müəllifin də haqlı olaraq qeyd etdiyi kimi, müstəqilliyimizin yaratdığı əlverişli imkanlar ölkələrarası əlaqələri həm də iki xalq arasında əlaqələr səviyyəsinə yüksəltməyə imkan vermişdir. Bu isə öz təzahürünü həm də Yaponiyadan ölkəmizə gələn turistlərin sayının durmadan artmasında göstərir. Tədqiqatçı əsərin xüsusi bir bölməsində Azərbaycanla Yaponiya arasında turizm əlaqələrini araşdırır, maraqlı və tamamilə real təhlillər əsasında iki ölkə arasında turizm sahəsindəki əməkdaşlığın böyük perspektivə malik olduğunu bildirir. Bütövlükdə əsərdə Azərbaycan-Yaponiya turizm əlaqələri ikitərəfli əlaqələrin xalqlararası münasibətlər səviyyəsinə çatmasının real göstəricilərindən biri kimi səciyyələndirilir.

Kitabın sonuncu bölməsi səhiyyə və idman sahələrində Azərbaycan-Yaponiya əlaqələrini əhatə edir. Tədqiqatdan aydın olur ki, bütün digər sahələrdə olduğu kimi, səhiyyə və idman sahələrində də Yaponiya hökuməti Azərbaycanla əməkdaşlıqda qarşılıqlı etimad və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi prinsiplərini əsas olaraq qəbul etmişdir. Xüsusən səhiyyə maarifi, səhiyyə və idman sahələrində yeni texnologiyaların tətbiqi ilə əlaqədar layihələrə üstünlük verilməsi, bu istiqamətdə müvafiq treninqlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili kitabda ikitərəfli inkişafda qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə istiqamətləndirilmiş əhəmiyyətli tədbirlər kimi təhlil və araşdırmaların mərkəzinə çəkilmişdir. Bu bölmədə Azərbaycan idmançılarının Yaponiyada keçirilən yarışlarda uğurlu iştirakını göstərən məqamlar da öz əksini tapmışdır.

Müəllif maraqlı elmi mülahizələrlə çıxış edərək ümumiləşdirmələr aparmış və haqlı olaraq bu qənaətə gəlmişdir ki, "Azərbaycan-Yaponiya əlaqələrinin daha da inkişaf etdirilməsi müstəqil dövlətimizin maraqlarına və inkişaf strategiyasına tamamilə uyğundur. Azərbaycan xalqı və dövləti Yaponiyanın timsalında özünün etibarlı dostunu və sərfəli iqtisadi partnyorunu görür".

Qeyd edək ki, "Azərbaycan-Yaponiya əməkdaşlığı" kitabı mühüm elmi əhəmiyyətə malik olmaqla beynəlxalq münasibətlər, ölkələrarası əlaqələr mövzusunda araşdırmalar aparan tədqiqatçılar üçün qiymətli mənbə rolunu oynaya bilər. Eyni zamanda, müəllifin dili və üslubu sadə və oxunaqlı olduğu üçün kitab ölkəmizin Yaponiya ilə münasibətlərinə maraq göstərən tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün də əhəmiyyətli bələdçidir. Kitab poliqrafik cəhətdən yüksək keyfiyyətlə çap edilmiş, Yaponiyanın tarixini, mədəniyyətini, müasir mənzərəsini əks etdirən fotoşəkillərlə daha da zənginləşdirilmişdir. Əsərin əhəmiyyətini və sanbalını artıran daha bir cəhət isə kitabın mətninin üç dildə, Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də verilməsidir. Məsələnin bu cəhəti kitabın yayılma və istifadə imkanlarının genişləndirilməsinə münasib şərait yaradır.

Beləliklə, Rza Talıbovun elmi axtarışlarının nəticəsi kimi meydana çıxan "Azərbaycan-Yaponiya əməkdaşlığı" monoqrafiyası beynəlxalq münasibətlərin tarixinə və nəzəriyyəsinə həsr olunmuş qiymətli əsər kimi diqqəti cəlb edir. Dünyanın aparıcı ölkələrindən olan Yaponiya ilə Azərbaycanın əməkdaşlığından söz açan bu qiymətli əsər dövlətimizin müasir dövrün digər aparıcı ölkələri ilə münasibətlərindən bəhs edən yeni-yeni tədqiqatların meydana çıxmasına zəmin yarada bilər. Eyni zamanda, təqdim edilən monoqrafiya Azərbaycan-Yaponiya əməkdaşlığı mövzusunda tədqiqatların daha da genişlənməsinə özünün layiqli töhfəsini verəcəkdir.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.