Qəsəbədə görülən işlər razılıq doğurur

 

Əhalisi heyvandarlıqla, bağçılıq, taxılçılıq, zəfərançılıqla məşğul olub. Qəsəbə tarixi abidələrlə zəngindir. Buradakı məscidlər, ovdanlar, dəyirman və başqa abidələr qədim dövrlərdən xəbər verir. Hazırda qəsəbə inkişaf yoluna qədəm qoyub. Ərazidə mütəmadi olaraq səliqə-sahman, tikinti-quruculuq işləri aparılır. Sabunçu RİH başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədovun bildirdiyinə görə, bu yaşayış məskənində 30 min nəfərə yaxın əhali yaşayır. Qəsəbədə 4 uşaq bağçası, 2 uşaq sanatoriyası, 2 poliklinika, bir qızlar liseyi, 2 kitabxana, 2 mədəniyyət evi var. Fəaliyyət göstərən 5 orta ümumtəhsil məktəbindən 4-ü təmir olunub, biri isə 2006-cı ildə tikilib istifadəyə verilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında 27 fevral 2006-cı il tarixli sərəncamı hamı kimi zabratlıların da ürəyindən oldu. Sərəncamdan irəli gələn işlər rayonumuzda, o cümlədən də qəsəbəmizdə uğurla yerinə yetirildi. Qəsəbədə 1176 yerlik 307 nömrəli orta məktəb və Sağlamlıq Mərkəzi tikilib istifadəyə verildi. Məktəbdə 70 sinif və digər yardımçı otaqlar, o cümlədən 3 laboratoriya, 2 kompüter otağı, kitabxana, idman meydançası, 300 nəfərlik akt zalı, yeməkxana və ayrıça istilik sistemi var.

Yeni istifadəyə verilən və 4250 kvadratmetr sahəsi olan Sağlamlıq Mərkəzində 25 çarpayılıq xəstəxana, o cümlədən diaqnostika şöbəsi fəaliyyət göstərir. Burada Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrin istehsalı olan, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. İndi bu sağlamlıq ocağı 21 mindən çox sakinə xidmət edir.

Həmin obyektlərin açılışında ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etdi. Qəsəbəmizin sakinləri Prezidentin 307 mömrəli orta məktəbin təntənəli açılış mərasimindəki çıxışını minnətdarlıqla xatırlayırlar. Həmin çıxışında ölkə başçısı demişdir: "Bakı qəsəbələrinin inkişafına dair proqram var, icra olunur. Təhsil, səhiyyə sahəsində, bütün başqa sahələrdə proqramlar var. Biz ancaq bu yolla ölkəmizi daha da möhkəmləndirəcəyik, daha da müasirləşdirəcəyik və Azərbaycanın uzunmüddətli inkişafı əsaslı olacaqdır. Biz bunu istəyirik, bunu arzulayırıq və bu yolla da gedirik. Bu yolda cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Çünki bu, yeganə düzgün yoldur. Bütün ictimaiyyət bu prosesləri, əlbəttə ki, dəstəkləyir və bu proseslərdə fəal iştirak etməlidir".

Qəsəbədə olan məktəblər magistral yolun bir tərəfində yerləşir. 20 mindən çox insan yolun bu biri hissəsində yaşayır. Uşaqlar məktəbə gedəndə həmin magistral yolu keçməli olurdular. Bu da onların həyatı və sağlamlığı üçün təhlükə törədirdi. Ölkə rəhbərinin qayğısı nəticəsində yüksək keyfiyyətlə tikilib istifadəyə verilən 307 nömrəli məktəb bu problemi də aradan qaldırdı.
Qəsəbəmizdə müasir tipli Ticarət Mərkəzinin tikintisi də nəzərdə tutulmuşdu. Hazırda bu tikinti davam etdirilir. Qəsəbədə müasir poçt binası da tikilib istifadəyə verilib. Son illər qəsəbədə yolların, səkilərin rahatlığına xüsusi diqqət yetirilir. Kərpic zavoduna aparan yola, 21 saylı poliklinikadan, 81 və 192 saylı məktəblərdən keçən küçələrə, Babək küçəsi ilə R.Axundov küçəsinin kəsişməsinə qədər olan əraziyə asfalt salınıb.

Qəsəbənin elektrik enerjisi, qaz, icməli su ilə təchizatında problem yoxdur. Kanalizasiya sistemi sahəsində də mühüm işlər görülmüşdür. Bu ərazidə 1984-cü ildə Bakı Maşınqayırma zavodunun vəsaiti hesabına Sabunçu rayonunda yerləşən bütün sənaye müəssisələri üçün kanalizasiya-nasos təsərrüfatı inşa olunmuşdu. Uzunluğu 17 kilometr olan Hövsan kanalizasiya təmizlənmə sisteminə xətt də çəkilmişdi. Lakin sovetlər dönəmində həmin nasos təsərrüfatına ştat cədvəli ayrılmamışdı. Güclü yağıntılar nəticəsində həmin nasos təsərrüfatını su basmışdı və nasoslar suyun altında qalmışdı.

2004-cü ildə Prezident İlham Əliyevin Bakı kəndlərinin nümayəndələri ilə görüşündə qəsəbəmizin sakini, ağsaqqal Lətif Əzimov ölkə başçısına bu barədə məlumat verdi və nasos təsərrüfatının yenidən qurulmasına kömək göstərməsini xahiş etdi. Prezidentin köməyi sayəsində bu məsələ Dövlət Proqramına salındı. Qəsəbənin kanalizasiya sisteminin yenidən qurulması haqqında göstəriş verildi və bu sahədə mühüm işlər görüldü.

Qürur və əminliklə söyləmək olar ki, Zabrat bu gün şəhər tipli müasir qəsəbəyə çevrilir.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 6.