Vyanada Avropa Şurası ölkələrinin ailə məsələləri üzrə nazirlərinin 29-cu konfransı keçirilmişdir

 

Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

"Ailənin uşaq arzusuna dövlət dəstəyi" mövzusuna həsr edilmiş konfransda Avropa Şurası Baş katibinin müavini xanım Mod de Bur Bukikkio, Avstriya Prezidenti Haynts Fişer, Avstriyanın iqtisadiyyat və əmək naziri Raynhold Mitterlener, Avropa Şurası ölkələrinin ailə məsələləri üzrə dövlət qurumlarının təmsilçiləri iştirak etmişlər.

Çıxış edən natiqlər son dövrlərdə beynəlxalq iqtisadi böhranın ailələrdən də yan keçmədiyini, bu səbəbdən dövlət tərəfindən ailələrə xüsusi qayğının göstərilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda, ailəli şəxslərin iş şəraitinin yaxşılaşdırılması, gənc ailələrə övlad arzusunu gerçəkləşdirməkdə sosial-iqtisadi imkanların artırılması, Avropada demoqrafik mənzərənin, doğum səviyyəsinin yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanmışdır. Təxminən 50 il əvvəl Avropa Şurasının ailə məsələləri üzrə nazirlərinin ilk konfransının məhz Vyanada keçirilməsi məmnunluqla xatırlanmışdır.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məruzə etmişdir. Məruzədə ailəyönümlü siyasətin Azərbaycanda prioritet sahələrdən biri olduğu diqqətə çatdırılmışdır. Azərbaycanda ailə siyasəti ilə bağlı bir sıra qanun və proqramların qəbul edildiyi, çoxlu sayda layihələrin həyata keçirildiyi bildirilmişdir.

Vurğulanmışdır ki, 2008-ci ilin Azərbaycanda "Gənclər ili", 2009-cu ilin "Uşaq ili" elan edilməsi, 2009-cu ilin martında keçirilən referendumla Konstitusiyaya "Ailə, uşaq və dövlət" adlı xüsusi bəndin əlavə edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının əyani təzahürüdür.

Azərbaycan hökumətinin uşaqlar və onların ailələrinin xoşbəxt gələcək və təhlükəsiz həyatla təmin olunması üçün ardıcıl siyasət yürütdüyü, bu sahədə qeyri-hökumət təşkilatları arasında ölkənin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusilə böyük rol oynadığı qeyd edilmişdir.

Vyana konfransında Avropa Şurası ölkələrində ailə siyasəti barədə məlumatları əks etdirən hesabat toplusu yayılmışdır. Azərbaycan barədə məlumatlar quruma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmişdir. Hesabatdan məlum olur ki, Azərbaycan Avropa Şurasının uşaqlara və ailələrə dəstək mərkəzlərinin mövcud olduğu yeddi ölkəsindən biridir və bu addım şura tərəfindən təqdir edilmişdir.

Konfransın sonunda iştirakçılar yekun bəyannamə imzalamışlar. Ailə formaları (hetero və ya eynicinsli cütlüklər) barədə müddəalar dəqiqləşdirilərkən bir sıra ölkələrlə yanaşı, Azərbaycan da bu məsələnin hər bir ölkənin yerli qanunvericiliyi əsasında müəyyənləşdirilməli olduğunu dəstəkləmişdir və həmin müddəa da bəyannamədə öz əksini tapmışdır.

Konfrans çərçivəsində H.Hüseynova bir sıra ikitərəfli görüşlər keçirmişdir. BMT-nin Qadınlar Gildiyasının (UNWG) rəhbəri Ən Herr, Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio, Avropa Şurasının sosial məsələlər üzrə komissiyasının baş direktoru Aleksandr Vladiçenko, Avstriyanın ailə məsələləri üzrə dövlət katibi Kristine Marek, Sloveniyanın əmək, ailə və sosial məsələlər üzrə naziri İvan Svetlik ilə keçirilmiş görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, eyni zamanda, gələcəkdə bu sahədə müvafiq sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov konfransda iştirak etmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.