"İnpeks" Azərbaycanda hələ uzun illər çalışacaq
2002-ci il sentyabrın
18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan
kəmərinin təməli qoyularkən mərasim
iştirakçıları bir şad xəbər də
eşitdilər: "Yaponiyanın "İnpeks" şirkəti
kəmərin səhmdarları sırasına qoşulub". Ümummilli
lider Heydər Əliyev təməlqoyma mərasimindəki
çıxışında həmin hadisəni də
xüsusilə qeyd etdi və vurğuladı ki, artıq BTC-nin
səhmdarları sırasında gündoğar ölkənin
iki şirkəti var.
"İnpeks" BTC-nin onuncu səhmdarı
idi. Onun qədəmləri uğurlu oldu. Bir neçə aydan sonra layihəyə daha bir səhmdar
- ABŞ-ın "KonokoFilips"
şirkəti qoşuldu.
Getdikcə
"İnpeks" Azərbaycanda öz fəaliyyətini
genişləndirməyə başladı. BTC-yə
qoşulduqdan sonra o, Rusiyanın "LUKoyl" şirkətinin
"Azəri-Çıraq-Günəşli" layihəsindəki
payını satın aldı. Beləliklə,
"İnpeks" "İtoçu"dan sonra Azərbaycanın
ən qlobal neft layihələrində fəal iştirak edən
ikinci şirkətə çevrildi.
Bu yaxınlarda Bakıda
keçirilən XVI beynəlxalq Xəzər neft-qaz sərgisində
Yaponiyanın neft, qaz və metallar üzrə milli
korporasiyası (JOGMEC) də iştirak edirdi. JOGMEC-in məsul
işçisi Dayske Harada Yaponiya şirkətlərinin Azərbaycandakı
fəaliyyətindən qürur duyduğunu və korporasiyanın
onlara daim kömək göstərdiyini bildirdi.
"İnpeks"
neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi
ilə məşğul olan dünya şöhrətli
şirkətdir. Hazırda "İnpeks" qrupunun
çoxsaylı törəmə müəssisələri
dünyanın müxtəlif neft-qaz regionlarında
çalışır. Lakin şirkətin əsas biznesi
neft-qaz yataqlarının işlənməsi və hasilatla
bağlı olsa da, o, fəaliyyətini şaxələndirməyə
çalışır. Şirkət neft-qaz təchizatı
sahəsində öz işini təkmilləşdirməyə
və qeyri-ənənəvi enerji mənbələrinin
işlənməsində iştirak etməyə təşəbbüs
göstərir.
Bununla belə,
"İnpeks"in fəaliyyətindən söhbət
açarkən onun müxtəlif ölkələrdə həyata
keçirdiyi ən iri neft-qaz layihələri yada
düşür. Əlbəttə, bu, ilk növbədə
şirkətin öz vətənindəki layihələrə
aiddir. Onlardan ən önəmlisi "Minami-Naqaoka" qaz
yatağı və boru kəmərləri şəbəkəsidir.
Yaponiyada ən iri qaz yatağı olan "Minami-Naqaoka"dan
yanacaq Tokioya ötürülür. "İnpeks" ölkədə
qaz kəmərləri şəbəkəsini də genişləndirir,
yeni xətlər çəkir, stansiyalar tikir.
İndoneziyadakı
"Abadi" yatağını "İnpeks"
bütövlüklə özü işləyir. Burada
2016-cı ildən başlayaraq qaz hasil ediləcək. Həmin
ölkədəki "Naxakam" dəniz blokunda isə
"İnpeks" 50 faizlik paya malikdir. Bu, şirkətin əsas
gəlir mənbələrindən biridir. Buradan qaz birbaşa
Bontanqdakı qaz emalı zavoduna göndərilir.
"İnpeks"in 70
faizlik paya sahib olduğu "İktıs" layihəsi
(Avstraliya) çərçivəsində qaz hasilatına
2014-2015-ci illərdə başlanacaq. Şirkətin bu yataqdan
ildə 1,6 milyon ton sıxılmış qaz və gündə
100 min barel kondensat çıxaracağı gözlənilir.
Əlbəttə, Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin neft regionu və "İnpeks" kimi nüfuzlu şirkət bir-birinin diqqətindən kənarda qala bilməzdi. Odur ki, şirkətin bu ölkədəki ADMA layihəsində çalışması təsadüfi deyil. Buradakı iki blokda şirkət müvafiq olaraq 12 və 40 faizlik pay əldə edib. Bu nəhəng bir neft mənbəyidir və "İnpeks" buradan xeyli miqdarda neft sata bilir.
Şirkət Xəzər regionunda da öz dəst-xəttini göstərə bilib. Belə ki, o, Qazaxıstanın böyük perspektivlər vəd edən "Kaşaqan" yatağında da işləyir. Məlum olduğu kimi, yaxın gələcəkdə "Kaşaqan"dan çıxarılan neftin bir qismi BTC kəmərinə qoşulacaq (Kəmərə hələlik çox da böyük olmayan həcmdə "Tengiz" nefti vurulur).
"İnpeks"in Qazaxıstan və Azərbaycan layihələrindəki bağlılıq bir növ qanunauyğun haldır. Belə ki, "Kaşaqan" konsorsiumunun üzvlərindən dördü - "Total" (Fransa), "Eni" (İtaliya), "KonokoFilips" (ABŞ) və "İnpeks" eyni zamanda BTC-də tərəfdaşdırlar. Onlar Qazaxıstan neftinin BTC vasitəsilə nəqli ideyası yaranan vaxtdan bu fikrə tərəfdar çıxıblar və həmin istiqamətdə "KazMunayQaz"ı dəstəkləyirlər.
"Azəri-Çıraq-Günəşli"də 10, BTC-də 2,5 faizlik payla iştirak etməsi, "Kaşaqan"da konsorsium üzvü olması, Azərbaycanın və Qazaxıstanın neft-qaz sənayesi sahələri arasında əməkdaşlığın inkişafına dəstək verməsi göstərir ki, "İnpeks" Xəzər regionunda hələ uzun illər işləmək qərarındadır.
F.SADIQLI
Azərbaycan.- 2009.- 19 iyun.-
S. 6.